532 saylı “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Bu məqalədə 532 saylı “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabının iqtisadi mahiyyəti, tanınma və ölçmə prinsipləri, mühasibat yazılışları və praktiki tətbiqi  beynəlxalq standartların və yerli qanunvericiliyin tələblərinə uyğun olaraq izah edilir.

Törəmə (asılı) cəmiyyətlər anlayışı

Törəmə (asılı) cəmiyyət anlayışı hüquqi və iqtisadi münasibətlərdə xüsusi çəkiyə malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 67.1 maddəsinə əsasən, təsərrüfat cəmiyyəti o halda törəmə (asılı) hesab olunur ki, digər (əsas və ya ana) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirak payına görə və ya bağlanmış müqavilə əsasında həmin cəmiyyətin strateji qərarlarını müəyyənləşdirmək imkanına malik olsun.

Beynəlxalq mühasibat uçotu standartlarına (məsələn, IAS 27 “Fərdi maliyyə hesabatları” və IAS 28 “Asılı müəssisələrə və birgə müəssisələrə investisiya qoyuluşları”) görə törəmə müəssisə ana müəssisənin nəzarəti altında olur, onun biznes strategiyasına uyğun fəaliyyət göstərir, lakin hüquqi baxımdan müstəqil fəaliyyət göstərir. Onlar arasında əlaqələrdən yaranan öhdəliklər, o cümlədən kreditor borclar, uçotda şəffaf və dəqiq əks etdirilməlidir, çünki onlar həm konsolidə edilmiş, həm də fərdi maliyyə hesabatlarının keyfiyyətinə təsir göstərir.

Kreditor borcların iqtisadi mahiyyəti

Yuxarıda, məqalənin giriş hissəsində, 532 saylı hesabda törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borclarının uçotunun aparıldığı qeyd edilib. Bəs, ümumiyyətə, kreditor borclar nədir?

Kreditor borclar – mühasibat uçotu baxımından, müəssisənin digər hüquqi və ya fiziki şəxslər, o cümlədən törəmə müəssisələr qarşısında maliyyə öhdəlikləridi. Bu öhdəliklər mal, iş və xidmətlərin alınması, borc vəsaitlərinin cəlb edilməsi, avans vəsaitlərinin qəbul edilməsi və digər əməliyyatlar nəticəsində yarana bilər.

IAS 1 (“Maliyyə hesabatlarının təqdimatı”) standartının 61-ci maddəsinə görə öhdəliklər  qısamüddətli (cari) və uzunmüddətli (qeyri-cari) kreditor borclar kimi fərqləndirilir.  Qısamüddətli kreditor borclar — hesabat tarixindən 12 ay ərzində ödənilməsi nəzərdə tutulan maliyyə öhdəlikləridir. Belə öhdəliklərin uçotu 532 saylı hesab “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabında aparılır.

Yeri gəlmişkən, uzunmüddətli belə öhdəliklər 432 saylı hesabda uçota alınır.

 IAS 32 “Maliyyə alətləri: təqdimat” standartı baxımından kreditor borc, maliyyə öhdəliyinin tipik nümunəsidir (maddə 11). Çünki müəssisə müqavilə şərtlərinə uyğun olaraq digər tərəfə pul vəsaiti və ya digər maliyyə aktivləri ödəmək məcburiyyətindədir. Bu baxımdan kreditor borclar müəssisənin likvidlik səviyyəsinə, maliyyə dayanıqlığına və qısamüddətli maliyyə strategiyasına bilavasitə təsir göstərir.

Uzunmüddətli kreditor borclar üzrə uçot prinsipləri

Azərbaycan qanunvericiliyində kreditor borcların uçotu, öhdəliyin yaranma tarixi, müqavilə şərtləri, ödəniş müddəti, məbləğin dəqiq müəyyən olunması və mühasibat yazılışlarında düzgün əks etdirilməsi prinsiplərinə əsaslanır. Xüsusilə törəmə müəssisələrlə hesablaşmalarda şəffaflıq və qarşılıqlı təsdiqedici sənədlərin olması tələb olunur.

532 saylı “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabı AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə müəyyən edilmiş hesablar planının 53-cü “Qısamüddətli kreditor borcları” bölməsinə aid olan hesablardan biridir. Bu bilməyə aid olan digər hesablar bunlardır:

  • 531-ci hesab: “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”;
  • 533-cü hesab: “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”;
  • 534-cü hesab: “Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları”;
  • 535-ci hesab: “İcarə üzrə qısamüddətli kreditor borcları”;
  • 536-cı hesab: “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”;
  • 537-ci hesab: “Faizlər üzrə qısamüddətli kreditor borcları”;
  • 538-ci hesab: “Digər qısamüddətli kreditor borcları”.

532 saylı “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabının təyinatı

Hesabın təyinatı AR MN-in yuxarıda qeyd edilən qərarının 43.10-cu bəndində müəyyən edilib. Həmin bəndə görə ə əsasən Q-01 nömrəli Qaydaların 37.26-cı maddəsinə görə, “hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan əsas fondlar, qeyri-maddi aktivlər, ehtiyatlar, görülmüş işlər və göstərilmiş xidmətlərin əldə edilməsi üzrə, habelə faizlərə görə törəmə (asılı) cəmiyyətlərə yaranan kreditor borcları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”

Törəmə müəssisədən 12 ay ərzində ödənilməli borc vəsaitlərinin tanınması, yəni öhdəliyin yaranması hesabın krediti, öhdəliyin qismən və ya tam ödənilməsi, öhdəliyin uzunmüddətli kimi təsnif edilməsi zamanı yazılışlar hesabın debeti üzrə əks etdirilir.

Hesab üzrə tənzimləmələr

532 saylı “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabı üzrə tənzimləmələr AR MN-nin qeyd edilən qaydalarının 43.10-43.17-ci bəndləri əsasında aşağıdakı formada aparılır:

Əməliyyatın məzmunu Debet Kredit
Qısamüddətli kreditor borcun tanınması (43.10-cu bənd) Məsələn, pul vəsaitləri (221, 223) 532 saylı hesab
Aksiz vergili xammal və materiallar əldə edilən zaman, aksiz vergisinə (bənd 43.11) 241-2: “Əvəzləşdirilən aksiz” 532 saylı hesab
Əsas fondlar, qeyri-maddi aktivlər, ehtiyatlar, görülmüş işlər və göstərilmiş xidmətlərin əldə edilməsi zamanı yaranan ƏDV (bənd 43.12) 241-1: “Əvəzləşdirilən əlavə dəyər vergisi” 532 saylı hesab
Uzunmüddətli kreditor borcları qısamüddətli kimi təsnifləşdirildikdə (bənd 43.13) 532 saylı hesab 432: “Törəmə (asılı) cəmiyyətlərə uzunmüddətli kreditor borcları”
Müsbət məzənnə fərqi yarandıqda (bənd 43.14) 532 saylı hesab 611-8: “Məzənnə fərqləri üzrə gəlirlər”
Mənfi məzənnə fərqi yarandıqda (bənd 43.14) 731-8: “Məzənnə xərcləri” 532 saylı hesab
Öhdəlik ödənildikdə (bənd 43.15) 532 saylı hesab Pul vəsaitləri (221-225)
Öhdəliyin üçüncü şəxs tərəfindən ödənilməsi (43.16) 532 saylı hesab 171-177, 211-217, 243, 244, 538, 545
Öhdəliyin bağışlanılması və ya  silinməsi (bənd 43.17) 532 saylı hesab 611-10: “Digər əməliyyat gəlirləri”
Aksiz vergisi əvəzləşdirildikdə (bənd 43.17) 532 saylı hesab 521 saylı hesab
Aksiz vergisi əvəzləşdirilmədikdə (bənd 43.17) 532 saylı hesab 241-2 saylı hesab
ƏDV əvəzləşdirildikdə (bənd 43.17) 532 saylı hesab 521 saylı hesab
ƏDV əvəzləşdirilmədikdə (bənd 43.17) 532 saylı hesab 241-1  saylı hesab

Mühasibat yazılışlarına nümunə

 ““ABC” MMC öz törəmə müəssisəsindən ƏDV məbləği 1800 manat (18%), ƏDV daxil qiyməti 11 800 manat olan material ehtiyatları almışdır. Müqaviləyə əsasən, ödəniş 6 ay ərzində həyata keçiriləcək.

532 saylı “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabından da istifadə edilməklə mühasibat yazılışları aşağıdakı cədvəldə verilib.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 201: “Material ehtiyatları” 532 saylı hesab 10000.00
2 Malların ƏDS-i hesablanır 241-1: “Əvəzləşdirilən əlavə dəyər vergisi” 532 saylı hesab 1800.00
3 12 aydan sonra malların dəyəri törəmə müəssisəyə ödənib 532 saylı hesab 223: “Bank hesablaşma hesabları” 11800.00
4 Əvəzləşdirilən ƏDV 521 saylı hesab 241-1  saylı hesab 1800.00

Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları 212 saylı hesabda  aparılır.

Beləliklə, deyə bilərik ki, 532 saylı “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” hesabı, törəmə müəssisələrlə maliyyə münasibətlərinin operativ uçotu üçün mühüm əhəmiyyət daşıyır. Bu hesab üzrə uçotun düzgün aparılması müəssisənin likvidlik idarəetməsini, maliyyə intizamını və hesabatların şəffaflığını təmin edir.

112 saylı “Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” hesabı – nümunələr

posted in: Xəbər | 0

Yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri üzrə uçot hesabı

Bizim daha çox əsas vəsaitlər kimi tanıdığımız torpaq, tikili, avadanlıqlar yaxud aktivlərin uçotu Hesablar Planının 11-ci maddəsi  üzrə aparır. 16 №-li “Torpaq, tikili və avadanlıqlar” MUBS (IAS 16)  onları istifadə müddəti bir hesabat dövründən artıq olan maddi aktivlər kimi şərh edir.

Torpaq, tikili, avadanlıqlar üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

Bu qaydalara əsasən Hesablar Planının 112 saylı hesabında həmin aktivlərin amortizasiyasının və qiymətdən düşmə zərərlərinin uçotu aparılır. Amortizasiya normaları Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən müəyyən edilir.

Torpaq, tikili, avadanlıqlarla aparılan əməliyyatlardan asılı olaraq amortizasiyanın uçotu üzrə müxabirləşmələr fərqlənə bilər. Belə əməliyyatların aşağıdakı nümunələrini göstərmək olar:

  • satış;
  • əskikgəlmə;
  • yenidən qiymətləndirildikdə.

Əsas vəsaitlərin amortizasiyası üzrə uçotun ümumi prinsipləri, habelə satış zamanı “112 saylı Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” hesabı üzrə müxabirləşmə nümunələri ilə eyni adlı məqalədən tanış olmaq olar.

Torpaq, tikili və avadanlıqların əskik gəlməsi üzrə əməliyyatlar

Əskikgəlmə zamanı 2 hal mövcuddur. 1-ci halda torpaq, tikili, avadanlıqların əskik gəlməsinin səbəbləri və bundan təqsirkar hesab edilən şəxslər məlum olur. Belə olduqda, sözügedən torpaq, tikili, avadanlıqlar təqsirkar şəxsin yəni, müəssisənin işçisinin yaxud rəhbər şəxsin hesabına aid ediləcək, onun əməkhaqqısından tutulacaqdır.

Nümunə 1: “A” MMC-də aparılan audit yoxlaması zamanı müəssisəyə məxsus balans dəyəri 5000 manat, yığılmış amortizasiya məbləği 1250 manat olan əsas vəsaitin uçot sənədlərində qeyd olunmasına baxmayaraq, real olaraq mövcud olmaması, itməsi halı aşkarlanmışdır. Auditor əsas vəsaitin əskik gəlməsinin səbəbini işçinin məsuliyyətsiz yanaşması kimi qiymətləndirmiş və həmin işçi ona qarşı qaldırılan bütün iddiaları qəbul etmişdir. Bu zaman, həmin əsas vəsait işçinin hesabına aid edilmiş və əməkhaqqısından tutulmuşdur. “A” MMC üçün bu əməliyyat əsas vəsaitin təqdim edilməsi kimi hesab edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn torpaq, tikili və avadanlıqlar balansdan çıxarıldıqda (balans dəyəri ilə) 731 – Sair əməliyyat xərcləri 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 5000,00
2 Yığılmış amortizasiya silindikdə 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 731 – Sair əməliyyat xərcləri 1250,00
3 Torpaq, tikili və avadanlıqlar müəssisənin işçisinə təqdim edildikdə 217 – Digər qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 3750,00
4 ƏDV hesablandıqda 217 – Digər qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 675,00
5 Təqsirkar şəxsin əməkhaqqısından tutulma edildikdə 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 217 – Digər qısamüddətli debitor borcları 4425,00
6 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 675,00
7 Gəlir kimi tanınan torpaq, tikili və avadanlıqlar ümumi mənfəətə bağlandıqda 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 3750,00
8 Torpaq, tikili və avadanlıqlar qalıq dəyəri xərcə silindikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 3750,00

Nümunə 3. 2-ci halda torpaq, tikili, avadanlıqların əskik gəlməsinin səbəbləri, bundan təqsirkar hesab edilən şəxslər məlum olmur. Eyni misal üzərindən təsəvvür edək ki, təqsirkar şəxs məlum deyil, onun təyin edilməsi mümkün deyil. Əsas vəsait ilk alındığı tarixdə ƏDV məbləği əvəzləşdirilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn torpaq, tikili və avadanlıqlar balansdan çıxarıldıqda (balans dəyəri ilə) 731 – Sair əməliyyat xərcləri 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 5000
2 Yığılmış amortizasiya silindikdə 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 731 – Sair əməliyyat xərcləri 1250
3 Alış tarixində əvəzləşdirilən ƏDV məbləği nəzərə alındıqda 731 – Sair əməliyyat xərcləri 521 – Vergi öhdəlikləri 900
4 Torpaq, tikili və avadanlıqlar qalıq dəyəri xərcə silindikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 3750
5 Alış tarixində əvəzləşdirilən ƏDV məbləği xərcə silindikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 900

 

Torpaq, tikili, avadanlıqlar yenidən qiymətləndirildikdə amortizasiya:

Yenidən qiymətləndirmə tarixinə aktiv aşağıdakı üsullardan biri ilə uçota alınır:

  • yığılmış amortizasiyanın sıfıra bərabər edilməsi üsulu;
  • aktivin ilkin dəyərinin, yığılmış amortizasiya məbləğinin proporsional şəkildə düzəldilməsi üsulu.

Topraq, tikili və avadanlıqların yenidən qiymətləndirməsi barədə geniş məlumat əldə etmək üçün buraya keçid ala bilərsiniz.

Nümunə 4: A” MMC balansında olan əsas vəsaitini yenidən qiymətləndirmək qərarına gəlmişdir. Əsas vəsaitin balans dəyəri 5000 manat, 2 illik yığılmış amortizasiya məbləği 500 manat təşkil edirdi. Lakin yenidən qiymətləndirmə aparıldıqdan sonra əsas vəsait 4900 manat olaraq dəyərləndirilmişdir. Yenidən qiymətləndirmə nəticəsində yaranan 400 manat fərq aşağıdakı şəkildə əks etdiriləcəkdir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Yığılmış amortizasiya məbləği sıfırlandıqda 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 500.00
2 Yenidən qiymətləndirmə nəticəsində yaranan fərq balans dəyərini artırdıqda 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 331 – Yenidən qiymətləndirilmə üzrə ehtiyat 400.00
3 Yenidən qiymətləndirildikdən sonra amortizasiya hesablandıqda (1900 × 20%) 731 – Sair əməliyyat xərcləri 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 980.00

Nümunə 5: “A” MMC balansında olan Əsas vəsaitini yenidən qiymətləndirmək qərarına gəlmişdir. Əsas vəsaitin balans dəyəri 4000 manat, 2 illik yığılmış amortizasiya məbləği 400 manat təşkil edirdi. Lakin yenidən qiymətləndirmə aparıldıqdan sonra Əsas vəsait 3100 manat olaraq dəyərləndirilmişdir. Yenidən qiymətləndirmə nəticəsində yaranan 500 manat fərq aşağıdakı şəkildə əks etdiriləcəkdir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Yenidən qiymətləndirmə nəticəsində yaranan fərq əks etdirildikdə 731 – Sair əməliyyat xərcləri 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 500
2 Yenidən qiymətləndirmə nəticəsində yaranan fərq silindikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 500

Torpaq, tikili, avadanlıqlar fövqəladə hal nəticəsində balansdan çıxarıldıqda amortizasiya

Nümunə 6:  “A” MMC-nin fəaliyyət göstərdiyi inzibati binada yanğın hadisəsi baş vermişdir. Yanğın zamanı müəssisəyə məxsus digər qiymətlilərlə yanaşı, əsas vəsaitləri də yararsız vəziyyətə düşmüşdür. İlkin dəyəri 4500 manat olan əsas vəsaitin yığılmış amortizasiya məbləği 900 manat olmuşdur.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Fövqəladə hal nəticəsində Əsas  vəsait balansdan silindikdə 761 – Fövqəladə xərclər 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 4500.00
2 Yığılmış amortizasiya silindikdə 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 761 – Fövqəladə xərclər 900.00
3 Qeyri-maddi aktivin qalıq dəyəri mənfəətdən silindikdə 801 – Ümumi mənfəət (zərər) 761 – Fövqəladə xərclər 3600.00

Vergi orqanlarına daxil olmuş inzibati şikayətlərin sayı azalıb

Turizm bələdçilərinə hansı vergi güzəşti aid edilir?

posted in: Xəbər | 0

Rəhbəri olduğum turizm şirkəti ilə əməkdaşlıq edən bələdçilər 2024-cü ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə əlaqədar 75 faiz güzəştdən faydalana bilməyib və nəticədə onların vergi yükü artıb. Eşitdik ki, bu ildən bir çox fəaliyyət sahələrinə yenidən güzəştlər verilir. Həmin fəaliyyət sahələrinə bələdçilər də aid edilibmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.30-1-ci maddəyə əsasən, proqram təminatının işlənməsi sahəsində xidmətlər, layihə-dizayn və dekorasiya xidmətləri, tərcümə xidməti, reklam xidməti, araşdırma və tədqiqat sahəsində fəaliyyət, elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər, hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri, jurnalistlərin fəaliyyəti, bazar konyukturunun öyrənilməsi, qiymətləndirmə fəaliyyəti, avtonəqliyyat vasitələri ilə yükdaşımalar istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti, turizm bələdçiliyi, xidmətlərin ixracı fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Buna əsasən, turizm bələdçiliyi fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyətdən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olarsa, həmin şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsi

Mənbə: vergiler.az

İnzibati cərimələrin şərti olaraq tətbiq edilməsi halları

İnzibati cərimələrin şərti olaraq tətbiq edilməsi halları

posted in: Xəbər | 0

Əmək qanunvericiliyi və məşğulluq haqqında qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 192.2-ci, 192.4-cü, 192.6-cı, 192.10-cu, 192.11-ci və 540.3-cü maddələrində nəzərdə tutulan inzibati cərimələr işəgötürənlərə şərti olaraq tətbiq edilir. Bu il şərti cərimələrin tətbiq edilməsini nəzərdə tutan maddələrin sayı artırılıb. Yeniliyi insan resursları üzrə ekspert Ramin Hacıyev şərh edir. 

11 aprel 2025-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, Məcəllənin 192.2 və 192.4-cü maddələri də şərti cərimələr tətbiq olunan maddələrin siyahısına əlavə olunub. Bu da həmin maddələr üzrə əmək qanunvericiliyini pozmuş işəgötürənlərə işçilərin pozulmuş hüquqlarını təmin etmək imkanı yaradır.

İnzibati Xətalar Məcəlləsinin 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarda xətanın aradan qaldırılması üçün müddət müəyyən edilir. Müddət bir ayadək, yaxud xətanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq, bir aydan iki ayadək müəyyən olunur.

Şərti cərimələrin tətbiqi eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarında istisna edilir.

Məcəllədə yer alan əmək qanunvericiliyi və məşğulluq haqqında qanunvericiliyin pozulmasına görə şərti cərimə tətbiq olunan maddələr aşağıdakılardır:

Maddə 192.2. İşəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə – yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.

Maddə 192.4. İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə – vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Maddə 192.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Maddə 192.10. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxsləri, işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən imtinaya və ya həmin səbəbdən onları işdən azad etməyə görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Maddə 192.11. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə onunla əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, həmçinin belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina edilən hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Maddə 540.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd edim ki, 11 aprel 2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsində edilən dəyişiklikdə 192.4-cü maddənin dispozisiyasında “hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə” sözləri “əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə” sözləri ilə əvəz edilib. Həmçinin, həmin maddənin dispozisiyasında digər bir dəyişiklik – “hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə” sözləri “əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə” sözləri ilə əvəz olunub.

Yuxarıda qeyd olunan maddələr üzrə dəyişikliklər və şərti cərimələr üzrə maddələrin sayının artırılması əmək münasibətlərinin tənzimlənməsinə müsbət təsir edəcək.

Mənbə: vergiler.az

Əsas vəsaitlər dövlət qurumları və ya fondlara əvəzsiz verilərsə, ƏDV məbləği əvəzləşdirilirmi?

1 183 184 185 186 187 188 189 2. 700