Bələdiyyəyə nə qədər vergi ödəməliyik? III HİSSƏ

posted in: Xəbər | 0

Yazının əvvəlki hissələri ilə buradan ( I HİSSƏII HİSSƏ) tanış olmaq olar.

Əvvəlki məqalələrdə vətəndaşların bələdiyyələrə ödəməli olduqları əmlak vergisi və hesablanması qaydalarını açıqladıq. Bəs bələdiyyələr torpaq vergisini necə hesablayıb toplamalıdırlar? Burada hər hansı güzəştlər nəzərdə tutulurmu? Bu və digər suallarımızı aydınlaşdırmaq üçün qanunvericiliyi incələməyə ehtiyac var.

Torpaq vergisinin dərəcələri Vergi Məcəlləsinin 206-cı maddəsi ilə tənzimlənir. Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir.

Kateqoriyalar, əmsallar

Vergi Məcəlləsinin 206.1-1-ci maddəsində göstərilib ki, müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qayda və meyarlar əsasında müəyyən edilir.

Vergi Məcəlləsinin 206.2-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, şərti balları müəyyənləşdirilir. Məcəllənin 206.3-cü maddəsində isə 206.1-ci və 206.1-1-ci maddələrdə nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə dərəcələri yer alıb:

Yaşayış məntəqələri Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla) Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla)
10.000 m²- dək olduqda 10.000 m²- dən yuxarı olan hissə üçün 10.000 m²- dək olduqda 10.000 m²dən yuxarı olan hissə üçün
Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri 10 20 0,6 1,2
Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri 8 16 0,5 1,0
Digər şəhərlər və rayon mərkəzləri 4 8 0,3 0,6
Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər 2 4 0,1 0,2

Torpaq vergisi belə hesablanır

Vergi mütəxəssisi, sərbəst auditor Altay Cəfərov bu gösrəticilər əsasında torpaq vergisinin hesablanması qaydasını nümunələrlə izah edib. Bildirib ki, hesablama zamanı Nazirlər Kabinetinin 2000-ci il 29 dekabr tarixli 230 №-li qərarı ilə təsdiq edilmiş “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları” nəzərə alınır. Həmin cədvəli bu linkdən əldə edə bilərsiz:

https://e-qanun.az/framework/233

Misal 1

Qəbələ rayonunun Əmirvan kəndində fiziki şəxsin mülkiyyətində II keyfiyyət qrupuna aid olan 3 hektar əkin sahəsi vardır. “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları”na əsasən, Qəbələ rayonunun daxil olduğu Şəki-Zaqatala kadastr qiymət rayonunun II keyfiyyət qrupu üzrə torpaqların 1 ha üçün şərti balı 150 müəyyən edilib. Bu halda, fiziki şəxsin 3 ha torpaq sahəsinə görə 27 manat torpaq vergisi hesablanır:
(150 x 0,06) x 3) = 27 manat.

Misal 2

İmişli rayonunun düzən torpağında fiziki şəxs 50 ha otlaq sahəsini istifadəyə götürüb. Muğan-Salyan kadastr qiymət rayonu üzrə İmişlinin düzən torpağında 1 ha otlaq sahəsinin şərti balı 9,8 (I keyfiyyət qrupunun şərti balı 98-in 1/10 hissəsi) təşkil edir. Bu halda, fiziki şəxsə 50 ha otlaq sahəsi üçün 29,4 manat torpaq vergisi hesablanır:
(9,8 x 0,06) x 50) = 29,4 manat.

Misal 3

Goranboy rayonunun tabeliyində olan Dəliməmmədli şəhərində fiziki şəxs 200 kv/m torpaq sahəsini ticarət-məişət xidmətlərinin göstərilməsi üçün istifadəyə götürüb. Fiziki şəxsə bu sahəyə görə 4 manat torpaq vergisi hesablanır:
(200 kv/m x 2 manat) : 100 kv/m = 4 manat.

Misal 4

Fiziki şəxsin Bakı şəhərinin Mərdəkan qəsəbəsində 10.500 kv/m bağ sahəsi vardır. Bağ sahəsinin 10.000 kv/m-dən artıq olduğu nəzərə alınaraq, torpaq vergisinin illik məbləği aşağıdakı kimi hesablanır:
10.000 kv/m-i üçün – 60 manat;
(10.000 x 0,6) : 100 = 60 manat.

Torpaq sahəsinin 10000 kv/m-dən yuxarı olan hissəsi üçün 6 manat;
10.500 – 10.000 = 500 kv/m;
(500 x 1,2) :100) = 6 manat;

Cəmi ödəniləcək məbləğ: 60 + 6 = 66 manat.

Misal 5

Vətəndaşın Bakı şəhərində kommersiya məqsədləri üçün istifadə olunan obyektin altında 5.000 kv/m torpaq sahəsi vardır. Onun ödəyəcəyi torpaq vergisinin hesablanması belə olacaq:
(5000 : 100) x 10 manat = 500 manat.

Torpaq vergisi üzrə güzəştlərə gəlincə, A.Cəfərov bildirib ki, bununla bağlı Vergi Məcəlləsinin 207-ci maddəsində bəzi azadolmalar və güzəştlər nəzərdə tutulub:

“Məcəllənin 207.2-ci maddəsinə əsasən, bu Məcəllənin 102.1-1-ci və 102.2-ci maddələrində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır. Onların siyahısı belədir:

  • Azərbaycan Respublikası Vətən Müharibəsi Qəhrəmanlarının;
  • Azərbaycan Respublikası Milli Qəhrəmanlarının;
  • Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
  • Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin;
  • Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlar (ərləri) və övladları;
  • 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər.

Tutaq ki, birinci misalda torpaq sahəsinin mükiyyətçisi müharibə ilə əlaqədar əlilliyi olan şəxsdir. Bu zaman onun üçün 2024-cü il üzrə hesablanmış 27 manat torpaq vergisi 10 manat azaldılaraq 17 manat illik torpaq vergisi hesablanacaq”.

Bəs bələdiyyələr torpaq vergisini necə toplayırlar?

Vergi Məcəlləsinin 208.3-cü maddəsinə əsasən, müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. Məcəllənin 208.5-ci maddəsində isə göstərilib ki, fiziki şəxslər tərəfindən torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.

A.Cəfərov əlavə edib ki, əmlak vergisində olduğu kimi, torpaq vergisi üçün də bələdiyyələr yanvar ayının ilk iş günündən başlayaraq son tarix kimi iyulun 1-dək tədiyə hesablamaları aparır və avqustun 1-nə kimi bildirişləri vətəndaşlara verilməlidir. Vətəndaşlar torpaq vergisini bərabər hissələrlə, yəni yarıbayarı 15 avqust və 15 noyabradək bələdiyyəyə nağdsız qaydada ödəməlidirlər.

Mənbə: vergiler.az

Heç bir fəaliyyəti olmayan fiziki şəxsə cərimə hesablana bilərmi?

Azərbaycanda biznesin qeydiyyatı prosesində islahatlar davam edir

posted in: Xəbər | 0

Azərbaycanda son illərdə biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm irəliləyişlər əldə olunub. Ölkə Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında “Biznesə başlama” indikatoru üzrə 190 ölkə arasında 9-cu yeri tutaraq bu sahədə dünyanın aparıcı ölkələri sırasına daxil olub. Bu nailiyyət biznesin qeydiyyat prosesinin sadələşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatların nəticəsidir.

Azərbaycan hökuməti sahibkarlıq fəaliyyətini sürətləndirmək və biznes üçün daha əlverişli mühit yaratmaq məqsədilə bir sıra vacib addımlar atıb. Buraya hüquqi şəxslərin dövlət qeydiyyatının elektronlaşdırılması, xarici investisiyalı kommersiya qurumlarının qeydiyyat prosesinin sadələşdirilməsi və məlumatların rəqəmsal sistemlər üzərindən inteqrasiyası kimi mühüm yeniliklər daxildir. Bununla belə, davamlı inkişafı təmin etmək üçün yeni və qabaqcıl təcrübələrin tətbiqi zəruridir. Bu məqsədlə Azərbaycan hazırda Dünya Bankının yeni “Business Ready” hesabatında mövqeyini daha da möhkəmləndirmək istiqamətində fəal iş aparır.

Mövzu ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəis müavini Hüsniyyə Abdullayeva ilə söhbətləşib.

Yüksək nəticəni qorumaq

H. Abdullayevanın sözlərinə görə, Azərbaycanda biznesə başlama sahəsində beynəlxalq qiymətləndirmə sonuncu dəfə Dünya Bankının 2020-ci ilədək tərtib etdiyi “Doing Business” hesabatı çərçivəsində aparılıb:

“Azərbaycan həmin hesabatda biznesin işə başlaması üzrə yaradılmış imkanlara görə dünyanın ilk onluğunda yer alıb. Biznesin qeydiyyatı prosesi üzrə ölkəmiz ən yaxşı beynəlxalq təcrübələrdən birinə malikdir. Bu, həqiqətən yüksək nəticə idi və təbii ki, Azərbaycan bu uğuru qorumağa çalışır”.

O bildirib ki, uzun fasilədən sonra Dünya Bankı Qrupu yeni qiymətləndirmə aparmağa başlayıb. Yeni metodologiya əsasında hazırlanacaq “Business Ready” hesabatı biznes mühitinin qiymətləndirilməsinə yönəlib.

“Bu istiqamətdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın, eləcə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi Qrupunun iştirakı ilə mühüm tədbirlər həyata keçirilib. Xüsusilə 2022-2023-cü illəri və ayrıca 2024-cü ili əhatə edən iki yol xəritəsi icra olunub”, -deyə H. Abdullayeva bildirib.

Onun sözlərinə görə, hər iki yol xəritəsi çərçivəsində Azərbaycanda biznesə daxilolmanın daha da asanlaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb:

  • Biznesin təsis edilməsi qaydalarının keyfiyyətinin artırılması və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması;
  • Biznesin qurulması üçün normativ-hüquqi bazada məhdudiyyətlərin minimallaşdırılması;
  • Startaplar üçün rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi və şəffaflığın artırılması;
  • Biznesin təsis edilməsi və əməliyyatların başlanması üçün onlayn xidmətlərin inkişaf etdirilməsi.

H.Abdullayeva əlavə edib ki, 2022-2023-cü illər üzrə yol xəritəsi çərçivəsində 6 komponent üzrə 30-a yaxın, 2024-cü ilin yol xəritəsi çərçivəsində isə 4 komponent üzrə 16 tədbir həyata keçirilib.

Vaxt itkisinin azaldılması ilə bağlı tədbirlər

Rəis müavini bildirib ki, hər bir islahat və yenilik uzunmüddətli təşkilati, hüquqi, institusional və texniki hazırlıq tələb edir:

“Bu proses bir neçə dövlət qurumunun koordinasiyalı fəaliyyətini və böyük həcmdə işin görülməsini əhatə edir. Biznes qeydiyyatının effektivliyinin artırılması məqsədilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupu çərçivəsində intensiv işlər aparılıb. Müzakirələr və razılaşdırmalar nəticəsində müvafiq qurumların birgə səyi ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda, Əmək, Mülki və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilib və təsdiqlənib”.

Onun sözlərinə görə, bu dəyişikliklər kommersiya qurumlarının dövlət qeydiyyatı sahəsində qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsinə xidmət edir. Bu çərçivədə, xarici və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib:

“Bu çox mühüm addımdır. Xarici investisiyalı MMC-lərin elektron qeydiyyatı zamanı işçilərlə ilk dəfə bağlanmış əmək müqaviləsi məlumatlarının e-ərizəyə daxil edilməsi və qeydiyyat prosesi başa çatdıqdan sonra həmin məlumatların ƏƏSMN-in e-informasiya sisteminə ötürülməsi təmin edilib. Bundan əlavə, elektron qeydiyyat zamanı hüquqi ünvanı təsdiq edən sənədin əlavə edilməsi tələbi aradan qaldırılıb. Artıq elektron dövlət qeydiyyatından xarici fiziki şəxslərlə yanaşı, xarici hüquqi şəxslər də istifadə edə bilər. Bu yeniliklər xarici investorlar üçün prosedurları sadələşdirir, investisiya mühitini daha cəlbedici edir və ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinə müsbət təsir göstərir”.

H.Abdullayeva qeyd edib ki, bu nəticəyə çatmaq üçün Dövlət Vergi Xidməti Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ilə koordinasiyalı fəaliyyət göstərib. O, xüsusilə xarici investisiyalı kommersiya qurumlarının qeydiyyatı sahəsində “Elektron apostil” layihəsinin həyata keçirilməsini və 2024-cü ildən yerli və xarici investisiyalı MMC-lərin təsis sənədlərində məlumat dəyişikliyinin elektron qaydada aparılmasını mühüm uğurlar kimi vurğulayıb:

“Bu yeniliklər sayəsində MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklər və qeydə alınmış faktların sonrakı dəyişikliyi elektron qaydada qeydiyyata alınır ki, bu da biznes üçün vaxt itkisini əhəmiyyətli dərəcədə azaldır. Əvvəllər yalnız yerli investisiyalı kommersiya hüquqi şəxslərin ilkin qeydiyyatı elektron qaydada həyata keçirilirdi. “Biznesə daxilolma” işçi qrupu tərəfindən görülən hüquqi, təşkilati və texniki tədbirlər nəticəsində artıq həm yerli, həm də xarici investisiyalı MMC-lər təsis sənədlərində dəyişikliklərin elektron qaydada qeydiyyata alınması üçün müraciət edə bilirlər. Bu proses cəmi 3 iş günü ərzində başa çatdırılır”.

Bundan əlavə, kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı zamanı “SİMA” elektron imzanın tətbiqi üçün texniki imkan yaradılıb. Hüquqi şəxsin elektron qeydiyyatı başa çatdıqdan sonra ona lisenziya və icazə tələb olunan fəaliyyət növləri barədə bildiriş göndərilir, əgər hüquqi şəxs belə bir fəaliyyət növünü seçərsə, “Lisenziyalar və icazələr” portalına birbaşa keçid imkanı təqdim olunur, H.Abdullayeva əlavə edib.

“Eyni zamanda, beynəlxalq tələblər də nəzərə alınıb. Məsələn, BMT-nin qərarlarına uyğun olaraq, sanksiya tətbiq edilmiş fiziki şəxslərin və qurumların hüquqi şəxs təsis etmək hüquqları məhdudlaşdırılıb”, – o bildirib.

Yeni islahatlar, təcrübələr, asan şərtlər

Rəis müavini bildirib ki, “Biznesə başlama” göstəricisinin yaxşılaşdırılması üçün dünya ölkələri daim mütərəqqi islahatlar həyata keçirir:

“Hər bir dövlət biznes üçün ən əlverişli şərtləri yaratmaqda maraqlıdır. Bu sahədə qlobal miqyasda güclü rəqabət mövcuddur və daim irəliləmək vacibdir. Yəni bir dəfə yaradılmış şəraitlə kifayətlənmək mümkün deyil. Beynəlxalq reytinqlərdə yüksək mövqe tutmaq istəyən ölkələr yeni təcrübələri tətbiq etməli və daha asan prosedurlar yaratmalıdır. Ölkəmizdə biznesin qeydiyyatı prosesinin yaxşı səviyyədə olmasına baxmayaraq, İşçi qrup bu sahədə islahatları davam etdirmək əzmindədir. Hazırda bir sıra yeniliklər üzərində aktiv iş aparılır və 2025-ci ildə bu sahədə yeni islahatların həyata keçirilməsi gözlənilir”.

Bu çərçivədə nəzərdə tutulan əsas yeniliklərdən biri təsisçilər barədə məlumatların proaktiv şəkildə qeydiyyat orqanı tərəfindən əldə edilərək sistemə daxil edilməsi olacaq. Bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Notariat haqqında” qanunlarına dəyişiklik layihələri artıq hazırlanıb və hazırda müvafiq dövlət qurumları ilə razılaşdırma mərhələsindədir, H.Abdullayeva qeyd edib.

O əlavə edib ki, kommersiya qurumlarının benefisiar mülkiyyətçiləri barədə məlumatların dövlət qeydiyyatına alınması və onların reyestrinin aparılması ilə bağlı texniki imkanların yaradılması da mühüm yeniliklərdən biridir:

“Hazırda bu sahədə normativ sənədlər hazırlanır və qüvvəyə mindikdən sonra benefisiar mülkiyyətçilərin məlumat bazasının aparılması təmin ediləcək. Eyni zamanda, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosesində iştirak edən müvafiq dövlət qurumlarının – Mərkəzi Bank, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və KOBİA-nın məlumat bazalarının əlaqələndirilməsi üzərində iş aparılır. Bu addımlar biznes qeydiyyatı prosesinin daha sürətli və şəffaf aparılmasına töhfə verəcək”.

Onun sözlərinə görə, işçi qrup çərçivəsində digər mühüm tədbirlər də icra olunur. Xüsusilə Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının təşviq etdiyi Elektron Apostil Proqramına uyğun olaraq elektron apostil verilmiş xarici mənşəli sənədlərin yoxlanılması və distant notarial təsdiqlənməsi imkanlarının yaradılması üzərində iş aparılır.

“Bu yenilik sayəsində xarici sənədlərin tərcüməsi və onların notarius tərəfindən elektron təsdiqi mümkün olacaq. Bu prosesin rəqəmsallaşdırılması sənədlərin daha sürətli leqallaşdırılmasını təmin edəcək və biznesin vaxt itkisini azaldacaq”, – H.Abdullayeva əlavə edib.

O həmçinin elektron leqallaşdırma xidmətinin yaradılmasının vacibliyini vurğulayıb: “Bu məqsədlə Xarici İşlər Nazirliyinin “Konsul leqallaşdırılması” informasiya sisteminin yaradılması və leqallaşdırılmış sənədlərin “Elektron notariat” sistemi üzərindən notariuslar tərəfindən distant təsdiqlənməsi və ünvana çatdırılması xidmətinin tətbiqi gündəmdədir. Hazırda bu istiqamətdə müvafiq qanunvericilik aktlarının razılaşdırılması prosesi davam edir”.

İnvestisiya mühitinin yaxşılaşdırılması ilə bağlı gözləntilər

Son illərdə Azərbaycanın biznes mühitinin inkişafı üçün bir sıra mühüm addımlar atılıb və bu sahədə mütərəqqi təcrübələrin tətbiqi davam edir. Rəis müavini hesab edir ki, bu islahatlar Dünya Bankının “Business Ready” hesabatında Azərbaycanın göstəricilərinə müsbət təsir edəcəyinə dair gözləntiləri artırır:

“Lakin nəzərə almaq lazımdır ki, Dünya Bankı qiymətləndirmə prosesində yalnız dövlət qurumlarının rəylərinə əsaslanmır, sahibkarların və ekspert cəmiyyətinin də fikirlərini nəzərə alır. Hesab edirik ki, biznes qeydiyyatı sahəsində son illərdə atılmış addımlar sahibkarlar tərəfindən də müsbət qarşılanıb. Bununla yanaşı, bu proses qlobal trendlərdən, dünya ölkələrində aparılan təcrübələrdən və yeni yanaşmalardan da asılı olacaq”.

H.Abdullayeva vurğulayıb ki, gələcəkdə biznesin qeydiyyatının daha sürətli və asan həyata keçirilməsi üçün rəqəmsal platformaların inkişafı, yeni alət və interfeyslərin yaradılması, innovativ IT həllərin tətbiqi, xarici investorların təmsilçiliyi üçün prosedurların daha da sadələşdirilməsi əsas prioritetlərdən biridir.

“Gözləyirik ki, ‘Business Ready’ hesabatı Azərbaycanın biznes qeydiyyatı sahəsində həyata keçirdiyi islahatları və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində əldə etdiyi irəliləyişləri əks etdirəcək. Çünki bu təşəbbüslər ölkənin biznes və investisiya mühitinin əlverişliliyini artırmağa, yerli və xarici investorlar üçün cəlbedici şərait yaratmağa xidmət edir. Bununla yanaşı, sahibkarlıq sahəsində son illərdə əldə olunmuş sürətli inkişafın davamlılığını təmin etmək, Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyini gücləndirmək və rəqabət qabiliyyətini artırmaq əsas hədəflərimizdəndir”.

Bu islahatlar ölkədə sahibkarlıq fəaliyyətinin daha rahat və şəffaf aparılmasına, investisiya mühitinin daha da cəlbedici olmasına və Azərbaycanın qlobal biznes indekslərində mövqeyinin yüksəlməsinə mühüm töhfə verəcək.

Mənbə: vergiler.az

Vergi borclarının ödənilməsi ilə bağlı proaktiv məlumatlandırma tədbirləri davam etdirilir

Heç bir fəaliyyəti olmayan fiziki şəxsə cərimə hesablana bilərmi?

posted in: Xəbər | 0

Mən vergi orqanında uçota alınmışam. Lakin indiyə qədər heç bir fəaliyyətim olmayıb. Bilmək istəyirəm ki, belə olan halda mənə cərimə tətbiq edilə bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə hesabatın təqdim olunması üçün müəyyən edilmiş müddətdən gec olmayaraq, “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Vergi Məcəlləsinə əsasən, 01.01.2023-cü il tarixdən etibarən yalnız hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, habelə vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilmiş müddətdə təqdim olunmamasına görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmayan vergi ödəyicilərinə vergi hesabatının əsas olmadan müəyyən edilmiş müddətdə təqdim olunmamasına görə maliyyə sanksiyası tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci və 57.1-ci maddələri

Mənbə: vergilər.az

2025-ci il üzrə işəgötürənin vergi və sığorta öhdəlikləri

2025-ci il üzrə işəgötürənin vergi və sığorta öhdəlikləri

posted in: Xəbər | 0

İşəgötürənin işçiyə görə öhdəlikləri

Bu yazımızda 2025-ci il üzrə əməyin ödənişi fondundan işəgötürənin ödəməli olduğu tutulmalar barədə məlumat verəcəyik. Onu da qeyd edək ki, mövcud qanunvericilik 2022-ci ildən başlayaraq sabit davam etdiyi kimi 2025-ci ildə də ödənişlərdə dəyişiklik olmayacağını deməyə əsas verir. Əsas dəyişiklik minimum əməkhaqqının artması ilə əlaqədar olacağı üçün həmin əməkhaqqına münasibətdə hesablamalar artacaq.

Beləliklə 2025-ci ildən əməyin ödənişi fondundan tutulmalar aşağıdakı kimi olacaq.

  • məcburi dövlət sosial sığorta haqqı
  • işsizlikdən sığorta haqqı
  • icbari tibbi sığorta haqqı

Göstərilənləri nəzərə alaraq 2025-ci il üzrə işçinin əməkhaqqısına müvafiq qaydada işəgötürən tərəfindən əməyin ödənişi fondundan tutulmaların hesablanması qaydasını diqqətinizə çatdırırıq.

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

1.1) əməkhaqqı minimum aylıq əməkhaqqına bərabər – 400 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 400 AZN əməkhaqqının 200 AZN hissəsinə görə 22%-i, yəni 44 AZN,

200 AZN-dən yuxarı hissə üçün isə 200 AZN-in 15%-i, yəni 30 AZN, ümumilikdə 44+30=74 AZN

b) işsizlikdən sığorta haqqı – 400 AZN-in 0.5%-i = 2 AZN

d) icbari tibbi sığorta haqqı – 400 AZN-in 2%-i = 8 AZN

44+30+2+8=84 AZN

İşəgötürənin 400 AZN əməkhaqqı alan şəxsə görə əməyin ödənilməsi fondundan tutulan məbləğ 84 AZN (2021-ci ildə 300 AZN alan şəxs üçün 55,25 AZN) olacaq

1.2) əməkhaqqısı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əməkhaqqı üzrə

a) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 44 AZN (200 manatın 22%-i)

7900 AZN-ə görə 15%, yəni 1185 AZN

b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

c) icbari tibbi sığorta haqqı – 8000 manata görə 2%, yuxarı hissə kimi 100 manata görə 0.5% = 160+0.5=160.5

44+1185+40.5+160.5=1430 AZN

İşəgötürənin 8100 AZN əməkhaqqı alan şəxsə görə əməyin ödənişi fondundan tutulacaq məbləğ 1430 AZN (2021-ci ildə 1350 AZN) olacaq.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) əməkhaqqısı 400 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 400 AZN-in 22%-i = 88 AZN

b) işsizlikdən sığorta haqqı – 400 AZN-in 0.5%-i = 2 AZN

c) icbari tibbi sığorta haqqı – 400 AZN-in 2%-i = 8 AZN

88+2+8=98 AZN

İşəgötürənin işçinin əməkhaqqısına görə əməyin ödənişi fondundan tutulan məbləğ 98 AZN olacaq

2.2) əməkhaqqısı 2500 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əməkhaqqı üzrə

a) sosial sığorta haqqı – 8100 AZN-in 22%-i=1782 AZN

b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

c) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və yuxarı olan 100 manat hissənin 0.5%-i = 160 + 0.5= 160.5 AZN

1782+40.5+160.5=1983 manat

İşəgötürən işçinin 8100 manat əməkhaqqı üzrə əməyin ödənişi fondundan 1983 AZN ödəməli olacaq.

Müəllif: Praktiki Hüquqşünas | Şəhriyar Həbilov

2025-ci ildə həyatın yığım sığortası ilə bağlı hansı yeniliklər gözlənilir?

1 222 223 224 225 226 227 228 2. 682