Mən artıq ödənilmiş rüsumun geri qaytarılması ilə bağlı müraciət edirəm. ASAN Xidmət tərəfindən tutulmuş 70,40 manat məbləğin nə vaxt geri qaytarılacağı barədə məlumat verməyinizi xahiş edirəm.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən açıqlamaya görə, Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli qərarı ilə təsdiqlənmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları” bu prosesi tənzimləyir. Qaydalara əsasən, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən geri alınması üçün ödəyici rüsumu tutan orqana ərizə təqdim etməlidir.
Ərizədə ödəyicinin adı, ünvanı, şəxsiyyətini təsdiqləyən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı qeyd olunmalıdır. Həmçinin düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, bu halın yarandığı tarix və səbəblər, eləcə də vəsaitin hansı üsulla — nağd və ya köçürmə yolu ilə qaytarılmasının istənildiyi göstərilməlidir. Ödəyici vergi uçotundadırsa, ərizəyə onun VÖEN-i də daxil edilməlidir.
Rüsumu tutan orqan ərizənin daxil olduğu gündən 4 gün ərzində ödənişin düzgün tutulub-tutulmadığını və ya artıq ödənilib-ödənilmədiyini araşdırmalıdır. Artıq və ya düzgün tutulmamış ödəniş təsdiqləndikdə, vəsaitin qaytarılması barədə müvafiq arayış hazırlanaraq ərizənin surəti ilə birlikdə həmin orqanın qeydiyyatda olduğu vergi orqanına təqdim edilməlidir. Bu hal təsdiqini tapmadıqda isə rüsumu tutan orqan 5 gün müddətində ödəyicini məlumatlandırmalıdır.
Növbəti mərhələdə vergi orqanı arayışda göstərilən məlumatları rüsumu tutan orqanın dövlət büdcəsinə köçürdüyü məbləğlər barədə məlumatlarla tutuşdurur. Uyğunsuzluq müəyyən edilməzsə, Maliyyə Nazirliyinin təsdiqlədiyi forma üzrə rüsumun büdcədən geri qaytarılmasına dair 4 nüsxədə rəy hazırlanır və müvafiq qaydada təsdiqlənir.
Rəyin 2 nüsxəsi, rüsumu tutan orqanın arayışının daxil olduğu tarixdən 3 gün ərzində, vəsaiti qaytarmalı olan aidiyyəti yerli maliyyə orqanına göndərilir. Maliyyə orqanı təqdim edilmiş rəyləri qəbul edir və ehtiyac yarandıqda əlavə məlumatlar istəyə bilər.
Vəsaitin geri qaytarılması rüsumu tutan orqanın hansı vergi orqanında qeydiyyatda olmasından və həmin məbləğlərin büdcə qanunvericiliyinə uyğun olaraq yerli və ya mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq maliyyə orqanı tərəfindən təmin edilir.
Rüsum geri qaytarıldıqdan sonra maliyyə orqanı bu barədə 5 gün ərzində vergi orqanına məlumat verir.
Mənbə: vergiler.az
