Böyük Britaniya varlılar üçün daha yüksək vergi tətbiq olunmasına hazırlaşır

posted in: Xəbər | 0
birbank biznes

Böyük Britaniya vergiBöyük Britaniyanın maliyyə naziri varlılar üçün daha yüksək vergilər tətbiq olunacağını elan edib.

Böyük Britaniyanın maliyyə naziri Ceremi Hantın bəyanatlarından belə anlaşılır ki, İngiltərədə büdcəni sabitləşdirmək və həssas təbəqələri qorumaq üçün hökumət vəsaitlər axtarışındadır və bu səbəbdən zənginlərdən toplanılan vergilərin əhəmiyyətli şəkildə artırılması planlaşdırılır. Onun parlamentdəki çıxışı barədə “Bloomberg” agentliyi məlumat verib.

Bundan sonra 45 faizlik gəlir vergisi dərəcəsi, gəlirləri ildə 125 140 funt sterlinqdən çox olanlara (əvvəllər həmin məbləğ 150 min funt sterlinq təşkil edirdi) şamil ediləcəkdir. Paralel olaraq, pensiyaçılar və yoxsul ev təsərrüfatları üçün dəstək tədbirləri nəzərdə tutulur – sosial müavinətlərin indeksləşdirilməsi, minimum əməkhaqqı dərəcəsinin artırılması, sosial mənzillərin kirayə qiymətlərinin artımına məhdudiyyətlər.

Bundan əlavə, “Reuters” agentliyinin məlumatına görə, hökumət enerji şirkətlərinin mənfəət vergisini də artırmağa hazırlaşır – 25 faizdən 35 faizə qədər dərəcə 2023-cü il yanvar ayının 1-dən, 2028-ci ilə qədər qüvvədə olacaq. Həmçinin elektrik enerjisi istehsal edən şirkətlər üçün 45 faizlik yeni müvəqqəti vergi də tətbiq edilir.

Hantın təqdim etdiyi tədbirlər əvvəlki Böyük Britaniya hökumətinin təqdim etdiyi tədbirlərdən əhəmiyyətli dərəcədə fərqlidir. Payızın əvvəlində Liz Trass kabineti vergilərin azaldılması da daxil olmaqla islahatlar paketi ilə çıxış etmişdi. O vaxt sözügedən ideyalar maliyyə bazarlarında xaosa və funtun ucuzlaşmasına səbəb olmuşdu. Bundan sonra həm Trass, həm də maliyyə naziri Kvazi Kvartenq vəzifəsini tərk etmişdi, yerinə Hant təyin olunmuşdu.


Print Friendly, PDF & Email