Bank hesabı üzrə əməliyyatların növləri
Bank hesablaşma hesabı üzrə bütün əməliyyatlar iki kateqoriyaya bölünür:
- hesabdan silinmə;
- hesaba daxilolma.
Belə bölünmə bank hesabında pul vəsaitləri üzrə nağdsız əməliyyatların hərəkət istiqamətinə görə müəyyən edilir.
Bank hesablaşma hesabından silinmə aşağıdakı halları nəzərdə tutur:
- akkreditiv və depozitlərin açılması üçün vəsaitlərin çıxarılması;
- xarici valyuta və ya qiymətli metalların alınması üçün banka pul köçürmə;
- xarici valyutanın satış məqsədi ilə silinməsi;
- podratçılara və təchizatçılara ödənişlər;
- sosial sığorta üzrə büdcəyə transfertlər;
- uzunmüddətli və qısamüddətli kreditlərin ödənilməsi;
- bank xidmətlərinə görə ödəmələr;
- işçi heyəti hesablaşmalar (əməkhaqqı ödənişi, vergi, sosial sığorta ödəmələri və sair);
- digər nağdsız əməliyyatlar üzrə silinmələr.
Bank hesabına daxilolma əməliyyatları kateqoriyasına aşağıdakılar daxildir:
- mal və xidmətlərin satışından əldə edilən gəlirlər;
- alıcı və müştərilərdən alınan avanslar;
- vergi şəklində ödənilmiş vəsaitin geri qaytarılması;
- uzunmüddətli və qısamüddətli kreditlərin alınması;
- xarici sifarişçilərdən daxilolmalar;
- istifadə olunmamış avansların qismən və tam qaytarılması;
- bank depozitləri üzrə faizlərin hesablanması;
- depozit hesabından pulun qaytarılması;
- əvvəllər verilmiş kreditlərin qaytarılması;
- xarici valyutanın satışından əldə edilən vəsaitlər;
- işçinin ezamiyyət zamanı xərcləmədiyi valyutanın geri qaytarılması;
- digər nağdsız əməliyyatlar üzrə daxilolmalar.
Bank hesabının açılması üçün tələb olunan sənədlər
Kredit təşkilatlarında hesab açmaq üçün fiziki şəxslər, dövlət orqanları, bələdiyyələr, kommersiya və qeyri-kommersiya hüquqi şəxslər tərəfindən təqdim edilən sənədlərin tərkibi fərqlənir. Sənədlərin siyahısı Mərkəzi Bankın “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” ilə müəyyən edilir.
Aşağıdakılar kommersiya hüquqi şəxslərin cari hesab açmaq üçün banka təqdim etdikləri sənədlərə nümunədir:
- hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;
- hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surəti;
- hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə sənədin surəti;
- vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat;
- imza və möhür nümunə vərəqi,
- imza nümunələrində təsdiq edilmiş şəxslərin səlahiyyəti və şəxsiyyətini təsdiq edən sənədlər (əmr, qərar, şəxsiyyət vəsiqəsinin sürəti və sair).
Nağdsız əməliyyatların aparılması üçün bank hesabının açılması zamanı kredit təşkilatı tərəfindən aşağıdakı sənədlər doldurmaq üçün təqdim edilə bilər:
- hesab açmaq üçün müraciət ərizəsi;
- bank xidmət müqaviləsi;
- özünüqiymətləndirmə anketi və sair.
Nizamnamə və dövlət reyestrindən çıxarış elektron informasiya sistemi vasitəsilə əldə edildikdə onların surətinin notariat qaydasında təsdiqinə ehtiyac yoxdur. Məsələn, kommersiya hüquqi şəxslərin sürətli elektron dövlət qeydiyyatı zamanı dövlət reyestrindən çıxarış (qeydiyyat haqqında şəhadətnamə) və nizamnamənin surəti Dövlət Vergi Xidmətinin elektron informasiya sistemi vasitəsilə elektron ərizəyə əlavə edilir. Odur ki, qeydiyyat zamanı bu sənədlərin notariat qaydasında təsdiqi tələb olunmur.
Fərdi sahibkarlar nağdsız əməliyyatlar üçün cari hesab açmaq məqsədi ilə banka aşağıdakı sənədləri təqdim edirlər:
- fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd (bank tərəfindən surəti çıxarılır və əsli qaytarılır);
- qeydiyyat şəhadətnaməsinin surəti;
- vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat;
- imza və möhür nümunə vərəqi.
Hesabın açılması üçün ərizə, xidmət müqaviləsi və özünüqiymətləndirmə anketi bank tərəfindən təqdim edilir.
Fiziki şəxslər ailə kəndli təsərrüfatına cari hesab açarkən müvafiq bələdiyyə tərəfindən verilmiş vəsiqənin notariat qaydasında təsdiq olunmuş surətini sənədlərə əlavə edirlər.
Sənədlərin banka təqdim edilməsi
Bank hesablarının açılması üzrə sənədlər banka kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq olunaraq təqdim edilir. Banka təqdim edilmiş sənədlərin surəti çıxarılır və onların əsli geri qaytarılır.
Müştərilər üçün bank hesablaşma hesabının açılması yazılı formada bağlanan bank hesabı müqaviləsi ilə rəsmiləşdirilir.
Nağdsız əməliyyatların aparılması üçün nəzərdə tutulmuş bank hesabı aşağıdakı hallarda yenidən rəsmiləşdirilməlidir:
- dövlət orqanı və ya bələdiyyənin adı və tabeçiliyi dəyişdikdə;
- hüquqi şəxsin adı dəyişdikdə;
- hüquqi şəxsin təşkilati-hüquqi forması dəyişdikdə;
- fiziki şəxsin adı, atasının adı və ya soyadı dəyişdikdə.
Bank hesabı yenidən rəsmiləşdirilərkən hesab üzrə yeni şəhadətnamə-dublikatın təqdim olunması və imza nümunələri tələb olunmur.
Şəhadətnamə-dublikatın alınması üçün müraciət
Bankda hesab açan hüquqi və fiziki şəxslər digər sənədlərlə birgə banka vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat da təqdim edirlər. Şəhadətnamə-dublikatın alınması üçün ərizə vergi orqanına dövlət qeydiyyatının aparıldığı vaxt, yaxud qeydiyyata alındıqdan sonra istənilən vaxt təqdim edilir. Bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat verilir. Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır, o, eyni vaxtda bir-neçə bankda hesab aça bilır
Şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir.
İmza və möhür nümunələr vərəqi
Bank hesabı açarkən “İmza və möhür nümunələri vərəqi” təqdim edilir. Hüquqi şəxslərin imza və möhür nümunələri vərəqi notarial qaydada təsdiq edilir. Birinci imza hüququ rəhbər funksiyasını icra edən vəzifəli şəxsə, ikinci imza hüququ isə baş mühasib yaxud mühasibat işi həvalə edilmiş şəxsə məxsusdur. Mühasibat işlərini başqa vəzifəli şəxs həyata keçirdikdə bu barədə vərəqdə müvafiq qeydlər edilir. Həmçinin, ştatda ikinci imza hüquqlu şəxs olmadıqda da bu barədə müvafiq qeydlər edilməlidir.
Birinci imza hüququ hesab üzrə ikinci imza hüququna malik olan şəxslərə verilə bilməz.
Vərəqə müştərinin əsas möhürünün əksi həkk olunur. Möhür olmadıqda vərəqdə bu barədə müvafiq qeyd yazılır. Xüsusi məqsədlər üçün (“kadrlar üçün”, “buraxılış vəsiqələri üçün” və s.) nəzərdə tutulmuş möhürlərdən istifadəyə yol verilmir.
Müvəqqəti olaraq möhür olmadıqda, məsələn, müştərinin adı, tabeliyi dəyişdikdə, möhür itirildikdə, yaxud köhnəldikdə sənədlərin rəsmiləşdirilməsi qaydaları bankla razılaşdırılır. Vəziyyətdən asılı olaraq bir aydan çox davam etməmək şərti ilə aşağıdakı variantlardan biri seçilə bilər:
- əvvəlki möhürdən istifadə edilir;
- sənədlər yuxarı təşkilatın möhürü ilə təsdiqlənir;
- sənədlərin möhür olmadan təqdim edilməsinə icazə verilir.
Fiziki şəxslər, o cümlədən, fərdi sahibkarların imza nümunələri vərəqi bankın özü tərəfindən təsdiq edilir. Şəxsin hüquqi fəaliyyət qabiliyyəti və etibarlılığına şübhə yarandıqda bank imza vərəqlərinin notarial qaydada təsdiqini tələb edə bilər.
Hüquqi və fiziki şəxslər bank hesabı açmaq üçün imza nümunələri vərəqini iki nüsxədə təqdim edir. Zəruri hallarda bank vərəqinin əlavə nüsxələrini tələb edə bilər. Əlavə nüsxələrin notarial qaydada (yaxud yuxarı təşkilat tərəfindən) təsdiq edilməsi tələb olunmur.
Məsafədən bank hesabının açılması
Məsafədən bank hesabının açılması dedikdə, fiziki və hüquqi şəxslərin banka gəlmədən rəqəmsal resurslardan istifadə edərək bank hesabını açması prosesi nəzərdə tutulur.
Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün hesabların açılması gücləndirilmiş elektron imza və video görüntü ilə həyata keçirilir. Yeni hesabların açılması bankların hesablaşma elektron sistemində həyata keçirilir.
Elektron sistemə gücləndirilmiş imza (məsələn, “Asan İmza”) ilə daxil olunur. Hesab açmaq üçün şəxsi və biznes məlumatlar qeyd edilir və tələb olunan sənədlərin elektron versiyası portala yüklənir. Daha sonra müştəri “ASAN İmza” ilə müqavilə imzalamalı və bank əməkdaşları ilə video müsahibədən keçməlidir.
Prosesin sonunda bank xidmət müqaviləsi, hesab üzrə rekvizitlər və bankın xüsusi sisteminə daxil olmaq üçün istifadəçi adı və şifrə müştərinin elektron ünvanına göndərilir.
Məsafədən bank hesablaşma hesabının açılması zamanı imza və möhür nümunələri vərəqi tərtib edilmir. Müştəri imza və möhür nümunələri vərəqini bankın inzibati binasında bank hesablaşma hesabı üzrə əməliyyatı həyata keçirmək istədikdə təqdim etməlidir
Məsafədən bank hesabının açılması xidmətindən sahibkarlıqla məşğul olmayan fiziki şəxslər də yararlana bilər. Bu zaman fiziki şəxslərə fərqli yanaşmalar tətbiq edilir. Hesabın açılma üsulunun seçilməsi hesabın potensial sahibinin il ərzində aparacağı nağdsız əməliyyatların həcmindən asılı olaraq seçilir.