Dövlət satınalmalarının vahid internet portalında yeni funksiya istifadəyə verilib

posted in: Xəbər | 0

Dövlət satınalmalarının vahid internet portalında (www.etender.gov.az) yeni funksiya istifadəyə verilib. Belə ki, satınalma proseslərinin şəffaf, vahid standartlara uyğun və tam rəqəmsal şəkildə aparılmasının təmin edilməsi məqsədilə “Elektron şərtlər toplusu” funksionallığı portala əlavə edilib.

Yeni funksiya satınalan təşkilatların nümayəndələrinə şərtlər toplusunu sistemdən kənarda deyil, birbaşa portal vasitəsilə formalaşdırmağa imkan verir. Sözügedən yenilik satınalma metodundan və predmetin növündən asılı olaraq, satınalan təşkilatlar tərəfindən yaradılan şərtlər toplularının qanunvericiliyin tələblərinə uyğun olmasına və nəticədə, texniki səhvlərin minimum səviyyəyə endirilməsinə şərait yaradır.

Mənbə: vergiler.az

Vergi ödəyicilərinin işini asanlaşdıran addımlar – onlayn hesabatlar, əlavələr

Müəssisənin və fərdi sahibkarın əmlak vergisinin hesablanması və ödənilməsi qaydaları

posted in: Xəbər | 0

Vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun şəkildə müəyyən edilir. Mövzunu vergi eksperti İsmayıl Bağırov şərh edir: 

Vergi Məcəlləsinin 202-ci maddəsinə əsasən, müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri aşağıda qeyd olunan 4 qaydada hesablanır:

1. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.

Misal 1: Tutaq ki müəssisənin əmlak vergisinə cəlb edilən əsas vəsaitlərinin qalıq dəyəri 1 yanvar 2018-cı il tarixə 20.000 manat, 31 dekabr 2018-cı il tarixə 10.000 manat olub. Bu halda, vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri 15.000 manat təşkil edir və bu məbləğdən 150 manat əmlak vergisi hesablanır:

(20.000 + 10.000) : 2 = 15.000 manat;
15.000 x 1% = 150 manat.

2. Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onların əsas vəsaitlərinin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisə yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra ilin sonuna qədər olan ayların sayına vurulur.

Misal 2. Tutaq ki, fərdi sahibkar 1 may 2018-ci tarixdə yaradılıb və yarandığı tarixə əmlak vergisinə cəlb edilən əsas vəsaitlərinin qalıq dəyəri 20.000 manat, 31 dekabr 2018-cı il tarixə isə 28.000 manat olub. Bu halda, vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri 14.000 manat olacaq və bu məbləğdən 140 manat əmlak vergisi hesablanacaq:

(20.000 + 28.000) : 24) x 7 = 14.000 manat;
14.000 x 1% = 140 manat.

3. Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində ləğv edildikdə onların əsas vəsaitlərinin ilin əvvəlinə və ləğv edildiyi tarixə qalıq dəyəri toplanaraq 24-ə bölunür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aya qədər olan ayların sayına vurulur.

Misal 3. Tutaq ki, müəssisə 2018-cı ilin 16 sentyabr tarixində ləğv edilib və ləğv edildiyi tarixə əmlak vergisinə cəlb olunan əsas vəsaitlərinin qalıq dəyəri 20.000 manat, 1 yanvar 2018-cı il tarixə isə 28.000 manat təşkil edib. Bu halda, vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri 16.000 manat olacaq və bu məbləğdən 160 manat əmlak vergisi hesablanacaq:

(20.000 + 28.000) : 24) x 8 = 16.000 manat;
16.000 x 1% = 160 manat.

4. Kredit təşkilatı hesabat ili ərzində müflis elan olunduqda onun əmlakının ilin əvvəlinə və müflis elan olunduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən kredit təşkilatının müflis elan olunduğu aya qədər olan ayların sayına vurulur.

Misal 4. 2023-cü ilin 20 may tarixində müflis elan edilən kredit təşkilatının ilin əvvəlinə və müflis elan edildiyi tarixə əmlak vergisinə cəlb edilən əsas vəsaitlərinin qalıq dəyəri aşağıdakı kimidir:

1 yanvar 2023-cü il tarixə 150.000 manat, 20 may 2022-cı il tarixə 50.000 manat.

Vergitutma məqsədləri üçün müflis elan edilən kredit təşkilatının əmlakının orta illik qalıq dəyəri 33.333,32 manat, əmlak vergisi isə 333.33 manat olacaq:

((150.000 + 50.000) : 24) x 4 = 33.333,32 manat;
33.333,32 x 1% = 333.33 manat.

Vergi Məcəlləsinin 201.1.1-ci maddəsinə əsasən, müəssisənin və fərdi sahibkarın əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda, əmlak vergisi Vergi Məcəlləsinin 14-cü maddəsinə görə, sığortalanma tarixinə əmlakın bazar dəyərinə uyğun müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq olunmaqla hesablanır. Sığortalanan əsas vəsaitlərin dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda, Vergi Məcəlləsinin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.

Misal 5: Tutaq ki, “A” müəssisəsinin əmlakının qalıq dəyəri 150.000 manat olub, lakin bu dəyərdən artıq qiymətə – 180.000 manata sığortalanıb və əmlakın sığortalanma tarixinə bazar qiymətinin 160.000 manat olduğu müəyyən edilib. Bu halda, vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri yox, əmlakın bazar qiyməti, yəni 160.000 manat əsas götürülərək hesablanacaq və əmlak vergisinin məbləği 1.600 manat təşkil edəcək:

160.000 x 1% = 1.600 manat.

Qeyd edək ki, əgər müəssisənin əmlakı qalıq dəyəri ilə eyni qiymətə və ya qalıq dəyərindən aşağı qiymətə sığortalanarsa, o halda əmlak vergisi, Vergi Məcəlləsinin 202-ci maddəsinə əsasən, müəssisənin əmlakının orta illik qalıq dəyərindən hesablanır.

Müəssisənin və fərdi sahibkarın əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır. Məcəllənin 201.3-cü maddəsində göstərilib ki, müəssisələr və fərdi sahibkarlar cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.

Misal 6: Müəssisə 2023-ci ildə 640 manat əmlak vergisi hesablayıb. Həmin müəssisə 2024-cü ilin birinci rübü üçün 128 manat məbləğində cari ödəməni hesablamalı və fevral ayının 15-nə qədər dövlət büdcəsinə ödəməlidir:

640 x 20% = 128 manat.

Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər və fərdi sahibkarlar əsas vəsaitlərin əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər. Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Mənbə: vergiler.az

Vergi ödəyicilərinin işini asanlaşdıran addımlar – onlayn hesabatlar, əlavələr

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

posted in: Xəbər | 0

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq.

Bu barədə Əmək Məcəlləsinə dəyişiklik ediləcək.

Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda beynəlxalq konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, nazirlik tərəfindən əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədilə davamlı tədbirlər görülür:

“Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklər əsasən məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan işçilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı müəddəaların və sair məsələləri nəzərdə tutur”.

Mənbə: banker.az

Gəlirdən çıxılmayan məbləğlərin sırasına aid olan cərimələr

Vergi ödəyicilərinin işini asanlaşdıran addımlar – onlayn hesabatlar, əlavələr

posted in: Xəbər | 0

Bəyannamə və hesabat formalarının təkmilləşdirilməsi, sadələşdirilməsi, vergi ödəyicilərinin məmnuniyyəti, vergi inzibatçılığının səmərəliliyinin yüksəldilməsi vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” İşçi qrupunun “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair Yol Xəritəsi ilə bağlı iclaslarında özəl sektor nümayəndələri ilə aparılan müzakirələrin, habelə vergi ödəyicilərindən daxil olan sənədlərin təhlili zamanı “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”nin tərtibi zamanı müəyyən təkmilləşdirmələrin aparılmasına, onun tərtibatının sadələşdirilməsinə ehtiyac olduğu müəyyən edilib.

Bununla əlaqədar olaraq, Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”, onun əlavələrinin formaları, eləcə də tərtib edilməsi qaydaları yeni redaksiyada təsdiq olunub. Mütəxəssislər bu yeniliyin vergi ödəyicilərinin işini yüngülləşdirdiyi qənaətindədirlər.

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev açıqlamasında bildirib ki, iş adamlarının rahatlığını təmin etmək məqsədilə bir sıra hesabatlar onlayn rejimə keçirilib: “Dövlət Vergi Xidməti tərəfindən vergi bəyannamələrində vaxtaşırı olaraq vergi ödəyicilərindən gələn təkliflər və şikayətlər əsasında təkmilləşdirmə işləri aparılır, müxtəlif sadələşdirmələr həyata keçirilir. Biz bunun həmişə şahidi olmuşuq. Artıq bəyannamələrin xeyli hissəsi – sadələşdirilmiş vergi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və ƏDV bəyannaməsi onlayn formata salınıb, mənfəət vergisi bəyannaməsi ilə bağlı işlər də tamamlanıb. ƏDV bəyannaməsində yenilik isə ilkin olaraq regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə tətbiq edilməyə başlanıb”.

Həmçinin, mövcud olan onlayn hesabat formalarının üzərində də təkmilləşdirmə işlərinin aparıldığını deyən R.Fətullayev bunlardan biri kimi “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”ni göstərib: “Dövlət Sosial Müdafiə Fonduna göndərilən hesabat və vergi orqanına təqdim edilən muzdlu işlə əlaqədar vergi hesabatı birləşdirilərək vahid rüblük bəyannamə formasına salınıb və bir neçə il əvvəl tətbiq olunmağa başlanılıb. Vergi ödəyicilərinin işini kifayət qədər asanlaşdıran bu hesabat hər il təkmilləşdirilərək indiki halına gətirilib. Hazırda da təkmilləşdirmə işləri davam etdirilir. Yeni qaydalara əsasən, vahid rüblük bəyannamədə müəyyən sadələşdirmə aparılması nəzərdə tutulub. Digər hesabatlarda olduğu kimi, burada da hesabat forması əlavələr vasitəsilə tənzimlənəcək. Məsələn, əmlak vergisi bəyannaməsinə əvvəllər məlumatlar daxil edirdik, sonra əlavələrini doldururduq. Yeni sistemə əsasən, əlavə doldurulduqda avtomatik olaraq hesabatın özü hazırlanmış vəziyyətə gətirilir. Bu format vergi ödəyicilərinin işini xeyli asanlaşdırdığına görə, burada da həmin qayda tətbiq ediləcək”.

R.Fətullayevin sözlərinə görə, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”yə 4 Əlavə artırılıb. Əlavə 1-də işçilər haqqında məlumat daxil edildikdə avtomatik olaraq hesabatın özü hazırlanacaq. Xarici əməkdaşlar barədə məlumatlar Əlavə 2-də olmalıdır. Əlavə 3-də isə həyatın yığım sığortası ilə bağlı olan məsələlər tənzimlənir. Bununla bağlı bəzən vergi ödəyiciləri sıxıntılar yaşayırdılar. Həyatın yığım sığortasına başlayan və vaxtından tez bitirən işçilərin hesabatlarında müəyyən problemlər olurdu. Artıq yeni Əlavə 3-ün bu formatda olması vergi ödəyicilərinin işini asanlaşdırıb. Onlar həyatın yığım sığortası ilə bağlı bütün məlumatları onlayn şəkildə göstərə biləcəklər. Əlavə 4-də isə məcburi dövlət sosial sığortasına cəlb edilməyən işçilər və gəlirlər barədə məlumat yer alacaq. Beləliklə, bu 4 əlavə hesabatın qısa vaxtda hazırlanmasına səbəb olacaq.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və proqnozların icrasına nəzarət Baş idarəsinin rəis müavini Namiq Dərgahov bir müddət öncə açıqlamasında “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”nin hazırlanmasına sərf olunan vaxtın və inzibati yükün azaldılması məqsədilə bu ilin II yarımilliyində optimallaşdırma və sadələşdirilmə sahəsində işlərin aparılacağını bildirib. Onun sözlərinə görə, Dövlət Vergi Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə bu istiqamətdə qarşılıqlı fəaliyyət göstərir. Dəyişikliklərdən sonra “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”yə sığortaedənin uçot nömrəsi (SUN) və sığortaolunanın sosial sığorta nömrəsi (SSN) daxil edilməyəcək, həmçinin gəlir vergisinə və sığorta haqlarına cəlb olunmayan gəlirlərin bəyannamədə FİN üzrə qeydedilmə tələbi aradan qaldırılacaq.

Mənbə: vergiler.az

Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb

1 187 188 189 190 191 192 193 2. 681