fbpx

Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması

posted in: Vergi, Xəbər | 0
birbank biznes

bazar qiyməti, müavinət, işsizlikdən sığorta, güzəşt, əmək haqqı, gəlir vergisi,gəlir vergisi,Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması


Bazar qiymətinin anlayışı, onun tətbiqi qaydaları Vergi Məcəlləsinin (VM) 14-cü maddəsi ilə tənzimlənir. Məcəllənin 14.1-ci maddəsinə əsasən, “Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir”.  Mövzunu Vergilər Nazirliyinin Tədris Mərkəzinin baş müəllimi Fariz Yadigarov şərh edir.

Vergitutma tətbiqi baxımından bazar qiyməti – “nəzarət olunan” əməliyyatlarda tərəflərin tətbiq etdikləri qiymətə qarşı vergi orqanı tərəfindən vergilərin hesablanması zamanı vergidənyayınma risklərinin azaldılması məqsədilə tətbiq olunan alternativ qiymətdir. Burada “nəzarət olunan” əməliyyat dedikdə, vergilərin bazar qiymətləri nəzərə alınmaqla hesablandığı əməliyyatlar başa düşülür.

Qeyd olunan tərifdən də göründüyü kimi, bazar qiyməti, yalnız “nəzarət olunan” əməliyyatlarda və yalnız vergilərin hesablanması zamanı, yəni müstəsna olaraq vergitutma məqsədləri üçün nəzərə alınır və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır. Başqa sözlə, əks hal sübuta yetirilmirsə, tərəflərin əməliyyatda təsbit etdikləri qiymət elə bazar qiyməti kimi qəbul edilir.

Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər:

  • barter, idxal-ixrac əməliyyatları aparıldıqda;
  • təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə;
  • 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, VM-in 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni və ya analoji mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə;
  • müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda;
  • daşınmaz əmlakın vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda.

VM-in 14.4-cü maddəsinə əsasən, bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək ən yaxın tarixdə eyni və ya analoji mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir.

Həmçinin, bazar qiyməti müəyyənləşdirilərkən, qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. Yəni, bu halda, müvafiq əməliyyata bazar qiyməti tətbiq olunmur.

Yuxarıda qeyd olunan qaydada bazar qiymətini tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər, nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasındakı əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınmaqla müəyyən edilir. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır.

Bazar qiyməti müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır:

  • göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi);
  • öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri;
  • mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi;
  • malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer;
  • malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri;
  • malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi;
  • marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi;
  • işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə isə işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər.

Qeyd etmək lazımdır ki, malların (işlərin, xidmətlərin) keyfiyyəti ilə əlaqədar qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilərkən keyfiyyətin səviyyəsi səlahiyyətli şəxs tərəfindən təsdiq olunmalıdır.

Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda və ya rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər:

  • sonrakı və (və ya) təkrar satış qiymətinə əsasən;
  • dəyərin toplanması üsuluna əsasən.

Birinci üsulda malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı və (və ya) təkrar satış qiymətinə əsasən müəyyən olunur. Burada təkrar satış dedikdə, malların (işlərin, xidmətlərin) növbəti dəfə fərqli alıcıya satışı, sonrakı satış dedikdə isə malların alıcısının həmin malları sonradan başqa alıcıya satması başa düşülür. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir.

İkinci üsulda isə bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır.

Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir.

İndi isə xərc və gəlirin yoxlanılması baxımından bazar qiymətinin tətbiqi qaydalarına diqqət yetirək. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, aşağıdakı hallarda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır:

  • alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda;
  • malgöndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmadıqda.

Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi VM-ə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır.

Onu da qeyd etmək lazımdır ki, vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin VM-də göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır.

Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir.

Qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) ixrac istisna olmaqla təqdim olunarkən və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı – konkret olaraq Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Bazar qiyməti, vergilərin hesablanması
Print Friendly, PDF & Email
error: Content is protected !!