Read More9
Read More9

Atası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi?

posted in: Xəbər | 0

2014-cü ildən mülkiyyəti təsdiq edən sənədlə (çıxarış) Sumqayıt şəhərində adıma olan fərdi yaşayış evində ailəmlə birlikdə yaşayıram. Atam təqaüdçüdür və 3-cü qrup əlilliyi var. Belə olan halda, mənə əmlak vergisindən güzəşt şamil edilirmi? Əks halda, nə qədər əmlak və torpaq vergisi ödəməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsində əlilliyi olan şəxslər üçün müəyyən güzəştlər nəzərdə tutulub. Məcəllənin 197.1.1-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslər xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərinə və ya onların hissələrinə görə əmlak vergisi ödəyicisi hesab edilirlər.

Xidmətdən bildirilib ki, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Vergi Məcəlləsinin 102.2-ci maddələrində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.

Qeyd olunub ki, fiziki şəxsin xüsusi mülkiyyətində olan və Bakı şəhərində yerləşən yaşayış evinə görə əmlak vergisi həmin evin ümumi sahəsinin 30 kvadratmetrindən artıq olan hissəsinin hər kvadratmetrinə 0,4 manat və həmin dərəcələrə Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli 101 nömrəli Qərarı ilə müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq, torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanılır. Fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə, yaxud digər əsaslarla istifadəsində olan torpaq sahələri torpaq vergisinin vergitutma obyekti sayılır. Həmçinin, Vergi Məcəlləsinin 207.2-ci maddəsinə əsasən, mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləğinin 10 manat azaldılması ilə bağlı güzəşt müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə şamil edilir.

Vergi Məcəlləsinin 208.2-ci maddəsinə əsasən, həmin vergini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına təqdim edirlər. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq çatdırılır.

Sorğuya cavab olaraq Dövlət Vergi Xidmətindən bildirilib ki, həmin güzəştlər mükliyyətçi olan şəxslərə tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 197-ci, 198-ci, 208-ci maddələri

Mənbə: vergiler.az

Güzəştli vergi tutulan ərazilərdən xidmət alınan zaman vergi hansı məbləğdən hesablanmalıdır?

25 illik təcrübəyə malik vergi sistemi yeni transformasiya şəraitində…

posted in: Xəbər | 0

11 fevral vergi işçilərinin peşə bayramıdır. Bu tarix Azərbaycanda vergi xidmətinin yaradılması ilə əlamətdardır. Bu gün həmin vaxtdan 25 il keçir.

Azərbaycanın müasir vergi sistemi

Azərbaycan müstəqillik əldə etdikdən sonra Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılıb. 1991-ci ilin oktyabrından etibarən öz fəaliyyətini müstəqil orqan olaraq Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi davam etdirib və 11 fevral 2000-ci il tarixli Prezident fərmanı ilə onun bazasında Vergilər Nazirliyi yaradılıb. 23 oktyabr 2019-cu ildən etibarən isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fəaliyyət göstərir. Dövlət Vergi Xidməti ölkədə aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edir və bu sahədə dövlət nəzarətini həyata keçirir.

Vergi sisteminin 25 illik fəaliyyəti dövründə iqtisadiyyatda başlanan inkişaf meyillərini və sahibkarlara verilən dövlət dəstəyini sürətləndirmək məqsədilə ölkədə biznesin fəaliyyəti üçün cəlbedici vergi mühiti yaradılıb. Vergi yükü azaldılıb, vergilərin sayı və dərəcələri optimallaşdırılıb, sahibkarlıq üçün əlverişli iqtisadi mühit formalaşdırılıb. Ölkəmizin sosial-iqtisadi inkişaf hədəflərinə uyğun olaraq, müxtəlif vaxtlarda vergi islahatları paketi hazırlanıb və bununla bağlı Vergi Məcəlləsində dəyişikliklər edilib.

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın müasir tələblərinə uyğun daim təkmilləşdirilir. Sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyində bir sıra dəyişikliklər edilib. Son illər Azərbaycanın vergi qanunvericiliyi təkcə fiskal məqsədlərə deyil, həm də iqtisadiyyatın inkişaf etdirilməsi, ayrı-ayrı fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması, sosial sahələrin dəstəklənməsi kimi məqsədlərə də xidmət edir. Bazar iqtisadiyyatına keçid şəraitində məqsədyönlü və ardıcıl iqtisadi siyasətin həyata keçirilməsində, ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti orqanlarının rolu getdikcə artır.

Dayanıqlı fiskal artım və biznes mühitinə töhfələr

Vergi sistemində aparılmış islahatlar vergi daxilolmalarının davamlı şəkildə artmasını təmin edir. Azərbaycanın vergi sisteminin və inzibatçılığının rəqabətə davamlı olması üçün vergi sistemində beynəlxalq təcrübənin tətbiqi məsələləri daim diqqətdə saxlanılır, bu məqsədlə beynəlxalq əlaqələr genişləndirilir. Biznesin davamlı olaraq şəffaflaşması dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasına ciddi töhfə verir. 2024-cü il ərzində Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 15 milyard 808 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 538 milyon manat çoxdur. Qeyri-neft-qaz sektorunda daxilolmalar 11 milyard 27,4 milyon manata yaxın təşkil edib, büdcəyə proqnozdan əlavə 337,3 milyon manatdan artıq vəsait daxil olub. 2023-cü il ilə müqayisədə bu sektordan vergi daxilolmaları 1,3 milyard manat və ya 13,6 faiz artıb. Ödənilən vergilərin 69,8 faizi qeyri-neft-qaz sektorunun, 30,2 faizi isə neft-qaz sektorunun payına düşüb.

Xüsusilə qeyri-neft-qaz sektorundan daxilolmaların artması vergi islahatlarının ölkə iqtisadiyyatının diversifikasiya prosesinə töhfələrinin nəticəsi kimi səciyyələnir. Qeydə alınan bu göstəricilər həyata keçirilən iqtisadi islahatların, səmərəli vergi inzibatçılığının və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir. Əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, şəffaf münasibətlərin qurulması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımların böyük rolu var.

“Kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin “ağarması” prosesi də son illər sürətlənib. Bu, bəyan edilən dövriyyələrdə, ticarət əməliyyatlarında sənədləşmənin səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlanmış əmək müqavilələrinin sayında özünü büruzə verir. Dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, iqtisadi artımın bərpasında vergi təşviq alətlərindən fəal istifadə, vergi ödəyicilərinə xidmətlərin çeşidinin və biznesin fəaliyyətinə effektiv vergi nəzarətinin qurulmasında rəqəmsallaşmanın genişləndirilməsi vergi orqanlarının fəaliyyətinin başlıca prioritetlərindəndir.

Vergi orqanlarında aparılan islahatların effektiv nəticələrindən biri də əmək bazarında son illər müşahidə edilən leqallaşmadır. 2019-cü ildən etibarən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əməkhaqqının 8 min manatadək olan hissəsi gəlir vergisindən 7 il müddətinə azad edildi və güzəştin tətbiqi və fiskal stimullar nəticəsində qeyri-dövlət bölməsində yeni əmək müqavilələrinin sayı 82 faizdən çox artdı. İslahatların nəticələri Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirildi. Universitetin “Growth Lab” Mərkəzi ölkəmizin iqtisadiyyatı üzrə aparılan diaqnostik qiymətləndirmə layihəsi çərçivəsində əmək bazarında həyata keçirilən islahatların nəticələrini təhlil etdi və bu məsələdə Azərbaycanın uğur hekayəsini müsbət nümunə kimi göstərdi. Əmək bazarında əldə edilən bu nəticələr iqtisadiyyatın şəffaflaşması ilə yanaşı, başlıca olaraq sosial rifaha və əhalinin hüquqlarının qorunmasına xidmət edən müsbət tendensiyanı ehtiva edir.

Azərbaycanda vergi siyasəti biznes subyektlərinin fəaliyyətinə dəstək verən əsas iştirakçı kimi iqtisadi aktivliyi fəal təşviq edir. Vergi güzəştləri sahibkarlara səmərəli fəaliyyət üçün geniş imkanlar yaradır. “Ələt azad iqtisadi zonası haqqında” Qanuna əsasən, azad zona səlahiyyətli qurumu, inzibati müəssisələri və səlahiyyətli qurumun qəbul etdiyi daxili qaydalarda müəyyən edilən hallarda azad zonada fəaliyyət göstərən hüquqi şəxslər buradakı fəaliyyətlərinə aid bütün vergilərdən azaddırlar. İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunublar. İnvestisiya fəaliyyətinin cəlbediciliyinin artırılması üçün kifayət qədər geniş təşviqlər sistemi mövcuddur. “Yaşıl iqtisadiyyat”ın, innovasiyaların, xarici investisiyaların təşviqi istiqamətində də vergi güzəştləri mövcuddur. Bütün bunlar biznes subyektlərinin fəaliyyətinə fəal dəstək sərgiləyir. Belə ki, 2023-cü il ərzində işğaldan azad edilmiş ərazinin rezidenti statusuna malik olan 12 vergi ödəyicisi Vergi Məcəlləsinin 227.1-ci maddəsində nəzərdə tutulmuş güzəştlərdən yararlanaraq ümumilikdə dövlət büdcəsinə 2023-cü il ərzində 3,4 milyon manat, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində isə 3,7 milyon manat daxilolmanı təmin edib. İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilən idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər indiyədək 501 milyon manatdan çox maliyyə vəsaitinə qənaət ediblər.

Vergi sistemi həm də innovativ layihələrin həyata keçirilməsi ilə diqqəti çəkir. Bu kateqoriyadan olan “ƏDV geri al” layihəsi şəffaflaşma prosesini ictimai iştirakçılığı cəlb etməklə təmin edən unikal imkanlar yaradır. 2020-ci ilin may ayından etibarən həyata keçirilən “ƏDV geri al” layihəsində cəmiyyət böyük maraqla iştirak edir. Layihə fiskal stimulların verilməsi ilə ticarət obyektlərində dövriyyələrin şəffaflaşmasına və iqtisadiyyatın “ağarmasına” təkan verir.

Azərbaycanın vergi sisteminə beynəlxalq etimad da yüksək səviyyədədir. Belə ki, ötən ilin iyun ayında 2024-2025-ci illər üzrə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidentliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilib. Bu etimad ölkəmizin vergi sisteminə olan inamın təzahürüdür. Çünki bu mötəbər beynəlxalq təşkilata rəhbərlik qlobal biznes mühitində mühüm rola malik, mütərəqqi və dəyişikliklərə çevik uyğunlaşan vergi sistemlərinə etibar edilir. Beynəlxalq təşkilata sədrlik qlobal ictimai maraqlara xidmət etməklə beynəlxalq vergi siyasətinə təsir göstərmək, faydalı təşəbbüslər irəli sürmək və iqtisadi sabitliyə töhfə vermək imkanı yaradır.

Vergi sisteminin yeni inkişaf hədəfləri

Azərbaycanın vergi sistemində formalaşmış bu ənənələr yeni çağırışlar şəraitində müasir transformasiya yoluna qədəm qoyub. Dövlətimizin milli inkişaf və sosial-iqtisadi inkişaf prioritetlərinə əsaslanaraq Dövlət Vergi Xidməti tərəfindən də inkişaf strategiyası hazırlanıb. Ortamüddətli dövrdə həyata keçiriləcək strategiya vergi yığımlarını təmin etməklə yanaşı, vergi inzibatçılığının sadələşdirilməsinə, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimad mühitinin formalaşmasına, könüllü əməletmənin təşviqinə və təşkilatın hərtərəfli inkişafı üçün səriştələrin artması istiqamətində fəaliyyətlərin icrasına yönəldilib. Sahibkarlığın inkişafına göstərilən dəstəyin artırılması, biznes mühitinin əlverişliliyinin təmin edilməsi, dövlət-özəl tərəfdaşlığının təşviqi mühüm hədəflər sırasında yer alır. Strategiyanın əsas məqsədi investisiya və rəqabət mühitini təşviq etməklə bərabər, vergidən yayınmaqla qanunsuz vergi üstünlüyü əldə etməyə çalışan şəxslərin biznes cəmiyyətinə zərər vurmasının qarşısını almaq, ümumi məqsədə – inklüziv və dayanıqlı iqtisadi artıma nail olmaq üçün səmərəli, əlaqələndirilmiş və ardııl addımları təmin etməkdir.

Göründüyü kimi, 25 illik inkişaf tarixini qət edən Azərbaycanın vergi sistemi üçün yeni hədəflər müəyyənləşdirilib. Keyfiyyətcə yeni mərhələyə transformasiyanın mahiyyətini şəffaf fəaliyyət, etimad mühiti və hərtərəfli inkişaf təşkil edir. Vergi sistemində aparılan islahatlardan əldə edilən nəticələr və yeni hədəflər vergi orqanlarının bundan sonra da ölkəmizin sosial-iqtisadi tərəqqisinə mühüm töhfələr verəcəyinə əsaslı bünövrə yaradır.

Mənbə: vergiler.az

2025-ci il üçün sonuncu vergi güzəştləri hansılardır?

Güzəştli vergi tutulan ərazilərdən xidmət alınan zaman vergi hansı məbləğdən hesablanmalıdır?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən, güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə və güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb olunması belə müəyyən edilib: Vergi Məcəlləsinin digər müddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulur. Bəs həmin vergi ilkin məbləğdən, yoxsa Məcəllənin digər tələbləri ilə 10% vergi tutulduqdan sonra qalan məbləğdən tutulmalıdırmı? 

Mövzu ilə bağlı  sualına iqtisadçı ekspert Anar Bayramov nümunələr əsasında aydınlıq gətirir:

Tutaq ki, Azərbaycan rezident şirkəti Bakı şəhərində tikiləcək inzibati bina üçün beynəlxalq şirkətdən 100.000 ABŞ dolları dəyərində layihə-dizayn xidməti alır. Qeyri-rezidentin Azərbaycan şirkətinə göstərdiyi bu xidmətə görə əldə etdiyi gəlir Vergi Məcəlləsinin 13.2.16.18-ci maddəsinə görə Azərbaycan mənbəyindən əldə edilmiş gəlirdir. Belə olduğu təqdirdə, bu gəlir Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən 10% dərəcəsi ilə ödəmə mənbəyində vergiyə cəlb edilir. Yəni, Azərbaycan şirkəti qeyri-rezidentin 100.000 USD gəlirindən 10.000 USD vergi tutaraq büdcəyə ödəyir:
100.000 x 10% = 10000 USD.

Həmçinin, məlum olur ki, qeyri-rezident şirkət Honkonqda qeydiyyatdan keçib və şirkətin bank hesabı da Honkonqdadır. Belə olan təqdirdə, Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən, qeyri-rezidentin gəlirindən əlavə olaraq 10% dərəcəsi ilə vergi tutulub büdcəyə ödənilməlidir.

Lakin burada xüsusi olaraq diqqət edilməli məqam var. Güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə ödənişlər aparılarkən Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən, 10% ödəmə mənbəyində vergi müqavilə üzrə xidmətlərin ümumi dəyəri olan 100.000 USD-dən tutulmalıdır, yoxsa Məcəllənin 125.1.5-ci maddəsinə uyğun olaraq 10% ödəmə mənbəyində vergi tutulduqdan sonra qeyri-rezidentə köçürüləcək qalıq məbləğ 90.000 USD-dən tutulmalıdır?

Cavab olaraq bildirmək istəyirik ki, birmənalı olaraq offşor ərazilərə ödəniş edilərkən ödəmə mənbəyində vergi Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən, 10% dərəcəsi ilə ödəmə mənbəyində vergi tutulduqdan sonra qeyri-rezidentə köçürüləcək 90.000 USD-dən tutulmalıdır. Çünki Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125-1-ci maddələrində qeyd edilir ki, güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) vergi ödəyicilərinə, güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlər ödəmə mənbəyində vergiyə cəlb edilir.

Fərz edək ki, qeyri-rezident şirkət Türkiyədə qeydiyyatdan keçib. Türkiyə şirkəti tələb edir ki, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən, 10.000 USD ekvivalentində vergi tutulduqdan sonra qalan 90.000 USD məbləğin 85.000 USD məbləğində hissəsi Türkiyədə yerləşən bank hesabına, 5.000 USD məbləğində hissəsi isə Honkonqda yerləşən bankdakı hesabına köçürülsün. Belə olan təqdirdə, Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən, 10% dərəcəsi ilə ödəmə mənbəyində vergi ümumi müqavilə üzrə xidmətin dəyəri olan 100.000 USD məbləğindən deyil, faktiki olaraq Honkonqa köçürülən 5.000 USD məbləğdən 500 USD ekvivalenti kimi tutulub büdcəyə ödənilməlidir:
5000 x 10% = 500 USD.

Mənbə: vergiler.az

Hansı işçilərin əmək müqaviləsinin ləğv olunması qadağandır?

2025-ci il üçün sonuncu vergi güzəştləri hansılardır?

posted in: Xəbər | 0

Məlum olduğu kimi vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, Vergi Məcəlləsində başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Onu da qeyd etmək mümkündür ki, vergi və digər dövlət ödənişlərini vermək ölkə konstitusiyası ilə müəyyən edilmiş başlıca vəzifələrdən biri kimi müəyyən edilmişdir. Bununla yanaşı, dövlət tərəfindən fiziki və hüquqi şəxslərin statusu, əhalinin müəyyən həssas qruplarına, həmçinin sahibkarlıq fəaliyyətinə dəstəyin təmin edilməsi məqsədilə vergi və digər ödənişlər üzrə müəyyən güzəştlər və ya azadolmalar da tətbiq edilməkdədir. Bu mövzu çərçivəsində 2025-ci ilin sonuna başa çatan və dövlət tərəfindən qanunvericiliklə müəyyən edilmiş başlıca güzəşt və azadolmaların siyahısını təqdim edirik:

  • Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 8000 manatadək hissəsində gəlir vergisinin 0 faiz dərəcəsilə tutulması, həmçinin 200 manatadək gəlirlərindən 3%, 200 manatdan yuxarı hissədə 10% sosial sığorta haqqının tutulması
  • Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində bu sahə üzrə işləyən mütəxəssislərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisinin 8000 manatadək hissədə 0 faiz dərəcəsilə tutulması
  • Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə səlahiyyətli orqan tərəfindən verilən maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergidən azad olması
  • Media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsinin ƏDV-dən azad olması
  • Səlahiyyətli orqanın (qurumun) yaratdığı sənaye parkında digər səlahiyyətli orqanın müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq təsdiqedici sənəd əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalının 2026-cı il mayın 1-nə ƏDV-dən azad olması
  • Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində səlahiyyətli orqanın müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin ƏDV-dən azad olması
  • İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad olması
  • Səlahiyyətli orqanın (qurumun) təsdiqedici sənədi əsasında iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və materialların idxalının ƏDV-dən azad olması
  • Müvafiq təsdiqedici sənəd əsasında səlahiyyətli orqanın (qurumun) yenidən qurulması layihəsi çərçivəsində avadanlıqların və ehtiyat hissələrinin idxalının ƏDV-dən azad olması
  • Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq orqanının (qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq səlahiyyətli orqan (qurum) ilə razılaşdırdığı əmlaka görə  əmlak və torpaq vergisini ödəməkdən azad olma.

Qeyd etmək lazımdır ki, müvafiq güzəşt və azadolmalar üzrə müddətin uzadılması qanunvericilikdə düzəlişlər həyata keçirildikdən sonra mümkündür.

Müəllif: Praktiki Hüquqşünas | Şəhriyar Həbilov

2025-ci il üzrə işəgötürənin vergi və sığorta öhdəlikləri

1 219 220 221 222 223 224 225 2. 682
error: Content is protected !!