“İşsizlikdən sığorta hesabatının təqdim olunması Qaydası” təsdiq edildi

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 621
Bakı şəhəri, 29 dekabr 2017-ci il
“İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və
hesabatın təqdim olunması Qaydası”nın təsdiq
edilməsi haqqında

 

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin altıncı abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                                                Artur Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 29 dekabr
tarixli 621 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması
və hesabatın təqdim olunması
QAYDASI
1. Ümumi müddəalar

1.1. Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və işsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim olunması qaydasını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan anlayışlar “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
1.3. İşsizlikdən sığorta vəsaitlərinin mənbələri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə müəyyən edilir.

2. İşsizlikdən sığorta fondu

2.1. İşsizlikdən sığorta vəsaitləri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən işsizlikdən sığorta fondunda cəmləşdirilir.
2.2. İşsizlikdən sığorta haqları üzrə hər ay üçün toplanılmış vəsaitlər növbəti ayın 1-dək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) tərəfindən işsizlikdən sığorta fondunun xəzinə hesabına köçürülür.
2.3. İşsizlikdən sığorta vəsaitləri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində nəzərdə tutulmuş tədbirlərin, habelə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən olunan digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilir. İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

2.4. İşsizlikdən sığorta fondunun hər il üçün büdcəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2004-cü il 12 iyul tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər planı”na uyğun həyata keçirilir.
2.5. İşsizlikdən sığorta fondunun xərcləri icmal büdcənin xərclərinə daxil edilir.

3. İşsizlikdən sığorta vəsaitinin uçotu

3.1. İşsizlikdən sığorta vəsaitinin uçotu “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta haqları üzrə vəsaitlərin toplanılmasına və həmin Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalara münasibətdə Fond, xərclərə münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən aparılır.

4. İşsizlikdən sığorta üzrə sığortaedənlər tərəfindən
təqdim edilən hesabat

4.1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq qeydiyyata alınmış sığortaedənlər tərəfindən işsizlikdən sığorta haqlarının hesablanmasının və ödənilməsinin uçotu aparılmalıdır. Sığortaedənlər hər rüb hesablanmış və ödənilmiş işsizlikdən sığorta haqqı barədə hesabatı Fonda təqdim edirlər. İşsizlikdən sığorta haqqı barədə hesabat məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla birgə təqdim edilir. Hesabatın forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilir.

5. İşsizlikdən sığorta haqları ödənilmədikdə və ya ödənilməsi
gecikdirildikdə yaranmış borc məbləğlərinin tutulması

5.1. İşsizlikdən sığorta haqqının ödənilməsi üçün müəyyən olunmuş müddətdən sonra Fondun hesabına köçürülməmiş məbləğ ödənilməsi gecikdirilmiş borc sayılır.
5.2. Sığortaedən tərəfindən işsizlikdən sığorta haqqı ödənilmədikdə və yaxud ödənilməsi gecikdirildikdə, yaranmış borc məbləğlərinin tutulması “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun aparılır.

6. İşsizlikdən sığorta vəsaitləri üzrə hesabatın
təqdim edilməsi qaydası

6.1. İşsizlikdən sığorta fondunun gəlir və xərclərinə dair hesabat formaları və onların təqdim edilməsi dövriliyi Azərbaycan Respublikası Hesablama Palatasının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir. Bu hesabatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edilir.
6.2. Azərbaycan Respublikasının Hesablama Palatası işsizlikdən sığorta fondunun büdcəsinin layihəsinə və icrasına dair hesabatlara rəy verir.

7. İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və
hesabatın təqdim edilməsi qaydasının icrasına nəzarət

7.1. İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim edilməsi qaydasının icrasına nəzarəti Fondun müvafiq orqanları həyata keçirirlər. Fondun orqanları bu nəzarəti sığortaedənlərin qeydiyyatını aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, məcburi dövlət sosial sığorta haqqının toplanılması qaydaları və məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu qaydalarına uyğun həyata keçirirlər.
7.2. Sığortaedənlər işsizlikdən sığorta haqqının hesablanması, ödənilməsi, hesabatın təqdim edilməsi ilə bağlı məsələlərdə Fondun yerli orqanlarının işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilərlər.

Mənbə: www.cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *