Bu işçilərin sosial müdafiəsi gücləndirilir
Bu işçilərin sosial müdafiəsi gücləndirilir
Prezident İlham Əliyev “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncam koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlər göstərilməsinin səmərəli təşkili məqsədi daşıyır. Sənədə əsasən, sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının bir misli miqdarında müddətli əlavə müəyyən edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müddətli əlavənin şamil olunacağı işçilərin əhatə dairəsini və əlavənin ödənilmə müddətini müəyyən etmək tapşırılıb.
Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlər göstərilməsinin səmərəli təşkili məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 1 (bir) misli miqdarında müddətli əlavə müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı işçilərin əhatə dairəsini və əlavənin ödənilmə müddətini müəyyən etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2020-ci il.
Mənbə: president.az

Tikinti şirkətləri üçün onlayn rejimdə icazə almaq asanlaşdı.
Karantin dövründə icarə necə dayandırılmalıdır? / 3-cü hissə
Azərbaycan Prezidentinin bu il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər planına əsasən, aprelin 14-nə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 10 914 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 16 502 fərdi (mikro) sahibkar, ümumilikdə 27 416 vergi ödəyicisi müraciət edib.