Sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar: biznesin qeydiyyatı təkmilləşdirilir

posted in: Xəbər | 0

2024-cü ildə Azərbaycanda 126,3 milyard manatlıq və yaxud 2023-cü illə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3 faiz, qeyri-neft-qaz sektorunda isə 6,2 faiz artıb. Ötən il əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 12.382,5 manat olub. ÜDM artımını təmin edən əsas amillərdən biri isə əlverişli biznes mühitinin yaradılmasıdır. Sahibkarlıq fəaliyyəti üçün geniş imkanların yaradıldığı şəraitdə iqtisadi aktivlik artır ki, bu da iqtisadi artımda özünü büruzə verir.

Müasir biznes mühitinin dəyişən tələbləri

Müasir biznes mühiti sürətli texnoloji dəyişikliklər, qlobal iqtisadi və siyasi qeyri-sabitlik, ekoloji problemlər, müştəri gözləntiləri və digər mühüm çağırışlarla üzləşib. Bu çağırışlara cavab vermək üçün bizneslər çevik, innovativ, texnologiyaya əsaslanan və müştəri mərkəzli yanaşmalar tətbiq etməli, həmçinin davamlılıq və sosial məsuliyyət prinsiplərinə riayət etməlidirlər. Bu dəyişikliklər biznes fəaliyyətini və strategiyalarını daim yeniləməyi tələb etdiyindən biznes mühitinə təsir edən yanaşmaları da təkmilləşdirməyi şərtləndirir. Məhz bu məqsədlə “Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və bu prioritetlərə söykənən “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda sahibkarlıq fəaliyyəti üzrə tənzimləmələrin optimallaşdırılması, resurslara bərabər çıxış imkanlarının yaradılması, özəl sektorun fəaliyyətinin aktiv stimullaşdırılması kimi tədbirləri genişləndirmək nəzərdə tutulub.

Ölkəmizin vergi sistemi iqtisadiyyatın tənzimləyici
drayverlərinin hərəkətə gətirilməsində fəal iştirak edir.

Vergi təşviqləri və stimullaşdırıcı islahatlar

Sahibkarlıq fəaliyyətinin çevik tənzimlənməsi mexanizminin güclənməsinə təsir edən əsas faktorlardan biri də vergi siyasətidir. Son illər ölkəmizin vergi sistemi iqtisadiyyatın tənzimləyici drayverlərinin hərəkətə gətirilməsində fəal iştirak edir. Bu istiqamətdə vergi qanunvericiliyinə ardıcıl olaraq mühüm dəyişikliklər edilir. 2025-ci ildən qüvvəyə minmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq və invesitisiya fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizmi və vergi inzibatçılığının təkmilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasından ibarətdir. Bu hədəflər Azərbaycanın dayanıqlı, inklüziv və özəl təşəbbüslərə arxalanan iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün güclü potensial ehtiva edir. Təşviqlərə bərpaolunan enerji mənbələrindən istifadə sahəsində həyata keçirilən layihələrə investisiya qoyuluşunu stimullaşdırmaq, uzunmüddətli dövrdə dövlətin maliyyə yükünü azaltmaq, istehlakçılar üçün tariflərin aşağı salınması və daxili istehsalın dəstəklənməsi məqsədilə vergi azadolmaları, mədəniyyət sahəsi üzrə vergi güzəştlərinin verilməsi kimi tədbirlər daxildir.

Biznes mühitinin cəlbediciliyini artırmaq üçün də bir sıra addımlar atılıb və
biznesin qeydiyyatı sahəsində bir sıra əhəmiyyətli yeniliklər edilib.

Bundan başqa, biznes mühitinin cəlbediciliyini artırmaq üçün də bir sıra addımlar atılıb və biznesin qeydiyyatı sahəsində bir sıra əhəmiyyətli yeniliklər edilib. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupu biznes qeydiyyatının effektivliyinin daha da artırılması üçün müvafiq Yol Xəritəsi çərçivəsində biznes subyektlərinin ehtiyaclarına uyğun olaraq müvafiq tənzimləmələr həyata keçirilib. “Biznesə daxilolma” sahəsində həyata keçirilmiş 2022-2023-cü illər üzrə Yol Xəritəsi çərçivəsində kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı təkmilləşdirilib. Rübdə bir dəfə məlumat dəyişikliyinin qeydiyyata alınması üçün müraciətlərin edilməsinin zəruriliyinə dair məlumat xarakterli bildirişin kommersiya qurumlarının elektron kabinetinə göndərilməsi xidməti aktivləşdirilib. Həmçinin, lisenziya və ya icazə tələb olunan fəaliyyət növləri seçildikdə, kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi başa çatdıqdan sonra “Lisenziyalar və icazələr” portalına keçid imkanının yaradılması da təmin edilib.

2024-cü ildə bu sahədə daha bir mühüm addım yerli və xarici investisiyalı MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanının yaradılması oldu. Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanı biznesin vaxta qənaət etməsinə şərait yaradır. Buna qədər isə yalnız yerli investisiyalı kommersiya hüquqi şəxslərin ilkin qeydiyyatı ilə bağlı prosedurlar elektron qaydada həyata keçirilirdi.

Biznesin qeydiyyatının təkmilləşdirilməsi sahəsində yeniliklər bu il də davam edəcək

Bütün bunlar öz müsbət nəticələrini qeydiyyata alınan şirkətlərin sayındakı artımda da büruzə verir. 2025-ci ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan vergi ödəyicilərinin ümumi sayı 2024-cü ilin əvvəli ilə müqayisədə 5,4 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,1 faiz, hüquqi şəxslərin sayı 7,3 faiz artıb. 2025-ci ilin yanvar ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 190.367 vahid təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 8 faiz çoxdur. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatda xüsusi çəkisi 94 faiz təşkil edib.

Biznesin qeydiyyatının təkmilləşdirilməsi sahəsində yeniliklər bu il də davam edəcək. Bu isə ölkəmizdə iqtisadi aktivliyin dəstəklənməsi üçün yeni stimullar formalaşdıracaq.

Mənbə: vergiler.az

Maddi yardım kimi ayrılan vəsaitlərin gəlir vergisinə cəlb edilməsi qaydası

Bələdiyyəyə nə qədər vergi ödəməliyik? Qaydalar, məbləğlər

posted in: Xəbər | 0

Son zamanlar bələdiyyələrin aktivləşməsi, bələdiyyə vergilərinin toplanması ilə bağlı tədbirlərin genişləndirilməsi müşahidə edilir. Ancaq əhali arasında bu istiqamətdə məlumatlılığın təmin edilməməsi səbəbindən onlarda xeyli suallar yaranıb. Bələdiyyələr əmlak və torpaq vergisini necə hesablayırlar? Vətəndaşlar vergiləri vaxtında ödəmədikdə bələdiyyələr hansı addımları ata bilərlər? Bütün bu suallara cavab tapmaq üçün əvvəlcə bələdiyyələr tərəfindən əmlak və torpaq vergisinin hesablanmasının qanunvericilik bazasını aydınlaşdıraq.

Vergi Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, yerli vergilər, yəni bələdiyyə vergiləri aşağıdakılardır:

  • Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda, fiziki şəxslərin torpaq vergisi;
  • Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda, fiziki şəxslərin əmlak vergisi;
  • Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.

Vergi məbləğləri

Suallara cavab olaraq, vergi mütəxəssisi, sərbəst auditor Altay Cəfərov əmlak vergisinin hesablanması və ödənilməsi qaydalarına aydınlıq gətirib.

A.Cəfərov bildirib ki, əmlak vergisinin hesablanması Vergi Məcəlləsinin 198 və 200-cü maddələri ilə tənzimlənir. Eləcə də hesablama zamanı Bakı şəhərindəki əmlaklar üçün istifadə edilən zonalar üzrə əmsallar Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli Qərarına uyğun müəyyən olunur.

Vergi Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:
– onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – binaların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq edilir (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə):

Yaşayış məntəqələri Fiziki şəxsin xüsusi mülkiyyətində olan
yaşayış və qeyri-yaşayış sahələri
(manatla)
Bakı 0,4
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 0,3
Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 0,2
Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 0,1

A.Cəfərov bildirib ki, vətəndaşlara Bakı şəhərində bələdiyyələr tərəfindən əmlak vergisi hesablanan zaman zonalar üzrə əlavə əmsallar tətbiq edilir: “Həmin əmsallar Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə” Qərarı ilə müəyyən olunub və Bakı şəhəri 12 zonaya bölünüb. Paytaxtda 0,7-1,5 hədlərində əmsallar tətbiq edilir. Ən yüksən zona birinci, ən aşağı isə 12-ci zonadır”.

Həmin Qərarın 1-ci bəndinə əsasən, Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar aşağıdakı cədvələ uyğun müəyyən edilir:

Bakı şəhəri üzrə
Zonalar Əmsallar
1 1,50
2 1,40
3 1,30
4 1,20
5 1,10
6 1,00
7 0,95
8 0,90
9 0,85
10 0,80
11 0,75
12 0,70

Nə qədər əmlak vergisi ödəməliyik?

A.Cəfərov bu əmsallar nəzərə alınmaqla Bakıda və digər regionlarda xüsusi mülkiyyətdə olan evlərə və mənzillərə görə əmlak vergisinin hesablanması qaydasını da açıqlayıb: “Tutaq ki, vətəndaşın Bakı şəhərində 1-ci zonada (şəhərin mərkəzində) 200 kvadratmetr mənzil sahəsi var. Həmin əmlaka görə bələdiyyəyə ödənilməli verginin məbləği belə hesablanacaq:

200 – 30 = 170 kv.metr;
170 x 0,4 = 68 manat;
68 x 1,5 = 102 manat.

Deməli, həmin mənzilə görə əmlak sahibi illik 102 manat əmlak vergisini bələdiyyəyə ödəməlidir.

Əgər vətəndaşın 200 kvadratmetr sahəsi olan mənzili Gəncə şəhərindədirsə, onun əmlak vergisinin məbləği 51 manat təşkil edəcək:

(200 – 30) x 0,3 = 51 manat.

Qəbələ şəhərində yaşayan vətəndaşa məxsus 200 kvadratmetr sahəsi olan mənzilə görə əmlak vergisinin məbləği isə 34 manat olacaq:

(200 – 30) x 0,2 = 34 manat.

Məbləğlərin fərqli olması regionlar üzrə tətbiq edilən əmsalların dəyişməsi ilə bağlıdır”.

Mənbə: vergiler.az

2025-ci ildə həyatın yığım sığortası ilə bağlı hansı yeniliklər gözlənilir?

Maddi yardım kimi ayrılan vəsaitlərin gəlir vergisinə cəlb edilməsi qaydası

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 102.1.3-cü maddəsinə əsasən, təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar vergidən azadır. Burada müəyyən məbləğlər müəyyən edilib.

“Business Service Center” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə mütəxəssisi Nurlan Mustafayev həmin məbləğləri və qanunvericiliyin digər tələblərini açıqlayır:

Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsində açıq şəkildə göstərilib ki, hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2.500 manatadək olan hissəsi, ölkə daxilində müalicə haqlarının, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10.000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50.000 manatadək olan hissəsi vergiyə cəlb olunmur. Təhsil və ya müalicə (o cümlədən cərrahiyyə əməliyyatı üçün) haqlarını ödəmək üçün maddi yardım, birdəfəlik müavinət almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim olunsun.

Misal 1

Dövlət müəssisəsi əsas iş yerində çalışan işçisinə təhsil haqqını ödəmək üçün 2.300 manat maddi yardım verib. Lakin işçi həmin maddi yardımın təyinatına uyğun xərclənməsi ilə bağlı təhsil müəssisəsinin sənədini işəgötürənə təqdim etməyib. Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən, təhsil haqlarını ödəmək üçün maddi yardımın dəyərinin 2.500 manatadək olan hissəsi həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim olunduğu halda vergidən azaddır. Misalımızda həmin məbləğin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənəd təqdim olunmadığı üçün 2.300 manat maddi yardım bütöv şəkildə vergiyə cəlb ediləcək.

2.300 x 14% = 322 manat.

Beləliklə, həmin şəxsin iş yerindən aldığı 2.300 manat maddi yardıma görə 322 manat məbləğində vergi öhdəliyi formalaşacaq.

Misal 2

Fərz edək ki, dövlət müəssisəsində çalışan işçinin təhsil haqqını ödəmək üçün maddi yardıma ehtiyacı var və 2.000 manat vəsait lazım olduğu barədə müvafiq təhsil müəssisəsindən sənəd gətirib. Əgər müəssisə rəhbərliyi işçinin müəssisə üçün önəmini, məhsuldarlığını nəzərə alaraq təhsil haqqı kimi 2.000 manat maddi yardımı birbaşa təhsil müəssisəsinin hesabına ödəsə, bu zaman Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən, həmin məbləğdən heç bir vergi öhdəliyi formalaşmır.

Misal 3

Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən, ölkə daxilində müalicə haqqını ödəmək üçün iş yerindən edilən maddi yardımın 10.000 manata qədər olan hissəsi vergidən azaddır. Fərz edək ki, həmin məqsədlə işçiyə işlədiyi müəssisədən 13.000 manat məbləğində maddi yardım edilib. Bu zaman həmin məbləğdən 10.000 manat çıxılacaq, məbləğin yerdə qalan hissəsi isə vergiyə cəlb olunacaq:

13.000 – 10.000 = 3.000 manat;
3.000 x 14% = 420 manat.

Beləliklə, həmin şəxsin iş yerindən aldığı 13.000 manat məbləğində maddi yardıma görə 420 manat vergi öhdəliyi formalaşacaq.

Misal 4: Əgər işçinin səhhətində problem yaranarsa və onu müalicə etmək üçün xarici ölkəyə aparmağa ehtiyac olarsa, o zaman Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən, ona verilən müalicə haqqı üçün birdəfəlik maddi yardımın 50.000 manata qədər olan hissəsi vergidən azad edilir. Fərz edək ki, müəssisədə çalışan işçiyə Almaniyada cərrahiyyə əməliyyatı olmaq üçün iş yerindən 45.000 manat məbləğində birdəfəlik maddi yardım edilib. Bu halda, maddi yardım məbləği 50.000 manatdan aşağı olduğu üçün vergi öhdəliyi formalaşmayacaq.

Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsində hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyərinin, həmin Məcəllənin 102.1.3.3-cü maddəsində qeyd edildiyi kimi, şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın 20.000 manatadək olan hissəsinin, 102.1.3.4-cü maddəsində Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20.000 manatadək olan hissəsinin vergidən azad edildiyi qeyd olunub.

Maddi yardım almış mülki şəxslərə bu güzəşt o halda verilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən şəxsin hərbi əməliyyatlar nəticəsində əlilliyinin müəyyən olunduğunu təsdiq edən arayış təqdim edilmiş olsun.

Yekun olaraq qeyd etmək istərdik ki, hər hansı bir maddi yardım və müalicə haqqı ilə bağlı vergi tələbləri verilən məbləğlərin və kömək növünün xarakterinə, həmçinin mövcud vergi qanunvericiliyinə əsaslanır. Dövlət və ya işəgötürən tərəfindən verilən maddi yardımların vergiyə cəlb edilib-edilməməsi müəyyən qaydalara əsasən təyin olunur. Bu qaydalar zamanla dəyişə bilər. Ona görə də ən son qanunvericilik aktlarını nəzərdən keçirmək vacibdir.

Mənbə: vergiler.az

2025-ci ildə həyatın yığım sığortası ilə bağlı hansı yeniliklər gözlənilir?

1 226 227 228 229 230 231 232 2. 682