ƏDV-nin büdcəyə ödənmə vaxtı necə müəyyən olunur?

posted in: Xəbər | 0
birbank biznes

Məcəllədə ƏDV-nin ödəniş vaxtının tənzimlənməsi

Vergiləri tam həcmdə, vaxtında ödəmək hər birimizin Konstitusiya ilə müəyyən edilmiş vəzifəsidir. Bəs ƏDV hesablanması apardıqdan sonra yaranan borc büdcəyə nə vaxt  ödənir? Ayrı-ayrı vergilərin, o cümlədən ƏDV-nin ödəmə vaxtı Vergi Məcəlləsi ilə müəyyən edilib.  Məcəlləsinin 177.1.3-cü maddəsinə əsasən vergi ödəyicisi hər hesabat dövrü üzrə müəyyən olunmuş müddətdə:

  • ƏDV bəyannaməsi verməli;
  • vergini büdcəyə ödəməlidir.

ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir

Məcəllənin 178-ci maddəsinə əsasən əlavə dəyər vergisi üçün hesabat dövrü təqvim ayıdır. 177.6-cı maddəyə əsasən isə ödəniş dövlət büdcəsinə edilir. Deməli, təqvim ayı bitdikdən sonra növbəti ayın 20-dək ƏDV-ni dövlət büdcəsinə ödəməliyik.

ƏDV ödəyicisi olmadıqda əlavə dəyər vergisinin ödənilməsi

Bəzən vergi ödəyicisi ƏDV ödəyicisi olmasa belə əlavə dəyər vergisi hesablamaq, ödəmək öhdəliyinə malik olur. Misal olaraq qeyri-rezident şəxsdən iş yaxud xidmət almış şəxsləri misal göstərmək olar. Bu halda vergi ödəyicisi işi yaxud xidməti aldığı gündən 7 gün ərzində ƏDV hesablaması aparıb, vergini dövlət büdcəsinə ödəməlidir. Qeyri-rezidentlərin vergiyə cəlb edilməsi ilə buradan tanış ola bilərsiniz.

Nümunə 1: Sadələşdirilmiş vergi ödəyicisi qeyri-rezidentdən aldığı xidmətə görə 10000 AZN ödəmə edir. ƏDV hesablanması aparaq.

O, sadələşdirilmiş vergi ödəyicisi olsa da, əlavə dəyər vergisi ödəməlidir. Bu məbləğ 1800 AZN (10000*18%) olacaq. VM-in 169.5-ci maddəsinə əsasən xüsusi hesabat forması 7 gün ərzində təqdim edilməli və büdcəyə ödəniş edilməlidir. Ödənilmiş ƏDV əvəzləşdirilmir.

Bundan başqa ƏDV ödəyicisi olan yaxud olmayan, habelə ümumiyyətlə vergi ödəyicisi olmayan şəxslər idxalda vergiyə cəlb edilən mallar üzrə idxal zamanı ƏDV ödəməlidir.  Vergi ödəyiciləri üçün idxal zamanı hesablanmış ƏDV:

  • malların ölkəyə gəlməsindən daha əvvəl, yaxud;
  • ən geci malların buraxılması planlaşdırılan tarixdə ödənilir.

“İdxalda ƏDV hesablanması necə aparılır?” sualına cavabı buradan tapa bilərsiniz.

Əlavə dəyər vergisi dövlət büdcəsinə:

  • həm ƏDV depozit hesabından;
  • həm də bank hesabı vasitəsi ödənilə bilər.

ƏDV ödəyiciləri tərəfindən idxalda ödənilmiş əlavə dəyər vergisi ödənişin formasından asılı olmayaraq əvəzləşdirilə bilər. Lakin bu, əmtəəsiz və riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərə münasibətdə tətbiq edilmir (VM, maddə 175.11). Digər vergilər kimi, vaxtında ödənməyən  ƏDV məbləği üçün, gecikdirilmiş hər günə görə 0.1 faiz hesablanacaq (VM, 59.1).

ƏDV borcu cari hesaba ödənilə bilərmi?

Şirkət ƏDV borcunu müəssisənin depozit hesabına deyil, cari hesabına (bilərəkdən yaxud bilməyərəkdən) ödədikdə, ona sanksiya tətbiq edilə bilərmi? Bu suala birmənalı şəkildə “Bəli” cavabı verə bilərik. Belə ki, vergi ödəyicisi elektron qaimə-faktura ilə aldığı mal, iş və xidmətlərin dəyərini ödədiyi gündən gec olmayaraq ƏDV məbləğini müvafiq qaydada ödəməlidir (VM, 175.1.3). Burada qeyd edilən “müvafiq qayda” NK-nın 30.12.2007-ci il tarixli 219 nömrəli Qərarı ilə tənzimlənir. Həmin qərar əsasən ödəniş ƏDV-nin depozit hesabına edilməlidir.

Məcəllənin 175.8-ci maddəsi həm ƏDV ödəyicilərindən,  həm də ƏDV məqsədləri üçün qeydiyyatda olmayan müəyyən kateqoriya şəxslərdən ƏDV məbləğinin ƏDV-nin depozit hesabına köçürülməsini tələb edir.

Odur ki, bir müəssisəsə digər müəssisəyə verilmiş elektron vergi hesab-fakturasına əsasən ƏDV məbləğini depozit hesabına ödəmədikdə ona maliyyə sanksiyası tətbiq edilir və həmin məbləğ əvəzləşdirilmir. Maliyyə sanksiyasının məbləği ödənilməmiş vergi məbləğinin 50 % miqdarında olacaqdır (VM, maddə 58.6).


Print Friendly, PDF & Email