Ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faizlər

posted in: Xəbər | 0
birbank biznes

vergi öhdəliyi, Pərakəndə ticarət,Vergiləri tam və vaxtında ödəmək hər bir vətəndaşın Konstitusiya borcudur. Lakin müşahidələr göstərir ki, bəzi vergi ödəyiciləri vergi ödənişlərinə digər təsərrüfat ödənişləri qədər ciddi əhəmiyyət vermirlər. Bununla bağlı ortaya çıxa biləcək məsələlərə mühasibat mütəxəssisi İlqar Əsədov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Vergi ödənişləri əvəzsiz ödənişlər olduğuna görə vergilərin vaxtında ödənilməsinin təmin edilməsinin üsullarından biri kimi vaxtında ödənilməmiş vergilərə faizlərin hesablanması nəzərdə tutulmuşdur.

Vaxtında ödənilməmiş vergilərə faizlərin hesablanması Vergi Məcəlləsinin 59-cu maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergilər ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Bu faizlər cari vergi ödəmələrinə münasibətdə də tətbiq edilir. Cari vergi ödəmələri gəlir və ya mənfəət (eləcə də əmlak) vergisindən avans xarakteri daşıdığına baxmayaraq, cari vergi ödəmələrini vaxtında yerinə yetirmək mütləqdir.

Gəlir və mənfəət vergisi ilə bağlı cari arayışların təqdim edilməsinin son tarixi rüb bitdikdən sonrakı ayın 15-dir. Sadələşdirilmiş vergi üçün son rüb bitdikdən sonra növbəti ayın 20-si, mənfəət və gəlir vergiləri üçün vergi ili bitdikdən sonra növbəti ilin mart ayının 31-dir.

Hesablanmış faizlər üçün vergi ödəyiciləri şəxsi hesab vərəqinə baxa bilərlər.

Məsələn, tutaq ki, vergi ödəyicisi hesabat ili bitdikdən sonra yanvar ayının 23-də mənfəət vergisi bəyannaməsini təqdim edir və onun şəxsi hesab vərəqəsində vergi borcunun məbləği əks olunur. Lakin sistemdə borc görünsə də, faktiki olaraq həmin borcun ödənilməsinin son tarixi 31 mart olduğuna görə AVİS programı borca görə faizləri 31 martdan sonra hesablamağa başlayır. Borca faizlər yalnız əsas məbləğə görə hesablanır. Yəni hesablanmış faizlərin ödənilməməsinə görə loqarifmik formada əlavə faizlər hesablanmır. Eyni ilə tətbiq edilmiş maliyyə sanksiyalarına da faizlər hesablanmır. Çünki məqsəd vergi ödəyicilərini maliyyə yükü ilə yükləmək yox, onları qanunvericlik çərçivəsində islah etmək, onları vergi ödənişlərini vaxtında ödəməyə təhrik və təşviq etməkdir.

Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, Vergi Məcəlləsinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Yəni yuxarıda qeyd etdiyimiz müddəalar tək vergi ödənişlərinə aid deyil. Məsələn, müəssisə Vahid Hesabatı rüb bitdikdən sonra növbəti ayın 20-dək təqdim etsə də, sığorta ödənişlərini hər ay bitdikdən sonra növbəti ayın 15-dək ödəməli olduğundan bu müddətə riayət etmədiyi halda ötmüş hər günə görə hesablanmış faizlər hesabat təqdim edildikdən sonra şəxsi hesab vərəqində əks olunacaqdır.

Həmçinin faizlər vergi ödəyicisinə bir ildən çox olmayan bütün ötmüş müddətə tətbiq edilir. Diqqət etsək, bu müddətdən bəhs edən 59.2-ci maddədə “il” sözü yazılmışdır. Vergi Məcəlləsində “il”, “təqvim ili”, “vergi ili”, “hesabat ili” kimi anlayışlar mövcuddur. Bu anlayışları bir-birindən fərqləndirmək lazımdır. Sözügedən maddədə “il” yazıldığından burada müddətin axımının başladığı gündən etibarən 12 ay sonrakı tarix nəzərdə tutulur. Bu zaman müddətin başlaması və sonu üçün qeyri-iş günləri nəzərə alınır. Əgər vergilərin vaxtında ödənilməməsi halı səyyar vergi yoxlaması zamanı aşkar edilirsə, müddətin axımı bu halın aşkar olunduğu gündən deyil, verginin ödənilməli olduğu gündən başlayır.

Artıq ödənilmiş və ya tutulmuş vergilərə gəlincə, həmin vergilərin geri qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqdan sonra vergi orqanları Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddət ərzində (həmin müddətlər Vergi Məcəlləsinin 59.3; 179.1 və 179.2-ci maddələri ilə tənzimlənir) vergiləri geri qaytarmalıdırlar. Vergi orqanı tərəfindən bu müddət pozulduqda isə ötmüş hər günə görə vergi ödəyicisinə 0,1% əlavə faizlər də ödənilir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email