Xəzinədarın əmək funksiyası nədir və nələri bilməlidir?

posted in: Xəbər, Xəzinədar | 0

Xəzinədarın əmək funksiyasıXəzinədarın əmək funksiyası nədir və nələri bilməlidir?

Əmək funksiyası. Xəzinədar pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirir. Fəhlə və qulluqçuların əmək haqqı və mükafatlarının verilməsi, ezamiyyət və digər xərclərin ödənilməsi üçün müəyyən olunmuş qaydaya uyğun olaraq dövlət bankı idarələrindən rəsmiləşdirilmiş sənədləri, pul vəsaitlərini və qiymətli kağızları alır. Mədaxil-məxaric sənədlər əsasında kassa kitabçasını aparır, pulun və qiymətli kağızların faktiki məbləğini kitabçadakı qalıqla yoxlayır, kassa hesabatını tərtib edir.

Həmçinin bax: Mühasib təftişçinin əmək funksiyası nədir və nələri bilməlidir?

Bilməlidir: kassa əməliyyatını aparmaq üçün əsasnamə, təlimat, rəhbər materialları və başqa normativ sənədləri; kassa və bank sənədlərinin formalarını; pul vəsaitlərinin və qiymətli kağızların qəbulu, verilməsi, hesabı və mühafizəsi qaydalarını; mədaxil-məxaric sənədlərinin rəsmiləşdirmə qaydalarını; dövlət bankı tərəfindən müəssisə, idarə və təşkilatlar üçün təyin edilmiş kassada olan qalıqların limitini, onun mühafizəsinin təmin olunma qaydasını; kassa kitabçasının aparılması və kassa hesabatının tərtibi qaydasını; hesablama texnikasının istismarı qaydasını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ümumi orta təhsil və xüsusi təlim;

3-cü dərəcə: xəzinədar vəzifəsini yerinə yetirdikdə;

4-cü dərəcə: böyük xəzinədar vəzifəsini yerinə yetirdikdə.

Həmçinin bax: Mühasib peşəsinin incəlikləri

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu ölkədə əcnəbilərdən əlavə vergi tutulacaq

posted in: Vergi, Xəbər | 0

vergiQazaxıstanda turizm imkanlarının təbliğinin genişləndirilməsi məqsədilə çəkilən xərclərin qarşılığı olaraq, hökumət turistlər üçün yeni vergi tətbiq olunmasını ictimaiyyətlə müzakirə edir.

Mədəniyyət və idman nazirinin müavininin məsləhətçisi Yerkebulan Hasenov Sahibkarların Milli Palatasında turizmin inkişafına həsr edilmiş çıxışında bildirmişdir ki, Qazaxıstan marketinq və turistlərin cəlb edilməsi üçün ölkənin tanıdılması sahəsində bir çox dövlətlərdən, eləcə də öz rəqiblərindən geri qalır: «Hazırda  dünyada Qırğızıstan, Özbəkistan, Azərbaycan, Monqolustan haqqında daha çox bilirlər, nəinki Qazaxıstan barədə. Mən hələ heç Gürcüstanı demirəm. Bütün bunlar adı çəkilən ölkələrin bu məsələyə əsaslı yanaşmasının nəticəsidir və onlar özlərinin tanıdılmasına daha çox vəsait xərcləyirlər.

Bax: Vergi Məcəlləsində gözlənilən dəyişikliklər həyatın yaşam sığortasının populyarlığına mənfi təsir göstərməyəcək

Məsələn, Gürcüstanın özünü tanıtmaq üçün ayırdığı büdcə Qazaxıstanda 2017-ci il üzrə marketinq üzrə ayrılan büdcədən 14 dəfə çoxdur. Çexiyada və Birləşmiş Ərəb Əmirliklərində turizm imkanlarının təqdim edilməsinə bizdəkindən 40 dəfə çox  pul xəclənir. Ona görə də biz bu sahəyə vəsait ayırmayınca bir ölkə kimi bizi tanıyan olmayacaq».

V.Hasenov onu da diqqətə çatdırmışdır ki,  bu sahədə qabaqcıl təcrübəyə malik ölkələrin marketinq üzrə orta büdcə göstəricilərinə yaxınlaşmaq üçün hazırkı büdcəni 1 milyon dollardan 6-7 milyon dollara çatdırmaq tələb olunur. Həmin vəsaiti əldə etmək üçünsə «Bed Tax» deyilən gecələmə vergisinin tətbiqi təklif edilmişdir. Turist yığımlarından əldə edilən əlavə vəsaiti isə marketinq və tanıtma xərclərinə yönəltmək olar: «İlk mərhələdə biz yalnız xarici ölkə vətəndaşlarından bir gecə üçün 2 dollar vəsait yığılmasını  nəzərdə tuturuq. Bu addımın atılması sayəsində hər il 4-5 milyon dollar əlavə vəsait əldə etmək mümkün olacaq».

Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi Məcəlləsində gözlənilən dəyişikliklər həyatın yaşam sığortasının populyarlığına mənfi təsir göstərməyəcək

posted in: Vergi, Xəbər | 0

Azərbaycan Sığorta Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli maliyyə və sığorta sektorunda baş verən proseslər, gələcək planlarla bağlı “Report”un suallarını cavablandırıb:

– Mustafa müəllim, 2019-cu ildə yeni Vergi Məcəlləsinin qüvvəyə minəcəyi gözlənilir. ASA rəhbəri olaraq öncə mümkün yeniliklərə dair fikrinizi bildirməyinizi xahiş edirik.

– Gözlənilir ki, yeni ildən, yəni 2019-cu ilin yanvarından vergilərlə bağlı yeni qanun layihəsi qəbul olunsun, nəticədə işçilər və işə götürənlərin ödədikləri gəlir vergisi, sosial müdafiə fonduna ayırmalar və işsizlikdən sığorta üzrə ödəmələrdə dəyişiklik baş versin və vahid ödəmə sisteminə keçilsin. Hazırda bu barədə qanun layihəsi mövcuddur, həmin layihənin bu formada qəbul olub-olmaması ilə bağlı suallar var. Amma layihəyə əsasən deyə bilərəm ki, gözləntilərə görə, işçinin əməkhaqqı 8 min manata qədər olduğu təqdirdə işçi və işəgötürənin birgə ödəyəcəyi məbləğ 26%-ə bərabər olacaq. Maaş 8000 manatdan yuxarı olduğu təqdirdə isə bu göstərici 26% deyil, 40% olacaq. Neft sektorunda isə maaşın məbləğindən asılı olmayaraq bu vahid ödəmənin 40% olacağı gözlənilir.

– Hazırda bir çox insanlar həyatın yaşam sığortası adlı həyat sığortası məhsuluna qoşulmaqla aylıq əmək haqlarını şəxsi sığorta hesablarına yönləndirir və müəyyən dövrdən sonra həmin vəsaitləri əldə edirlər. Qeyd olunan vergi islahatları, bu həyat sığortası məhsuluna və bütövlükdə sığorta sektoruna necə təsir edəcək?

– Öncə bilməyənlər üçün aydınlıq gətirim ki, həyatın yaşam sığortası adlı yığım investisiyası məhsulu 2011-ci ildən mövcuddur. Məhsulun mahiyyəti ondan ibarətdir ki, hər bir işçi çalışdığı müəssisədə aldığı aylıq əmək haqqını vergi və sosial sığorta tutulmaları ilə birlikdə öz fərdi sığorta hesabına yönləndirə və müəyyən dövrdən sonra həmin vəsaiti əldə edə bilər. Bir çoxları bir vacib məqamı unudur ki, bu məhsul investisiya xarakterli olmaqla bərabər, ilk növbədə həyat sığortası məhsuludur. Belə ki, sığortalanan şəxs öz həyat sığortası hesabına köçürdüyü aylıq vəsaitlərin cəmi qədər müqavilənin qüvvədə olduğu müddət ərzində həyatını sığortalamış olur. Başqa sözlə, sığorta müddətində sığortalı dünyasını dəyişərsə, o zaman sığorta müddəti ərzində toplanacaq vəsait həmin şəxsin ailəsinə ödəniləcək. Yəni sığortalanan şəxs üçün bu məhsul yaşam halında investisiya və qazanc, ölüm halında isə sığorta və güvən mənbəyidir. Bu baxımdan Məcəllədə baş verən dəyişikliklərin bu məhsulun populyarlığına mənfi təsir göstərəcəyini gözləmirəm. Əksinə, mən hesab edirəm ki, bu dəyişiklik məhsula olan diqqəti daha da artıracaq.

– Nəyə görə bu cür fikirləşirsiniz?

– Baxın, bu məhsulu həyat sığortası şirkətləri 2011-ci ildən müştərilərə təqdim edir. 7 il vaxt keçməsinə baxmayaraq, indiyə qədər cəmi 10 min nəfər ondan faydalanıbr. Bunun bir neçə səbəbi var, ən vacib 2 səbəbi vurğulamaq istəyirəm. Birincisi, həyatın yığım sığortası ilə bağlı mövcud qanun layihəsində istifadə olunan bəzi ifadələr qanun maddəsinin fərqli şərhlərinə yol açır. Bu isə bəzi şirkətləri öz əməkdaşlarını bu məhsuldan faydalanmaq və işçinin xeyrinə sığorta hesabına köçürmələr etməkdən çəkindirirdi. Gözlənilən islahatlar nəticəsində bu ikili şərhlərin aradan qaldırılması nəinki özəl şirkətləri, eyni zamanda dövlət müəssisələrini də bu məhsuldan faydalanmağa sövq edəcək. Artıma işarə edən digər bir səbəb isə yeni ildən aparılacaq digər vergi islahatları nəticəsində əmək haqlarının “ağarması” və rəsmi əmək haqlarının həcminin artması olacaq.

– Həyatın yığım sığortasının gəlirliyinin dəyişməsi barədə nə deyə bilərsiniz?

– Əgər sual vergi və sosial sığorta tutulmalarının cəminin azalması nəticəsində yığım sığortasına toplanan vəsaitin azalmasından gedirsə, bu fərq cüzi olacaq, ona görə də bu məhsula gəlir kimi baxan həmvətənlərimiz narahat olmaya bilər. Əgər sual bununla bağlı hər hansı məhdudiyyətlərin olacağından gedirsə, əksinə düşünürəm ki, qeyd etdiyim kimi gözlənilən dəyişikliklər nəticəsində ümumi həm özəl, həm də dövlət müəssisələrinin əməkdaşları bu məhsulun üstünlüklərindən faydalanması nəticəsində ümumi yığım göstəriciləri ciddi şəkildə artacaqdır.

– Müştərilərə faydalarını geniş izah etdiniz. Sizcə dövlətin bu məhsulun inkişafında marağı nədən ibarətdir?

– Dövlət üçün həyatın yaşam sığortasınn 2 əsas üstünlüyünü vurğulamaq istərdim. İlk növbədə, məhsula qoşulan şəxslərin köçürdükləri vəsaitlər minimum 3 il müddətində yığım hesabında toplanır, həyat sığortası şirkətləri isə bu vəsaitləri ölkə daxilində müxtəlif maliyyə alətlərində yerləşdirirlər. Nəticədə həmin vəsaitlər özəl və dövlət maliyyə qurumları tərəfindən iqtisadiyyata yönləndirilir və bu iqtisadi aktivliyin artmasına müsbət təsir göstərir. İkinci vacib üstünlük isə ölkə əhalisinin həyat sığortasına olan güvəninin artması və maliyyə alətlərindən istifadənin təşviq edilməsidir ki, bu da uzunmüddətli perspektivdə çox böyük əhəmiyyət kəsb edir.

Mənbə: report.az

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası (Suallar-Cavablar)

posted in: Xəbər | 0

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasıHərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında qanunun tətbiqi ilə bağlı meydana çıxan əksər sualların bir yazıda cavablandırılmasını təmin etmək qərarına gəldiyimiz üçün bu yazını diqqətinizə çatdırırıq.

Mövzuya keçməzdən əvvəl xatırladaq ki, qanun 1997-ci il 20 may tarixlidir. Qanun hərbi qulluqçuların hərbi xidmət dövründə aldıqları xəsarət (travma, kontuziya) ilə əlaqədar sağlamlıqlarına dəymiş zərərin əvəzinin kompensasiyası ilə əlaqədar başlıca münasibətləri tənzimlədiyindən mövzu çərçivəsində başlıca məsələləri izah etməyə çalışmışıq.

Bax: Hansı hallarda cəzalana bilərik? (Sanksiyalar və həlləri)

Hansı sığorta şirkətinə müraciət olunmalıdır?

– Bu qanundan irəli gələn münasibətləri tənzimləyən sığorta şirkəti qismində Dövlət Sığorta Kommersiya Şirkəti çıxış edir.

Hansı şəxslər bu qanun çərçivəsində hərbi qulluqçu sayılır?

– Qanunun məqsədləri üçün hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər.

Hərbi qulluqçular hansı məbləğ həddində sığorta olunub?

– 11 min AZN məbləğ həcmində

Bax: Sosial şəbəkələrdə olan reklamlara görə Qeyri-rezidentə ödənişlər ƏDV bəyannaməsində necə əks etdirilməlidir?

Hansı hadisələrə görə və hansı məbləğdə ödəniş verilir?

Hərbi qulluqçu…

a) həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə – 11 min AZN

b) həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə – 11 min AZN

c) həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) – 11 min AZN

ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda – əlilliyin dərəcəsinə görə

– I qrup əlilliyə görə — 8800 AZN

– II qrup əlilliyə görə — 6600 AZN

– III qrup əlilliyə görə — 4400 AZN

Burada diqqət yetirilməli başlıca məqam əlilliyin həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində təyin olunmasıdır. Əks təqdirdə hadisə sığorta hadisəsi hesab edilməyə bilər. Belə olduğu təqdirdə ödənişdən imtina edilir.

d) həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, digər bəndlərdə nəzərdə tutulmuş hallarla nəticələnməyən:

– ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 2750 AZN

– yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 550 AZN

Bu hadisələrin baş verməsi mütləq qaydada hərbi qulluqçunun hərbi xidmət dövründə aldığı xəsarətlərlə bağlı olmalıdır.

Ödənişi almaq üçün kim müraciət edə bilər?

– Hərbi qulluqçunun özü və ya vərəsələri

Sənədləri kim toplamalıdır?

– Sənədləri ödənişi alacaq şəxs toplayıb sığorta şirkətinə təqdim etmək öhdəliyi daşıyır.

Hansı sənədlər verilməlidir?

– Sənədlərin dəqiq siyahısı yuxarıda adıçəkilən qanunun 7-ci maddəsində təsbit olunmuşdur.

link: http://e-qanun.az/framework/3896

Bax: ƏDV bəyannaməsinin 307-ci sətrində, sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrə aid borcun daxil olması qeyd edilməlidir?

Ödəniş verilməsindən hansı hallarda imtina edilə bilər?

Hərbi qulluqçunun…

– ödəniş verilməsi üçün müəyyən edilmiş hadisə ilə bağlı olan qəsdən cinayət törətməsi barədə məhkəmə hökmü olması halında

– alkoqol, psixotrop maddə və digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə hərəkət etməsi halında

– qanuni sənədlər təqdim edilmədikdə

Mövzu çərçivəsində onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli fərmanı da bu şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün mütərəqqi normativ aktlardan biridir.

Həmin fərmana görə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi müəyyən edildi.

Bu ödənişi almaq üçün hansı quruma müraciət olunmalıdır?

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə

Onu da xatırladaq ki, 1997-ci il 20 may tarixli qanunu qüvvəyə minənədək həlak olmuş və ya xəsarət almış şəxslərə sığorta şirkəti tərəfindən ödənişin verilməsi barədə Konstitusiya Məhkəməsinin 28.01.2014-cü il tarixli Plenum qərarı mövcuddur. Həmin qərardan irəli gələn məsələlərin bir hissəsi artıq 2018-ci ildə adıçəkilən fərmanla təmin olunmuşdur.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.