“İşsizlikdən sığorta hesabatının təqdim olunması Qaydası” təsdiq edildi

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 621
Bakı şəhəri, 29 dekabr 2017-ci il
“İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və
hesabatın təqdim olunması Qaydası”nın təsdiq
edilməsi haqqında

 

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin altıncı abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                                                Artur Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 29 dekabr
tarixli 621 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması
və hesabatın təqdim olunması
QAYDASI
1. Ümumi müddəalar

1.1. Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və işsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim olunması qaydasını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan anlayışlar “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
1.3. İşsizlikdən sığorta vəsaitlərinin mənbələri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə müəyyən edilir.

2. İşsizlikdən sığorta fondu

2.1. İşsizlikdən sığorta vəsaitləri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən işsizlikdən sığorta fondunda cəmləşdirilir.
2.2. İşsizlikdən sığorta haqları üzrə hər ay üçün toplanılmış vəsaitlər növbəti ayın 1-dək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) tərəfindən işsizlikdən sığorta fondunun xəzinə hesabına köçürülür.
2.3. İşsizlikdən sığorta vəsaitləri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində nəzərdə tutulmuş tədbirlərin, habelə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən olunan digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilir. İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

2.4. İşsizlikdən sığorta fondunun hər il üçün büdcəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2004-cü il 12 iyul tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər planı”na uyğun həyata keçirilir.
2.5. İşsizlikdən sığorta fondunun xərcləri icmal büdcənin xərclərinə daxil edilir.

3. İşsizlikdən sığorta vəsaitinin uçotu

3.1. İşsizlikdən sığorta vəsaitinin uçotu “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta haqları üzrə vəsaitlərin toplanılmasına və həmin Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalara münasibətdə Fond, xərclərə münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən aparılır.

4. İşsizlikdən sığorta üzrə sığortaedənlər tərəfindən
təqdim edilən hesabat

4.1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq qeydiyyata alınmış sığortaedənlər tərəfindən işsizlikdən sığorta haqlarının hesablanmasının və ödənilməsinin uçotu aparılmalıdır. Sığortaedənlər hər rüb hesablanmış və ödənilmiş işsizlikdən sığorta haqqı barədə hesabatı Fonda təqdim edirlər. İşsizlikdən sığorta haqqı barədə hesabat məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla birgə təqdim edilir. Hesabatın forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilir.

5. İşsizlikdən sığorta haqları ödənilmədikdə və ya ödənilməsi
gecikdirildikdə yaranmış borc məbləğlərinin tutulması

5.1. İşsizlikdən sığorta haqqının ödənilməsi üçün müəyyən olunmuş müddətdən sonra Fondun hesabına köçürülməmiş məbləğ ödənilməsi gecikdirilmiş borc sayılır.
5.2. Sığortaedən tərəfindən işsizlikdən sığorta haqqı ödənilmədikdə və yaxud ödənilməsi gecikdirildikdə, yaranmış borc məbləğlərinin tutulması “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun aparılır.

6. İşsizlikdən sığorta vəsaitləri üzrə hesabatın
təqdim edilməsi qaydası

6.1. İşsizlikdən sığorta fondunun gəlir və xərclərinə dair hesabat formaları və onların təqdim edilməsi dövriliyi Azərbaycan Respublikası Hesablama Palatasının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir. Bu hesabatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edilir.
6.2. Azərbaycan Respublikasının Hesablama Palatası işsizlikdən sığorta fondunun büdcəsinin layihəsinə və icrasına dair hesabatlara rəy verir.

7. İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və
hesabatın təqdim edilməsi qaydasının icrasına nəzarət

7.1. İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim edilməsi qaydasının icrasına nəzarəti Fondun müvafiq orqanları həyata keçirirlər. Fondun orqanları bu nəzarəti sığortaedənlərin qeydiyyatını aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, məcburi dövlət sosial sığorta haqqının toplanılması qaydaları və məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu qaydalarına uyğun həyata keçirirlər.
7.2. Sığortaedənlər işsizlikdən sığorta haqqının hesablanması, ödənilməsi, hesabatın təqdim edilməsi ilə bağlı məsələlərdə Fondun yerli orqanlarının işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilərlər.

Mənbə: www.cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Mühasiblərin diqqətinə! İşsizlikdən sığorta haqqı barədə hesabat məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla birgə təqdim ediləcək

posted in: Xəbər | 0

Bu barədə “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ-nin 29 dekabr 2017-ci il tarixli, 621 №- li qərarının 4.1 maddəsində bildirilir:

4. İşsizlikdən sığorta üzrə sığortaedənlər tərəfindən təqdim edilən hesabat

4.1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq qeydiyyata alınmış sığortaedənlər tərəfindən işsizlikdən sığorta haqlarının hesablanmasının və ödənilməsinin uçotu aparılmalıdır.

Sığortaedənlər hər rüb hesablanmış və ödənilmiş işsizlikdən sığorta haqqı barədə hesabatı Fonda təqdim edirlər. İşsizlikdən sığorta haqqı barədə hesabat məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla birgə təqdim edilir. Hesabatın forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilir.

Mənbə: www.cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“İşsizlikdən sığorta haqqında” Qanunun pozulmasına görə ƏƏSMN toplanılan cərimələrdən bir qismini Nazirliyin işçilərinin mükafatlandırılmasına yönləndirəcək

posted in: Xəbər | 0

 

 

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanılan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 609
Bakı şəhəri, 28 dekabr 2017-ci il
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası
Qanununun pozulmasına görə Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq
edilən cərimələrdən toplanılan və həmin orqanın hesabına
köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq
edilməsi barədə

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017- ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanılan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                  Artur Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 28 dekabr
tarixli 609 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası
Qanununun pozulmasına görə Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq
edilən cərimələrdən toplanılan və həmin orqanın hesabına
köçürülən vəsaitdən istifadə
Q A Y D A S I
1. Ümumi müddəalar

1.1. Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən tətbiq edilən cərimələrdən toplanılan (ödənilən) və həmin Nazirliyin xüsusi xəzinə hesabına köçürülən vəsaitdən (bundan sonra – xüsusi vəsait) istifadə qaydasını müəyyən edir.
1.2. Tətbiq edilən cərimələrdən toplanılan vəsaitin 20 faizi Nazirliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsində və madditexniki bazasının yaxşılaşdırılmasında istifadə olunur.
1.3. Mükafatlara gəlir vergisi və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ayırmalar müvafiq qanunvericiliyə uyğun olaraq tətbiq edilir.

2. Xüsusi vəsaitdən istifadə qaydası

2.1. Xüsusi vəsaitin toplanılması və təyinatı üzrə istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Nazirliyin xüsusi xəzinə hesabı açılır.
2.2. Xüsusi xəzinə hesabının maliyyə mənbəyini “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə Nazirlik tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanılan vəsait təşkil edir.
2.3. Xüsusi xəzinə hesabına köçürmələrin və bununla əlaqədar nəzarətin həyata keçirilməsi Nazirlik və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təmin olunur.
2.4. Xüsusi vəsaitin istifadə olunmasına dair hesabat Nazirlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə və formada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.
2.5. Xüsusi vəsaitin istifadə olunması ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

3. Xüsusi vəsaitin işçilərin sosial müdafiəsinin
gücləndirilməsinə yönəldilmiş hissəsinin istifadə istiqamətləri

3.1. Xüsusi vəsaitin Nazirliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:
3.1.1. işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına;
3.1.2. işçilərin həvəsləndirilməsi tədbirlərinə

4. İşçilərin mükafatlandırılması və həvəsləndirilməsi

4.1. Nazirliyin işçilərinin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
4.1.1. işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
4.1.2. mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi;
4.1.3. qanunla müəyyən edilmiş milli bayram günləri, habelə digər əlamətdar hadisələrlə əlaqədar.
4.2. Nazirliyin işçilərinin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
4.2.1. vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə köməklik göstərilməsi;

4.2.2. rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
4.2.3. normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənməsi.
4.3. İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayramlar və yubileylər zamanı Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri (bundan sonra – nazir) tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilərlər.
4.4. İşin nəticələrinə görə verilən mükafatların məbləği işçinin fəaliyyətinin nəticələrindən asılı olaraq nazir tərəfindən müəyyən edilir.
4.5. İşçilərin fərdi mükafatlandırılması məqsədi ilə vəsait qiymətli hədiyyələrin alınmasına xərclənə bilər.
4.6. İşçilərin fərdi mükafatlandırılması onların işlədikləri struktur bölmələrin rəhbərlərinin və ya yuxarı orqanın təqdimatı əsasında nazirin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir.
4.7. Bu Qaydaya əsasən ödənilən mükafatlar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində nəzərdə tutulan dövlət məvacibinə aid edilir.

5. Xüsusi vəsaitin maddi-texniki bazanın yaxşılaşdırılmasına
yönəldilən hissəsinin istifadə istiqamətləri

5.1. Xüsusi xəzinə hesabına toplanılmış vəsaitin maddi-texniki bazanın yaxşılaşdırılmasına yönəldilən hissəsi büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq aşağıdakı təyinatlara xərclənir:
5.1.1. malların (işlərin və xidmətlərin) alınmasına;
5.1.2. qeyri-maliyyə aktivlərinin alınmasına;
5.1.3. maddi-texniki bazanın gücləndirilməsi istiqamətində digər xərclərə.
5.2. Vəsaitin maddi-texniki bazanın yaxşılaşdırılmasına yönəldilən hissəsindən istifadə zamanı Nazirliyin modern, çevik və avtomatlaşdırılmış idarəetmə sisteminin qurulmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına üstünlük verilir.

Mənbə: www.cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Elektron ticarət vergidən azad edilməlidir?

posted in: Vergi, Xəbər | 0

Osman Gündüz: “İşgüzar dairələr elektron ticarət bazarında sabit mövqe qazanmamış, bu perspektivli bazarları tərk etməyə məcbur olur”

İnternet ictimaiyyəti Vergilər Nazirliyinin yeni rəhbərliyi qarşısında elektron ticarətin vergidən azad edilməsi barədə məsələ qaldırmağa hazırdır. Bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib. O, vergi imtiyazının tətbiqi yolu ilə elektron ticarətin stimullaşdırılmasına ehtiyac olduğunu vurğulayıb.

Azərbaycan prezidenti İlham Əliyevin 5 dekabr 2017-ci il tarixli sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamları ilə Fazil Əsəd oğlu Məmmədov vergilər naziri postundan azad edilib və onun yerinə Mikayıl Cabbarov təyin olunub.

O. Gündüzün sözlərinə görə, qanunvericilik səviyyəsində ən azı üç il müddətinə elektron ticarətin vergilərdən azad edilməsi barədə imtiyaz verilməlidir, yaxud elektron ticarətin həcminə dair statistikanın tətbiqi üçün vergini maksimum 1% səviyyəsində təyin etmək lazımdır.

“Müvafiq qərar qəbul olunana qədər, vergi orqanları vergiləri tələb etməyə məcbur olur və dəxli yoxdur, siz öz biznesinizi yerin üstündə, yerin altında, havada, yaxud virtual məkanda həyata keçirirsiniz. Öz növbəsində bu, ona gətirib çıxarır ki, işgüzar dairələr elektron ticarət bazarında sabit mövqe qazanmamış, bu perspektivli bazarları tərk etməyə məcbur olur” — deyə Osman Gündüz bildirib.

AİF prezidentinin fikrincə, sahibkarın öz ayaqları üzərində möhkəm dayanmasına şərait yaratmaq lazımdır ki, sonra da o, müntəzəm olaraq dövlətə vergi ödəmək imkanına malik olsun: “Təəccüblü deyil ki, nəticədə elektron ticarətə maraq azalır. Gənc mütəxəssislərin bu sahəyə dair demək olar ki, heç bir maraqlı layihəsi yoxdur. Biz maraqlıyıq ki, şəbəkə istifadəçiləri internet portalları və ya sosial şəbəkələr yaratmaq yolu ilə internetdə öz fəal ticarətlərini qura bilsinlər”.

Ekspertin sözlərinə görə, bununla əlaqədar olaraq, bu il elektron ticarət sahəsində startap layihələr də demək olar ki, mövcud olmayıb: “Halbuki, zamanında “Facebook”, “Skype” və bu gün virtual məkanda məşhur olan digər mövcud şirkətlər də startap layihələr idi”.

1 yanvar 2017-ci ildən etibarən qüvvəyə minən vergi qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən, elektron ticarətlə (e-ticarət) məşğul olan bütün şirkətlər ƏDV (18%) ödəməyə başlayıb. Həmin andan etibarən ƏDV elektron xidmət şəbəkəsinə — elektron kitab, musiqi, audio-video materiallar, qrafik təsvirlər, virtual oyunlar, proqram təminatı, reklamların yerləşdirilməsi və s. tətbiq edilir.

Mənbə: tia.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.