Hansı halda şirkət sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu saxlayır?

posted in: Xəbər | 0

MMC ofis ləvazimatlarının pərakəndə satışını həyata keçirir və sadələşdirilmiş verginin ödəyicisidir. Şirkət 2023-cü ilin 1-ci rübündə nəzarət-kassa aparatı vasitəsilə 11.000 manat, 5.000 manat məbləğində isə elektron qaimə-faktura ilə fərdi sahibkara satış həyata keçirib. Bu halda şirkət sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu saxlayırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinə əsasən, bu Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq, pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi eyni zamanda topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda, sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 218.6.1-ci və 218.6.2-ci maddələrində göstərilən şərtlər ödənilmədikdə, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ həmin hesabat rübündən sonrakı ayın 1-dən ləğv edilir.

Qeyd olunanlara əsasən, pərakəndə satış fəaliyyəti göstərən müəssisənin rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatlarının həcmi ümumi əməliyyatların həcminin 30 faizindən çox olduğundan, sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnu itirir və 2023-cü ilin ikinci rübündən etibarən mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Əsas: Vergi Məcəlləsinin 218.6.2-ci və 218.7-ci maddələri.

Mənbə: vergiler.az

Vergi Məcəlləsi

Sadələşdirilmiş vergi

 

Hamiləlik və doğuma görə müavinətin hesablanması necə aparılır?

posted in: Müavinət, Xəbər | 0

Müavinətlərin, o cümlədən, hamiləliyə və doğuma görə müavinətin hesablanması, təyin edilməsi  və ödənilməsi  AR Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edimiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” əsasında həyata keçirilir.

Müavinətin hesablanması zamanı nəzərə alınan qazanc

Gələcək anaya hamiləlik və doğuşdan sonrakı dövr üçün Əmək Məcəlləsinin 125-ci maddəsi ilə tənzimlənən məzuniyyət verilir. Hamiləliyə və doğuma görə müavinətin hesablanması bu məzuniyyətin müddətinə uyğun aparılır. Yalnız işləyən qadınların almaq hüququ olduğu hamiləlik və doğuşa görə müavinət işçinin qazancı əsasında hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə əməkhaqqı, yəni:

  • aylıq tarif (vəzifə) maaşı;
  • maaşa əlavələr;
  • mükafatlar;
  • digər ödənclər başa düşülür.

Digər ödənclərə iş vaxtından artıq vaxtda görülən işə görə, gecə vaxtı və çoxnövbəli iş rejiminə görə, boşdayanmalara görə və sair ödəncləri nümunə göstərmək olar.

Hamiləlik və doğuşa görə müavinət müəyyən edilərkən məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlər qazanc məbləğinə daxil edilmir (Əsasnamənin 28-ci maddəsi).

Hamiləliyə və doğuma görə müavinətin hesablanması zamanı əməkhaqqı əvəzinə işçiyə verilən malların (işlərin və xidmətlərin) dəyəri həmin malların bu işçinin qazancı kimi nəzərə alına bilər.

Bu zaman əməkhaqqı məbləği:

  • həmin malların işçinin qazancı kimi nəzərə alındığı tarixdə bazar (sərbəst) qiymətləri ilə ifadə olunan dəyərinə;
  • verilən malların dəyəri dövlət tərəfindən tənzimləndiyi halda isə dövlət tərəfindən tənzimlənən qiymətlərlə ifadə olunan dəyərinə bərabər götürülür.

Hamiləlik və doğuşa görə müavinət ödənilən zaman nəzərə almaq lazımdır ki,  işçilərə verilən dövlət müavinətlərinə müəyyən güzəştlər nəzərdə tutulub.

Hamiləliyə və doğuma görə müavinətin hesablanması zamanı nəzərə almaq lazımdır ki, işçilərə verilən dövlət müavinətlərinə müəyyən güzəştlər nəzərdə tutulub.

Hamiləliyə və doğuma görə müavinətin hesablanması bir iş gününə düşən orta gündəlik qazanc əsasında hesablanır.

Orta gündəlik qazancın hesablanması

Analıq məzuniyyətinin hesablanması üçün bir iş gününə düşən orta gündəlik qazanc işçinin hamiləliyə və doğuma görə müavinət hüququnun yarandığı aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır.

Bir gün üçün orta gündəlik qazanc =  Əvvəlki 12 ayın qazancı / Əvvəlki 12 ayda iş günlərin sayı

Əvvəlki 12 ayın qazancı hər bir ay üçün qazanılmış məbləğlərin adi cəmlənməsi kimi hesablanır.

Sığortaolunanın hamiləlik və doğuşa görə müavinət hüququ yarandığı andan əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmadıqda hamiləliyə və doğuma görə müavinətin hesablanması aşağıdakı kimi aparılır:

  1. Əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə minimum aylıq əməkhaqqının qüvvədə olan məbləği müəyyən edilir;
  2. Əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayı tapılır;
  3. Birinci mərhələnin nəticəsini ikinciyə bölməklə bir iş gününə düşən orta gündəlik qazanc hesablanır.

İş günlərinin sayı necə müəyyən olunur?

Əvvəlki 12 ayda iş günlərinin sayı – müavinət hesablandığı cari tarixdən öncəki 12 ay ərzindəki iş günləridir. İş günlərinin sayı Nazirlər Kabineti tərəfindən hər il üçün təsdiq edilən istehsalat təqviminə uyğun aylar üzrə iş günlərinin sayına əsasən müəyyən olunur.

Nümunə 1: İşçinin 12 aylıq qazancı 6000 manatdır. İstehsalat təqviminə əsasən 12 aylıq dövr üçün iş günlərin sayı 243 gündür.  İşçinin orta gündəlik qazancı =  6000  / 243  = 24,69 manat olacaq.

Hamiləliyə və doğuma görə müavinətin hesablanması zamanı istehsalat təqvimi ilə müəyyən edilən iş günlərinin sayı məcburi dövlət sosial sığorta haqqı hesablanmayan dövrlərə düşən aşağıdakı iş günləri qədər azaldılır:

  • əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
  • hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü;
  • uşaq 3 yaşına çatanadək ona qulluğa görə verilən məzuniyyət dövrü;
  • məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər.

Bir günə düşən orta gündəlik qazanc müəyyən edildikdən sonra hamiləlik və doğuşa görə müavinət hesablana bilər.

Hamiləliyə və doğuma görə müavinətin hesablanması

Yuxarıdakı qaydalarla hesablanmış orta gündəlik qazanc və Nazirlər Kabinetinin qeyd edilən 189 saylı qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun faiz nisbətləri əsasında orta gündəlik müavinət məbləği müəyyən edilir. Bu zaman nəzərə almaq lazımdır ki:

  • hamiləlik və doğuşa görə müavinət almaq üçün ən azı 6 ay sosial sığorta stajı lazımdır;
  • müavinətin aylıq maksimal həddi əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz;
  • faiz nisbəti əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətdən fərqli olaraq stajdan asılı olmayaraq 100 faiz dəyərində təyin olunur.

Orta gündəlik müavinət məbləğinin yuxarı həddi qaydalara uyğun müəyyən edilmiş aylıq maksimal məbləğin həmin aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.

Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır.

Müavinətin ümumi məbləği = Gündəlik müavinət * Məzuniyyət dövründə iş günləri

Hamiləliyə və doğuma görə müavinət hesablanarkən ondan yalnız aşağıdakı ödənişlər tutula bilər:

  • aliment;
  • ailə başçısının şikəst olması;
  • ailə başçısının səhhətinin başqa cür korlanması;
  • ailə başçısının ölümünə səbəb olan zərərin ödənişi ilə bağlı məbləğ.

Tutulma məhkəmənin qərarı olduqda həyata keçirilir.

Hamiləlik və doğuşa görə müavinət hesablanması zamanı xüsusi hallar

İşçiyə hamiləliyə və doğuma görə məzuniyyətin təyini zamanı bəzi qeyri-standart hallarla rastlaşmaq olar. Bunlardan bəzilərinə baxaq:

  1. Hamiləliyə və doğuma görə məzuniyyət iş zamanı baş verib, müəssisə, sex, şöbə dayandığı vaxtda da davam edir. Bu zaman müavinət həmin peşə və ixtisas işçilərinə bu müddət üçün verilən qazancın miqdarından verilir və onun yuxarı həddi həmin işçinin ümumi qaydalar üzrə ala biləcəyi müavinət məbləği ilə məhdudlaşdırılır.

  2. Cəmiyyətdən təcrid edilmədən cəzaya məhkum edilmiş şəxslərin hamiləlik və doğuşa görə müavinət almaq hüququ yarandıqda, ona müavinət ümumi qaydalarla verilir. Göstərilən şəxslərə hamiləlik və doğuma görə müavinətin hesablanması məhkəmənin hökmü ilə təyin olunmuş məbləğ çıxılmaqla müəyyən edilən qazancdan hesablanır.

  3. Hamiləliyə və doğuma görə müavinətin hesablanması zamanı tələb olunan sosial sığorta stajı sığortaolunanın əmək qabiliyyətinin itirildiyi günədək xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınmaqla müəyyən olunur.

  1. Əgər hamiləlik süni yolla dayandırılsa, bu məqsədlə aparılmış əməliyyatdan sonra müavinət ümumi qayda üzrə əmək qabiliyyətinin itirilməsinin bütün müddətinə düşən iş günlərinə görə verilir.

Qeyd edilən Əsasnamənin 117-ci maddəsinə görə, sığortaolunan ona təyin olunmuş hamiləlik və doğuşa görə müavinəti almadan vəfat edərsə, almadığı müavinət mərhumla birgə yaşayan ailə üzvünə verilir.

Hamiləliyə və doğuma görə müavinət

Fərdi sahibkarın xidmət müqaviləsi üzrə öhdəlikləri necə müəyyən edilir?

posted in: Xəbər | 0

Sahibkarlıq fəaliyyəti – şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Business Service Centre” şirkətinin maliyyə və mühasibatlıq işləri üzrə mütəxəssisi Aysel İsmayılova sahibkarların xidmət müqavilələri üzrə öhdəliklərini şərh edir.

Müəssisə və fərdi sahibkarın fəaliyyət sahəsinə uyğun mütəxəssisi olmadığı halda və ya hər hansı bir işin görülməsi müəssisə üçün çətin olduqda, kənar fiziki şəxslər ilə mülki-hüquqi müqavilə bağlaya bilər. Müəssisə və fərdi sahibkar xidmət müqaviləsini vergi orqanlarında uçotda olan və uçotda olmayan 18 yaşına çatmış fiziki şəxslə imzalaya bilər. Xidmət müqaviləsinə əsasən, müəssisəyə sifarişçi, vətəndaşa isə icraçı deyilir.

Xidmət müqaviləsi bağlanarkən hər iki tərəfin, yəni həm sifarişçinin, həm də icraçının görüləcək işlə bağlı bütün hüquq və öhdəliklərini əks etdirməsi və tərəflərin razılığı əsas meyardır. Bu müqavilənin şərtlərinə görə, xidmətlər daimi və ya birdəfəlik formada göstərilə bilər. Müqavilənin şərtlərinə görə, icraçı müqavilədə qeyd edilən xidmətləri sifarişçiyə göstərməlidir. Sifarişçi isə icraçıya göstərilən xidmətlərin haqqını ödəməlidir.

Misal 1

İcraçı fərdi sahibkar kimi qeydiyyatdan keçibsə, gəlir vergisi və sosial sığorta ödənişləri icraçı tərəfindən hesablanır və ödənilir. Tutaq ki, Bakı şəhərində vergi orqanında uçotda olan fiziki şəxs “BB” MMC-yə mühasibat xidməti göstərib və bunun müqabilində 500 manat ödəniş əldə edib. Bunu həmin dövrə aid hesabatda qeyd edib vergisini büdcəyə ödəyir. Aylıq xidmət haqqı ödənişi 500 manat olmasına baxmayaraq, məcburi dövlət sosial sığorta haqqı və icbari tibbi sığorta minimum əməkhaqqına tətbiq edilir. Hazırda Azərbaycan Respublikasında minimum əməkhaqqı məbləği 345 manatdır.

“Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti üzrə gəlirlərdən məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında hesablanır. Bakı şəhərində həmin məbləğin 100 faizi tutulur:

345 x 25% = 86.25 manat (Məcburi dövlət sosial sığorta haqqı)

“Tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, Vəkillər Kollegiyasının üzvləri, mediatorlar) minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir:

345 x 4%=13.80 manat (İcbari tibbi sığorta)

Vergi ödəyicisi mikro sahibkarlıq subyekti olduğu üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən 75 faiz güzəşt tətbiq olunur:

(500-86.25-13.80) x 20% = 79.99 manat:

79.99 : 4 = 19.99 manat

Misal 2

Tutaq ki, icraçı fərdi sahibkar kimi qeydiyyatdan keçməyib. Bu zaman onun xidmət göstərdiyi müəssisə ödənilən məbləği ödəmə mənbəyində vergiyə cəlb edir. Eyni zamanda, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta haqlarını hesablayıb dövlət büdcəsinə ödəməlidir.

500 x 14%=70 manat (Ödəmə mənbəyində tutulan vergi)

“Sosial sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə əsasən, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla – gəlirlərinin 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı hesablanır:

500 x 25% = 125 manat

“Tibbi sığorta haqqında” Qanunun 15-2.2.3-cü maddəsinə əsasən, mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edirlər. Qanunun 15-10.1.4-cü maddəsində isə göstərilib ki, bu Qanunun 15-2.2.3-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəyirlər:

500 x 2%= 10 manat

Mənbə: vergiler.az

2024-cü il üçün əməkhaqqıdan hansı tutulmalar olacaq?

Hesabın bağlanılması və digər filialda yeni hesabın açılması üçün banka təkrar müraciət olunmalıdırmı?

posted in: Xəbər | 0

Bank filialının ləğvi ilə əlaqədar müəssisəmizin həmin filialda olan bank hesabları digər filiala köçürülüb. Bu zaman hesabın bağlanılması və digər filialda yeni hesabın açılması üçün banka təkrar müraciət olunmalıdırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicilərinə məxsus hesabların bank əməliyyatı aparan şəxslərin özü, filial və ya struktur bölmələri arasında köçürülməsi zamanı bank əməliyyatı aparan şəxslər köçürülən hesablar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada məlumatı hesabın köçürüldüyü tarixdən 1 iş günü müddətində elektron qaydada Dövlət Vergi Xidmətinə göndərir.

Qeyd olunanlara əsasən, müəssisə tərəfindən ləğv olunan filialdakı hesabının bağlanması və hesabın köçürüləcəyi digər filialda hesabın açılması üçün banka təkrar müraciət edilmir, bank əməliyyatı aparan şəxsin özü tərəfindən hesabın köçürülməsi əməliyyatı həyata keçirilir və bu barədə məlumat hesabın köçürüldüyü tarixdən 1 iş günü müddətində elektron qaydada vergi orqanına göndərilir.

Əsas: Vergi Məcəlləsinin 35.5-ci maddəsi.

Mənbə: vergiler.az

Xeyriyyə fondlarına ianənin vergiyə cəlb olunan mənfəətdən azaldılması qaydası

1 448 449 450 451 452 453 454 2. 691