Gəlirlərin tanınması
Mühasibat uçotunun hesablar planının 601-ci “Satış” hesabı 60 saylı “Əsas əməliyyat gəlirləri” maddəsi üzrə açılan hesablardan biridir.
Mühasibat uçotu məqsədləri üçün gəlirlər iki qrupa ayrılır:
- əsas fəaliyyətdən gəlirlər;
- əsas fəaliyyətdən olmayan gəlirlər.
Vergi uçotu məqsədləri üçün gəlirlərin başqa bölgü meyarları vardır (sahibkarlıqdan, qeyri-sahibkarlıqdan və s.)
Mühasibat uçotunun beynəlxalq standartlarının hesablama prinsipi gəlirləri ödənişlərin qəbul edildiyi zaman deyil, ödəniş almaq hüququnun qeyd-şərtsiz yarandığı dövrdə tanımağı tələb edir. Ödəniş yalnız pul formasında daxil olmaqla deyil, həmçinin aktivin verilməsi yaxud öhdəliyin bağlanması formasında kompensasiya edilə bilər.
Xidmətlərin satışında diqqətə alınmalı məqam, eyni hesabat dövrünü əhatə etməyən uzun müddətli müqavilələr üzrə xidmətlərlə bağlı gəlirlərin, habelə çəkilmiş xərclərin uçotudur. Belə müqavilələr üzrə xidmətlərdə gəlirlər, xərclər tam deyil, xidmətin cari hesabat dövrünün sonuna qədər təhvil verilən hissəsinə mütənasib tapılmaqla tanınır.
Gəlirin tanınması zamanı aşağıdakı standartların tələbləri nəzərə alınır:
- 28 saylı “Asılı müəssisələrə və birgə müəssisələrə investisiya qoyuluşları” MUBS (IAS 28);
- 2 saylı “Pay alətləri əsasında ödəmə” MHBS (IFRS 2);
- 9 saylı “Maliyyə alətləri” MHBS (IFRS 9);
- 10 saylı “Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları” MHBS (IFRS 10);
- 11 №-li “Birgə razılaşmalar” MHBS (IFRS 11);
- 15 №-li “Müştərilərlə müqavilələr üzrə gəlirlər” MHBS (IFRS 15);
- 16 №-li “İcarələr” MHBS-a (IFRS 16).
601-ci “Satış” hesabı üzrə tənzimləmələr
AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın 46.1 maddəsinə görə “Əsas əməliyyat gəlirləri” maddəsi üzrə aşağıdakı hesablar açıla bilər:
- 601-ci “Satış” hesabı;
- 602-ci “Satılmış malların qaytarılması və ucuzlaşdırılması”;
- 603-cü “Verilmiş güzəştlər”.
601 nömrəli “Satış” hesabında mühasibat uçotu subyektinin əməliyyat fəaliyyətinin həyata keçirilməsi zamanı malların satışı, xidmətlərin göstərilməsi, işlərin görülməsindən gəlir, tikinti müqavilələrindən əldə edilən gəlir, royalti gəliri, icarədən gəlir, başqa gəlirləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
Qeyd edilən qaydaların 46.3-cü bəndinə əsasən bu hesab üzrə aşağıdakı subhesablar açıla bilər:
Malların təqdim edilməsinin, xidmətlərin göstərilməsinin, işlərin görülməsinin, royalti gəlirinin, icarədən gəlirin, digər gəlirin dəyəri üzrə məbləğlərə mühasibat yazılışları həmin qaydaların 46.10.-cu bəndi, hesablanmış ƏDV 46.11.-ci, həmin gəlirlərin dəyəri ödənildikdə isə 46.12.-ci bəndi tətbiq edilir.
Malların (iş, xidmət) təqdim edilməsindən gəlirlə (satış) bağlı nümunələr
“A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini həyata keçirir. ƏDV ödəyicisi olan cəmiyyət anbarındakı 120000 manatlıq malları 145000 manata satmışdır. Müəssisənin əlavə fəaliyyəti isə mühasibatlıq sahəsində məsləhət xidməti göstərməkdir. Bu xidmətin göstərilməsi nəticəsində 9000 manat gəlir əldə edilmişdir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Satılan malların maya dəyəri nəzərə alındıqda | 701 – Satışın maya dəyəri üzrə xərclər | 205 – Mallar | 120000,00 |
2 | Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 601 – Satış | 145000,00 |
3 | ƏDV hesablandıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 26100,00 |
4 | Xidmətin göstərilməsi nəticəsində debitor borcları formalaşdıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 60 – ci hesab “Satış” | 9000,00 |
5 | ƏDV hesablandıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 1620,00 |
6 | Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda | 223 – Bank hesablaşma hesabları | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 145000,00 |
7 | Satılmış malların ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda | 226 – ƏDV-nin Depozit hesabı | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 26100,00 |
8 | Xidmətə görə olan əsas məbləğ bank hesabına daxil olduqda | 223 – Bank hesablaşma hesabları | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 9000,00 |
9 | Xidmətə görə olan ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda | 226 – ƏDV-nin Depozit hesabı | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 1620,00 |
10 | Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) | 545 – Digər qısamüddətli öhdəliklər
|
521 – Vergi öhdəlikləri | 27720,00 |
11 | Maya dəyəri xərci ümumi mənfəətə silindikdə | 801 – Ümumi mənfəət (zərər) | 701 – Satışın maya dəyəri üzrə xərclər | 120000,00 |
12 | Əldə edilən gəlirlər ümumi mənfəətə aid edildikdə | 601-ci hesab “Satış” | 801 – Ümumi mənfəət (zərər) | 154000,00 |
Tikinti müqavilələrindən gəlirlərlə bağlı (satış) müxabirləşmə nümunələri
“A” MMC aldığı sifarişə əsasən “B” MMC üçün istehsal binasını 1 il ərzində inşa edib təhvil verməlidir. Ümumi qiymət 290000 manat razılaşdırılaraq müqavilə bağlanmışdır.
Binanın smeta dəyəri:
- materiallar – 130000 man.
- həmin sahədə çalışan işçilərin əməkhaqqısı – 55000 man.
- əməkhaqqıdan edilən tutulmalar – 10065 man.
- tikintidə istifadə olunmuş avadanlıqların amortizasiya xərcləri – 10000 manat.
- qalan xərclər – 44935 azn.
Cəmi: 250000 AZN
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Material ehtiyatları alındıqda | 201 – Material ehtiyatları | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 130000.00 |
2 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən ƏDV | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 23400.00 |
3 | Alınan materiallar istifadə olunaraq tikinti məsrəflərinə aid edildidkə | 203 – Tikinti müqavilələri üzrə məsrəflər | 201 – Material ehtiyatları | 130000.00 |
4 | Əməkhaqqı hesablandıqda | 203 – Tikinti müqavilələri üzrə məsrəflər | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 55000.00 |
5 | İşəgötürən hesabına sosial sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (22%) | 203 – Tikinti müqavilələri üzrə məsrəflər | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 9790.00 |
6 | İşəgötürən hesabına işsizlikdən sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (0.5%) | 203 – Tikinti müqavilələri üzrə məsrəflər | 523 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 60.00 |
7 | İşəgötürən hesabına icbari tibbi sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (2%) | 203 – Tikinti müqavilələri üzrə məsrəflər | 523 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 215.00 |
8 | Tikintidə istifadə olunan avadanlıqların amortizasiya xərcləri tikinti məsrəflərinə aid edildikdə | 203 – Tikinti müqavilələri üzrə məsrəflər | 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 10000.00 |
9 | Digər xərclər tikinti məsrəflərinə aid edildikdə | 203 – Tikinti müqavilələri üzrə məsrəflər | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 44935.00 |
10 | Satılan binanın maya dəyəri nəzərə alındıqda | 701 – Satışın maya dəyəri üzrə xərclər | 203 – Tikinti müqavilələri üzrə məsrəflər | 250000.00 |
11 | Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda | 215 – Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları | 601 – Satış | 290000.00 |
12 | ƏDV nəzərə alındıqda | 215 – Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 52200.00 |
Obyektin icarəyə verilməsindən gəlir (satış)
Müəssisə obyektlərin icarəsi fəaliyyətilə məşğul olur. Həmin obyektlərdən ikisini başqa hüquqi şəxsə icarəyə vermişdir. İki obyekt üçün aylıq icarə haqqı ƏDV daxil olmaqla 2950 AZN təyin edilmişdir. Ay sonunda qarşı tərəf bütün borcunu ödəmişdir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Obyektlərin icarəyə verilməsi nəticəsində debitor borcları formalaşdıqda | 174 – İcarə üzrə uzunmüddətli debitor borcları | 601 – ci hesab “Satış” | 2500,00 |
2 | ƏDV nəzərə alındıqda | 174 – İcarə üzrə uzunmüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 450,00 |
3 | Xidmətə görə olan əsas məbləğ bank hesabına daxil olduqda | 223 – Bank hesablaşma hesabları | 174 – İcarə üzrə uzunmüddətli debitor borcları | 2500,00 |
4 | Xidmətə görə olan ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda | 226 – ƏDV-nin Depozit hesabı | 174 – İcarə üzrə uzunmüddətli debitor borcları | 450,00 |
5 | Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) | 545 – Digər qısamüddətli öhdəliklər | 521 – Vergi öhdəlikləri | 450,00 |