Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edir

posted in: Vergi, Xəbər | 0

Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın  tələblərinə müvafiq olaraq aparılır.

Dövlət vergi orqanlarında mövcud olan cari vakant vəzifələrin tələblərinə uyğun olaraq müsabiqəyə əlavə sənəd qəbulunda bir qayda olaraq aşağıdakı ixtisaslar üzrə ali təhsilə malik (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır), yaşı 35-i keçməmiş (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir) vətəndaşlar buraxılırlar:

  1. Hüquqşünaslıq;
  2. Beynəlxalq hüquq;
  3. Dünya iqtisadiyyatı;
  4. Maliyyə;
  5. İqtisadiyyat;
  6. Statistika;
  7. Beynəlxalq iqtisadi münasibətlər;
  8. Mühasibat uçotu və audit;
  9. Maliyyə və kredit;
  10. İqtisadiyyatın tənzimlənməsi;
  11. Qiymət və qiymətin əmələ gəlməsi;
  12. Xəzinə əməliyyatlarının uçotu;
  13. İqtisadi nəzəriyyə;
  14. Vergilər və vergitutma;
  15. İqtisadi siyasət;
  16. Dünya iqtisadiyyatında informasiya texnologiyaları;
  17. Milli hesablar sistemi;
  18. Qiymətləndirmə (sahələr üzrə);
  19. Qiymətli kağızlar;
  20. Gömrük işinin təşkili;
  21. Gömrük ekspertizası (sahələr üzrə);
  22. İqtisadiyyatın hüquqi tənzimlənməsi;
  23. Vergi işinin təşkili və idarə edilməsi;
  24. Tətbiqi riyaziyyat;
  25. Avtomatlaşdırılmış layihələndirmə sistemləri (sahələr üzrə);
  26. İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri (sahələr üzrə);
  27. Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı;
  28. Məlumatların mühafizəsinin texnologiyası və təşkili;
  29. Avtomatlaşdırma və informasiya texnikası.

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 9-cu maddəsinə əsasən vətəndaş aşağıdakı hallarda vergi orqanlarında xidmətə qəbul oluna bilməz:

–  məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

–  üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə.

Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Müsabiqəyə əlavə sənəd qəbulu elektron ərizə vasitəsilə 30.04.2018-ci il tarixdən 09.05.2018-ci il tarixədək (saat 24:00-dək) həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına  daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasına sağlamlıq haqqında tibbi arayışın, ali təhsil haqqında diplomun, məhkumluğun olması (olmaması) barədə arayışın və narkoloji dispanserdə qeydiyyatda olması (olmaması) barədə arayışın surətləri mütləq qaydada fayl şəklində əlavə olunmalıdır. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə ərizənin sistemə daxil olunduğu barədə elektron poçt ünvanına məlumat verilir. Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə namizədin iş nömrəsi və test imtahanının vaxtı və yeri barədə, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.  Ərizə göndərilən müddətdən 5 gün ərzində elektron poçt ünvanına heç bir məlumat göndərilməyən vətəndaşlar elanda qeyd olunmuş telefon nömrəsi ilə əlaqə saxlamalıdırlar.

Qeyd: Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar 05-30 dekabr 2017-ci il tarixlərdə qeydiyyatdan keçmiş və elektron ərizələri qəbul edilmiş vətəndaşların müsabiqədə iştirak hüququ saxlanılır.

Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Elektron ərizə vermiş namizədlər 23-25.05.2018-ci il tarixdə (saat 10:00-dan 18:00-a dək) imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. Müsabiqənin test imtahanı mərhələsi26.05.2018-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcəkdir.

Müsabiqənin test imtahanı mərhələsinin suallarını özündə əks etdirən yenilənmiş ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdiriləcəkdir.

Son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olan namizədlərə üstünlük verilir. Namizəd ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

Müsabiqədə müvəffəqiyyət qazanmış, lakin vakant vəzifələr üzrə iş təklifindən imtina edən namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaqdır.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Nümayəndəliyin gəliri olmadıqda fəaliyyəti vergiyə necə cəlb edilir?

posted in: Vergi, Xəbər | 0

Sual: Türkiyədə olan klinikanın Bakıda ofisi açılır və şirkət Azərbaycanda hüquqi şəxs kimi qeydiyyatdan keçir. Şirkətin məqsədi həmin klinikanı burda təmsil etmək və tanıtmaqdır. Bakıda görülən işlərdən şirkət heç bir gəlir əldə etmir. Lakin işçilərinin xərclərini və ofis icarə haqqını ödəyir. Bu halda şirkətin Vergilərə hansı öhdəliyi yaranır? Sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçdiyi halda Vergilərə nəsə ödəniş etməlidirmi?

Cavab: Müraciətinizdən göründüyü kimi, nümayəndəlik Azərbaycanda fəaliyyət göstərməklə qeyri-rezidentin maraqlarını təmsil edir, müəyyən xidmətlər göstərir və bununla əlaqədar olaraq ona baş ofis tərəfindən vəsait köçürülür ki, bu da Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyəti sayılır.

Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisə bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən 20 faiz dərəcəsi ilə mənfəət vergisini ödəyir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident nümayəndəliklə bağlı fəaliyyəti üzrə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlir və xərclərinin uçotunu aparmalıdır.

Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin fəaliyyəti üzrə əldə etdiyi mənfəətini birbaşa müəyyən etmək mümkün olmadıqda onun mənfəəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin, əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq konkret halda Azərbaycan Respublikasında məhsul (iş, xidmət) satışından gəlirin məbləği, Azərbaycan Respublikasında fəaliyyətlə əlaqədar olan xərclərin məbləği və ya Azərbaycan Respublikasındakı daimi nümayəndəliyin işçilərinin sayı meyarlardan biri qəbul edilməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəyi əsasında vergi ödəyicisi ilə müvafiq vergi orqanı arasında razılaşdırılmış şərti üsulla müəyyən edilir.

Eyni zamanda, nümayəndəlik tərəfindən təqdim edilmiş malların (işlərin, xidmətlərin) həcmi 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda onun Vergi Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq məcburi ƏDV qeydiyyatına alınmasına dair öhdəliyi yaranır.

Nəzərə almaq lazımdır ki, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilərsə vergilər bazar qiyməti nəzərə alınmaqla hesablana bilər.

Əlavə məlumata zərurət yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 14-cü83.9-cu104.2-ci108-ci130.1-ci155.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

ATKİNS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

ATKİNS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi

Vəzifənin adı: Mühasib

İş yeri: Bakı, Azərbaycan

Əsas vəzifə öhdəlikləri:

• Mühasibatlıq hesabatlarının vaxtında və düzgün hazırlanması;
• Aylıq, rüblük və illik vergi qeydiyyatının vaxtında və düzgün aparılması.
• Nəğd pul və bank ödəmələrinə nəzarət;
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi;
• Hesabatların dövlət orqanlarına aylıq, rüblük və illik vaxtında və düzgün çatdırılması;
• Şirkətin daxili və xarici auditinin vaxtında və keyfiyyətli aparılmasını təşkil etmək;
• Qanunvericiliyə uyğun olaraq bütün mühasibat sənədləşdirilməsini aparmaq;
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim edilməsini, mühasibat, (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir;
• Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini  hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir.
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
• Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir.

Tələb olunan peşə-ixtisas səviyyəsi:

• Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
• İş təcrübəsi: müvafiq sahədə azı 3 il iş təcrübəsi;
• Azərbaycan və rus dilində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis dili arzu olunandır);
• Əla kompüter bilikləri (Microsoft Office);
• Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• Təşəbbüskar, qərar qəbul etmə bacarığı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Əla ünsiyyət qurmaq və yaxşı komanda üzvü olmaq bacarığı;
• İşçi heyəti ilə işləmək bacarığına malik olmalı.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV – foto şəkil ilə)   elektron poçtun ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Çoxuşaqlı anaların müavinət məbləği artırılıb

posted in: Müavinət, Xəbər | 0

Beşdən çox uşağı olan qadınlara müavinətin miqdarı 30 manatdan 33 manata qaldırılıb.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb.

Bu Fərman 2018-ci il martın 1-dən tətbiq edilir.

Qeyd edək ki, bu fərman “Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında” Azərbaycan prezidentinin 2018-ci il 23 fevral tarixli sərəncamının icrası ilə əlaqədar imzalanıb. Həmin sərəncamda beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin 10 faiz artırılması nəzərdə tutulub.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.