Vergi Məcəlləsində nəzərdə tutulmuş bir sıra verdgi güzəştləri və azadolmanın müddəti 2026-cı ilin sonunda bitir. Qanunvericilikdə onların uzadılması ilə bağlı dəyişiklik edilməzsə, 2027-ci ildən kənd təsərrüfatı istehsalçıları, mikro sahibkarlar, bank əmanəti sahibləri və digər vergi ödəyiciləri əlavə vergi yüküylə üzləşə bilər.
Azərbaycanın vergi qanunvericiliyi sahibkarlığı canlandırmaq, strateji sahələri və sosial həssas təbəqələri dəstəkləmək məqsədilə mütəmadi olaraq təkmilləşdirilir. Bu məqsədlə tətbiq olunan vergi güzəştlərinin əksəriyyəti daimi deyil: onların bitmə tarixi qanunda dəqiq göstərilir. 2026-cı ilin sonu yaxınlaşdıqca mühasibləri və sahibkarları vacib bir sual düşündürür: müddəti bitən güzəştlər uzadılacaqmı?
Uzadılma olmasa, sahibkarlıq subyektləri və fiziki şəxslər 2027-ci ildən əlavə vergi öhdəlikləri ilə qarşılaşa bilər. Maliyyə planlamasını düzgün qurmaq üçün bu dəyişikliklərə indidən hazırlaşmaq lazımdır.
Müddəti bitən güzəştlərin siyahısı genişdir: fiziki şəxslərin uzunmüddətli manatla əmanətləri üzrə faiz gəlirləri, mikro sahibkarların sosial sığorta haqqı, tibbi xidmətlər, regionlardakı hotellər, elektrik nəqliyyatı və s. Ən çox diqqət tələb edən bloklardan biri kənd təsərrüfatıdır, elə ondan başlayaq.
Qısa icmal: hansı güzəştlərin müddəti bitir?
| Sahə | Güzəşt | Vergi Məcəlləsinin maddələri | Kimə aiddir |
| Kənd təsərrüfatı | Mənfəət/gəlir vergisindən, ƏDV-dən və sadələşdirilmiş vergidən azadolma | 102.1.11-1, 106.1.14, 164.1.18, 218-1.1.1 | Kənd təsərrüfatı məhsulu istehsal edən hüquqi şəxslər |
| Kənd təsərrüfatı | Əmlak vergisi azadolması; subsidiya, satışdankənar gəlir və dividend güzəştləri | 106.1.14-1, 199.9 | Aqrar sektorun subyektləri |
| Kənd təsərrüfatı | Ticarət əlavəsindən ƏDV hesablanması qaydası | 153.3, 159.1, 174.4 | Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı |
| Əmanətlər | AZN-lə uzunmüddətli əmanətlər üzrə faiz gəlirinin vergidən azad edilməsi | 102.1.22-4 | Fiziki şəxslər |
| Mikro sahibkarlıq | Sosial sığorta haqqının 25 faizinin vergidən çıxılması | 152.3, 221.1-1 | Mikro sahibkar olan fiziki şəxslər |
| Əsas ərzaq | Buğda, un, çörək, ət və yem üzrə ƏDV azadolmaları | 164.1.27, 164.1.37, 164.1.46 | İstehsalçılar və satıcılar |
| Səhiyyə | Tibbi xidmətlərə ƏDV azadolması; POS ödənişlərində 50 faiz güzəşt | 164.1.51, 164.1.51-1, 174.5 | Tibb müəssisələri |
| Turizm | Hotel və sanatoriya əmlakı üzrə əmlak vergisinin 75 faiz azaldılması | 199.21 | Regionlardakı hotel və sanatoriyalar |
| Yaşıl nəqliyyat | Şarj cihazları və elektrik avtobusları üzrə ƏDV azadolması | 164.1.41, 164.1.41-2 | İdxalçılar, satıcılar, sənaye parkı rezidentləri |
| Digər | Zərgərlik, aksiz, yol vergisi, Formula 1 və Formula 2, svop əməliyyatları | 106.1.28, 164.1.48, 164.1.49, 164.1.54, 164.1.62, 188.1.7, 188.1.8, 212-1.1 | Müvafiq sahələrin subyektləri |
-
Kənd təsərrüfatı: istehsalçılar yeni vergi yükü ilə üzləşə bilərmi?
Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında ən çox güzəşt və dəstək alan sahələrdən biridir. Dövlət bu sahəni stimullaşdırmaq üçün aqrar sektorda fəaliyyət göstərən subyektləri demək olar ki, bütün əsas vergi növlərindən azad edib. Lakin 2026-cı ilin sonu bu uzunmüddətli dəstəyin sona çatma tarixi ola bilər.
- Mənfəət/gəlir vergisi, ƏDV və sadələşdirilmiş vergi. Hüquqi şəxslərin kənd təsərrüfatı məhsullarının istehsalından əldə etdikləri mənfəət vergidən azaddır. Həmin məhsulların satış dövriyyəsi ƏDV-dən, sadələşdirilmiş vergidən də azad edilib. Bu azadolmaların müddəti bitir (Vergi Məcəlləsi, maddə 102.1.11-1, 106.1.14, 164.1.18, 218-1.1.1).
- Əmlak vergisi və subsidiyalar. Kənd təsərrüfatı fəaliyyətində istifadə olunan torpaq və əmlak üzrə əmlak vergisi azadolmasının müddəti bitir. Bu sahədən əldə olunan satışdankənar gəlirlər, dövlət subsidiyaları və iştirakçıların dividend gəlirləri üzrə güzəştlər də eyni sıradadır (maddə 106.1.14-1, 199.9).
- Ticarət əlavəsindən ƏDV. Müəyyən şərtlərlə yerli və xarici mənşəli kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışında ƏDV dövriyyədən deyil, yalnız ticarət əlavəsindən hesablanır. 5 illik bu xüsusi qaydanın da müddəti bitir (maddə 153.3, 159.1, 174.4).
Kənd təsərrüfatında, xüsusilə intensiv bağçılıq kimi yüksək kapital tələb edən və investisiya dövrü uzun olan sahələrdə xərclər böyükdür. Bağ salındıqdan sonra məhsula düşənədək təsərrüfatlar çox vaxt gəlir əldə etmir, xərcləri isə bank kreditləri hesabına ödəyir. Belə şəraitdə güzəştlərin uzadılmaması sahibkarlar üçün riskləri artırır. Nəticədə kənd təsərrüfatı məhsullarının maya dəyəri yüksələ bilər, bu isə daxili bazarda ərzaq qiymətlərinə təsir göstərər.
-
Vətəndaşların büdcəsinə və mikro biznesə təsir: əmanətlər və sosial sığorta
Vergi Məcəlləsindəki dəyişikliklər təkcə iri şirkətlərə deyil, fiziki şəxslərin yığım və qazanc imkanlarına da toxunur.
- Bank əmanətləri üzrə faiz gəlirləri. Fiziki şəxslərin milli valyutada (AZN) 18 ay və daha artıq müddətə yerləşdirdiyi, 18 aydan tez geri götürülməyən əmanətlər üzrə faiz gəlirlərinin tam vergidən azad olunması başa çatır (maddə 102.1.22-4). Eyni zamanda hər bank üzrə aylıq faiz gəlirinin 200 manatadək hissəsinə tətbiq olunan azadolma müddətsiz qüvvədə qalır (maddə 102.1.22-3). Buna baxmayaraq, böyük məbləğdə əmanəti olan vətəndaşlar üçün tam azadolmanın bitməsi əlavə vergi öhdəliyi yarada bilər.
- Mikro sahibkarlar üçün sosial sığorta güzəşti. Fiziki şəxs olan mikro sahibkarlar özləri üçün ödədikləri məcburi dövlət sosial sığorta haqqının 25 faizini hesablanmış gəlir vergisindən və ya sadələşdirilmiş vergidən azalda bilirlər. Bu güzəştin müddəti bitir (maddə 152.3 və 221.1-1). Uzadılmazsa, kiçik biznesin xərcləri bir qədər də artacaq.
-
Gündəlik istehlak malları və ərzaq təhlükəsizliyi
Əsas tələbat mallarında ƏDV azadolmalarının müddətinin bitməsi cəmiyyət üçün xüsusilə həssas məsələdir. Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı, habelə qanunvericiliklə müəyyən edilmiş heyvan və quş ətinin satışı üzrə ƏDV azadolmalarının müddəti bitir. Təsdiq olunmuş siyahı əsasında yem və yem əlavələrinin satışına verilən ƏDV güzəşti də bu sıradadır (maddə 164.1.27, 164.1.37, 164.1.46).
Bu istiqamətdə güzəştlər uzadılmazsa, çörəyin və əsas ərzaq məhsullarının qiymətləri artıb bilər. Bu da əhalinin alıcılıq qabiliyyətinə birbaşa təsir edər.
-
Səhiyyə xidmətləri və nağdsız ödəniş stimulları
Rəqəmsal iqtisadiyyatı və icbari tibbi sığortanı dəstəkləmək üçün tətbiq edilən güzəştlərin də müddəti bitir. Bunlar Vergi Məcəlləsinin 164.1.51, 164.1.51-1 və 174.5-ci maddələrində əksini tapıb:
- Tibbi xidmətlər. İcbari tibbi sığorta fondunun və qanunda nəzərdə tutulan digər fondların vəsaiti hesabına göstərilən tibbi xidmətlər, eləcə də tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrinin xidmətləri ƏDV-dən azaddır. Bu azadolmanın müddəti bitir.
- POS-terminal güzəşti. Tibbi xidmətlər sahəsində POS-terminal vasitəsilə aparılan ödənişlərdən formalaşan dövriyyənin 50 faizi ƏDV tutulan dövriyyədən çıxılır. Bu güzəştin müddəti də bitir.
-
Regionlarda turizm: hotellər və sanatoriyalar
Regionlarda turizmin inkişafı, işğaldan azad olunmuş ərazilərin və digər bölgələrin turizm potensialının artırılması üçün verilən güzəştlər də müddəti bitənlər sırasındadır.
Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər şəhər və rayonlarda (o cümlədən Naxçıvan Muxtar Respublikasında) hotel və sanatoriya fəaliyyətində yerləşmə vasitəsi kimi istifadə olunan daşınmaz əmlak üzrə əmlak vergisi 75 faiz azaldılır. Bu güzəştin müddəti bitir (maddə 199.21). Uzadılmazsa, regionlardakı turizm obyektlərinin vergi yükü əhəmiyyətli dərəcədə artacaq.
-
Yaşıl nəqliyyat, sənaye və digər sahələr
Ekoloji təmiz nəqliyyatın təşviqi və sənaye parklarının inkişafı üçün tətbiq olunan güzəştlərin də müddəti məhduddur.
- Elektrik nəqliyyatı. Elektrik avtomobilləri üçün ikinci və üçüncü səviyyə enerji doldurucularının (şarj cihazlarının) idxalı və satışı üzrə ƏDV azadolmasının müddəti bitir. Sənaye parkı rezidentlərinin elektrik avtobuslarını yığım məqsədilə idxalına və satışına aid birillik ƏDV güzəşti də bu sıradadır (maddə 164.1.41 və 164.1.41-2).
- Zərgərlik və aksizlər. Zərgərlik istehsalı üçün avadanlıqların idxalında ƏDV azadolması, qiymətli metalların, zərgərlik məmulatlarının, almazların idxalına aid aksiz azadolmaları, eləcə də mühərrikinin işçi həcmi 125 kubsantimetrdən çox olmayan motosikletlərin idxalına aid aksiz azadolması müddətlidir (maddə 164.1.54, 188.1.7 və 188.1.8).
- Beynəlxalq yükdaşımalar və digər güzəştlər. Dəmir yolu stansiyaları ilə gömrük sərhəd buraxılış məntəqələri arasında yük daşınmasında xarici yük avtomobillərinə tətbiq olunan yol vergisi azadolması da bitənlər siyahısındadır. Formula 1 və Formula 2 əməliyyatlarına, svop (neft-qaz mübadiləsi) çərçivəsində neft-qaz idxalına və bəzi publik hüquqi şəxslərin xidmətlərinə aid güzəştlər də eyni sıradadır (maddə 106.1.28, 164.1.48, 164.1.49, 164.1.62 və 212-1.1).
Mühasib və sahibkar nə etməlidir?
Güzəştlərin müddətinin 2026-cı ilin sonunda bitməsi texniki məsələ deyil, vergi siyasəti üçün seçim anıdır. Milli Məclis və aidiyyəti dövlət qurumları həmin maddələrin tətbiq müddətini uzatmazsa, 2027-ci ildən vergi yükünün artması gözləniləndir. İlin sonunadək bəzi güzəştlərin uzadılması və ya şərtlərinin dəyişdirilməsi də mümkündür. Rəsmi qərar qəbul olunanadək bu addımları atmaq məsləhətdir:
- İki ssenari üzrə hesablama aparın. 2027-ci il üçün həm uzatma, həm də müddətin bitməsi variantında vergi yükünü ayrı-ayrılıqda hesablayın.
- Büdcəni və qiymət siyasətini yenidən nəzərdən keçirin. Xüsusilə ƏDV azadolması bitə biləcək məhsul və xidmətlərdə qiymətlərin və müqavilə şərtlərinin necə dəyişəcəyini əvvəlcədən planlaşdırın.
- Qanunvericiliyi izləyin. Vergi Məcəlləsinə dəyişiklik layihələrini və Milli Məclisin gündəliyini izləyin.
- Sənədləri hazır saxlayın. Hansı güzəştdən istifadə etdiyinizi və onun hüquqi əsasını (maddə nömrəsi, şərtlər) sənədləşdirin ki, 2027-ci ilin əvvəlində qaydaların dəyişməsinə tez uyğunlaşa biləsiniz.
Tez-tez verilən suallar
Müddəti bitən güzəştlər avtomatik uzadılacaqmı?
Xeyr. Müddətin uzadılması üçün Vergi Məcəlləsinə dəyişiklik edilməlidir. Bunu Milli Məclis qəbul edir. Belə dəyişiklik qəbul olunmasa, güzəştlər 2027-ci ildən tətbiq edilməyəcək.
Manatla uzunmüddətli əmanətlər üzrə faiz gəlirinə vergi tətbiq olunacaqmı?
Maddə 102.1.22-4 üzrə tam azadolma müddəti bitir. Uzadılmazsa, bu əmanətlərdən gəlirə vergi tətbiq oluna bilər. Hər bank üzrə aylıq faiz gəlirinin 200 manatadək hissəsinə azadolma isə müddətsiz qüvvədə qalır (maddə 102.1.22-3).
Kənd təsərrüfatı istehsalçıları hansı vergilərlə üzləşə bilər?
Mənfəət/gəlir vergisi, ƏDV, sadələşdirilmiş vergi və əmlak vergisi üzrə azadolmaların müddəti bitir. Uzadılmazsa, həmin vergilər 2027-ci ildən tətbiq oluna bilər.
Çörək və un üzrə ƏDV azadolması bitərsə, qiymətlər artacaqmı?
ƏDV azadolmasının bitməsi istehsal və satış xərclərini artıra bilər. Bu isə qiymətlərə təsir göstərə bilər.
Müəllif: Cəmil Əsədov, redaktor, Accounting.Az
