Almaniyada dördgünlük iş həftəsi
Almaniyanın əmək naziri Hubertus Hayl əmindir ki, iş həftəsinin dörd günə qədər qısaldılması, koronavirus pandemiyası səbəbindən ortaya çıxan böhranı aradan qaldırmağa kömək edə bilər. Bu haqda Sueddeutsche Zeitung qəzeti məlumat verib.
Bundan əvvəl isə IG Metall sənaye həmkarlar ittifaqının rəhbəri Yorg Hofman yeni iş rejiminə keçid barədə düşünməyi təklif etmişdi, çünki bu, “avtomobil sənayesi kimi sektorlarda struktur dəyişikliklərinə cavab” ola bilər və iş yerlərini saxlamağa imkan verə bilərdi.
Hayl hesab edir ki, əmək haqqının qismən kompensasiyası ilə iş vaxtının azaldılması böhranla mübarizə məsələsində əlverişli tədbirdir. Amma Almaniyanın iqtsadi tədqiqatlar institutunun (DIW) prezidenti Marsel Fratsşer qeyd edib ki, onun fikrincə “dördgünlüyün” tətbiqi mümkündür. Lakin bu zaman əmək haqqı kompensasiya edilməməlidir.
İkinci rübdə ölkənin ÜDM-i koronavirus pandemiyası səbəbi İlə əvvəlki rübə nisbətən 10,1 faiz aşağı düşüb. İşsizlik isə iyul ayında 6,4 faiz səviyyəsində qalıbdır.
Bir müddət əvvəl bəzi ekspertlər koronovirus pandemiyasına görə Rusiyada da dördgünlük iş həftəsi tətbiqini mümkün addımlardan biri kimi qiymətləndirmişdilər. Hələ ötən il Rusiya Əmək nazirliyi tərəfindən qeyd olunmuşdu ki, belə bir təşəbbüs işçilərin sağlamlığının qorunmasına və onların həyat səviyyəsinin yüksəldilməsinə yardım edə bilər.
Lakin Rusiya hökuməti yanında maliyyə universitetinin prorektoru Aleksandr Safonov bildirmişdi ki, dördgünlük iş həftəsinin tətbiqi rusların gəlirlərinin və əmək məhsuldarlığının azalmasına səbəb ola bilər. Həmçinin əlavə etmişdi ki, bu da Rusiya iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə mənfi təsir göstərəcək.