Biznesə necə başlamalı: 2026-cı il üçün addım-addım təlimat

posted in: Xəbər | 0

Biznesə başlamaq istəyirsiniz (bunu kim istəmir ki), amma istəklə iş bitmir. Biznes fəaliyyəti planlaşdırma, maliyyə qərarlarının qəbulu  və bir sıra hüquqi prosedurların icrasını tələb edir. Bu bir yoldur, yolun isə öz qaydaları var. “Biznesə necə başlamalı?” çıxdığınız yolda cavab almaq istədiyiniz suallardan biridir. Gəlin bu yolu sizinlə birlikdə addımlayaq

Addım 1:Biznesə başlamazdan öncə nə etməliyəm?

Hazır olub olmadığınızı yoxlayın

Biznesə başlamaq və uğur əldə etmək çox zəhmət və səbr tələb edir. Başlamaq üçün biznes bacarıqlarına, ideyaya və maliyyələşməyə ehtiyacınız var. Amma çətin məqamlarda ​​davam etmək üçün həm də dözümlü və intizamlı olmaq vacibdir. Səylərinizə baxmayaraq, biznesinizin uğur qazanmama ehtimalını da nəzərə almaq lazımdır.

Əlbəttə, kömək üçün konsaltinq xidmətləri təklif edən şirkətlərə müraciət edə  bilərsiniz, amma bir işə başlamazdan əvvəl maddi və emosional cəhətdən hazır olmaq vacibdir. Bunun üçün:

  • biznesi idarə etmək üçün lazım olan bacarıqları əldə edin;
  • biznes ideyanızı təhlil edin;
  • biznesin yaşam tərzinizə təsirini anlayın;
  • kömək və məsləhət ala biləcəyiniz mənbələri müəyyən edin.

18 yaşım yoxdur, biznesə necə başlamalıyam?

Azərbaycan qanunvericiliyinə görə 18 yaş yetkinlik yaşı hesab edilir. Həmçinin, 14-18 yaş aralığında olan şəxslər öz gəlirləri üzərində sərəncam vermə ilə bağlı əqdləri bağlaya bilir. 16-18 yaş aralığında olan şəxslər ərizə ilə müraciət edərək vergi uçotuna durub VÖEN ala bilər.

Mühasibat xidmətləri

Amma nəzərə almaq lazımdır ki, biznesə başlamaq üçün ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

  • şəxsiyyət vəsiqəsi,
  • valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı;
  • belə razılıq olmadıqda isə məhkəmənin qərarı.

Əcnəbilər Azərbaycanda biznesə başlamazdan öncə nə etməlidirlər?

Əgər əcnəbi tanışınız sizə “Azərbaycanda biznesə necə başlamalı?” sualını verirsə, narahat olmayın, cavab çətin deyil. Belə ki, respublika qanunvericiliyi əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə yerli vətəndaşlarla eyni kommersiya hüquqları müəyyən edir. Bu zaman ilk növbədə miqrasiya sənədləri  qaydada olmalıdır. Daha ətraflı buradan tanış olmaq olar.

Addım 2: Biznesin növünü, adını, ünvanını seçin

Biznesiniz, o cümlədən onun təşkilati forması, adı və hüquqi ünavanı ilə bağlı bəzi uyğun qərarlar qəbul edilməlidir. Seçilmiş hüquqi təşkilati forma qeydiyyat prosedurlarına, mülki və vergi öhdəliklərinizə təsir göstərir. Respublikamızda ən çox tətbiq olunan təşkilatı forma bunlardır:

  • Məhdud Məsuliyyətli Cəmiyyət (MMC);
  • Səhmdar Cəmiyyət (açıq yaxud qapalı);
  • nümayəndəlik yaxud filial;
  • fərdi sahibkarlıq (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti).

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qeydiyyatdan öz adları ilə keçirlər, hüquqi şəxslərin isə unikal adı olmalıdır. Adın təkrarlanmaması üçün şirkət axtarışı və dövlət reyestrində oxşar hüquqi adlar yoxlanılır.

Biznesinizin uğuru istifadə etdiyiniz məkandan da asılıdır. İstənilən məkanın öz üstünlükləri və çatışmazlıqları var. Yer seçimi biznesinizin ehtiyaclarından asılıdır.

Təşkilati hüquqi forma seçimində probleminiz var? Müraciət edin!

Addım 3: Biznesinizi planlaşdırın

Biznesə uğurla başlamaq üçün bazar araşdırması və planlaşdırma aparmağı öyrənin.

  • bazar araşdırması və rəqabət təhlili biznesiniz üçün müştəri tapmağa, biznesinizi unikal etməyə kömək edir;
  • biznes plan hazırlayın, bu biznesin təməlidir. Hazır şablonlarla onu  tez və səmərəli şəkildə yazmağı öyrənin;
  • başlanğıc xərclərinizi hesablayın ki, maliyyələşdirmə kanallarını, investisayların həcmini və nə vaxt mənfəət əldə edəcəyinizi təxmin edə biləsiniz;
  • maliyyələşdirmə mənbələrini müəyyən edin, biznes kreditinə necə müraciət etməyi və kredit tarixçənizi necə qorumağı öyrənin;
  • hazır biznes almağı da düşünün – sıfırdan biznesə başlamaq çətin ola bilər. Françayzinq və ya mövcud biznesi almaq ilkin planlaşdırma prosesini sadələşdirə bilər.

Addım 4: Biznesinizi qeydiyyatdan keçirin

Bir çoxları “Biznesə necə başlamalı?” sualı ətrafında düşünərkən, ilk ağıllarına gələn cavab “qeydiyyat” olur. Amma, biznesin qeydiyyatı nə ilk addımdır, nə də sonuncu, amma ən vacib mərhələdir. Çünki rəsmi qeydiyyat olmadan biznes qurmaq hüquqi məsuliyyət yaradır.

Biznesin qeydiyyat prosesi seçilmiş hüquqi-təşkilatı formadan asılıdır. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslər “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” dolduraraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti orqanlarına təqdim edirlər. Vergi orqanı  rəsmi dövlət qeydiyyatı həyata keçirir, vergi uçotuna alır, qeydiyyat şəhadətnaməsi və VÖEN verir.

Şirkətlərin hüquiq şəxs kimi qeydiyyata alınması üçün:

  • təsis sənədləri və qeydiyyat üçün digər məlumatlar toplanır;
  • qeydiyyat üçün DVX-nə müraciət edilir;
  • qeydiyyat elektron formada da aparıla bilər;
  • qeydiyyata alınmış şirkətin məlumatları dövlət reyestrinə daxil edilir;
  • qeydiyyat sənədləri və VÖEN alınır.

Accounting.az MMC ilə şirkət qeydiyyatını daha tez və operativ apara bilərsiniz.

Addım 5: Lisenziyalar və icazələr üçün müraciət edin

Qanunun tələblərinə əməl etmək biznesin rahat işləməsi üçün önəmlidir. Biznes üçün lazım olan lisenziyalar və icazələr seçdiyiniz fəaliyyət sahəsinə, işçi tərkibinə və digər amillərə görə dəyişəcək.

Fəaliyyət növlərinə görə lisenziyaların və icazələrin tərkibi ilə buradan tanış olmaq olar.

Əcnəbi işçilərlə əməkdaşlıq etmək istəyirsinizsə iş icazəsinin alınması haqqında da düşünmək lazımdır.

Addım 6: Biznes fəaliyyətinə başlayın

Biznesinizin rəsmi qeydiyyatı hazırdır, lisenziya və icazələr alınıb, artıq fəaliyyətə başlamaq olar. Bunun üçün:

  • möhür sifariş edin;
  • bank hesabı açın;
  • əmək müqavilələri bağlayın;
  • mühasibat uçotunu qurun;
  • vergitutma prinsiplərini müəyyən edin.

Beləliklə…

“Biznesə necə başlamalı?” sualı artıq sizi qorxutmamalıdır. Biznesinizi qurub fəaliyyətə başlaya bilərsiniz.  Artıq biznesinizi bazara çıxarda bilərsiniz:

  • biznesinizi müştərilərə tanıtdıracaq marketinq planı hazırlayın;
  • veb sayt qurun, elektron ticarət haqqında düşünün;
  • sosial mediada mövcudluğunuzu təmin edin
  • biznesinizi reklam edin.

Unutmayın, biznes sahibi olmaq, müəyyən streslər deməkdir. Əgər zehni sağlamlığınızda problem olarsa, biznesə diqqət etmək çətin olur. Özünüzü qoruyun!