Read More9
Read More9

Stomatoloqlar nə qədər vergi və sosial ödəniş etməlidirlər?

posted in: Xəbər | 0

“Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə baş mütəxəssisi Rafiq Nəcəfli fərdi qaydada fəaliyyət göstərən stomatoloqların vergi və sosial öhdəliklərinə aydınlıq gətirir. 

Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər fəaliyyətə başlamazdan əvvəl Azərbaycan Prezidentin 2015-ci il 21 dekabr tarixli “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi ilə bağlı fərmanına əsasən mütləq lisenziya almalıdırlar. Fərdi qaydada stomatoloji fəaliyyət də lisenziya tələb olunan fəaliyyət növləri sırasındadır.

Vergi Məcəlləsinin 218.5.13-cü maddəsinə əsasən, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirirlər. Bu səbəbdən, fərdi qaydada fəaliyyət göstərən stomatoloq, dövriyyəsindən asılı olaraq, gəlir vergisi və ya ƏDV ödəyicisi ola bilər.

Gəlir vergisi

Fərdi qaydada fəaliyyət göstərən stomatoloq gəlir vergisi ödəyicisi olmaqla il ərzində əldə olunan gəlirlərindən xərclərini çıxdıqdan sonra 20% dərəcə ilə gəlir vergisi ödəməlidir.

Misal 1

Fərdi qaydada fəaliyyət göstərən stomatoloqun il ərzində gəliri 60.000 manat, xərcləri isə 20.000 manat olub. Bu halda onun hesablanacaq gəlir vergisi aşağıdakı kimi olacaq:

60.000 – 20.000 = 40.000 manat;
40.000 x 20% = 8.000 manat (gəlir vergisinin məbləği).

Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, aşağıdakı fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır:

  • proqram təminatının işlənməsi sahəsində xidmətlər;
  • layihə-dizayn və dekorasiya xidmətləri;
  • tərcümə xidməti;
  • reklam xidməti;
  • araşdırma və tədqiqat sahəsində fəaliyyət;
  • elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
  • hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
  • jurnalistlərin fəaliyyəti;
  • bazar konyukturunun öyrənilməsi;
  • qiymətləndirmə fəaliyyəti;
  • avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti;
  • turizm bələdçiliyi;
  • xidmətlərin ixracı

Məcəlləninn 102.1.30-1-ci maddəsindən də göründüyü kimi, stomatoloq fəaliyyəti qeyd olunan siyahıda yoxdur. Bu səbəbdən də fərdi qaydada fəaliyyət göstərən stomatoloqun təqvim ili ərzində əldə etdiyi gəliri (xərclər nəzərə alınmadan) 45.000 manatadək olduğu halda belə, həmin fəaliyyətdən əldə etdiyi gəlirinin 75 faizi gəlir vergisindən azad olunmayacaq. Bəs hansı halda fərdi sahibkar kimi fəaliyyət göstərən stomotoloq 75 faizlik güzəşt hüququndan istifadə edə bilər?

Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, 102.1.30-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Yəni fərdi qaydada fəaliyyət göstərən stomatoloqun orta illik işçi sayı 3 nəfərdən az olmadıqda və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmadıqda o, 75 faizlik vergi güzəştindən istifadə edə biləcəkdir.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Misal 2

Fərdi qaydada fəaliyyət göstərən stomatoloqun təqvim ilində hər ay üzrə minimum 3 işçi ilə aktiv əmək müqaviləsi olub və məcburi dövlət sosial sığorta haqları üzrə ödənişləri qanunvericiliyin tələblərinə uyğun qaydada ödənişlərini vaxtında həyata keçirib. Tutaq ki, təqvim ilində stomatoloqun gəlirləri 100.000 manat, xərcləri isə 60.000 manat təşkil edib. Bu halda fərdi sahibkarın gəlir vergisini hesablayaq:

100.000 – 60.000 = 40.000 manat;
40.000 – (40.000 x 75%) = 10.000 manat;
10.000 x 20% = 2.000 manat (gəlir vergisinin məbləği).

Onu da qeyd edək ki, Vergi Məcəlləsinin 01.01.2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatı tətbiq edilməklə həyata keçirilməlidir. Qeyd olunanlara əsasən, fərdi qaydada göstərilən stomatoloji xidmətlərə görə ödənilən məbləğə uyğun olaraq stomatoloq tərəfindən mütləq nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.

Stomatoloqun sosial ödənişləri

“Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
– sahibkarlıq fəaliyyəti üzrə – 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:
• Bakı şəhərində 100 faizi;
• Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
• digər şəhərlərdə 80 faizi;
• rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
• kənd yerlərində 50 faizi miqdarında.

Misal 3

Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən stomatoloqun 2025-ci ilin yanvar ayı üzrə sosial sığorta haqqı aşağıdakı qaydada hesablanır:

Minimum aylıq əmək haqqı x 25%;
400 x 25% = 100 manat.

Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən stomatoloqlar üçün bu məbləğ 90 manat, digər şəhərlərdə 80 manat, rayon mərkəzləri və qəsəbələrdə 60 manat, kəndlərdə isə 50 manat təşkil edir.

Bundan əlavə, “İcbari tibbi sığorta haqqında” Qanunun 15-10.1.3 maddəsinə əsasən, fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq, fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta üzrə sığorta haqqı ödəyirlər:

400 x 4% = 16 manat.

Mənbə: vergiler.az

Məzuniyyət haqqının vergiyə və sosial sığorta haqqına cəlb olunması

Kapital Bank 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini elan edib

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 aprel 2025-ci il tarixinə 12 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5.3 milyard manat olub.

1 aprel 2025-ci il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 9 milyard manat təşkil edib. Bankın 1 aprel 2025-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 1 milyard manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır. Bankın xalis mənfəəti 55 milyon manat olub.

Qeyd edək ki, Kapital Bank “Moody’s” və “Standard & Poor’s” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Vergi Məcəlləsində və digər 10 qanunda dəyişiklik təsdiqlənib

Məzuniyyət haqqının vergiyə və sosial sığorta haqqına cəlb olunması

posted in: Xəbər | 0

Təcrübədə qarşıya çıxan önəmli məsələlərdən biri də məzuniyyət haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın vergi və sosial sığorta haqqına cəlb olunmasıdır. Bununla bağlı yaranan suallara əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir. 

Məzuniyyətə görə pul əvəzinin ödənilməsi iki şəkildə baş verə bilər: cari və keçmiş illərə görə kompensasiya. Hər iki halda ödənilən kompensasiyanın vergi və sosial sığorta haqlarına cəlb edilib-edilməməsi və ya hansı şəkildə cəlb olunması ilə bağlı Dövlət Vergi Xidmətinin izahatına görə, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın vergi və sosial sığorta haqqına cəlb olunması aşağıdakı şəkildə aparılmalıdır:

– Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda gəlir vergisinə və sosial sığorta haqqına cəlb olunur.

– Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqları 1 yanvar 2019-cu il tarixdən ödənildiyi halda, gəlir vergisi va sosial sığorta haqları 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır. Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə uyğun olaraq, 200 manat çıxılır.

Misal 1

Qeyri-neft və özəl sektorda çalışan işçi cari il ərzində məzuniyyət hüququndan istifadə edə bilmir və əvəzində məzuniyyətin kompensasiyası üçün müraciət edir. Aprel ayında işçinin əməkhaqqı məbləği 400 manat, məzuniyyətin kompensasiyası isə 379 manat olub. Aprel ayında işçiyə cəmi 779 manat gəlir hesablanıb. Bu halda işçinin əməkhaqqı məbləği vergi və sosial sığorta haqqına necə cəlb olunmalıdır? Əməkhaqqı məbləği və kompensasiya ayrılıqda hesablanmalı, yoxsa birlikdə vergi və sosial sığorta haqqına cəlb olunmalıdır?

Cari iş ilində istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda gəlir vergisinə və sosial sığorta haqqına cəlb olunur. Nümunəyə əsasən, müəssisə qeyri-neft və özəl sektora aid olduğu üçün əməkhaqqı 8.000 manatdan aşağı olduğuna görə, 2019-cu il yanvarın 1-dən 7 il müddətinə fiziki şəxslərin gəlir vergisi tutulmur. Dövlət və neft sektoru olsaydı ayrı-ayrılıqda cəlb olunacaqdı. Nəticədə 400 manat əməkhaqqı şəklində ayrılıqda, 379 manat isə kompensasiya şəkilində ayrılıqda sosial sığorta haqqına cəlb ediləcək.

Əməkhaqqından hesablanan sosial sığorta haqqı:

İşçidən: 200 x 3% = 6 manat;
200 x 10% = 20 manat;
Cəmi: 6 + 20 = 26 manat.

İşəgötürəndən: 200 x 22% = 44 manat;
200 x 15% = 30 manat;
Cəmi: 44 + 30 = 74 manat.

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyadan hesablanan sosial sığorta haqqı:

İşçidən: 200 x 3% = 6 manat;
379 – 200 = 179 manat;
179 x 10% = 17.9 manat;
Cəmi: 6 + 17.9 = 23.9 manat.

İşəgötürəndən: 200 x 22% = 44 manat;
179 x 15% = 26.85 manat;
Cəmi: 44 + 26.85 = 70.85 manat.

Misal 2

İşçi bankda kredit mütəxəssisi vəzifəsində 1 yanvar 2015-ci ildən fəaliyyət göstərir və müəyyən səbəblərdən 2019, 2020 vǝ cari iş ilinin məzuniyyətindən istifadə etməyib. Nəticədə onun cari tarixǝ 70 gün (30+30+10) istifadə edilməmiş məzuniyyəti vardır. İşçiyə əmək müqaviləsinə xitam verildiyi zaman müəyyən olunmuş qaydada 5.000 manat kompensasiya, 1.200 manat cari aya görə əməkhaqqı hesablanıb.

Fərz edək ki, hesablanmış 5.000 manat kompensasiyanın 2.000 manatı 2019-2020-ci iş ilinə görə (30 təqvim günü), 2.000 manatı 2020-2021-ci iş ilinə görə (30 təqvim günü) və 1.000 manatı cari iş ilinə görə (10 təqvim günü), cari ayda işlədəyi günlərə görə isə 1.200 manat əməkhaqqı hesablanıb. Əməkhaqqı və kompensasiyanın vergi vǝ sosial sığorta haqlarına cəlb edilməsinə aydınlıq gətirək.

Öncə qaydanı xatırlayaq:

Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə isitfadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda gəlir vergisinə və sosial sığorta haqqına cəlb olunur.

Deməli, 2019-2020-ci iş ili və 2020-2021-ci iş illərinə görə hesablanmış istifadə edilməmiş məzuniyyət haqqları hər il üzrə 2.000 manat olmaqla illər üzrə ayrılıqda, cari ilin kompensasiyası isə aprel ayının əməkhaqqına əlavə edilmədən ayrılıqda 1.000 və 1.200 manat şəklində vergi və sosial sığorta haqqına cəlb olunacaq. İş yerinin dövlət və ya özəl sektor olmasından asılı olaraq, hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manat azadolma məbləği çıxılacaq.

Misal 3

İşçi 27 iyun-6 avqust tarixlərində 40 günlük əmək məzuniyyəti hüququndan istifadə edib. Məzuniyyət haqqı məzuniyyətə çıxmamışdan öncə və birdəfəlik ödənildiyi üçün gəlir vergisinə cəlbedilmə hansı şəkildə olmalıdır?

Fərz edək ki, işçinin əməkhaqqı məbləği 800 manat, 40 günlük məzuniyyət üçün məzuniyyət haqqı isə 1.200 manatdır. İşçiyə iyun ayı üzrə 700 manat əməkhaqqı, 130 manat məzuniyyət haqqı, iyul ayı üzrə 910 manat məzuniyyət haqqı, avqust ayı üzrə isə 160 manat mǝzuniyyət haqqı, 700 manat əməkhaqqı hesablanıb.

Bu zaman hesablanmış məzuniyyət haqqından ayrı-ayrılıqda gəlir vergisi tutulmalıdır. Yəni, iyun ayında məzuniyyətə çıxmış işçinin aylıq gəliri iyun, iyul, avqust ayları üçün ayrı-ayrılıqda müəyyən edilərək hər bir ay üçün hesablanmış gəlirdən gəlir vergisi ayrı-ayrılıqda tutulmalıdır. Daha dəqiq desək, işçinin məzuniyyət günləri üçün hesablanmış məzuniyyət haqqı məbləğindən məzuniyyət günlərinin aid olduğu təqvim aylarına uyğun həmin ayların əməkhaqqı məbləği ilə birgə, son haqq-hesab zamanı isə son ilin istifadə edilməmiş məzuniyyəti ilə işlədiyi son ayın əməkhaqqı məbləği, əvvəlki illərin istifadə edilməmiş məzuniyyət günləri üçün hər bir məzuniyyət ili üzrə ayrı-ayrılıqda vergiyə cəlb edilməlidir.

Misalda göstərilən işçi iyun ayında 700 manat əməkhaqqı və 130 manat məzuniyyət haqqı şəklində cəmi 830 manat, iyul ayında 910 manat, avqust ayında da müvafiq olaraq 160 manat məzuniyyət haqqı, 700 manat isə əməkhaqqı olmaqla 860 manat işçinin ümumi gəliri olub. Bu halda, işçinin aylar üzrə vergiyə cəlb edilən gəliri iyun, iyul, avqust ayları üzrə, müvafiq olaraq, 830, 910, 860 manat olacaq. Məzuniyyət haqqı işçinin məzuniyyətə çıxmasından əvvəl köçürülsə də aylar üzrə vergiyə cəlb ediləcək.

Onu da qeyd edək ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsinə xitam verilərkən ödənilən birədəflik müavinətlər, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Mənbə: vergiler.az

Vergi Məcəlləsində və digər 10 qanunda dəyişiklik təsdiqlənib

Vergi Məcəlləsində və digər 10 qanunda dəyişiklik təsdiqlənib

posted in: Xəbər | 0

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Vergi Məcəlləsində və digər 10 qanundakı dəyişiklik III oxunuşda təsdiq edilib.

Həmin qanunlar “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlardır.

Xatırladaq ki, Prezident İlham Əliyevin 28 fevral 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın 8.4.1-ci yarımbəndində benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasının yaradılması üçün normativ hüquqi əsasların formalaşdırılması öz əksini tapıb.

Qanun layihəsi Milli Fəaliyyət Planının müvafiq tələbinə uyğun olaraq, beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Belə ki, qanun layihəsi hazırlanarkən Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 24-cü (hüquqi şəxslərin şəffaflığı və benefisiar mülkiyyətçiləri) və 25-ci (hüquqi təsisatların şəffaflığı və benefisiar mülkiyyətçiləri) Tövsiyələrinə istinad edilib. Həmin Tövsiyələr hüquqi şəxslərin və hüquqi təsisatların öz benefisiar mülkiyyətçilərini müəyyən etməsi, ölkə tərəfindən benefisiar mülkiyyətçilərə dair məlumat bazasının formalaşdırılması, o cümlədən bu prosesdə öhdəlik daşıyan şəxslərin hüquqi şəxs və hüquqi təsisat olan müştərilərinin benefisiar mülkiyyətçiləri barədə məlumatlarından istifadə edilməsi öhdəliyini müəyyən edir.

FATF-In 24-cü Tövsiyəsi benefisiar mülkiyyətçi məlumatlarının əldə oluna bilməsi üçün 3 fərqli mexanizmi nəzərdə tutur. Bu mexanizmlərdən biri, yəni öhdəlik daşıyan şəxslər tərəfindən müvafiq məlumatların əldə edilməsi tələbi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda təsbit olunsa da, digər iki mexanizm qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmayıb.

Bunlar hüquqi şəxslərin özləri tərəfindən benefisiar mülkiyyətçi məlumatlarının reyestrinin aparılması, hüquqi şəxslərin dövlət qeydiyyatı prosesində benefisiar mülkiyyətçilərin müəyyən edilərək reyestrin formalaşdırılması mexanizmləridir. Bu mexanizmlərin qanunvericilikdə təsbit edilməsi ilə qeyd edilən beynəlxalq standartların qanunvericiliyə implementasiyası həyata keçiriləcək.

Beləliklə, qeyd olunanlar nəzərə alınmaqla, qanun layihəsi aşağıda göstərilən məsələlərə dair hüquqi mexanizmlərin yardılmasını nəzərdə tutur:

  • hüquqi şəxslərin dövlət qeydiyyatı mərhələsində yaradılacaq hüquqi şəxsin benefisiar mülkiyyətçisinə (mülkiyyətçilərinə) dair məlumat və sənədlərin təsisçilər tərəfindən səlahiyyətli dövlət orqanına təqdim edilməsi;
  • maliyyə institutlarının lisenziyalaşdırılması mərhələsində təsisçi xarici hüquqi təsisat olarsa, bu barədə məlumatların səlahiyyətli dövlətorqanına təqdim edilməsi;
  • təqdim edilmiş məlumat və sənədlərin benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasına daxil edilməsi;
  • benefisiar mülkiyyətçilərin reyestrinə daxil edilmiş məlumatların həqiqiliyinin maliyyə monitorinqi orqanı tərəfindən yoxlanılması.

Layihənin qəbul edilməsi ilə hüquqi şəxslərin benefisiar mülkiyyətçilərinə dair dürüst, dəqiq, yenilənmiş məlumatları əks etdirən mərkəzləşdirilmiş məlumat bazasının formalaşdırılması təmin ediləcəkdir, bu isə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin effektivliyinin artmasına xidmət edəcək.

Mənbə: report.az

Peşəkar Mühasib Sertifikatı imtahanları elektron formada təşkil olunur

1 195 196 197 198 199 200 201 2. 681
error: Content is protected !!