Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) Uyğunluq Auditi üzrə Alt-komitəsinin 17-ci illik toplantısı 2020-ci ildə Bakıda keçiriləcək.
Hesablama Palatasının mətbuat xidmətindən bildirilib ki, qurumun auditoru Cəfər Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Lissabonda keçirilmiş INTOSAI-ın Uyğunluq Auditi üzrə Alt-komitəsinin 16-cı illik toplantısında iştirak edib. Toplantıya Hindistan, Azərbaycan, Braziliya, Gürcüstan, Macarıstan, Qətər, Rusiya, Slovakiya, Çin, Fransa, Norveç, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikasının ali audit qurumlarının (AAQ), həmçinin INTOSAI-ın İnkişaf Təşəbbüsünün, Avropa Auditorlar Məhkəməsinin və AFROSAI–E-nin nümayəndələri qatılıb.
Portuqaliya Auditorlar Məhkəməsinin prezidenti Vitor Manuel da Silva Caldeira Alt-komitənin AAQ-ların fəaliyyətində rolunu vurğulayaraq toplantının işinə uğurlar arzulayıb. Nümayəndələrin öz fəal iştirakı ilə toplantıya töhfə verəcəyinə inandığını bildirib.
Azərbaycan, Braziliya, Çin, Norveç, Hindistan ali audit qurumlarının, Avropa Auditorlar Məhkəməsinin, INTOSAI-ın İnkişaf Təşəbbüsünün və videokonfrans vasitəsilə Meksika AAQ-ın təqdimatları dinlənilib. Fikir mübadiləsi aparılıb.
Hesablama Palatasının auditoru C.Həsənov qurumun fəaliyyətini tənzimləyən “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının yeni qanunu, bu qanunun maddələrinə, eləcə də INTOSAI-ın prinsip və standartlarına uyğun palatada hazırlanmış “Uyğunluq Auditi üzrə təlimat” və keçirilmiş uyğunluq auditi barədə ətraflı məlumat verib. İştirakçı AAQ-ların bu sahədə təcrübələrini öyrənmək məqsədilə onlara suallar ünvanlayıb.
Təqdimatda qeyd edilən auditin planlaşdırılması mövzusunun daha da təkmilləşdirilməsi məqsədilə Alt-komitənin iş planına daxil edilməsi qərara alınıb.
Eyni zamanda, Hesablama Palatası uyğunluq auditi üzrə Alt-komitənin 2.3 Layihəsi ilə bağlı səmərəlilik və uyğunluq auditlərinə dair təlimatın hazırlanması ilə bağlı layihənin üzvləri sırasına qəbul olunub.
İkigünlük tədbirin sonunda Alt-komitənin növbəti toplantısının 2020-ci ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilib.
Mənbə: azertag.az