Aksiz vergisinin hesablanması zamanı yaranan çətinliklər və onun həlli yolları

posted in: Xəbər | 0

Azərbaycan Respublikasında istehsal olunan neft məhsullarına aksiz vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq  qərarına əsasən tətbiq edilir. Aksiz vergisinin hesablanması zamanı yaranan çətinliklər və onların həlli  yollarını “muhasibat.az”-a vergi eksperti Azər Qənbərov şərh edir.

Aksiz vergisinin hesablanması zamanı yaranan çətinliklər

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 185.1-ci maddəsinə görə aksiz vergisinə münasibətdə “Azərbaycan Respublikası ərazisində istehsal olunan neft məhsulları üçün vergi tutulan əməliyyatın məbləği vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən, o cümlədən barter əsasında, aldığı və ya almalı olduğu haqqın topdansatış bazar qiymətindən (aksiz, yol vergisi və ƏDV çıxılmaqla) aşağı olmayan məbləğidir.”

Aksiz – qanunvericilikdə müəyyən edilən aksizli malların satış qiymətinə daxil edilən dolayı (istehlak) vergi növüdür. Bu səbəbdən də istehsal olunan aksizli mallar satılarkən onun satış qiymətində aksizin də məbləği əks olunur (VM, maddə 182). Təbii ki, burada vergidən azad edilən mallar istisnadır.

Lakin qiymətləri dövlət tərəfindən (Tarif Şrasının qərarına əsasən müəyyən edilən) tənzimlənən neft məhsullarından (nümunə üçün benzin Aİ-95, Aİ-92, dizel yanacağı üzrə qiymətlər sabit olduğundan aksizin hesablanması çətinlik yaratmır) başqa digər qiymətləri sərbəstləşən neft məhsullarının təqdimetmə qiymətlərinə görə aksiz vergisinin hesablanmasında, yəni aksiz məbləğinin müəyyən edilməsində çətinliklər yaranır. Belə ki, digər aksizli malların qiyməti hər bir partiya üzrə Vergi Məcılləsinin 14.6.1-ci maddəsinin tələblərinə uyğun bazar qiymətinə təsir edən amillər nəzərə alınmaqla müəyyən edilə bilər. Bu halda hər bir partiya üzrə topdansatış bazar qiymətindən yol vergisi və ƏDV çıxıldıqdan sonra qalan məbləğ aksiz dərəcəsi üzrə faizə bölünməklə (ƏDV-siz məbləğ/(100+faiz)) neft məhsulunun aksizsiz dəyəri müəyyənləşdirilir. Sonra isə həmin qiymət aksiz dərəcəsinə vurulmaqla aksiz vergisi müəyyənləşdirilir.

Mühasibat xidmətləri

Gəlin qeyd edilmiş hal üçün aksiz vergisinin hesablanması ardıcıllığını aşağıdakı misal üzrə izah edək.

Qiymətləri tənzimlənməyən məhsullarda aksiz vergisi

Bilə bir misala baxaq. Tutaq ki, maye qaz istehsal edən müəssisə ay ərzində 8.000 ton maye qaz (aksiz dərəcəsi 22%-dir) istehsal edərək 1 partiya üzrə 5.000 ton, digər partiya üzrə 3.000 ton satış edib. Maye qazın 1-ci partiya üzrə topdansatış qiyməti ƏDV-li təqribən 620 manat, 2-ci partiya üzrə 600 manat olarsa, aksiz vergisinin hesablanması aşağıdakı qaydada həyata keçiriləcək:

1-ci satış partiyası üzrə:

Yol vergisi çıxılır: = (5000 x 620 – 5000 x 20) = 3000000 manat;

ƏDV-siz topdansatış qiymət müəyyən edilir: = 3000000 :1.18 = 2542372.88 manat.

Aksiz hesablanan məbləğ müəyyən edilir: 2542372.88 : 1.22 = 2083912.20 manat;

Aksiz dərəcəsinə uyğun aksiz vergisinin hesablanması: 2083912.20 x 22% = 458460.68 manat;

1 ton maye qaz üçün aksizsiz qiymət 416.78 manat olacaq:

2083912.20 : 5000 = 416.78 manat.

2-ci satış partiyası üzrə

Yol vergisi çıxılır: (3000 x 600 – 3000 x 20) = 1740000 manat;

ƏDV-siz topdansatış qiymət müəyyən edilir: 1740000 : 1.18 = 1474576.27 manat;

Aksiz hesablanan məbləğ müəyyən edilir: 1474576.27 : 1.22 = 1208669.08 manat;

Aksiz dərəcəsinə uyğun aksiz vergisinin hesablanması: 1208669.08 x 22% = 265907.20 manat;

Beləliklə, 1 ton maye qaz üçün aksizsiz qiymət 402.89 manat olacaq:

1208669.08 : 3000 = 402.89 manat.

Yekun olaraq 724367.88 manat aksiz vergisi hesablanır:

 (2083912.20 + 1208669.08) x 22% = 724367.88 manat.

Bu halda cəm olaraq maye qazın orta satış qiyməti 612.5 manat olaraq əks etdiriləcək:

 (3000 x 600 + 5000 x 620) = 4900000 manat:

4900000 : 8000 = 612,5 manat.

1 ton maye qaz üçün aksizsiz orta qiymət isə 411.57 manat olacaq:

(1208669.08 + 2083912.20) : 8000 = 411.57 manat.

Göründüyü kimi, ay ərzində bir neçə partiya satıldıqda hər partiya üzrə aksiz məbləği ayrıca hesablanmaqla ümumi nəticədə hesablanmış məbləğdən kənara çıxmamaqla aksiz vergi bəyannaməsində bir sətirlə göstərilir. Bu halda ay ərzində təqdim edilmiş aksizli neft məhsuluna görə bütün partiyaları nəzərə alsaq, aksiz vergisinin hesablanması üçün faiz dərəcəsinə uyğun aylıq orta bir məbləğ müəyyənləşdirilir.

Risklər və maliyyə sanksiyaları

Bəzən isə elə hallar olur ki, qiyməti tam müəyyənləşdirməkdə vergi ödəyicisi çətinlik çəkir. Məsələn, mallar istehsal binasının hüdudlarından kənara çıxarıldıqda və yaxud aksizli mallar olan neft məhsulları əvəzsiz olaraq digər vergi ödəyicisinə təqdim edildikdə qiyməti müəyyənləşdirmək mümkün olmadığından ən yaxın tarixdə təqdim edilmiş eynicinsli, eyni xüsusiyyətli mallara görə tətbiq edilmiş qiymətlər əsas götürülməklə, belə hallar olmadıqda isə ən yaxın tarixdə bazar qiyməti nəzərə alınmaqla topdansatış qiymət müəyyənləşdirilir və aksiz vergi hesablanır.

Qeyd edilən məqamları nəzərə alsaq, Azərbaycan Respublikasında istehsal olunan neft məhsullarına aksiz dərəcələrinin daha asan hesablanmasını təmin etmək üçün digər aksizli mallara görə tətbiq edilən aksiz dərəcələri anoloji qaydada (müəyyən əmsallar tətbiq etməklə və s.) istifadə edilə bilər. Lakin, belə hallar vergi qanunvericiliyi ilə tənzimlənir və Vergi Məcəlləsinə və ya digər normativ hüquqi aktlara dəyişiklik edilmədən aksiz vergisinin hesablanması qaydası dəyişdirilə bilməz. Bu halda aksizin məbləği düzgün hesablanmadıqda vergi ödəyicisi vergi yoxlamaları zamanı vergi risklərinə və əlavə maliyyə sanksiyalarına məruz qala bilər.

POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirləri davam etdirilir