Bankların hansı gəlirlərinə vergi güzəşti tətbiq edilir?

posted in: Xəbər | 0

Vergi güzəşti, bank gəlirləri,Azərbaycan dövləti tərəfindən Vətən müharibəsi iştirakçılarına, eləcə də şəhid ailələrinə verilən güzəştlər banklar və kredit təşkilatları üçün yeni qanunvericilik tənzimləmələrinə zərurət yaradır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinə əlavə edilən 130.7-ci maddəyə əsasən, banklar və kredit təşkilatları tərəfindən vətən müharibəsi iştirakçılarının və vətən müharibəsində şəhid olmuş şəxslərin, habelə vətən müharibəsi nəticəsində şəhid ailəsi statusu almış şəxslərin 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditlər üzrə həmin tarixədək ödənilməyən borclarına görə hesablanmış faizlərin silinməsi bankların və digər kredit təşkilatlarının vergi tutulan gəlirlərinə aid edilmir. Bu maddə ilə müəyyən edilmiş silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid edilir.

Maddədə diqqət yetirilməli 3 məqam mövcuddur.

Birinci məqam banklar və digər kredit təşkilatları tərəfindən faizlərin silinməsi zamanı güzəştlərin şamil olunduğu şəxslərlə bağlıdır. Vergi Məcəlləsinin 130.7-ci maddəsi üzrə güzəşt olunan şəxslər aşağıdakılardır:

  • Vətən müharibəsi iştirakçıları;
  • Vətən müharibəsində şəhid olmuş şəxslər;
  • Vətən müharibəsi nəticəsində şəhid ailəsi statusu almış şəxslər.

Bank əməliyyatları zamanı ödəniş tapşırıqlarına qoyulan tələblər


İkinci məqam kreditin verilmə tarixi ilə bağlıdır. Vergi Məcəlləsinin 130.7-ci maddəsinə əsasən, şəxslərin 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditlər üzrə həmin tarixədək ödənilməyən borclarına görə hesablanmış faizlərin silinməsi vergi tutulan gəlirlərə aid edilmir.

Misal 1: Müharibə iştirakçısı 2021-ci ilin fevral ayında bankdan kredit götürüb və bank sonradan faizləri silib. Bu halda silinən faiz gəlirləri vergi tutulan gəlirlərə aid ediləcək. Çünki Vergi Məcəlləsinin 130.7-ci maddəsində qeyd olunub ki, güzəşt 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditlərə tətbiq edilir.

Misal 2: Müharibə iştirakçısı 2020-ci ilin mart ayında bankdan 3.000 manat məbləğində kredit alıb. Bank və ya kredit təşkilatı 1 aprel 2021-ci ildə qərar verib ki, müharibə iştirakçısı olan borcalana hesablanan faizlər silinsin. Bu halda 1 yanvar 2021-ci il tarixədək olan faizlərin silinməsi vergi tutulan gəlirlərə aid edilməyəcək. 1 yanvar 2021-ci il tarixdən sonra hesablanan faiz gəlirlərinin silinməsinə baxmayaraq, bu, bank və ya kredit təşkilatının gəlirlərinə aid ediləcək.

Üçünçü məqam güzəşt kateqoriyasına aid edilən şəxslərin kredit üzrə əsas borclarının silinməsi ilə bağlıdır. Vergi Məcəlləsinin 130.7-ci maddəsinə əsasən, müəyyən edilmiş silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid edilir.

Mənbə: vergiler.az


Əmək qabiliyyətinin itirilməsi zamanı müavinət necə hesablanır?


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *