ƏDV hesablanması necə aparılır?

posted in: Xəbər | 0
birbank biznes

ƏDV hesablanması zamanı vergi dərəcəsi necə tətbiq olunur?

Əlavə dəyər vergisi hesablanması zamanı bir neçə məqama diqqət etmək lazımdır. Dövlət büdcəsinə ödənməli olan məbləğ vergi dərəcəsi ilə vergitutma bazasının (taxation base) hasili kimi müəyyən edilir. ƏDV hesablanması həyata keçirilən ticari əməliyyatdan, onun formasından və xarakterindən asılıdır. Hesablamalar zamanı tətbiq edilən ƏDV dərəcəsinə görə belə əməliyyatları aşağıdakı kimi qruplaşdıra bilərik:

  • malların dəyərindən əlavə dəyər vergisinin hesablanması;
  • ticarət əlavəsindən ƏDV hesablanması;
  • ƏDV-yə cəlb edilməyən əməliyyatlar;
  • ƏDV-yə cəlb edilən, amma hesablama aparılmayan əməliyyatlar (0 % dərəcə tətbiq edilən hesablamalar).

Məsələn, kənd təsərrüfatı məhsulunun istehsalçısı tərəfindən təqdim edilən mallar 2014-cü ildən etibarən 10 il müddətinə əlavə dəyər vergisindən azaddır, yəni belə əməliyyatlara ƏDV hesablanmır.  Amma belə əməliyyatlar zamanı qanunvericilikdə müəyyən edilmiş şərtlərə əməl etmək vacibdir. Kənd təsərrüfatında ƏDV hesablanması, tətbiq edilən güzəştlər  haqqında buradan ətraflı oxuya bilərsiniz.

Aşağıda sıfır dərəcə ilə ƏDV hesablanmasına nümunə aşağıda verilib.

Nümunə 1:  Siz Azərbaycanda təsis edilmiş yerli logistika şirkətisiniz və beynəlxalq daşıma xidməti göstərirsiniz. Son 12 aylıq dövriyyəniz 200000 manatı aşdığı üçün ƏDV qeydiyyatına alınmısınız. Amma göstərdiyiniz xidmətlərə görə ƏDV ödəməli deyilsiniz (hesablamaya 0% tətbiq ediləcək).

ƏDV dərəcəsi Vergi Məcəlləsinin 173-cü maddəsində müəyyən olunub və 18 % təşkil edərək:

  • hər vergi tutulan əməliyyatın;
  • hər vergi tutulan idxalın dəyərinə tətbiq edilir.

Hesabat dövründə vergi tutulmalı olan əməliyyatların ümumi dəyəri vergi tutulan dövriyyəni təşkil edir.

Malların dəyərindən ƏDV hesablanması

Vergi ödənməli vaxt müəyyən edildikdən sonra, büdcəyə ödənməli ƏDV-nin hesablanamsı üçün  əməliyyatların dəyərinə 18% vergi dərəcəsi tətbiq etmək lazımdır. Əlavə dəyər vergisinin yekun məbləği qanunvericiliyə uyğun əvəzləşdirmə hüququ olan vergi çıxılmaqla müəyyən edilir.   

Nümunə 2: Əlavə dəyər vergisi ödəyicisi olan A müəssisəsi aprel 2021-ci ildə 25.000 manatı rezident vergi ödəyicilərindən, 5000 manatı vergi ödəyicisi olmayan şəxslərdən, 30000 manatı isə idxal yoluyla əldə edilməklə 60000 manat dəyərində mal almışdır. Malların 4000 manatı həmin ay 10 faiz marja tətbiq edilərək satılmış və pulu daxil olmuşdur. Elektron qaimə-faktura üzrə alınmış malların yalnız ƏDV hissəsi ödənmişdir. Aprel ayında büdcə üzrə vergi münasibətləri:

  1. Hesablanan: 4400*18%=792 manat
  2. Əvəzləşdirilən : 30000*18% = 5400 manat

Büdcədən qaytarılır : 4608 manat

Bəzi hallarda  ƏDV hesablanması zamanı dövriyyənin dəqiqləşdirilməsinə ehtiyac yaranır. Belə halları Məcəllənin 163-cü maddəsi tənzimləyir. Maddə üzrə qeyd edilmiş hallar baş verdikdə əməliyyatın baş verdiyi aya yaxud onun əlaqəsi olduğu əvvəlki əməliyyatın tarixinə deyil, faktiki dəyişikliyin baş verdiyi hesabat dövrünə baxmaq lazımdır. Yəni vergi köhnə dövrə aid olsa da, faktiki həmin halı yaradan ayda ödənilməli  vergilərlə birlikdə ödənilir.

Nümunə 3: 2021-ci ilin fevral ayında ƏDV ödəyiciləri olan A hüquqi şəxsi B firmasına 5000 AZN dəyərində mal satmaq üçün alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə əsasən aprel ayında A firması malların 3000 AZN-lik hissəsini təqdim edir. B firması ödənişi edir və əvəzləşdirir. Lakin növbəti ay mallarla bağlı müəyyən qüsurlar aşkar edildiyi üçün tam şəkildə geri qaytarılır. B firması iyun ayının bəyannaməsində ödəyib əvəzləşdirdiyi vergini dövlət büdcəsinə hesablamalıdır.

Ticarət əlavəsindən ƏDV hesablanması

AR ərazisində istehsal edilmiş kənd təsərrüfatı məhsulları pərakəndə yaxud topdansatış qaydasında satıla bilər. Pərakəndə satışla məşğul olan belə istehsalçılarda əlavə dəyər vergisi tətbiq edilmiş ticarət əlavəsindən hesablanır.  Odur ki, pərakəndə satış zamanı həmin malların uçotu ayrıca aparılmalıdır, əks təqdirə ƏDV hesablanması üçün vergi dərəcəsi ümumi dövriyyəyə tətbiq edilir.

Ticarət əlavəsi malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərqdir.

Ticarət əlavəsinin qeyd edilən tərifi müstəsna olaraq mallara və müstəsna olaraq kənd təsərrüfatı mallarına və müstəsna olaraq Azərbaycanda istehsal edilmiş belə malların pərakəndə satışına aiddir. Belə malları topdansatış ticarət qaydasında satanlar adi qaydada malın dəyərindən ƏDV hesablayır.

Nümunə 4:  “Yeni Aqro” MMC şirkəti kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşıb. Hesabat dövründə daha əvvəllər istehsalçıdan aldığı 40000 AZN dəyərində kənd təsərrüfatı məhsulunu topdansatış qaydası ilə 15 faiz marja ilə digər vergi ödəyicilərinə satmış, 10.000 AZN dəyərində belə məhsulları 10 faiz marja ilə Rusiyaya ixrac etmiş, 25000 AZN dəyərində malları isə 5 faiz marja ilə pərakəndə satış etmişdir. Hesabat dövrü üçün “Yeni Aqro” MMC-nin hesablamalı olduğu ƏDV-ni müəyyən edək:

                    46000*18% = 8280 

                    11000*0% = 0 

                    1250*18% = 225 

Burada 46.000  topdansatış qiyməti, 11000 AZN ixracın qiymətidir. VM-in 165.1.3-cü maddəsinə əsasən malların ixracı ƏDV-yə sıfır dərəcə olmaqla cəlb edilir.

2022-ci il 1 yanvar tarixindən   kənd təsərrüfatı mallarının mənşəyindən, pərakəndə və ya topdansatış qaydasında satılmasından asılı olmayaraq, alış və satışı düzgün  rəsmiləşdirilmişdirsə,  3 il ərzində ƏDV ticarət əlavəsindən hesablanır.                

Əgər hesablanan vergi əvəzləşdirilməli olan məbləğindən artıqdırsa, artıq məbləğ şəxsi hesab vərəqəyə vergi ödəyicisinin xeyrinə işlənir.

İdxal zamanı əlavə dəyər vergisinin hesablanması

İdxal zamanı gömrük orqanları malların gömrük dəyərini müəyyən edir. Gömrük dəyəri  statistik dəyərlərin manatla ifadəsidir. Yəni, ola bilər ki, sizin malın invoys dəyəri 1000 USD təşkil etsin, gömrük orqanları isə həmin mal üçün 1200 USD statistik dəyər müəyyən edə bilər. Belə bir səlahiyyət onlara gömrük qanunvericiliyinə əsasən verilib.

ƏDV üçün idxalın dəyəri gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir

Statistik dəyər bir növ bazar dəyəri kimi bir dəyərdir. İdxal zamanı ƏDV hesablanması vergi dərəcəsi vergi tutulan dəyərə tətbiq edilməklə aparılır.


Print Friendly, PDF & Email