Azərbaycanda listinqə çıxan şirkətlər üçün vergi güzəştlərinin tətbiqi təklif olunur

posted in: Vergi, Xəbər | 0

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda listinqə çıxan şirkətlər üçün müəyyən vergi güzəştlərinin tətbiqini təklif edir.

Bu barədə Palatanın Maliyyə bazarlarına nəzarət departamentinin direktoru Cavid Nəzərov məlumat verib.

“Beynəlxalq təcrübədə listinqə çıxan şirkətlərin vergilərinin azaldılması və yaxud hər hansı qiymətli kağızı saxlayan investorun müəyyən müddətdən sonra gəlir vergisindən azad olması kimi nümunələr var. Biz bunu Azərbaycana gətirməyi düşünürük. Hələ ki, ilkin fikirlərdir. Dövlət orqanları ilə müzakirələr apardıqdan sonra qərar veriləcək” – deyə o qeyd edib.

O həmçinin milli reytinq agentliklərinin yaradılması imkanlarının qiymətləndirilməsi üçün artıq araşdırmalara başlanıldığını da qeyd edib: “Araşdırmalar aparmışıq, amma eyni zamanda bazardan da məlumat gözləyirik. Bununla bağlı Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasına məlumat vermişik. Onlar öz təkliflərini verəcəklər. Banklarla da bu barədə müzakirə apardıqdan sonra artıq qərar veriləcək ki, buna ehtiyac var və yaxud yoxdur”.

Milli reytinq agentliklərinin yaradılması imkanlarının qiymətləndirilməsi ilə bağlı məsələ “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb. Buna uyğun tədbirlər planı hazırlanacaq və icrasına başlanacaq. Sözügedən tədbirin 2018-2019-cu illərdə həyata keçirilməsi nəzərdə tutulub.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ödənilməmiş borcların silinməsini nəzərdə tutan qanun layihəsi qəbul edildi

posted in: Xəbər | 0

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsini nəzərdə tutan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

Qanun layihəsində bildirilib ki, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmışvə 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:

1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir,

2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir,

3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir.

Layihəyə əsasən, bu, ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir.

Qanun 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək.

Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bəzi yanacaq növləri üçün aksiz vergisində dəyişiklik edildi

posted in: Vergi, Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 74
Bakı şəhəri, 2 mart 2018-ci il
“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz
vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında
dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112, № 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 2014, № 1, maddə 64, № 2, maddə 196; 2015, № 1, maddə 69; 2016, № 8, maddə 1444; 2017, № 7, maddə 1489, № 8, maddələr 1614, 1620, № 12 (II kitab), maddə 2521) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə “2710 19 210 0 və 2710 19 250 0” alt yarımmövqelərinə aid sətirlər aşağıdakı redaksiyada verilsin
2710 19 210 1 reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq 1 ton üçün 1,0 manat
2710 19 210 9 reaktiv mühərriklər üçün digər yanacaq 1 ton üçün 80 manat
2710 19 250 1 KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin 1 ton üçün 1,0 manat
2710 19 250 9 digər məqsədlər üçün kerosin 1 ton üçün 80 manat

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir və 2019-cu il 1 yanvar tarixinədək qüvvədədir.

Azərbaycan Respublikasının
Baş naziri                                            Artur Rasi-zadə

Mənbə: www.cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.