Online Ödənişsiz Beynəlxalq Mühasibat Kursu

posted in: Mühasibat kursları, Xidmət, Xəbər | 0

Siz 4 həftə ərzində online şəkildə və ingilis dilində, ödənişsiz olaraq Beynəlxalq Mühasibat kursu keçmək istərdinizmi? Bunu sizə coursera.org saytı təklif edir. 22 yanvarda başlayacaq dərslərə, Siz https://www.coursera.org/learn/wharton-accounting/  linkinə daxil olmaqla qoshula bilərsiniz.  4 həftə ərzində, həftədə isə 5-6 saat olmaqla Amerikanın nüfuzlu Pensilvaniya Universitetinin məşhur mühasibat üzrə professoru Brian J. Bushee-nin ingilis dilində təqdimatı ilə keçirilən kursun sonunda siz 3 mühüm mühasibat hesabatı olan gəlir-xərc hesabatı, balans hesabatıpul vəsaitlərinin axını hesabatı haqqında biliklərə yiyələnəcəksiniz. Kursun proqramı aşağıdakı şəkildədir:

  • 1-ci həftə: Siz, başlanğıc olaraq Beynəlxalq Mühasibatlıq haqqında ümumi, daha sonra isə balans hesabatı haqqında geniş məlumata yiyələnəcəksiniz.
  • 2-ci həftə: Mühasibat: gəlir və xərc barədə diskussiya aparılacaqdır.
  • 3-cü həftə: Pul vəsaitlərinin axını, investisiya və maliyyə fəaliyyətinin təsnifi aparılacaqdır. Daha sonra siz pul vəsaitlərinin hərəkəti haqqında hesabatı hazırlamaq və təhlil etmək üzərində işləyəcəksiniz.
  • 4-cü həftə: Sonuncu həftə ərzində siz Maliyyə Əmsalları Təhlili ilə tanış olaraq ümumi öyrənilənlərə yenidən baxış keçirəcək, gəlir-xərc və balans hesabatı mövzularını dərindən qavrayacaqsınız. Bununla da siz yekun imtahana hazırlaşmış olacaqsınız.

Qeyri-rəsmi məşğulluğa dair sərt tədbirlər başladı

posted in: muhasibat, Xəbər | 1

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə dövlət orqanları arasında daha səmərəli koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə, “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planının icrasını əlaqələndirsin və icranın gedişi barədə hər yarımildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 oktyabr 2017-ci il.

mənbə: president.az

Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin siyahısı açıqlanıb

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin siyahısı yerləşdiirilib.

[Download not found]

Cari ilin əvvəlindən etibarən vergi orqanlarına partnyor ödəyici statusunun alınması üçün müraciət edən və ya təsdiq edilmiş qaydalarda göstərilən meyarlara uyğun olduğu müəyyən edilən 454 (o cümlədən, Bakı şəhəri üzrə 200) vergi ödəyicisinə “Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə” bildirişlər təqdim olunub.

Partnyor vergi ödəyicilərinin növbədənkənar qəbulu üçün Respublika üzrə 52 xidmət mərkəzinin növbə terminalının proqram təminatında sürətli keçid üçün “Yaşıl dəhliz” adında seçim imkanı yaradılıb və bu sahədə işlər davam etdirilir.

Xatırladırıq ki, vergi ödəyicisi “Partnyor vergi ödəyicisi statusu”na malik olmaq üçün bir sıra meyarlara cavab verməlidir. Belə ödəyicilər, vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etməli, vergiləri tam həcmdə və vaxtında ödəməli, işçilərinin sayını və onlara verilən əmək haqlarını düzgün bəyan etməli, gücləndirilmiş elektron imzaya sahib olmalı, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun, yazışmaları isə əsasən elektron şəkildə aparmalıdırlar. Partnyor ödəyicilərə, ərazi məhdudiyyəti nəzərə alınmadan, “Yaşıl dəhliz prinsipi” əsasında xidmət göstərilir. Burada, bir sıra ənənəvi xidmətlərlə yanaşı, İKT-nin son nailiyyətlərinə əsaslanan innovativ xidmətlər də təqdim edilir. Belə xidmətlərə videobağlantılar, Çağrı və xidmət mərkəzlərində partnyor ödəyicilərə növbəsiz və sürətli xidmətlərin göstərilməsi, partnyor ödəyicilərin müraciəti əsasında onlar üçün dəyirmi masa, seminar və konfransların təşkili, xüsusi təlim proqramlarının hazırlanması və s. aiddir.

Qeyri-rezidentlərə e-imza verilməsi qaydaları təsdiqlənib

posted in: muhasibat, Xəbər | 0

Prezident İlham Əliyev Azərbaycanın xaricdəki diplomatik nümayəndə­lik­ləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə e-imzanın verilməsi qaydasını və «Azexport.az» portalı­nın əsasnaməsini təsdiq edib.

Portalın rəhbəri Zaur Qardaşov bildirmişdir ki, qurumun nəzdində yaradılmış Rəqəmsal Ticarət Qovşağının faydalı və innovativ funksiyalarından biri də qeyri-rezidentlərə e-imzaların verilməsidir: bu ideya Azərbaycana xarici investisiyaların cəlb olunmasına yönəlib. Elektron-imza qeyri-rezidentlərin burada açdıqları müəssisələri uzaqdan idarə etməyə imkan verir.  Qaydalara uyğun olaraq, istənilən əcnəbi Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə bu imzanı fiziki olaraq əldə edə biləcək. Qaydalarda qeyd olunduğu kimi, bütün güc strukturları birlikdə üç gün müddətində müraciət edənin sənədlərini yoxlayaraq öz fikirlərini bildirirlər. Əgər heç bir irad yoxdursa, həmin əcnəbiyə avtomatik olaraq virtual kimlik verilir.

Z.Qardaşov qeyd etmişdir ki, e-imzaların verilməsində əsas məqsədlərdən biri «Azexport» saytı üzərindən sifarişlərin sayının artımı və onların rəsmiləşdirilməsinin asanlaşdırılmasıdır: «Bu gün Azərbaycanda rəsmi qurumlar 450-dən çox e-xidmət təklif edirlər. Bundan əlavə, Vergilər Nazirliyi e-imzanı əldə etmiş əcnəbilərə şirkəti onlayn qeydiyyatdan keçirmək imkanı yaradıb. Təbii ki, şirkəti idarə etmək və hesabatları təqdim etməklə bağlı da bütün imkanlar mövcuddur. Növbəti mərhələ isə rəqəmsal iqtisadiyyatın qurulması üçün bir başlanğıcdır. MDB məkanında və ümumiyyətlə dünyada ticarətdə sərhəd anlayışının aradan qaldırılması imkanı çox az ölkədə yaradılıb. Nəzərə alsaq ki, azərbaycanlılar beynəlxalq transsərhəd ticarətdə iqtisadiyyatın bu növünə meyillidirlər, deməli, növbəti mərhələdə bu portal iqtisadiyyatın böyük bir hissəsini ələ ala biləcək və transsərhəd ticarətini inkişaf etdirəcək».

«Azexport.az» portalı ixracatçıya dəstək funksiyasını yerinə yetirir, onların məhsullarını digər beynəlxalq portallar vasitəsilə dünya bazarlarında tanıdır. Mütəxəssisin sözlərinə görə, indiyədək yarım milyondan artıq insan yeni bazarlarda Azərbaycan məhsullarını görüb, tanıyıb və portala sifarişlərini ünvanlayıb: «İndiki mərhələdə ticarətin əhatə dairəsi genişləndiyi üçün məsuliyyətimiz bir az da artıb. Bu gün ölkəyə investisiyaların cəlb olunması üzərində çalışırıq. Qaydalarda  elektron pul kisəsinin yaradılması nəzərdə tutulur ki, bu da sahibkarlara rahat ödəniş imkanı yaradan yeni bir maliyyə alətidir. Qeyri-rezidentlərlə yanaşı, xaricdə yaşayan  milyonlarla azərbaycanlı da bu imkandan yararlana biləcək».

Z.Qardaşovun sözlərinə görə, bu gün Azərbaycanda dövlət tərəfindən ixraca dəstək və təşviq mexanizmlərinin hamısı mövcuddur: «Azexport» portalı da standart paketdən kənara çıxan yeni bir əlavə dəstək planıdır və öz fəaliyyətində ortaya müsbət nəticələr qoya bilib. İxraca Dəstək Mərkəzi artıq neçə aydır fəaliyyət göstərir. Burada ixracatçı «bir pəncərə» prinsipi ilə bütün ixrac icazələrini, o cümlədən gömrük bəyannaməsini tərtib edib məhsulunu yola sala bilir. Mərkəzin elektron variantı isə Rəqəmsal Ticarət Qovşağıdır. Bu qovşaq vasitəsilə bir ərizə əsasında orta hesabla 10-11 ünvandan icazələr, sertifikatlar, şəhadətnamələr verilir. İxrac prosesi başa çatdıqdan sonra ixrac təşviq məbləğini ixracatçı mərkəz vasitəsilə geri ala bilir».

«Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası»nın və «www.azexport.az» internet portalı haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə ölkə  Prezidentinin fərmanında Azərbaycanda sərbəst satış sertifikatının veriləcəyi göstərilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Zənura Talıbovanın sözlərinə görə, sərbəst satış sertifikatı ixracatçıların müraciəti əsasında yalnız Azərbaycanda istehsal olunan mallara veriləcək: «İxracatçılar tərəfindən sərbəst satış sertifikatının əldə olunması könüllü xarakter daşıyacaq. Sertifikat ixrac edilən malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiqləyən sənəddir. «Azexport»un fəaliyyəti çərçivəsində müəyyən olunub ki, Azərbaycan məhsullarının keyfiyyətinə əlavə olaraq zəmanətin təmin edilməsi ilə bağlı mütəmadi şəkildə xarici tərəfdaşlar tərəfindən dünyada geniş yayılmış sərbəst satış («Free sales») sertifikatları tələb edilir. Sertifikat mahiyyət etibarilə ölkə daxilində məhsula əvvəlcədən müxtəlif qurumlar tərəfindən verilmiş sertifikatların (keyfiyyət, gigiyenik, uyğunluq və s.) qüvvədə olmasını və həmin məhsula hazırda ölkə daxilində sərbəst satış üçün bütün icazələrin verildiyini təsdiq edir. Sertifikatın verilməsi proseduru heç bir əlavə laboratoriya analizlərinin və ya testlərin keçirilməsi ilə müşayiət  olunmur. Dünya təcrübəsində sərbəst satış sertifikatı malların hər bir partiyasına verilir. Məhsul xarici ölkələrə göndərilirsə, sertifikat həmin ölkənin dövlət dilində və ingilis dilində verilir».

MDB ölkələri arasında bu cür sertifikatları hazırda yalnız Ukrayna və Rusiya təklif edir.

Ukraynada sertifikatların verilməsini Sənaye və Ticarət Palatası, Rusiyada İxraca Dəstək Mərkəzi həyata keçirir. Türkiyədə sertifikatın verilməsi məhsullara görə fərqlənir, sertifikat əsasən Gömrük və Ticarət Nazirliyinin akkreditə etdiyi konsaltinq şirkətləri tərəfindən təqdim olunur.

Z.Talıbovanın sözlərinə görə, Azərbaycanda sərbəst satış sertifikatının verilməsi «Made in Azerbaijan» brendinin təşviqi və qeyri-neft ixracının artımı üçün əlavə təkan olacaq. Sertifikatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təqdim edəcək.

 

Mənbə: vergiler.az