Azərbaycanda banka 100 min manat qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi veriləcək
Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğində pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi veriləcək.
Bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.
Məcəllənin 45-ci maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi verilir.
Məcəllənin 45-ci maddəsi – Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar.
Banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan ərazisində müvəqqəti yaşama üçün icazə alan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir.
Həmin siyahıda göstərilən şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat verir.
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirə ediləcək.