Əmək müqaviləsi ilə xidməti müqavilənin fərqi nədir?

posted in: Müqavilələr, Xəbər | 1

Bəzi hallarda işəgötürənlər tərəfindən işçilərlə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlanılır. Lakin xidməti müqavilə hər hansı xidmətin göstərilməsi məqsədi ilə sifarişçi və icraçı arasında bağlanılan mülki-hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənir. Məsələn, tapşırıq müqaviləsi, podrat müqaviləsi və s.

Əmək müqaviləsi ilə mülki-hüquqi müqavilələr arasında mövcud olan fərqlərdən aşağıdakılar qeyd edilə bilər:

  • Əmək müqaviləsinin predmeti işçinin əmək fəaliyyətinin özüdürsə, mülki-hüquqi müqavilənin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir.
  • Əmək müqaviləsindən fərqli olaraq mülki-hüquqi müqavilə bağlanıldığı halda müqavilədə nəzərdə tutulmayıbsa işçiyə əmək kitabçası açılmır və iş stajı hesablanmır.
  • Əmək müqaviləsinə əsasən işəgötürən işçiyə qanunvericiliklə müəyyən olunmuş qaydada təhlükəsiz və sağlam əmək şəraiti yaratmalı olduğu halda, mülki-hüquqi müqavilədə sifarişçinin üzərinə qanunvericiliklə belə bir öhdəlik qoyulmur.
  • Əmək müqavilələrində işəgötürən işçini fərdi mühafizə vasitələri ilə təmin etməli olduğu və əməyin mühafizəsinə görə cavabdehlik daşıdığı halda, mülki-hüquqi müqavilələrdə icraçı bunları özü etməli və ya bu öhdəliklər müqavilədə əlavə şərtlər nəzərdə tutulmaqla tənzimlənməlidir.
  • Əmək müqaviləsi ilə çalışan işçi ilə tam maddi məsuliyyət barəsində müqavilə bağlanmamışdırsa, işəgötürənə dəymiş ziyana görə işçi orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Mülki-hüquqi müqavilələrdə isə icraçı müqavilədə başqa şərt nəzərdə tutulmamışdırsa dəymiş ziyana görə tam məbləğdə məsuliyyət daşıyır.
  • Əmək müqaviləsi bağlamış işçinin əmək qanunvericiliyi ilə müəyyən edilmiş əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilinin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətlərin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ vardır.
  • Əmək müqaviləsi bağlandığı halda işçi üçün sosial sığorta haqları işəgötürən tərəfindən əmək haqqı fondundan, işçiyə hesablanmış əmək haqqından ödənildiyi halda, mülkihüquqi müqavilələr üzrə işləyənlər üçün bu ödənişlər fərqlidir və yalnız sığortaedən qismində çıxış edən tərəfdən tutulur. Sadalanan fərqlərdən də göründüyü kimi əmək müqaviləsi əvəzinə mülki-hüquqi müqavilələr bağlamaqla şəxslər Əmək Məcəlləsi ilə təsbit edilmiş bir sıra hüquq və imtiyazları itirmiş olurlar.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Hansı hallarda ölkə daxilində ödənişi xarici valyuta ilə aparmaq olar?

posted in: Vergi, Xəbər | 0

Sual: Azərbaycan Respublikası ərazisində xarici valyuta ilə (ABŞ Dolları) şirkətlərə pul köçürə bilərəm? Olarsa necə sənədləşdirilməlidir?

Cavab: Bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

Mülki Məcəllənin 439-cu maddəsinə uyğun olaraq pul öhdəliyi manatla ifadə edilməlidir. Yalnız tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.

Bununla belə, rezident şəxslər arasında pul köçürmələrinin xarici valyutada aparılmasına qanunvericilikdə məhdudiyyətlərin olub-olmaması barədə aidiyyəti üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasına və ya Mərkəzi Banka müraciət etməyiniz məqsədəuyğundur.

BaxMülki Məcəllənin 439.1-ci maddəsi, Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli, 590-IIQ nömrəli “Banklar haqqında Qanununun 38.1-ci maddəsi, “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə monitorinqi xidmətinin Hüquq və metodologiya şöbəsi haqqında Əsasnamə”.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Əmək və əhalinin sosial müdafiəsi naziri dəyişildi

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Sərəncam imzalayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə Sahil Rafiq oğlu Babayev yeni kabinetdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib.
Səlim Müslümovu əvəzləyən Sahil Babayev əvvəlki kabinetdə İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb.
Sahil Babayev 1980-ci ildə anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər” sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.
1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb.
2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib.
2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, 1 övladı var.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında Razılaşma Protokolu imzalanıb

posted in: Xəbər | 0

Aprelin 20-də Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında “Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında” Razılaşma Protokolu imzalanıb.

Məqsəd üçüncü şəxslər üçün mal idxal edən şəxslərin qanunvericiliyə əməl etməsi, vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi və sahibkarlıq subyektləri arasında rəqabət mühitinin qorunmasını təmin etməkdir.

Razılaşma Protokolunda Azərbaycan Respublikasında davamlı iqtisadi siyasətin və islahatların həyata keçirildiyi, o cümlədən irimiqyaslı konsepsiyaların, sosial, iqtisadi strategiyaların və proqramların qəbul edildiyi, eləcə də mövcud islahatlar fonunda vergidən yayınma hallarının aradan qaldırılması və büdcə daxilolmalarının tam həcmdə və vaxtında yığılmasına nail olmaq məqsədilə iqtisadi münasibətlərin şəffaflaşdırılmasının, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin düzgün müəyyən edilməsinin və könüllü əməletmə səviyyəsinin artırlımasının ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rolu vurğulanıb.

Eyni zamanda, üçüncü şəxslər üçün mal idxal edən şəxslərin idxal əməliyyatlarına nəzarət edilməsinin vergi öhdəliklərinin düzgün müəyyən edilməsi məqsədilə idxal olunmuş malların faktiki sahibləri barədə məlumatların əldə edilməsinin, o cümlədən vergitutma obyektərinin uçotunun şəffaflaşdırılması və vergi ödəyicilərinin gəlir və xərclərinin uçotunun təmin eidlməsinin vacibliyi bəyan edilib.

Razılaşma Protokolunda nəzərdə tutulan vəzifələrin icrasına yaxın günlərdə başlanılacaq.

Mənbə: apa.az