Bakıda e-ticarətlə bağlı ilk beynəlxalq forum keçiriləcək

posted in: Xəbər | 0
birbank biznes

e-ticarətNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Avropa İttifaqının birgə təşkilatçılığı ilə sentyabrın 24-25-də paytaxtımızda Bakı Elektron Ticarət Forumu – «BEF-2018» keçiriləcək. Tədbirlə bağlıTəşkilat Komitəsinin iclasında Vergilər və İqtisadiyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Regional İnnovativ Texnologiyalar Akademiyasının, «Azexport» portalının, «VialonServis» və «ALbuket.az» saytının nümayəndələri iştirak ediblər.

Təşkilat Komitəsinin rəhbəri, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev bildirib ki, e-ticarət sahəsində bu miqyasda təşkil olunacaq ilk beynəlxalq tədbirdə iştirak etmək üçün 300-dən artıq yerli və beynəlxalq iştirakçı qeydiyyatdan keçib. Bakı Forumu çərçivəsində e-ticarət, onlayn ödəniş platformaları, e-ticarət həlləri üzrə ixtisaslaşan şirkət və qurumların öz məhsullarını nümayiş etdirməsi nəzərdə tutulub.

Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya»da elektron ticarətin inkişafı ilə bağlı mühüm hədəflər müəyyən edilib və həmin strategiyaya uyğun olaraq ölkədə elektron ticarətin inkişafı, bu istiqamətdə dövlət və özəl qurumlar arasında tərəfdaşlığın gücləndirilməsi məqsədilə ardıcıl işlər aparılır.

Rəqəmsal ödənişlərin təşviqi məqsədilə…

«Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi»ndə «Rəqəmsal ödənişlərin genişləndirilməsi» istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası çərçivəsində növbəti tədbir kimi Mərkəzi Bankın təşəbbüsü ilə Vergilər Nazirliyi ilə birlikdə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün «Rəqəmsal ödənişlərin genişləndirilməsinin təbliği və təşviqi» mövzusunda iki günlük təlim keçirilib. Məqsəd jurnalistlərin maliyyə savadlılığı səviyyəsinin yüksəldilməsi və media vasitəsilə Mərkəzi Bankın rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə ictimaiyyəti daha dolğun məlumatlandırmaqdan ibarət olub.

Təlimdə Mərkəzi Bankın və Vergilər Nazirliyinin əməkdaşları rəqəmsal ödənişlərin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə təqdimatlarla çıxış ediblər. Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev rəqəmsal sahibkarlığın inkişaf etdirilməsi, nağdsız ödənişlərin vergi qanunvericiliyinə uyğun şəkildə aparılması və stimullaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, «Nağdsız hesablaşmalar haqqında» Qanun iki vergi ödəyicisi arasında aparılmalı olan hesablaşmanın yalnız nağdsız qaydada həyata keçirilməsini göstərir. Bu gün Azərbaycan Respublikasında nağdsız hesablaşmaların qanunvericilik məqsədilə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına, ödəmə terminalları ilə və satıcının bank hesabına köçürülməklə üç forması mövcuddur:  «2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş «Nağdsız hesablaşmalar haqqında» Qanunun 3.3-cü maddəsinə əsasən, həmin Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla,  ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 (iki yüz min) manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə ümumi məbləği 15.000 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Qanunun qeyd edilən maddəsinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir». Qeyd olunub ki, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan şəxslərdən kənd təsərrüfatı məhsulları, əlvan və qara metal qırıntıları, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatlar, utilizasiya məqsədləri üçün işlənmiş şinlər nağd qaydada satın alına bilər.

Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov ölkədə elektron ticarətin inkişaf etdirilməsi, ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi, yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, rəqəmsal bankçılığın inkişaf etdirilməsi, smart ödəniş vasitələrinin geniş tətbiqi, mövcud elektron ödəniş xidmətlərinin effektivliyinin və təhlükəziliyinin yük­səldilməsi, regionlarda maliyyə inklüzivliyinin artırılması istiqamətində Mərkəzi Bankın gördüyü işlərdən və əldə olunmuş nəticələr barədə təlim iştirakçılarına məlumat verib. Bildirib ki, rəqəmsal ödənişlərin stimullaşdırılması sahəsində Vergilər Nazirliyi ilə birlikdə bir sıra mühüm tədbirlər görülməkdədir.

Jurnalistləri maraqlandıran suallar cavablandırıldıqdan sonra Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu ilə əməkdaşlıq çərçivəsində media nümayəndələri üçün «yığım oyunu» təşkil edilib. Yarışma zamanı iştirakçılara yığım mədəniyyətinin və ailə büdcəsinin effektiv idarə olunması bacarıqları aşılanıb.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email