319 nəfər müqaviləsiz işçi aşkar olundu

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir.

Bu barədə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Bildirilib ki, dövlət orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı Mərkəzə daxil olan məlumatlar ilkin olaraq Analitik Monitorinq Sistemi vasitəsilə təhlil edilir və əsas yarandığı halda Mərkəzin Səyyar monitorinq qrupu tərəfindən tikinti obyektlərində səyyar monitorinqlər həyata keçirilir.
Bu günə kimi Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ümumilikdə 26 səyyar monitorinq həyata keçirilib. Monitorinq Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 92 hüquqi və fiziki şəxsi əhatə edib.
Monitorinqlərin keçirildiyi dövr ərzində 319 şəxsin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Monitorinq nəticəsində aşkar olunmuş faktlar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğuna yönləndirilib.
Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi xəbərdarlıq edir ki, səyyar monitorinqlərin mütəmadi davam etdirildiyini nəzərə alaraq əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildirişləri sistemində müqavilə qüvvəyə minmədən işçi tikinti ərazisində işə cəlb olunmamalıdır.
Qeyd edək ki, monitorinqlərin keçirilməsində məqsəd tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsidir.
Monitorinqlər davam etdirilir və nəticələri mütəmadi olaraq açıqlanacaq.
Biznes hesabi