Yaxın onilliklərdə planetin əhalisi azalacaq və bu, XXII əsrin iqtisadiyyatı üçün əsas problemlərdən birinə çevriləcəkdir. Həyatın davamlılığının artmasına baxmayaraq (orta hesabla 74 yaşa qədər) əmək qabiliyyətli əhalinin sayı azalacaq. Bu, iqtisadiyyat üçün problemlərlə nəticələnə bilər. Bunu Bloomberg agentliyi də qeyd edib.
Bu, hər şeydən çox pensiya sistemlərinə və səhiyyə sahəsinə təsir göstərəcək. Agentlik həmçinin göstərib ki, əmək qabiliyyətli əhalinin sayının azalması vergi daxilolmalarının azalmasına səbəb olacaq və istehsal sahəsinə ziyan vuracaq. Ümumiyyətlə, bu, iqtisadi tənəzzülə və həyat səviyyəsinin artımında azalmalara gətirib çıxaracaq.
Bundan əvvəl, Sietl şəhərindəki Vaşinqton Universitetinin Tibb Məktəbi yanında sağlamlıq göstəriciləri və dəyərləndirmələri İnstitutunun mütəxəssisləri gələcəkdə dünya əhalisinin azalacağını açıqlamışdılar.
Güman edilir ki, 2060-cı illərin ortalarından başlayaraq Yer planetinin əhalisi azalmağa başlayacaq. Əsrin sonunda isə əhalinin sayı 8,8 milyard nəfər təşkil edəcək.
Hazırda planetdə 7,6 milyard nəfər insan yaşayır. 1950-ci illərdən başlaraq əhalinin sayı hər il 1-2 faiz artır. 9,7 milyard nəfərlik pik hədd göstəricisinə 2064-cü ildə çatmaq mümkün olacaq, sonra isə əhalinin sayı azalmağa başlayacaq. Ən çox azalma Yaponiya, İspaniya, Tailand və İtaliyada baş verəcək. Həmin vaxta kimi sözügedən ölkələrin əhalisinin sayı yarıdan da çox azalacaq.
Ekspertlər göstərir ki, demoqrafik dəyişikliklər doğum sayının azalması, təhsil səviyyəsinin ümumi artımı və kontrasepsiya vasitələrinin geniş tətbiqi ilə bağlıdır. Alimlərin proqnozlarına görə, dünyada əmək qabiliyyətli əhalinin sayına görə ABŞ, Çin, Hindistan və Nigeriya lider olacaq.