Read More9
Read More9

Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?

posted in: Xəbər | 0

İşçi məzuniyyətdə olduğu müddətdə onun iş yeri və vəzifəsi saxlanılmaqla, ona Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda sonuncu əməkhaqqından az olmamaq şərti ilə orta əməkhaqqı da ödənilir.

Sonuncu əməkhaqqı dedikdə, işçi məzuniyyətə çıxdığı vaxt qüvvədə olan əmək müqaviləsində müəyyən edilmiş əməkhaqqı nəzərdə tutulur.

Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.

(Əgər məzuniyyətin verildiyi aydan əvvəlki aylarda işçi qismən ödənişli sosial məzuniyyətdə və ya öz təşəbbüsü olmadan ödənişsiz məzuniyyətdə olubsa, yaxud onun təqsiri olmadan boşdayanma səbəblərindən işləməyibsə və ya tam işləməyibsə, bu zaman həmin aylar yaxın dövrdəki tam işlənilən təqvim ayları ilə əvəz olunur.)

Məzuniyyətdən əvvəlki 12 təqvim ayının orta əməkhaqqı isə həmin ayların əməkhaqqının cəmlənmiş məbləğinin 12-yə bölünməsi ilə müəyyən edilir.

Alınmış məbləğin ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölünməsi yolu ilə bir günlük əməkhaqqı hesablanır. Daha sonra bu məbləğ məzuniyyət günlərinin sayına vurulur.

Bu zaman alınan məzuniyyət haqqının məbləği həmin məzuniyyət günlərinin təsadüf etdiyi iş günləri üzrə əməkhaqqı məbləği ilə müqayisə edilir.

Nəticədə alınan məbləğ işçinin sonuncu əməkhaqqından çox olduqda da məzuniyyət haqqı kimi işçiyə ödənilir, az olduqda isə işçinin sonuncu əməkhaqqına çatdırılaraq ona ödənilir.

Mənbə: vergiler.az

Kuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir?

Kuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir?

posted in: Xəbər | 0

Mən vergi orqanında uçota alınsam və kuryer kimi fəaliyyətə başlasam, nə gədər vergi ödəməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək ərizə ilə vergi orqanına müraciət edib vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq, müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaq. Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda, ticarət fəaliyyətindən əldə edilmiş gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda, əldə edilmiş gəlirdən həmin gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Eyni zamanda bildirilib ki, 2025-ci il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunan fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır. Kuryer fəaliyyəti də bu maddədə qeyd olunan fəaliyyət növlərinə aid edilir. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, həmin maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Əlavə olaraq qeyd olunub ki, nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, həmin maddədə nəzərdə tutulan güzəşt hüququndan o halda istifadə edə bilər ki, bu fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.

Vətəndaşlar vergi orqanlarında uçot prosedurları, fəaliyyətin xüsusiyyətlərindən asılı olaraq etməli olduqları hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi səhifəsindəki “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Mənbə: vergiler.az

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 % artıb

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 % artıb

posted in: Xəbər | 0

Bu il martın 1-nə Azərbaycanda 1 690 311 vergi ödəyicisi olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Məlumata görə, bu, ötən il martın 1-i ilə müqayisədə 4,9 % çoxdur.

Vergi ödəyicilərinin 86,8 %-i fiziki şəxslər, 13,2 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,7 %, idarə, müəssisə və təşkilatların sayı isə 6,3 % artıb.

Bu il fevralın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 6,9 % çox – 206 250 vahid təşkil edib.

Fevralda 1 163 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 91,1 %-i yerli investisiyalı, 8,9 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 88 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının xüsusi çəkisi 97,4 % təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 %-i MMC formasında yaradılıb.

Son 1 ildə aktiv kommersiya qurumunun sayı 7,7 % artıb.

Mənbə: report.az

Vaxtında ödənilməyən vergilər: hüquqi nəticələr və tətbiq olunan tədbirlər

Vaxtında ödənilməyən vergilər: hüquqi nəticələr və tətbiq olunan tədbirlər

posted in: Xəbər | 0

Vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsi dövlət büdcəsinin formalaşmasının əsas mənbələrindən biridir. Vergi ödəyiciləri hesablanmış vergiləri qanunvericilikdə müəyyən edilmiş müddətlərdə dövlət büdcəsinə ödəməlidirlər. Bəs bu qaydalar pozulanda nə baş verir? Vergilərin vaxtında hesablanıb ödənilməməsi hansı nəticələrə səbəb ola bilər?

Suallara “Business Service Center” MMC şirkətinin  maliyyə işləri üzrə mütəxəssisi Valeh Xəlilli aydınlıq gətirir. 

Vergilərin gecikdirilməsi və ya ümumiyyətlə ödənilməməsi vergi borcunun yaranmasına səbəb olur və bu halda vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş müxtəlif tədbirlər tətbiq edilir. Bu tədbirlər vergi intizamını təmin etmək və dövlət büdcəsinə daxilolmaları qorumaq məqsədi daşıyır.

Vergi borcunun yaranması

Vergi borcu vergi ödəyicisinin qanunvericiliklə müəyyən edilmiş müddətdə ödəməli olduğu vergi məbləğini ödəmədiyi zaman yaranır. Vergi Məcəlləsinə əsasən, vergi borcu yalnız əsas vergi məbləğindən ibarət olmur, buraya aşağıdakılar da daxil ola bilər:

– Gecikdirilmiş vergi üzrə hesablanan penya;

– Maliyyə sanksiyaları;

– Əlavə hesablanmış vergi məbləğləri.

Vergi borcu yarandıqdan sonra vergi orqanları tərəfindən müəyyən edilmiş ardıcıl tədbirlər həyata keçirilə bilər.

Gecikdirilmiş vergi üzrə penya hesablanması

Vergi Məcəlləsinin 59-cu maddəsinə əsasən, vergi öhdəliyi müəyyən olunmuş müddətdə yerinə yetirilmədikdə vergi borcunun məbləğinə gecikdirilmiş hər gün üçün 0,1 faiz məbləğində penya hesablanır. Penya vergi borcu yarandığı gündən başlayaraq, həmin borc tam ödənilənədək davam edir.

Misal 1: Tutaq ki, müəssisə 31 mart tarixində dövlət büdcəsinə 20.000 manat mənfəət vergisi ödəməli idi. Lakin vergi məbləğinin ödənişi 15 aprel tarixində həyata keçirilib.

Gecikmə müddəti: 15 gün

Penya hesablanması: (20.000 x 0,1%) x 15 gün = 300 manat.

Bu halda vergi ödəyicisinin ödəyəcəyi cəmi məbləğ 20.300 manat olacaq:

– Əsas vergi: 20.000 manat;

– Penya: 300 manat;

Bu mexanizm vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsini stimullaşdırmaq məqsədi daşıyır.

Verginin azaldılması və ya gizlədilməsi üzrə maliyyə sanksiyaları

Vergi öhdəliklərinin düzgün hesablanmaması və ya gəlirlərin gizlədilməsi halları aşkar edildikdə, Vergi Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq, maliyyə sanksiyaları tətbiq edilir. Əgər vergi yoxlaması zamanı vergi məbləğinin azaldıldığı müəyyən edilərsə, hesablanmamış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilə bilər.

Misal 2: Vergi yoxlaması zamanı müəssisənin uçotdan kənar 50.000 manat satış əməliyyatı həyata keçirdiyi müəyyən edilib. Bu əməliyyata görə dövlət büdcəsinə 10.000 manat vergi ödənilməli idi. Bu halda vergi ödəyicisinə həmin məbləğin 50%-i həcmində maliyyə sanksiyası tətbiq ediləcək:

– Əlavə vergi: 10.000 manat;

– Maliyyə sanksiyası (50%) : 10.000 x 50% = 5.000 manat;

– Penya: gecikmə müddətinə görə ayrıca hesablanır.

Nəticədə vergi ödəyicisinin ödəyəcəyi məbləğ 15.000 manat + penya məbləği təşkil edə bilər.

Bank hesablarına sərəncam qoyulması

Vergi ödəyicisi vergi borcunu könüllü şəkildə ödəmədikdə vergi orqanları Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, bank hesablarına sərəncam qoymaq hüququna malikdirlər. Bu halda bank hesablarına daxil olan vəsaitlərdən vergi borcu məcburi qaydada tutulur.

Misal 3: Bir şirkətin 40.000 manat vergi borcu mövcuddur və bu borc ödənilmir. Vergi orqanı bank hesabına sərəncam göndərir. Hesaba daxil olan 25.000 manat vəsait avtomatik olaraq vergi borcunun ödənilməsinə yönəldilir. Beləliklə, borcun bir hissəsi məcburi qaydada dövlət büdcəsinə köçürülür.

Vergi borcunun əmlak hesabına tutulması

Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.

Vergi borcu uzun müddət ödənilmədikdə, vergi orqanları Məcəllənin 89-cu maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakını siyahıya ala və həmin əmlak hesabına borcun ödənilməsini təmin edə bilər. Bu tədbirlər aşağıdakı mərhələləri əhatə edə bilər:

– Əmlakın siyahıya alınması;

– Əmlak üzərinə həbs qoyulması;

– Məhkəmə qərarı əsasında əmlakın satılması.

Misal 4: Müəssisənin 120.000 manat vergi borcu var və uzun müddətdir ki, ödənilmir. Vergi orqanları müəssisənin balansında olan istehsal avadanlığını siyahıya alır və məhkəmə qərarından sonra həmin avadanlıq satışa çıxarılır. Satışdan əldə olunan vəsait hesabına vergi borcu bağlanır.

Vergi yoxlamalarının aparılması

Vergi öhdəliklərinin yerinə yetirilməməsi və ya vergi borclarının yaranması vergi ödəyicisinin fəaliyyətində risk göstəricisi hesab edilə bilər. Bu halda vergi orqanları Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edə bilər. Səyyar vergi yoxlaması zamanı aşağıdakı sənədlər araşdırılır:

– Maliyyə hesabatları;

– Müqavilələr;

– Bank çıxarışları;

– İlkin uçot sənədləri;

– Vergi bəyannamələri və sair.

Yoxlama nəticəsində əlavə vergi öhdəlikləri və maliyyə sanksiyaları müəyyən edilə bilər.

Mənbə: vergiler.az

May ayında 14 gün iş olmayacaq

1 13 14 15 16 17 18 19 2. 679
error: Content is protected !!