Read More9
Read More9

İşçilərin attestasiya edilməsi qaydaları

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədilə onların attestasiyası keçirilə bilər.

Attestasiyanın keçirilməsi qaydaları və şərtlərini insan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova açıqlayır.

İşçilərin attestasiyasının şərtləri Əmək Məcəlləsinin 65-ci maddəsində göstərilib. Həmin maddəyə əsasən, işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla, bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Komissiyanın üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.

Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən, aşağıda sadalanan işçilər attestasiyadan keçirilmir:

• Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər;
• Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər;
• bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər;
• hamilə qadınlar;
• uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
• yaşı 18-dən az olan işçilər;
• bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər;
• eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər;
• kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər;
• Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər;
• “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər.

Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə işçilərin attestasiyasının keçirilməsi qaydası aşağıdakı kimi müəyyən edilib:

– Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq, attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.

– Xüsusi bilik tələb edən vəzifələrdə çalışan müəssisədə həmin profilli, daha yüksək ixtisasa malik mütəxəssislər olmadığı ixtisaslar üzrə attestasiyanı keçirmək üçün attestasiya komissiyasının tərkibinə mütləq yuxarı təşkilatdan və ya müvafiq profil orqanından tələb olunan peşəyə malik mütəxəssislər daxil edilməlidir. Azsaylı müəssisələrin işçilərinin attestasiyasını yuxarı orqanların attestasiya komissiyaları keçirir. Bu müəssisələrin siyahısını tabe olduqları qaydada yuxarı təşkilatlar müəyyən edir.

– Attestasiya komissiyası üzvlərinin attestasiyası işlədikləri bölmələrin kollektivləri ilə birgə aparılır. Bu zaman attestasiyadan keçən attestasiya komissiyasının üzvü səsvermədə iştirak etmir.

– Attestasiyadan keçməli işçilər üzürlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, müvafiq sənədlər əsasında sonradan tutulmuş qrafikə uyğun attestasiyadan keçirilirlər.

– Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.

– Attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.

– Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir:

a) tutduğu vəzifəyə uyğundur;
b) tutduğu vəzifəyə uyğun deyil.

– Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilmiş səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir.

– İşçinin attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır.

– Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir. Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir. Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Xəstəlik müddəti, məzuniyyətdə və ezamiyyətdə olduğu dövr 30 günlük müddətə daxil edilmir.

Attestasiya ilə, o cümlədən attestasiyanın nəticələrinə görə işçinin işdən çıxarılması və ya başqa vəzifəyə (peşəyə) keçirilməsi haqqında mübahisəli məsələlər qanunvericiliyə müvafiq qaydada məhkəmələrdə baxılıb həll edilir.

Mənbə: vergiler.az

MMC-lər daşınmaz əmlak alarkən ödənişi nağd şəkildə edə bilərmi?

172 saylı “Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Debitor borclar nədir?

İqtisadi nöqteyi-nəzərdən törəmə müəssisə, başqa müəssisə (təsisçi) tərəfindən, öz əmlakının bir hissəsini ona tam təsərrüfat idarəçiliyinə verməklə, hüquqi şəxs kimi yaradılmış müəssisədir. Törəmə müəssisənin təsisçisi:

  • müəssisənin nizamnaməsini təsdiq edir;
  • onun rəhbərini təyin edir;
  • törəmə müəssisəyə münasibətdə mülkiyyətçinin qanunvericilik aktlarında nəzərdə tutulmuş digər hüquqlarını həyata keçirir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, o cümlədən törəmə müəssisə də, malların təqdim edilməsi, iş, xidmətlərin göstərilməsi zamanı, ödənişləri həmin an almaya bilərlər. Ödənişin ödəmə qaydası və müddəti tərəflər arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Yəni, həmin təqdim olunan mallar (iş, xidmət) üçün ödəniş, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, bir müddət sonra həyata keçirilə bilər.

Debitor borcları dedikdə vergi ödəyicilərinin təqdim etdikləri mallara (iş, xidmət) görə digər şəxslərin ödəməli olduqları borc məbləğləri nəzərdə tutulur.

Debitor borcları ödəniş müddətinə görə aşağıdakı kimi qruplaşdırmaq olar:

  • 12 aya qədər ödəmə müddəti olanlar – qısamüddətlilər;
  • 12 aydan artıq ödəmə müddəti olanlar – uzunmüddətlilər.

Hesablar Planının 21-ci maddəsində qısamüddətli, 17-ci maddəsində isə uzunmüddətli debitor borcların uçotu aparılır.

Uzunmüddətli debitor borclar üzrə uçot standartları

Mühasibat Uçotunun Beynəlxalq Standartlarında uzunmüddətli debitor borclar üzrə uçotun aparılması üçün bir sıra tələblər irəli vardır.

Törəmə (asılı) müəssisələrin tanınması, ölçülməsi, təqdimatı, məlumatın açıqlanması prinsiplərini 16 №-li “Asılı müəssisələrə və birgə müəssisələrə investisiya qoyuluşları” MUBS (IAS 28)  müəyyən edir.

Müəssisə maliyyə öhdəliyini 9 nömrəli “Maliyyə Alətləri” MHBS-a (IFRS 9) uyğun olaraq tanınmalıdır.

Törəmə müəssiənin uzunmüddətli debitor borcları

Belə borclar üzrə mühasibat uçotu Hesablar Planının 172 saylı “Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları” adlı aktiv hesabda aparılır. Hesabda törəmə (asılı) müəssisələrin 12 aydan çox olan  hesablaşmaları haqqında məlumatları əks olunur. Belə müəssisələrə iş və ya xidmətlər təqdim edilən zaman 172 saylı hesabın  debeti, eyni zamanda 601 və  611 saylı  hesabların kreditinə yazılışlar aparılır.

Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları hesabı uçot, subhesabların açılması, müxabirləşmələr AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

Qaydaların 18.1-ci maddəsinə görə Hesablar Planının 17-maddəsi (“Uzunmüddətli debitor borclar”) üzrə aşağıdakı hesablar açılır:

Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları hesabı üçot, subhesabların açılması, müxabirləşmələr AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir.

172 №li “Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları” hesabında mühasibat uçotu subyektinin fəalijyyətinin həyata keçirilməsi ilə əlaqədar malların (işlərin, xidmətlərin) satışı prosesində törəmə (asılı) müəssisələr tərəfindən ödənilməli olan uzunmüddətli debitor borcların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Törəmə (asılı) müəssisələrə malların satışı

Nümunə1: “A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini göstərir. Bu zaman sözü gedən cəmiyyət öz törəmə müəssisəsinə anbarındakı 65000 manatlıq malları 84000 manata satmışdır. Müqaviləyə əsasən həmin mallara görə olan ödəniş mallar satıldıqdan 2 il sonra ediləcəkdir.

Malların ödənişi qəbul edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 65000.00
2 Satıçın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 172 Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları 601 – Satış 84000.00
3 ƏDV hesablandıqda 172 Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 15120.00

İki ildən sonra ödəniş qəbul edildikdə uzunmüddətli debitor borcları silindikdə.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əsas məbləğ bank hesabına daxil olduqda 223 – Bank hesablaşma

hesabları

172 Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları 84000.00
2 ƏDV məbləği ƏDV depozit hesabına daxil olduqda 226 – ƏDV-nin depozit hesabı 172 Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları 15120.00
3 ƏDV məbləğinə uyğun öhdəlik yaranır 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 15120.00

Məzənnə fərqi yarandıqda törəmə (asılı) müəssisələrə uzunmüddətli debitor borcları:

Nümunə2: “B” MMC daha çox gəlir əldə etmək, əlaqələri genişləndirmək məqsədilə mallarını ixrac edir, yəni ölkə hüdudlarından kənarda da mal satışını həyata keçirir. Malları alan törəmə müəssisə öz fəaliyyətini Rusiyada göstərdiyindən malların satış qiyməti dollarla təyin olunmuşdur. Maya dəyəri 48000 manat hesablanmış mallar 42000 dollara satılmışdır. Satış tarixinə 1$ = 1.70₼ manat olaraq dəyərləndirilmişdir. Ona görə də malların satış qiyməti 71400 manat olmuşdur. Malların pulu 18 ay sonra alınmışdır.

1-ci hal: 1 $ = 1.72 ₼

2-ci hal: 1 $ = 1.67 ₼

Qeyd: Ödənişin həyata keçirildiyi gün valyuta məzənnəsinə əsasən gələn pulların miqdarında artma yaxud azalma halları müşahidə oluna bilər.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 48000.00
2 Satıçın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 172 Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları 601 – Satış 71400.00

1-ci hal üzrə görürük ki, dolların məzənnəsi qalxıb. Bu o deməkdir ki, müəssisə mal satışı anına olan məbləğlə ödəniş anına olan məbləğ arasındakı fərq qədər gəlir əldə edib.

1 $ = 1.70 ₼  →  42000 × 1.70 = 71400

1 $ = 1.72 ₼  →  42000 × 1.73 = 72240

Müsbət məzənnə fərqi  →  72240 – 71400 = 840

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Məzənnə fərqindən gəlir nəzərə alındıqda 172 Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 840.00
2 Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 172 Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları 72240.00

2-ci hal üzrə görürük ki, dolların məzənnəsi aşağı düşüb. Bu o deməkdir ki, müəssisə mal satışı anına olan məbləğlə ödəniş anına olan məbləğ arasındakı fərq qədər zərər əldə edib.

1 $ = 1.70 ₼  →  42000 × 1.70 = 71400

1 $ = 1.67 ₼  →  42000 × 1.67 = 70140

Mənfi məzənnə fərqi    71400 – 70140 = 1260

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 172 Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları 70140.00
2 Məzənnə fərqindən zərər nəzərə alındıqda 731 – Sair əməliyyat xərcləri 172 Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları 1260.00

İdxal edilən kənd təsərrüfatı mallarına görə ƏDV-nin əvəzləşdirilməsi

Accounting AZ Mühasibat üzrə təcrübə proqramı elan edir

posted in: Xəbər | 0

Accounting.Az şirkəti, mühasibatlıq sahəsində gələcək peşəkar mütəxəssislərini yetişdirmək məqsədilə Mühasibat üzrə Təcrübəçi axtarır. Bu vəzifəyə seçiləcək namizədlərə təcrübə müddəti ərzində həm nəzəri, həm də praktik biliklər veriləcəkdir. Təcrübə proqramını uğurla başa vuran namizədlər şirkətimizdə davamlı işlə təmin olunacaqdır.

Bizim şirkətdə mühasibat üzrə təcrübə proqramına qoşulan hər bir şəxs, öz inkişaf yolunda addım-addım irəliləyərək, təcrübəçidən baş mütəxəssisə qədər yüksələ bilər. Bütün təlimlər şirkət tərəfindən təmin edilir və bu yolda qarşıya qoyulan məqsədlərə çatmaq üçün dəstək verilir.

Nələri öyrənəcəksiniz?

Təcrübə müddətində aşağıdakı fəaliyyətlərdə iştirak edəcəksiniz və təcrübəli mühasiblər tərəfindən öyrədiləcəksiniz:

  • Gündəlik əməliyyatların və uçot yazılışlarının mühasibat uçotu proqramına daxil edilməsi;
  • Aylıq, rüblük və illik vergi və statistik hesabatların hazırlanması;
  • Bank ödənişlərinin icra edilməsi və düzgün sənədləşdirilməsinin təmin edilməsi;
  • Vergi sistemində elektron qaimələrin hazırlanması və şirkətlərin elektron vergi kabinetlərinə nəzarət;
  • Aylıq əməkhaqqı, məzuniyyətlər və işçilərə olan digər ödənişlərin hesablanması;
  • Rəhbərlik tərəfindən verilən digər iş tapşırıqlarının yerinə yetirilməsi.

Namizədlərdən tələblər

  • Mühasibat uçotu, vergi, iqtisadiyyat və ya maliyyə sahəsində ali təhsil almış məzunlar və magistratura tələbələri;
  • İş təcrübəsi tələb olunmur;
  • Tam iş rejimində təcrübə keçməyə hazır olmaq;
  • MS Office (Xüsusilə Excel) proqramları üzrə biliklərə sahib olmaq;
  • Azərbaycan dilini yüksək səviyyədə, ingilis dilini orta səviyyədə bilmək (Rus dili arzuolunandır);
  • Mühasibat uçotu üzrə beynəlxalq sertifikat imtahanlarının ilkin mərhələlərini keçmək (ACCA, CIMA və s.) üstünlükdür;
  • Yaxşı ünsiyyət, problem həll etmə və hesabatlılıq bacarıqları;
  • Öyrənməyə və yeni biliklər əldə etməyə açıq olmaq.

Təcrübə müddətində sizə veriləcək təminatlar:

  • Ölkənin top konsaltinq şirkətlərindən birində işə qəbul imkanı;
  • Peşəkar mühasiblərlə birgə işləmə təcrübəsi;
  • Korporativ mühitdə peşəkar inkişaf imkanı;
  • Təlimlər – Təcrübəçilərin pulsuz təlimlərdə iştirak edərək mühasibat üzrə nəzəri və praktiki biliklər əldə etmək imkanı;
  • Mentor dəstəyi – Hər bir təcrübəçiyə təcrübəli mütəxəssislər tərəfindən mentorluq edilməsi imkanı;
  • İş avadanlıqları – Təcrübəçilərin iş üçün zəruri olan kompüter və texniki avadanlıqlarla təmin edilməsi imkanı;
  • İnkişaf və təkmilləşmə üçün geniş imkanlar yaradılır.

Təcrübə Proqram Strukturu:

  • Təcrübə müddəti 3 aydır (təlimlərlə əlaqəli zərurət olduqda 1 aya qədər artırıla bilər);
  • Proqram çərçivəsində təlim kursları tədris edilir və iş prosesləri öyrədilir;
  • Hər təlimin sonunda iştirakçılar imtahan verirlər;
  • Yalnız yekun qiymətləndirmədən uğurla keçən təcrübəçilər işə qəbul edilir;
  • Təcrübə proqramı ödənişsizdir.

Əlaqə və müraciət

Müraciət etmək istəyənlərdən qeydiyyat formunu doldurmaqları xahiş olunur: https://forms.gle/4nCh71UCmqs2Cvht9

MMC-lər daşınmaz əmlak alarkən ödənişi nağd şəkildə edə bilərmi?

posted in: Xəbər | 0

Biz MMC olaraq ofis binası almaq istəyirik. Birinci sualım ondan ibarətdir ki, ödənişi ev sahibinə nağd qaydada edə bilərikmi? İkinci sualım bank hesabından 100.000 manat nağdlaşdırma etdikdə, vergi öhdəliyi nə qədərdir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Bildirilib ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Qanuna edilmiş əlavəyə görə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Əlavə olaraq nəzərə çatdırılib ki, hüquqi şəxslərin və fərdi sahibkarların bank hesabından nağdlaşma zamanı, hər dəfə çıxarılan məbləğə 1 faiz dərəcəsi ilə tətbiq edilməklə, banklar tərəfindən sadələşmiş vergi hesablanması həyata keçirilir.

Mənbə: vergiler.az

171 saylı “Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları” hesabı üzrə uçot

1 165 166 167 168 169 170 171 2. 700
error: Content is protected !!