“Ümumi mənfəət (zərər)” hesabı
Müəssisənin iqtisadi fəaliyyətinin əsas göstəricisi olan mənfəət gəlir və xərc arasında fərqdir. Bu fərq mənfidə ola bilər- bu, artıq zərərdir. İqtisadi ədəbiyyatda mənfəətin ümumi mənfəət, satışdan mənfəət, xalis mənfəət və sair bu kimi növləri fərqləndirilir.
Hesabat dövrünün ümumi mənfəəti (zərəri) mühasibat uçotunun hesablar planın 801-ci “Ümumi mənfəət (zərər)” adlı hesabı üzrə uçota alınır. Bu hesab 8-ci “Mənfəətlər (Zərərlər)” bölməsinə aid olan hesabdan biridir.
“Mənfəətlər (zərərlər)” bölməsi mühasibat uçotu subyektinin hesabat dövrü ərzində əldə etdiyi ümumi mənfəətin (zərərin), habelə asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) payın uçota alınmasına dair ümumiləşdirilmiş məlumatları əks etdirir.
801-ci hesab üzrə tənzimləmələr
801-ci “Ümumi mənfəət (zərər)” hesabı köməkçi hesabdır. Digər köməkçi hesablar kimi ilin sonunda xalis mənfəət hesabına (341 nömrəli hesab) bağlanır. O isə öz növbəsində əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) hesabına bağlanır.
Hesab üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir.
801 №-li “Ümumi mənfəət (zərər) ” hesabında mühasibat uçotu subyektinin hesabat dövrü ərzində maliyyə-təsərrüfat fəaliyyəti üzrə ümumi mənfəəti (zərəri) barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir.
Yaranan gəlirlər üzrə məbləğlərə hesabat dövrünün mənfəəti kimi uyğun mühasibat yazılışı sözügedən qaydaların 60.2-ci bəndinə əsasında verilir.
Xərclər üzrə yaranan məbləğə hesabat dövrünün zərəri kimi uyğun mühasibat yazılışı həmin qaydalardakı 60.3-cü bəndinə uyğun tənzimlənir.
Qeyri maddi aktivlər əvəzsiz alındıqda ümumi mənfəət (zərər) üzrə müxabirləşmələr
“A” MMC “B” MMC-dən əvəzsiz olaraq, yəni hər hansı ödəniş etmədən Qeyri-maddi aktiv əldə etmişdir. Qeyri-maddi aktiv quraşdırılarkən “A” MMC digər “C” MMC-ə 750 manat ödəniş etmişdir. Həmin Qeyri-maddi aktivə bazar qiyməti tətbiq edilmiş və 3100 manat olaraq dəyərləndirilmişdir.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Əvəzsiz əldə edilən Qeyri-maddi aktiv gəlir kimi tanındıqda | 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması | 611 – Sair əməliyyat gəlirləri | 3100.00 |
| 2 | Quraşdırma xərcləri kapitallaşdırıldıqda | 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 750.00 |
| 3 | Kapitallaşdırılmış Qeyri-maddi aktiv istismara verildikdə | 101 – Qeyri-maddi aktivlərin dəyəri | 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması | 3850.00 |
| 4 | Gəlir kimi tanınan Qeyri-maddi aktiv Ümumi mənfəətə bağlandıqda | 611 – Sair əməliyyat gəlirləri | 801 – Ümumi mənfəət (zərər) | 3100.00 |
Qeyri-maddi aktivlər əvəzsiz verildikdə ümumi mənfəət (zərər)
“A” MMC qalıq dəyəri 1500 AZN olan qeyri-maddi aktivi “D” MMC-ə əvəzsiz olaraq, yəni qarşılığında hər hansı ödəniş almadan təqdim etmişdir. Yığılmış amortizasiya məbləği 250 AZN olmuşdur.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Əvəzsiz təqdim edilən Qeyri-maddi aktiv müəssisənin balansından çıxarıldıqda | 731 – Sair əməliyyat xərcləri | 101 – Qeyri-maddi aktivlərin dəyəri | 1500.00 |
| 2 | Yığılmış amortizasiya silindikdə | 102 – Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 731 – Sair əməliyyat xərcləri | 250.00 |
| 3 | Əvəzsiz təqdim edilən Qeyri-maddi aktiv zərərə aid edildikdə | 801 – Ümumi mənfəət (zərər) | 731 – Sair əməliyyat xərcləri | 1250.00 |
Fövqəladə hal nəticəsində balansdan amortizasiya çıxarıldıqda ümumi mənfəət (zərər)
“A” MMC-nin fəaliyyət göstərdiyi inzibati binada yanğın hadisəsi baş vermişdir. Yanğın zamanı müəssisəyə məxsus digər qiymətlilərlə yanaşı, qeyri-maddi aktivləri də yararsız vəziyyətə düşmüşdür. İlkin dəyəri 1200 AZN olan qeyri-maddi aktivin yığılan amortizasiya məbləği 220 AZN olmuşdur.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Fövqəladə hal nəticəsində Qeyri-maddi aktiv balansdan silindikdə | 761 – Fövqəladə xərclər | 101 – Qeyri-maddi aktivlərin dəyəri | 1200.00 |
| 2 | Yığılmış amortizasiya silindikdə | 102 – Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri | 761 – Fövqəladə xərclər | 220.00 |
| 3 | Qeyri-maddi aktivin qalıq dəyəri mənfəətdən silindikdə | 801 – Ümumi mənfəət (zərər) | 761 – Fövqəladə xərclər | 980.00 |
Malların satışı həyata keçirildikdə ümumi mənfəət (zərər)
“A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini həyata keçirir. ƏDV ödəyicisi olan cəmiyyət anbarındakı 84000 manatlıq malları 96000 manata satmışdır. Malların ödənişi qəbul edilmişdir.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Satılan malların maya dəyəri nəzərə alındıqda | 701 – Satışın maya dəyəri üzrə xərclər | 205 – Mallar | 84000.00 |
| 2 | Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 601 – Satış | 96000.00 |
| 3 | ƏDV hesablandıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 17280.00 |
| 4 | Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda | 223 – Bank hesablaşma hesabları | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 96000.00 |
| 5 | Satılmış malların ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda | 226 – ƏDV-nin Depozit hesabı | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 17280.00 |
| 6 | Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) | 545 – Digər qısamüddətli öhdəliklər | 521 – Vergi öhdəlikləri | 17280.00 |
| 7 | Əldə edilən gəlir ümumi mənfəətə aid edildikdə | 601 – Satış | 801 – Ümumi mənfəət (zərər) | 96000.00 |
| 8 | Maya dəyəri xərci ümumi mənfəətə silindikdə | 801 – Ümumi mənfəət (zərər) | 701 – Satışın maya dəyəri üzrə xərclər | 84000.00 |
Müəssisənin ümumi mənfəətinə (zərərlərə) torpaq, tikili, avadanlıqların maliyyə icarəsinə verilməsi, habelə bankdan uzunmüddətli kredit alınması və qaytarılması da təsir edir. Belə əməliyyatlar üzrə məbləğlərin 801-ci “Ümumi mənfəət (zərər)” hesabı üzrə qeydiyyatı ilə bağlı nümunələrlə buradan daha ətraflı tanış olmaq olar.