Mühasiblərin Diqqətinə! Xarici valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişikliklər edilib

posted in: Xəbər | 0

“Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilib.

Artıq qabaqcadan ödənişin aparıldığı gündən 180 gün deyil, 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır.

Dəyişikliyə görə, malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü ölkəyə göndərilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir.

Bundan başqa, rezidentlər tərəfindən beynəlxalq tenderlərin nəticələrinə müvafiq olaraq həyata keçirdikləri layihələrlə bağlı malların layihə həyata keçirilən xarici ölkəyə tədarük edilməsi məqsədilə köçürmələr rezidentin tenderdə iştirakını təsdiq edən sənəd və tender nəticəsində bağlanmış müqavilə, həmçinin malların tədarük edilməsi məqsədilə üçüncü tərəflə bağlanılan müqavilə, hesab-faktura və ya ödənişin təyinatını, məbləğini və alınan mallar barədə məlumatı özündə əks etdirən digər sənəd banka təqdim edilməklə həyata keçirilməlidir.

Həmçinin, “Borc vəsaiti rezidentlərin və qeyri-rezidentlərin xaricdəki bank hesablarına mədaxil edildikdə, belə köçürmələr əlavə olaraq borc vəsaitinin bu qaydaların 4-cü hissəsində (bank hesabları üzrə aparılan valyuta əməliyyatları) nəzərdə tutulan məqsədlərlə istifadə edildiyini təsdiq edən sənədlər və istifadə edilmiş vəsaitin həcmini göstərən bank hesabından çıxarış təqdim edilməklə, borc vəsaitindən istifadə edilmiş miqdarda həyata keçirilir (rezident və ya qeyri-rezidentin xaricdəki bank hesabına köçürülmüş borc vəsaiti Azərbaycan Respublikasına malların və ya xidmətlərin idxal edilməsi üçün avans ödənişin edilməsi məqsədilə istifadə edildikdə həmin rezident və ya qeyri-rezidentin müvəkkil bankdakı hesabından borcun ödənilməsi məqsədilə vəsait köçürüldüyü gündən bu Qaydaların 4.3.1.3-cü yarımbəndində göstərilən qabaqcadan ödəniş rejimi tətbiq olunur).

Rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması qaydalarında digər dəyişiklik qrant məbləğinin köçürülməsi ilə bağlıdır. Belə ki, “Qrant haqqında” qanuna müvafiq olaraq qrant almaq hüququ olan resipiyentin sərəncamında maliyyə vəsaiti formasında qalan qrant məbləğinin köçürülmələr qrant müqaviləsi (qərar) ilə birlikdə qrant haqqında qanunvericiliyə müvafiq olaraq qrant müqaviləsinin (qərarın) qeydə alınması barədə sənəd və vəsaitin resipiyentin hesabına xaricdən daxil olmasını təsdiq edən bank sənədi təqdim edilməklə həyata keçirilir, bu şərtlə ki, müqavilədə (qərarda) qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra resipiyentin sərəncamında qalan maliyyə vəsaitinin geri qaytarılması nəzərdə tutulub.

Dəyişikliyə əsasən, təhsil haqlarının ödənilməsi zamanı təhsil müəssisəsinin ödənişin təyinatını, məbləğini və bank hesabının nömrəsini təsdiqləyən məktubu hesab-fakturanı əvəz edə bilər.

Bundan başqa, turizm fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən turistlərin səyahət xərclərinin ödənilməsi, fiziki şəxslər tərəfindən xaricə səfərlə bağlı özlərinin nəqliyyat və otel (gecələmə) xərclərinin ödənilməsi də bank hesabları üzrə aparılan valyuta əməliyyatları siyahısına daxil edilib.

Qaydalarda digər dəyişiklik qeyri-rezident hüquqi şəxs tərəfindən əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilmiş və ya həmin hüquqi şəxsin əvvəllər xaricdən bank hesabına köçürülmüş xarici valyutanın köçürülməsi ilə bağlıdır. Dəyişikliyə görə, belə köçürmələr müvafiq mədaxil sənədləri (nağd vəsaitlər üçün gömrük bəyannaməsinin əsli (sənəd elektron formada tərtib edildikdə, bank hesabının sahibi həmin sənədin elektron formada əldə edilməsini təmin etməlidir), yaxud xaricdən bank hesabına daxilolmanı təsdiq edən bank sənədi) banka təqdim edilməklə aparılmalıdır.

Qeyri-rezidentin Azərbaycandakı filialının (nümayəndəliyinin) hesabına təsisçi tərəfindən səhvən köçürülmüş vəsaitin və ya məqsədli şəkildə köçürülmüş vəsaitin tam və ya istifadədən artıq qalan hissəsinin geri qaytarılması ilə bağlı köçürmələr də bank hesabları üzrə aparılan valyuta əməliyyatları siyahısına əlavə edilib.

Eyni zamanda, rezidentlər və qeyri-rezidentlər tərəfindən əmək müqaviləsi ilə xaricdən işə cəlb edilmiş qeyri-rezidentlərə əmək haqqının ödənilməsi, eləcə də bu əsaslar üzrə qeyri-rezidentlərin müvəkkil bankdakı hesabına köçürülmüş vəsaitin həmin qeyri-rezidentlər tərəfindən xaricə göndərilməsi ilə bağlı köçürmələr əmək haqqının ödənilməsi şərtləri və məbləğini əks etdirən müqavilə və ya işəgötürən tərəfindən həmin vəsaitin qeyri-rezidentin hesabına mədaxil edilməsini təsdiq edən bank sənədi, yaxud ödəniş günü üçün Elektron Hökumət Portalından onun iş yeri və əmək haqqısı barədə arayış əsasında aparılmalıdır.

Dəyişikliklə əlaqədar idman yarışlarının nəticələrinə görə qeyri-rezidentlərə ödənilən mükafat və digər haqlarla bağlı köçürmələr müvafiq məbləğlərin ödənilməsini təsdiq edən sənəd banka təqdim edilməklə aparılmalıdır.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Vergi auditi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Audit, Məqalə, Vergi, Xəbər | 0

Vergi auditinin obyektləri, məqsəd və vəzifələri barədə məqalənin 1-ci hissəsində məlumat vermişdik. Bu yazıda aşağıdakıları nəzərdən keçirəcəyik.

Vergi auditi zamanı bunlar qiymətləndirilir:

  • təsərrüfat subyektinin vergi uçotu və vergi uçotunun aparılması prosedurunu tənzimləyən və vergi hesabatlarının tərtibi zamanı sənədlərin tələblərə və qaydaya uyğunluğu;
  • təsərrüfat subyektinin vergi hesabatlarının birinci mühasibat uçotu məlumatlarına və auditor təşkilatı tərəfindən auditin aparıldığı müəssisənin fəaliyyəti haqqında məlumatlara uyğunluğu;
  • vergi uçotunda aşkar edilmiş təhriflərin maliyyə nəticələri və onları aradan qaldırmaq yolları;
  • yoxlanılan subyekt tərəfindən tətbiq edilən vergi uçotunun metodologiyasında dəyişikliklərin edilməsi zərurəti.

Təsərrüfat subyekti tərəfindən büdcəyə və büdcədənkənar fondlara vergi və rüsumların hesablanması və ödənilməsinin düzgünlüyünün və təsdiqinin metodologiyası mərhələləri, həm bütün vergilər və ödənişlər, həm də vergi auditini sifariş edən şəxsi maraqlandıran ayrı-ayrı növlər və məsələlər üzrə keçirilə bilər. Beləliklə, vergi auditində hərtərəfli vergi audititematik vergi auditləri müəyyən edilə bilər.

Hərtərəfli vergi auditi müəssisənin il ərzində verdiyi bütün vergilər üzrə bəyannamələrin hazırlanması və hesablaşmaların düzgünlüyünün yoxlanılmasıdır.

Tematik vergi auditi isə müəyyən bir müddət ərzində müəssisə tərəfindən ödənilən fərdi vergilər üçün bəyannamələrin hazırlanması və hesablaşmaların düzgünlüyünün yoxlanılmasıdır.

Vergi auditinin iki növünə əlavə olaraq, praktikada, həmçinin, struktur vergi auditi adlandırılan bir audit növü də var ki, o da  bəyannamələrin hazırlanmasının düzgünlüyünü yoxlayır və fərdi vahidlərin yerləşdiyi yer üzrə hüquqi şəxs tərəfindən verilmiş fərdi vergilərin hesablanmasını nəzərdə tutur. Sonuncu audit növü xüsusilə təcrid olunmuş vahidlərdən ibarət bir şəbəkəyə malik
böyük müəssisələr və ya maliyyə-sənaye qrupları üçün daha çox aktualdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, ayrıca müstəqil audit-vergi auditinin mövcudluğu və gələcək inkişafı barədə danışa bilərik.

Bununla yanaşı, bir sıra müəlliflərə görə, auditin iki müəyyən istiqamətləri üst-üstə düşdüyündən, ümumi audit prosesi zamanı vergi yoxlaması da aparıla bilər.

Buna baxmayaraq, sualın belə bir ifadəsi heç də düzgün deyil. Şəksiz, mühasibat uçotu (maliyyə) hesabatlarının auditi zamanı vergilərin hesablanması və ödənilməsinin dəqiqliyi yoxlanılır, lakin vergi auditindən fərqli olaraq bundan ötrü seçmə üsuldan istifadə olunur və bu zaman mühasibat uçotunun etibarlılığı ilə bağlı rəy bildirmək, elə də yerinə düşmür.

Məhz, bu səbəbdən, ümumi auditin zəruri olduğu bir çox təşkilatlar audit şirkəti ilə bağlanmış müqavilələrdə ayrı-ayrılıqda vergi auditinə dair iş həcmini ayrılıqda göstərirlər. Bu yanaşma, ehtimal ki, nisbətən kiçik təşkilatlarla bağlı məsələlərdə özünü doğrulda bilər, o təşkilatlar ki, onlar üçün xırda vergi riskləri xarakterikdir. Böyük dövriyyəsi və geniş struktur bölmələri olan təsərrüfat subyektləri üçün belə bir yanaşma çətin ki, yaxşı yanaşma hesab oluna bilər, çünki bu cür subyektlərin daha çox hərtərəfli vergi auditinə tələbatları var.

Beləliklə, müəllifin fikrincə, vergi auditi “ümumi” auditin və ya müstəqil istiqamətin bir hissəsi kimi çıxış edə bilər.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bu qurumların əmək haqları artırılıb

posted in: Xəbər | 0

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin (DGK) xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama görə, sözügedən şəxslərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin də aylıq vəzifə (tarif) maaşları martın 1-dən etibarən orta hesabla 10 faiz artırılıb.

Maaş artımı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinə da şamil edilib. Prezidentin müvafiq sərəncamı ilə onların da aylıq əməkhaqları martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Dövlət başçısı Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırığı verib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Nazirlər Kabineti “Ezamiyyə xərclərinin normaları haqqında” qərarında kiçik dəyişiklik edib

posted in: Xəbər | 0
Ali Məhkəmənin Aparat rəhbəri və hakimlərinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar əlavələr veriləcək.

Ali Məhkəmənin sədrinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasının 100 faizi həcmində əlavə veriləcək.

Nazirlər Kabineti bununla bağlı “Ezamiyyə xərclərinin normaları haqqında” qərarında müvafiq dəyişiklik edib.

İndiyə qədər Ali Məhkəmənin sədrinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasının 50 faizi həcmində əlavə verilib. Qərara əsasən bundan sonra Ali Məhkəmənin sədrinin müavinləri üçün nəzərdə tutulan xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasının 30 faizi həcmində əlavə 50 faizə qaldırılıb. Eyni zamanda Ali Məhkəmənin Aparat rəhbərinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasının 50 faizi həcmində əlavə veriləcək. İndiyə qədər Ali Məhkəmənin Aparat rəhbərinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar əlavə verilməyib.

Dəyişiklikdə ilk dəfə olaraq Ali Məhkəmənin hakimlərinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasının 30 faizi həcmində əlavə verilməsi də əksini tapıb. Bundan əvvəl Ali Məhkəmənin hakimləri üçün xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar əlavələr verilməyib.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.