Read More9
Read More9

İşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı?

posted in: Xəbər | 0

İşçinin müalicəsi üçün tibb müəssisəsinə elektron qaimə-faktura üzrə ödəniş edilib. Həmin məbləği tam olaraq xərcə sala bilərikmi, yoxsa bunun üçün hər hansı norma var? Ümumiyyətlə, həmin vəsait xərc kimi gəlirdən çıxıla bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən, ölkə daxilində müalicə haqlarının, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10.000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50.000 manatadək olan hissəsi vergiyə cəlb olunmur. Müalicə (o cümlədən cərrahiyyə əməliyyatı üçün) haqlarını ödəmək üçün maddi yardım, birdəfəlik müavinət almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim olunsun.

Sorğuya cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Qeyd olunan xərc Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən, qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərc hesab edildiyindən, gəlirdən çıxılmasına yol verilmir.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 108-ci, 109-cu maddələri

Mənbə: vergiler.az

Müəssisənin və fərdi sahibkarın əmlak vergisinin hesablanması və ödənilməsi qaydaları

Tahir Mirkişili: “Vergi sistemi fiskal funksiyası ilə bərabər, mühüm strateji məqsədlərə xidmət edir”

posted in: Xəbər | 0

Milli Məclisin deputatı Tahir Mirkişili suallarını cavablandırır: 

– Tahir müəllim, bildiyimiz kimi, bu il ölkəmizdə “Konstitutsiya və Suverenlik ili” elan edilib. Azərbaycan üçün iki mötəbər hadisə ilə əlamətdar olan bu il əldə edilən nailiyyətlərə nəzər salmaq üçün faydalı fürsətdir. 30 il əvvəl ali qanunun təsbiti ilə ölkəmizdə bir çox demokratik prinsiplərin bünövrəsi qoyuldu. Konstitusiyamızın qəbulu ilk növbədə hansı iqtisadi irəliləyişlər üçün zəmin yaratdı?

– Azərbaycan Konstitusiyasının qəbul edilməsi ilə ölkənin iqtisadi inkişafı üçün mühüm hüquqi təməl yarandı. 1995-ci ildə qəbul edilmiş bu ali qanun iqtisadi sahədə bir sıra əhəmiyyətli irəliləyişlərə zəmin hazırladı. Birincisi, Konstitusiya mülkiyyət hüququnu təsbit etdi və mülkiyyətin bütün növlərinin (dövlət, xüsusi və bələdiyyə mülkiyyəti) qanunla qorunmasını təmin etdi. Bu, bazar iqtisadiyyatına keçid üçün əsas şərt idi. İkincisi, sahibkarlıq fəaliyyəti də daxil olmaqla, iqtisadi fəaliyyətin azad və sağlam rəqabət şəraitində həyata keçirilməsi qanunla təsbit olundu. Bu, özəl sektorun inkişafı və xarici investisiyaların cəlb edilməsi üçün zəruri idi. Üçüncüsü, Konstitusiya dövlətin iqtisadiyyatın inkişafına təkan verən sosialyönümlü iqtisadi siyasət prinsiplərini müəyyən etdi. Bütün bunlar ölkənin neft strategiyasının uğurla həyata keçirilməsi, beynəlxalq neft müqavilələrinin imzalanması, Bakı-Tbilisi-Ceyhan kimi iri layihələrin reallaşdırılması və valyuta ehtiyatlarının formalaşması üçün hüquqi əsas yaratdı. “Konstitutsiya və Suverenlik ili” münasibətilə bu nailiyyətləri qeyd etmək, əldə olunmuş iqtisadi tərəqqini dəyərləndirmək və gələcək inkişaf üçün yeni hədəflər müəyyənləşdirmək həqiqətən vacibdir.

Konstitusiya islahatları vergi sistemi və biznes mühitinin inkişafına
əhəmiyyətli təsir göstərdi

– Konstitusiya islahatları ölkəmizin vergi sisteminə və biznes mühitinin inkişafına necə təsir göstərdi?

– Azərbaycanın Konstitusiya islahatları vergi sistemi və biznes mühitinin inkişafına əhəmiyyətli təsir göstərdi. Bunu aşağıdakı əsas istiqamətlərdə ümumiləşdirmək olar:

1. Vergi sistemində şəffaflığın artırılması – Konstitusiya islahatları nəticəsində vergi qanunvericiliyində edilmiş dəyişikliklər vergi sistemində şəffaflığı artırıb və korrupsiya hallarının azalmasına səbəb olub.

2. Sahibkarlıq fəaliyyətinin Konstitusiya təminatlarının gücləndirilməsi – İslahatlar nəticəsində sahibkarlıq hüquqlarının qorunması Konstitusiya səviyyəsində daha da möhkəmləndirildi.

3. Vergi inzibatçılığının təkmilləşdirilməsi – Konstitusiya islahatları əsasında qəbul edilən yeni qanunlar vergi inzibatçılığının sadələşdirilməsinə və elektronlaşdırılmasına imkan yaratdı.

4. Xarici investorlar üçün hüquqi təminatların artırılması – İslahatlar xarici investorların hüquqlarının qorunmasına əlavə təminatlar verdi ki, bu da ölkəyə sərmayə axınını stimullaşdırdı.

5. İqtisadi məhkəmə sisteminin təkmilləşdirilməsi – Konstitusiya islahatları çərçivəsində məhkəmə sistemində aparılan dəyişikliklər biznes mübahisələrinin daha effektiv həllinə şərait yaratdı.

Bütün bu sadalananlar Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşmasına, biznes mühitinin canlanmasına və vergi yığımlarının artmasına müsbət təsir göstərib. Bu islahatların nəticəsi olaraq, kiçik və orta sahibkarlıq üçün daha əlverişli şərait yaradılıb, vergidən yayınma halları azalıb.

İslahatların nəticəsi olaraq, kiçik və orta sahibkarlıq üçün
daha əlverişli şərait yaradılıb, vergidən yayınma halları azalıb

– Qarşıdan tarixi Zəfərimizin 5 illiyi gəlir. Bu yubileyi işğaldan azad edilmiş ərazilərimizdə intensiv abablaşdırma, Qarabağın hərtərəfli dirçəlişi və iqtisadi inkişafı şəraitində qeyd edirik. Şanlı qələbəmiz iqtisadi baxımdan hansı faydalarla səciyyələnir?

– Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsinin iqtisadi baxımdan ölkəyə gətirdiyi faydalar həqiqətən çoxşaxəlidir. Bu, bir sıra mühüm üstünlüklərlə səciyyələnir. İşğaldan azad edilmiş ərazilərdəki zəngin təbii ehtiyatlar, xüsusilə su resursları, qızıl, mis və digər qiymətli metal yataqları Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirdi. Qarabağın və Şərqi Zəngəzurun münbit torpaqları yenidən əkinçiliyə cəlb edildi, üzümçülük, taxılçılıq, pambıqçılıq, heyvandarlıq kimi sahələrdə istehsal potensialı bərpa olundu. Bununla yanaşı, Şuşa başda olmaqla, Qarabağın və Şərqi Zəngəzurun tarixi və təbiət abidələri turizm sektorunun inkişafı üçün yeni imkanlar yaratdı. Nəqliyyat-logistika əlaqələrinin bərpası, xüsusilə Zəngəzur dəhlizi və digər nəqliyyat infrastrukturu layihələri region ölkələri ilə ticarət əlaqələrinin genişlənməsinə şərait yaradır. İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri xarici və yerli investorlar üçün cəlbedici investisiya mühiti formalaşdırıb. Bu bölgələrdə yeni su elektrik stansiyaları və bərpaolunan enerji obyektlərinin yaradılması ölkənin enerji təhlükəsizliyini daha da gücləndirdi. Azad edilmiş ərazilərdə yaşıl enerji layihələrinin reallaşdırılması Azərbaycanın ekoloji təmiz enerji istehsalını artırmağa, regionun “yaşıl enerji zonası”na çevrilməsinə təkan verir. Bunlarla yanaşı, vətəndaşların doğma yurdlarına qayıdışı ilə bölgədə iqtisadi aktivliyin və işçi qüvvəsinin artmasına şərait yaranıb. Ərazi bütövlüyünün bərpası ilə daimi münaqişə vəziyyətinin aradan qalxması iqtisadi resursların daha səmərəli bölüşdürülməsinə şərait yaradır. Tarixi Zəfərimizdən sonra ölkəmizin regional və beynəlxalq əhəmiyyətli iqtisadi və infrastruktur layihələrində iştirak imkanları daha da artıb. Bu iqtisadi faydalar Azərbaycanın ümumi daxili məhsulunun artmasına, iqtisadi diversifikasiyanın güclənməsinə və regionun geosiyasi əhəmiyyətinin yüksəlməsinə əhəmiyyətli töhfə verıb.

İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri
xarici və yerli investorlar üçün cəlbedici investisiya mühiti formalaşdırıb

– İşğaldan azad edilmiş ərazilərimizin iqtisadi reinteqrasiyasını təmin etmək üçün çoxsaylı təşviqlər və vergi güzəştləri də tətbiq olunub. Vergi Məcəlləsinə bu xüsusda bütöv bir fəsil əlavə edilib. Bu addımların nəticələri barədə bir qədər ətraflı məlumat verərdiniz…

– Qeyd etdiyiniz bu tədbirlər ölkə iqtisadiyyatının inkişafında həqiqətən də mühüm rol oynayır. Vergi Məcəlləsinə əlavə edilən xüsusi fəsil çərçivəsində atılan addımların nəticələri artıq özünü göstərməyə başlayıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün 10 il müddətinə mənfəət və gəlir vergisindən azadolma tətbiq edilib. Nəticədə son 5 ildə bu ərazilərdə yeni biznes subyektləri qeydiyyatdan keçib, onların xeyli hissəsi fəal şəkildə fəaliyyət göstərir. Eləcə də həmin bölgələrdə fəaliyyət göstərən sahibkarlar istehsal məqsədli avadanlıq və texnologiyaların idxalı zamanı ƏDV və gömrük rüsumlarından azad olunublar. Nəticədə ötən dövr ərzində regiona təqribən 1.2 milyard manatlıq investisiya xarakterli avadanlıq və texnologiyalar gətirilib. İşğaldan azad edilmiş ərazilərdə daşınmaz əmlak və torpaqlar üçün 10 il müddətinə vergi azadolmaları orada inşaat və tikinti sektorunda canlanma yaradıb. Son 5 ildə 15 mindən çox yaşayış və qeyri-yaşayış obyektlərinin inşası və ya bərpası həyata keçirilib. Eləcə də bu ərazilərdə çalışan işçilərə sosial sığorta haqlarında güzəştlərin verilməsi ilə regionda rəsmi məşğulluq səviyyəsinin əhəmiyyətli artımı müşahidə olunur. Vergi güzəştləri ilə yanaşı, həmin ərazilərdə xüsusi iqtisadi zonaların yaradılması, “Qarabağ” investisiya təşviq sənədinin verilməsi də iqtisadi aktivliyə müsbət təsir göstərib. Ağdam Sənaye Parkı, Araz Vadisi İqtisadi Zonası kimi xüsusi iqtisadi zonalarda 40-a yaxın rezident qeydiyyatdan keçib və ümumi investisiya həcminin 500 milyon manatı üstələməsi gözlənilir. Konkret iqtisadi nəticələrdən danışsaq, işğaldan azad edilmiş ərazilərə son 5 ildə yerli və xarici investistorlar tərəfindən investisiya artımı müşahidə edilir. Qarabağa və Şərqi Zəngəzura qayıdan əhalinin əksəriyyəti artıq işlə təmin olunub, regionlarda istehsal olunan məhsulların (xüsusilə kənd təsərrüfatı məhsulları, tikinti materialları və əl işləri) ixracına başlanılıb. Burada yaradılan infrastruktur və istehsal obyektləri ölkənin digər bölgələrindəki iqtisadi inkişafa da təkan verir. Tədarük zəncirləri genişlənib və yeni biznes əlaqələri formalaşıb.

Qeyd edim ki, haqqında danışdığımız vergi güzəştləri və təşviq mexanizmləri 2030-cu ilə qədər davam edəcək və proqnozlara görə, bu müddət ərzində Qarabağın və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatına töhfəsi ÜDM-in 5%-nə çata bilər. Vergi güzəştlərinin effektivliyini artırmaq üçün hökumət tərəfindən mütəmadi monitorinqlər aparılır və təşviq mexanizmləri təkmilləşdirilir.

Vergi güzəştlərinin effektivliyini artırmaq üçün hökumət tərəfindən
mütəmadi monitorinqlər aparılır və təşviq mexanizmləri təkmilləşdirilir

– Vergi sistemi son illər fiskal faydalarla yanaşı, dövlətimizin iqtisadi inkişaf modelinin təkmilləşdirilməsində fəal iştirakçıya çevrilib. Dövlətimizin sosial-iqtisadi inkişaf prioritetlərinin reallaşmasında və biznes mühitinin təkmilləşməsində vergi islahatlarının rolu daha hansı irəliləyişlərlə səciyyələnir?

– Azərbaycanın vergi sistemində son illərdə aparılan islahatların dövlətin iqtisadi inkişaf modelinin təkmilləşdirilməsində və biznes mühitinin inkişafında rolu həqiqətən çoxşaxəlidir. Bu islahatların yaratdığı əlavə imkanlar nəticəsində rəqəmsallaşma və texnoloji transformasiya, “kölgə iqtisadiyyatı”nın azaldılması, biznesin leqallaşdırılması, sektorlar üzrə diferensiallaşdırılmış vergi siyasətinin formalaşması istiqamətlərində mühüm irəliləyişlər əldə edilib. Vergi inzibatçılığının tam elektronlaşdırılmasına (e-qaimə, e-vergi kabinetləri, onlayn kassa aparatları) nail olunub. Risk təhlili sisteminin tətbiqi vergi yoxlamalarının effektivliyini 70% artırıb. Texnologiyaların tətbiqi ilə vergi əməliyyatlarının şəffaflığının təmin edilməsi mümkün olub. Son 3 ildə nağdsız ödənişlərin həcmi 2.5 dəfə artıb ki, bu da vergitutma bazasının genişlənməsinə imkan verib. Eləcə də ƏDV-nin idarə edilməsində elektron inzibatçılıq hesabına vergi itkiləri 40% azalıb. Biznesin leqallaşdırılması və əmək bazarının formalaşdırılması istiqamətində atılan addımlar mikro və kiçik biznes subyektlərinin sayının son 5 ildə 35%, özəl sektorda əmək müqavilələrinin sayının isə 45% artmasına səbəb olub.

Ötən dövrdə BEPS (Base Erosion and Profit Shifting) layihəsinə qoşulma, transfer qiymətləndirmə mexanizmlərinin tətbiqinə, ikiqat vergitutmanın aradan qaldırılması haqqında 60-dan çox ölkə ilə sazişlərin imzalanmasına, eləcə də vergidən yayınma hallarının qarşısının alınması üçün beynəlxalq informasiya mübadiləsinə qoşulma mümkün olub. Sektorlar üzrə diferensiallaşdırılmış vergi siyasəti də biznes mühitinin canlanmasına təkan verib. Xüsusilə, innovasiya və yüksək texnologiyalar sektorunda xüsusi vergi rejimi, startaplar üçün “vergi tətilləri” və vergi kreditlərinin verilməsi, qeyri-neft sektorunun inkişafı üçün stimullaşdırıcı vergi mexanizmləri, aqrar sektorda və təhsil müəssisələrində uzunmüddətli vergi güzəştlərini qeyd edə bilərik. Digər amillər kimi, bu sıraya vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi (advanced tax ruling) mexanizminin tətbiqi, vergi apellyasiya sisteminin təkmilləşdirilməsini də əlavə edərdim. Bu müddətdə xarici investisiyalar üçün 10 illik vergi stabilliyi təminatı verilib. İnvestisiya təşviqi sənədi sahibləri üçün genişləndirilmiş vergi güzəştləri, sənaye parklarında və texnologiya mərkəzlərində vergi preferensiyaları, reinvestisiya edilən mənfəətin vergidən azad olunması mexanizmi də müsbət tendensiyalar sırasındadır.

Sosial ədalətin təmin edilməsi məqsədilə gəlir vergisi dərəcələrinin proqressiv sistemə keçidi, fiziki şəxslər üçün vergi güzəştlərinin artırılması, minimum əməkhaqqının vergi yükündən azad olunması təmin edilib. Bundan əlavə, “yaşıl vergilər” sisteminin formalaşdırılması, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi üçün vergi stimulları, bərpaolunan enerji mənbələrindən istifadə edən müəssisələr üçün vergi güzəştləri iqlim dəyişikliyi və ekoloji tarazlığın qorunmasına xidmət edəcək. Xüsusilə, COVID-19 pandemiyası dövrində zərər çəkmiş sahələr üçün vergi tətilləri və güzəştlərin verilməsi, kiçik biznesə vergi güzəştlərinin tətbiqi hesabına 300 mindən çox iş yerinin qorunması mümkün olub.

Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatlar nəticəsində vergi sistemi təkcə fiskal funksiya daşımır, həm də iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, innovasiyaların stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması və sosial ədalətin təmin edilməsi kimi strateji məqsədlərə xidmət edir. Dövlətin 2030-cu ilə qədər olan inkişaf strategiyasında vergi siyasətinin daha da təkmilləşdirilməsi, xüsusilə rəqəmsal transformasiya, yaşıl iqtisadiyyata keçid və elmi-texniki potensialın gücləndirilməsi istiqamətlərində yeni islahatlar nəzərdə tutulur.

Mənbə: vergiler.az

Gəlirdən çıxılmayan məbləğlərin sırasına aid olan cərimələr

Müəssisənin və fərdi sahibkarın əmlak vergisinin hesablanması və ödənilməsi qaydaları (II hissə)

posted in: Xəbər | 0

Yazının əvvəlki hissəsi ilə buradan tanış olmaq olar.

Misal 7

Fərdi sahibkar 2022-cı ilin fevral ayında əmlak vergisi ödəyicisi olub. Bu vaxt onun əmlakına görə hesabladığı əmlak vergisi 10.000 manat təşkil edib. Bu halda, müəssisə 2-ci rübdən başlayaraq hər rübün ikinci ayının 15-dən gec olmayaraq 2.000 manat cari vergi ödəməsini həyata keçirməlidir:

10.000 x 20% = 2.000 manat.

Vergi Məcəlləsinin 201.4-cü maddəsinə əsasən, dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.

Misal 8

Müəssisə hesabat ili ərzində əmlak vergisi üzrə 500 manat məbləğində cari vergi ödəmələrini həyata keçirib. Hesabat ili başa çatdıqdan sonra məlum olub ki, onun vergi öhdəliyi 550 manatdır. Bu halda, müəssisə həmin məbləğdən cari ödəmələrin məbləğini çıxmalı və qalan 50 manatı hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidir.

Cari vergi ödəmələri Vergi Məcəlləsinin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə Vergi Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur.

Misal 9

Müəssisə 2024-cü ilin may ayının 15-dən gec olmayaraq ödəməli olduğu 1.000 manat cari vergi ödəməsini gecikdirərək iyun ayının 20-də ödəyib, yəni 35 gün gecikdirilib. Bu halda, hər gün üçün 0.1% hesabı ilə əlavə olaraq 35 manat məbləğində faiz tutulacaq:

1.000 x 0.1% = 1 manat ;
1 x 35 = 35 manat.

Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda, artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Misal 10

Müəssisəyə 2015-ci ildə 10.000 manat cari vergi hesablamaları aparılıb. Müssisə isə həmin dövrdə 8.000 manat cari vergi ödəmələri həyata keçirib. Cari vergi ödəməsi cari vergi hesablamasından 2.000 manat az olduğundan, tutaq ki, 500 manat faiz hesablanıb. Müəssisə 2016-cı ilin fevral ayında illik əmlak vergisi bəyannaməsini təqdim edib və bu, 7.000 manat müəyyən olunub. Hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğundan, artıq hesablanmış cari vergi 3.000 manat və hesablanmış 500 manat faiz məbləğləri azaldılır.

Misal 11

Müəssisənin əmlak vergisi 2023-cü ildə 10.000 manat olub. Müəssisənin 2024-cü ildə cari vergi ödəmələri əvvəlki ildəki əmlak vergisi məbləğinin 20%-i həcmində götürülərək aşağıdakı kimi hesablanacaq:

2024-cü ilin fevral ayının 15-dək – 2.000 manat;
2024-cü ilin may ayının 15-dək – 2.000 manat;
2024-cü ilin avqust ayının 15-dək – 2.000 manat;
2024-cü ilin noyabr ayının 15-dək – 2.000 manat;
Cəmi cari vergi ödəmələri: – 8.000 manat.

Fərz edək ki, 2024-cü ilin nəticələrinə görə:

1-ci hal: 10.200 manat əmlak vergisi hesablanıb.

Bu halda, cari vergi ödəmələri nəzərə alınmaqla, müəssisə əlavə olaraq 2.200 manat əmlak vergisi ödəməlidir:
10.200 – 8.000 = 2.200 manat.

2024-cü ilin əmlak vergisinin bəyannaməsi 2025-ci ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına təqdim edilməklə, fərq məbləği həmin tarixədək dövlət büdcəsinə ödənilməlidir.

2-ci hal: 7.300 manat əmlak vergisi hesablanıb.

Bu halda hesablanmış cari vergi məbləği hesabat üzrə (bəyannamə üzrə) vergi məbləğindən 700 manat çox olacaq:
8.000 – 7.300 = 700 manat.

Artıq hesablanmış və ödənilmiş 700 manat cari vergi məbləği Vergi Məcəlləsinin 59-cu və 87-ci maddələrinin tələbləri nəzərə alınmaqla azaldılır.

Cari vergi ödəmələri göstərilən müddətlərdə ödənilmədikdə, Vergi Məcəlləsinin 59-cu maddəsinə əsasən, ödəmə müddətindən sonra hər ötən gün üçün ödənilməmiş cari vergi ödəmələrinin 0,1% məbləğində faiz tutulur. Qeyd edək ki, faiz cari vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərtilə tətbiq edilir. Məsələn, 2024-cü ilin may ayının 15-dək ödənilməli olan 2.000 manat cari vergi ödənişi 29 gün gec ödənilib. Bu halda, müəssisə 58 manat faiz ödəməlidir:

(2.000 x 29) x 0,1% = 58 manat.

Qeyd edək ki, bəyannamə üzrə hesablanmış verginin məbləği (bizim misalda 1-ci halda 10.200 manat, 2-ci halda isə 7.300 manat) müəssisədə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.

Vergi Məcəlləsinin 201.5-ci maddəsinə əsasən, müəssisə və fərdi sahibkar əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.

2022-ci ildən fəaliyyət göstərən müəssisə və fərdi sahibkar 2023-cü il üzrə illik əmlak vergisi bəyannaməsini 2024-cü ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim etməlidir.

Hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur

Hüquqi şəxs 2020-ci ilin mart ayının 10-da ləğvetmə balansını qeydiyyat orqanına təqdim edib. Hüquqi şəxs 2020-ci il aprel ayının 10-dək əmlak vergisi bəyannaməsini qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir.

Fərdi sahibkar fəaliyyətinin ləğvi hallarında vergi uçotundan çıxarılma barədə ərizənin verildiyi tarixdən 30 gün müddətində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.

Fərdi sahibkar fəaliyyətinin ləğvi ilə bağlı 2024-cü il may ayının 15-də vergi uçotundan çıxarılma barədə müvafiq ərizəni vergi orqanına təqdim edib. Bu halda, fərdi sahibkar 2024-cü il iyunun 15-dək əmlak vergisi bəyannaməsini qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir.

Vergi Məcəlləsinin 201.6-cı maddəsinə əsasən, illik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği Vergi Məcəlləsinin 119.1-ci maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.

Misal 12

Hüquqi şəxsə 2024-cü il ərzində 5.000 manat əmlak vergisi hesablanıb. Hüquqi şəxsin həmin təqvim ili üçün ümumi gəliri 180.000 manat, gəlirdən çıxılan xərcləri isə hesablanmış əmlak vergisi nəzərə alınmadan 60.000 manat olarsa, vergiyə cəlb edilməli mənfəəti nə qədər təşkil edər?

Hesablanmış verginin məbləği müəssisə tərəfindən məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir. Ona görə də hüquqi şəxs hesabladığı əmlak vergisini, Vergi Məcəlləsinin 119-cu maddəsinə əsasən, ümumi gəlirindən çıxa bilər. Bu halda, onun vergiyə cəlb edilən mənfəəti 115.000 manat olacaq:

180.000 – (60.000 + 5.000) = 115.000 manat.

Qeyd edək ki, müəssisələrin və fərdi sahibkarların əmlak vergisi dövlət büdcəsinə ödənilir.

Mənbə: vergiler.az

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb

posted in: Xəbər | 0

2019-cu ildən etibarən ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına dəstək olan Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabatlarını təqdim edib. “Cəmiyyət”,  “Ətraf mühit” və “Heyvanların mühafizəsi” istiqamətlərində fəaliyyət göstərən fond donorlar tərəfindən maliyyələşir. Ötən 3 ay ərzində fonda 2753 donor tərəfindən 54737 manat ianə edilib. Toplanan vəsaitlər hesabına bir çox vacib və marqlı layihə həyata keçirilib.

Fon cari ilin ilk rübündə sosial həssas qrupdan olan 25 ailəyə himayə yardımları göstərib. Xalqımızın yardımlaşma ənənəsini davam etdirmək məqsədi ilə “Novruz payı” və “Ramazan payı” aksiyaları baş tutub. Aksiya çərçivəsində redhearts.az vebsaytı və Birbank mobil tətbiqi vasitəsilə 986 donordan 9673 manat ianə toplanıb. Kampaniya çərçivəsində 39 bölgədən olan 485 ailəyə 70 manat dəyərində bayram sovqatı çatdırılıb. Eyni zamanda Xaçmaz rayonunda 7 dəfə iftar süfrəsi təşkil olunub.

Artıq üçüncüsü reallaşan “Qırmızı Ürəklər təhsil təqaüdü proqramı” ötən dövrdə də həyata keçirilib. Proqrama müraciət edən 306 nəfərdən 69 nəfəri ikinci mərhələyə keçsə də qalib olmaq şansını 23 nəfər əldə edib. Yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan, sosial baxımdan həssas əhali qrupuna aid həmin tələbələrə tədris ilinin sonundadək aylıq 200 AZN təqaüd təqdim ediləcək.

Fondun inklüziv cəmiyyət naminə başlatdığı “Bütün vücudlar danışır” layihəsi cari ildə də davam edir. Layihənin məqsədi əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yüksəldilməsi, inklüziv mühitin formalaşdırılmasıdır. Layihəyə 414 nəfər sağlamlıq imkanları məhdud olan uşaq, qazi, eləcə də ahıl və əlilliyi olmayan şəxslər cəlb edilib. Cəmiyyətin müxtəlif fərdlərini əhatə edən layihədə rəqs təlimləri təşkil olunur.

Ətraf mühitin qorunması istiqamətində fondun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi  “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə bu il Kapital Bank-da qoşulub. Əməkdaşlıq nəticəsində bankın baş ofisi və filiallarında 149 zərərli tullantı qutusu yerləşdirilib. Bundan əlavə 21 məntəqədən 319 kiloqram batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi”nə təhvil verilib.

Qeyd edək ki, “Qırmızı Ürəklər” Fondu ötən il ekologiyanın qorunması istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyətinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb. Həmçinin fond Azərbaycanda ilk dəfə olaraq Korporativ Könüllülük Konsepsiyasını qəbul edib. Konsepsiyanın məqsədi əmək fəaliyyəti ilə məşğul olan şəxslərin sosial fəaliyyətlərdə fəal iştirakını təmin etmək və ölkənin bütün regionlarına könüllülər vasitəsilə əlçatanlığı təmin etməkdir. Bu konsepsiya əsasında Kapital Bank-da çalışan 244 əməkdaş fondun könüllüsü olub.

Fond həmçinin ianəçilik mədəniyyətinin əhatə dairəsini genişləndirmək məqsədi ilə  “m10” mobil tətbiqində də yer alır. Bununla da vətəndaşlar birbaşa və asan şəkildə fonda ianələr edə bilərlər.

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

Müəssisənin və fərdi sahibkarın əmlak vergisinin hesablanması və ödənilməsi qaydaları

1 186 187 188 189 190 191 192 2. 681
error: Content is protected !!