Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, özəlləşdirilməsi başa çatmayan dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığına zərər dəymiş işçilərə müavinət müəssisə tərəfindən ödənilməlidir.
Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, 2009-cu ildən fəaliyyətini dayandırmış və özəlləşdirilməsi başa çatmamış “Azəralüminium” ASC tərəfindən işçilərə müavinətlərin ödənilməsində çətinliklər yaranıb. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarına uyğun olaraq, müəssisədə aylıq ödənc almaq hüququ olan şəxslər bu ödəncin əvəzinə aylıq müavinət almaq hüququna malikdirlər. Bu baxımdan “Azəralüminium” ASC-nin fəaliyyəti tamamilə dayandığı üçün müəssisədə aylıq ödəniş alan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə aylıq ödənişin əvəzinə aylıq müavinət ala bilərlər. Bu barədə həmin şəxslərə dəfələrlə izah verilib. Qaydalara əsasən seçim könüllüdür.