Ölkə xarici ezamiyyə xərclərinin normaları haqqında

posted in: Xəbər | 1

Xarici ezamiyyə zamanı xərclər

Xarici ezamiyyətlər əksər təşkilatlar üçün həmişə aktual mövzudur. Baxmayaraq ki, xarici ezamiyyə xərclərinin normaları üzrə tənzimləyici normativ sənədlər yeni deyil, ezamiyyənin hesablanması və ödənilməsi proseduru, adətən, bir çox suallar doğurur.

Xidməti ezamiyyət işçinin daimi iş yerindən kənarda iş tapşırığını yerinə yetirmək üçün işəgötürənin əmri ilə müəyyən müddətə başqa yerə getməsidir.

Ezamiyyətə göndərilmənin mövcud şərtlərindən asılı olaraq, işəgötürən işçinin ezamiyyətə göndərilməsi və (və ya) ondan geri qayıtması barədə müstəqil qərar qəbul edir və ezamiyyə əmri hazırlayır.

Ezamiyyətə göndərilən işçilər:

  • iş yerini, vəzifəsini (peşəsini);
  • ezamiyyətin bütün dövrü ərzində əməkhaqqını saxlayır.

Xarici ezamiyyə (həm də respublika daxili) zamanı işəgötürən işçiyə avans verməyə və ezamiyyə xərclərinin normalarını nəzərə almaqla onun aşağıdakı xərclərini ödəməyə borcludur:

  • ezamiyyə yerinə və oradan geri qayıtma xərcləri;
  • mehmanxana xərcləri;
  • gündəlik xərclər (yaşadığı məkandan kənarda yaşayış üçün);
  • işəgötürənin icazəsi ilə çəkdiyi digər xərclər.

Qanunla avansın verilməsi üçün son müddət müəyyən edilməyib. Belə qəbul edilib ki, işəgötürən avansı elə ağlabatan müddətdə verməlidir ki, işçi ezamiyyətə getməzdən əvvəl lazımi xərcləri edə bilsin.

Xarici işgüzar səfərlər zamanı ezamiyyə xərclərinin norması AR-nin Nazirlər Kabinetinin müvafiq qərarına uyğun tənzimlənir. Respublika daxili ezamiyyə xərclərinin normaları da Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə tənzimlənir.

Xarici ezamiyyə xərclərinin normaları

İşçinin ezamiyyə xərcləri qanuna uyğun şəkildə lazımi valyutaya çevrilərək ödənilməlidir. Xarici ezamiyyə xərclərinin 1 günlük norması və uyğun valyuta növü AR NK-nin 14 saylı qərarının 1 saylı əlavəsində verilib. Ezamiyyə xərcinin 1 günlük normasının 35 faizi gündəlik yemək xərcindən ibarətdir (NK-nın İşçilərin Ezamiyyə Qaydaları” haqqında Q-01 nömrəli qərarı) .

Ezamiyyətdən qayıtdıqda ölkədən gedib-qayıtma barədə təsdiqedici qeydlər pasportda əks edilmiş formada müəssisəyə təqdim edilməlidir. Xarici ölkəyə ezam olunan işçinin bəzi səbəblərdən müəyyən müddətdə yolda ləngiyərək gec qayıtması mümkündür. Əgər bu gecikmə işçidən asılı olmayan səbəbdən baş vermiş olarsa, xarici ezamiyyədə olan işçiyə ərazisində olduğu ölkənin normalarına uyğun ezamiyyə xərci ödənməlidir. Lakin üzrsüz səbəbdən baş verən hər hansı gecikməyə görə heç bir xərc ödənilmir.

Nümunə 2: Nümunə 1: “Ayna” MMC-nin işçisi Türkiyəyə ezamiyyətə göndərilib. Uçuş zamanı təyyarədə baş vermiş nasazlıqla əlaqədar işçi 1 gün artıq ləngiməli olur. Bu zaman ona əlavə olaraq həmin ölkənin normasına uyğun ezamiyyə xərci ödənilir.

İşçi Türkiyəyə ezam olunub. Ezamiyyət müddəti bitdikdən sonra o səyahət etmək məqsədilə bir neçə gün Türkiyədə qalmaq istəyir. Bu işçiyə görə gecikmə halı sayıldığına görə heç bir xərc ödənilmir.

İşçinin ezamiyyətə gedib qayıtmağı eyni günə təsadüf etdikdə, ona 1 günlük ezamiyyə xərclərinin normalarının 40 faizi məbləğində vəsait təyin edilməlidir.

Dəvət edən tərəfindən ezamiyyə xərclərinin ödənilməsi

Bəzən ezamiyyə ilə əlaqədar bütün xərcləri dəvət edən tərəf öz üzərinə götürmüş olduğu üçün işçiyə ezamiyyə xərci ödənilmir. Ezamiyyə xərclərinin dəvət edən şirkət tərəfindən verilməsi aşağıdakı qaydada həyata keçirilir:

  • işçi yalnız yaşayış yeri ilə təmin olunduqda  bir günlük normanın 40%-i,  yemək xərci ilə təmin olunduqda isə  65%-i məbləğində vəsaitlə təmin edilir;
  • yaşayış yeri, yemək xərclərinin nağd yolla ödənilməsi üçün təyin edilən vəsait müəyyən olunmuş normadan aşağı olarsa, həmin fərqin işçiyə verilməsi təmin edilməlidir;
  • işçinin yaşayış yeri ilə təmin edilməsi,  yemək pulunun isə ona nəqd şəkildə  ödənməsi mümkündür. Bu zaman həmin nəqd vəsait 1 günlük normanın 40 %-dən aşağı olduqda, yaranmış fərq ödənməlidir;
  • yeməklə təmin edilən işçiyə yaşayış yeri üçün nağd şəkildə ödənilən vəsait müəyyən olunmuş ezamiyyə xərclərinin normalarının 60%-dən aşağı olduqda yaranmış fərqin ödənilməsi zəruridir.

Xərclərin  tam və ya qismən şəkildə dəvət edən tərəfdən ödənilməsi müvafiq sənədlərə əsasən müəyyən olunur.

Nümunə 3: İşçi 10 gün müddətinə ezamiyyətə göndərilmişdir. Həmin müddətin 2 günü istirahət gününə təsadüf etdikdə ezamiyyə xərci necə hesablanmalıdır?

Cavab: İşçi  istirahət günlərini yaşayış yerindən uzaqda keçirdiyi üçün müəyyən məbləğdə xərc etməli olacaqdır. Buna görə də müəssisə tərəfindən ezamiyyətin bütün günləri üçün təyin olunmuş normada ezamiyyə haqqı hesablanaraq ödənilir. 

Xarici ezamiyyə zamanı işçilərə norma daxilində verilən ezamiyyə xərcləri müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir. Faktiki ezamiyyə xərclərinin normadan artıq olan hissəsi isə gəlirdən çıxılmır.


Respublika daxili ezamiyyə xərclərinin normaları

posted in: Xəbər | 0

Ezamiyyətin növləri

Bildiyimiz kimi müəssisələrdə işçilər zərurət yarandığı hallarda öz daimi iş yerlərindən digər yerə  xidməti tapşırıq məqsədilə ezamiyyətə göndərilir. Bu zaman ona müəyyən edilmiş ezamiyyə xərclərinin norması məbləğində avans verilir. İşçinin ezamiyyəyə göndərilməsi müəssisə rəhbərinin əmri ilə rəsmiləşdirilir. Həmin əmrə işçinin ad, soyadı, göndərildiyi yer və digər məlumatlar daxil edilir.  Ezamiyyətin aşağıdakı növləri mövcuddur:

  • daxili ezamiyyə;
  • xarici ezamiyyə.

Respublika daxili ezamiyyətlərdə tabeçilik qaydasında yuxarı təşkilatlara ezam olunan işçi yolda keçirilən vaxt nəzərə alınmamaq şərtilə 5 gündən çox olmayan müddətdə ezamiyyətlə təmin edilir.  Lakin ehtiyac olduğu hallarda ezamiyyə müddəti müəssisə rəhbərinin tapşırığı ilə  daha 5 gün də artırıla bilər.

Ezamiyyə xərclərinin norması

Ezamiyyətdə olan işçinin bir sıra xərcləri yarandığına görə ona müəssisə rəhbəri tərəfindən ezamiyyə müddətinə uyğun pul avansı verilməlidir. Ezamiyyə xərclərinin  bir günlük norması AR NK-nin müvafiq qərarına uyğun tənzimlənir. Qərarda respublika daxili və xarici ölkələrə ezamiyyə xərclərinin normaları fərqləndirilir.  Respublika daxili ezamiyyələr zamanı bir günlük  norma:

  • Bakı şəhəri – 125 manat;
  • Gəncə, Sumqayıt – 95 manat;
  • Naxçıvan – 100 manat;
  • respublika tabeliyində olan digər ərazilər – 90 manat müəyyən olunub.

Ezamiyyə xərclərinin normasına mehmanxana, gündəlik xərclər, rabitə, şəhərdaxili nəqliyyat kimi xərclər daxildir.

Mehmanxana xərcləri – işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsi daxilində ödənilir.

Bir günlük normanın 80%-ni mehmanxana xərcləri təşkil edir. Aşağıdakı hallarda həm xarici, həm respublika daxili ezamiyyə zamanı mehmanxana xərcləri faktiki xərclərə müvafiq olmaqla təqdim edilmiş təsdiqedici sənədlər əsasında ödənir:

  • AR Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarına;

  • AR Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarına.

Gündəlik xərc – işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir.

Ezam olunmuş yerə getmək və qayıtmaq üzrə nəqliyyat xərcləri, ölkə daxili xərclər təqdim edilmiş uyğun sənədlər əsasında ödənilir.

Həm gündəlik, həm də mehmanxana xərci  işçiyə  ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün müəyyən olunur. Lakin mehmanxana xərci təyin olunduqda, gündəlik xərcdən fərqli olaraq, işçinin yolda olduğu vaxt nəzərə alınmır.

Nümunə 1: “Merkur” MMC-də işləyən şəxs Bakı şəhərinə 4 gün müddətə ezamiyyətə göndərilir. Bu zaman ona, bir günlük ezamiyyə xərclərinin norması nəzərə alınmaqla,125 x 4 = 500 manat avans ezamiyyə xərci ödəniləcək.

Xərc normasının tətbiqi qaydaları

Əgər işçinin ezam olunduğu yerdən daimi yaşadığı yerə hər gün qayıtmaq imkanı olarsa, ona yalnız təsdiqedici sənədlərə əsasən yol xərcinin ödənilməsi təmin edilə bilər. Bu halda mehmanxana xərci təyin edilmir. İşçinin hər gün yaşayış məkanına qayıtmaq məsələsi isə işlədiyi təşkilatın rəhbərləri tərəfindən həll olunur. Bu halda ezamiyyə xərclərinin normasının tətbiqi zamanı nəzərə alınmalı olan əsas məqamlar:

  • ezam yerinin məsafə uzaqlığı;
  • görülən işin xüsusiyyətləri;
  • işçiyə normal istirahət üçün şəraitin yaradılmasıdır.

İşçilərin ezamiyyətə gedib qayıtması üçün sərf edilən xərclər isə, taksidən istifadə nəzərə alınmadan, nəqliyyat xərcləri hesab olunur və təqdim olunan sənədlərə əsasən ödənilir. Ola bilər ki, işçi respublika daxili ezamiyyəyə xidməti minik avtomobili ilə göndərilsin. Bu zaman nəqliyyat vasitələri üçün müəyyən edilmiş həddən artıq yol qət edildikdə sərf edilən yanacağın dəyəri  nəqliyyat xərci kimi ödənilməlidir. Həmçinin,  quraşdırma, sazlama, tikinti kimi işlərin icrası məqsədilə ezamiyyətə göndərilən işçi yaşayış yeri ilə təmin olunarsa, ona təsdiqedici sənəd əsasında nəqliyyat xərcinin ödənməsi təmin edilməlidir. Gündəlik yemək xərci isə AR NK-nin qərarına uyğun  müəyyən edilən məbləğdə, yəni 15.00 azn təyin olunur. Lakin yaşayış yeri ilə təmin olunmayan işçilərə  ezamiyyət xərcləri ümumi qaydada verilir.

Ezamiyyə xərcinin ödənilmə mənbəyi

Ezamiyyə xərcləri büdcə təşkilatlarında bu məqsədlə ayrılmış vəsait məbləğindən, digər təşkilatlarda isə onların öz vəsaiti hesabına ödənilir. Qanunvericiliyə əsasən ezamiyyə xərclərinin normasından artıq ödənilmə mümkündür. Yəni, müəssisə ezamiyyə xərcinin normadan artıq hissəsini öz sərbəst mənfəəti hesabına ödəyə bilər. Normadan artıq ödənilmiş məbləğ təsdiqedici sənəd təqdim edildikdə işçinin gəliri hesab olunmur,  gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilmir. Lakin, Vergi Məcəlləsi faktiki ezamiyyə xərclərinin normadan artıq hissəsinin gəlirdən çıxılmasına yol vermir (VM, maddə 109.7).

Nümunə 2:  Yevlaxdan Bakı şəhərinə ezamiyyətə göndərilən işçiyə 145 manat avans ödənilmişdir. Geri qayıtdıqdan sonra işçi verilən avansın tam xərcləndiyini təqdim etdiyi hesabatda qeyd edir. Məlum olduğu kimi Bakı şəhərinə 1 günlük ezamiyyə norması 125 manat təşkil edir və müəssisə də yalnız həmin məbləği gəlirdən çıxılan xərc kimi göstərə bilər. Normadan artıq çəkilmiş xərc isə təsdiqedici sənəd mövcud olduğu üçün onun vergi tutulmayan gəlirinə aid ediləcəkdir.

Xarici ezamiyyə xərclərinin norması haqqında buradan oxuya bilərsiniz.

Məcburi dövlət sosial sığorta haqqından azadolmalar

Ezamiyyənin sənədləşdirilməsi: ümumi müddəalar

posted in: Xəbər | 0

Ezamiyyət nədir?

İşçi işəgötürən tərəfindən xidməti tapşırığın icrası məqsədilə daimi iş yerindən digər yerə ezamiyyəyə göndərilə bilər. Ezamiyyətə yalnız əmək müqaviləsi ilə işləyən işçi göndərilir.  Lakin elə işçilər də var ki, onların işi daimi olaraq yolda keçir, gediş- gəliş xarakteri daşıyır. Həmin işçilər üçün bu xidməti ezamiyyət hesab olunmur. Ezamiyyətin iki növü var:

  • daxili;

  • xarici

Hər iki halda ezamiyyənin sənədləşdirilməsi zəruridir.

Tabeçiliyə görə yuxarı təşkilat sayılan struktur vahidlərinə işçilərin ezam olunması bu hallarda həyata keçirilə bilər:

  • qarşılıqlı razılaşmaya uyğun;

  • yuxarı təşkilatın dəvəti ilə.

Daimi işi yolda keçən və gediş – gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyə sayılmır.

Ezam olunma müddətində işçinin əsas iş yeri (vəzifəsi) və orta əmək haqqı saxlanılır. Əvəzçilik əsasında işləyən işçinin orta əmək haqqı onu ezam edən təşkilatda saxlanılır. İşçi hər iki iş yeri üzrə ezamiyyəyə eyni vaxtda göndərilərsə, onun orta əmək haqqı hər iki iş yerində saxlanılır. Ezamiyyənin sənədləşdirilməsi zamanı xərclərin təşkilatlar arasında bölünməsi nəzərə alınmalıdır.

Ezamiyyə zamanı ilk növbədə bütün lazımi sənədlər hazırlanmalıdır. Sənədlərin tərkibi AR Maliyyə Nazirliyinin “İşçilərin Ezamiyyə Qaydaları” əsasında tənzimlənir.

Ezamiyyə əmri

İşçinin ezam olunmasına təşkilatın (təşkilatların) rəhbərləri müstəqil qərar verir və ezamiyyə əmrlə rəsmiləşdirilir. Ezamiyyə əmri olmadan işçinin ezam olunması qanuna ziddir və buna görə işəgötürən məsuliyyət daşıyır. Əmrdə aşağıdakı məlumatlar qeyd olunmalıdır:

  • ad, soyad;
  • işçinin vəzifəsi;
  • ezamiyyənin təyinatı;
  • işçinin ezam olunduğu yer;
  • ezamiyyət günlərinin sayı və s.

Ezamiyyə xərclərini həm işçini ezam edən müəssisə, həm də dəvət edən tərəf ödəyə bilər. Xərcləri maliyyələşdirən tərəf haqqında məlumatlar əmrdə öz əksini tapmalıdır. Ezamiyyənin sənədləşdirilməsi prosesini başlamaq üçün ezam olunacaq işçi müəyyən olunur. Lakin nəzərə almaq lazımdır ki, bəzi işçilərin ezam olunması qanuna əsasən yolverilməzdir. Bu barədə “Xidməti ezamiyyət və ondan istifadə adlı məqalədən məlumat əldə etmək olar.

İşçi əmrlə tanış olmalı, bunu təsdiqləməlidir. Ezamiyyət əmri daxili sənəd hesab olunur və işəgötürənin imzası və möhürü ilə təsdiqlənməlidir.

Əmr bir nüsxədə hazırlanır. Əmrin arxivdə saxlanma müddəti 5 ildir.

Ezamiyyə vəsiqəsi

Ezamiyyənin sənədləşdirilməsi prosesində növbəti addım uyğun şöbə (mühasibatlıq, insan resursları, yaxud bunun həvalə olunduğu şöbə yaxud əməkdaş) tərəfindən işəgötürənin əmri əsasında işçiyə ezamiyyə vəsiqəsi verməlidir. Daxili ezamiyyətlərdə vəsiqədə:

  • respublika ərazisində işçinin ezam olunduğu yerə gəlməsi və geri qayıtması;
  • həmçinin, ezamiyyət yerində olduğu faktiki müddət barədə məlumatlar qeyd edilir.

Bu qeydlər zəruri hallarda möhürlə təsdiqlənir. Əgər işçi fərqli məntəqələrə ezamiyyətə göndərilərsə, bu zaman hər bir məntəqə üzrə gəlib-getmə günləri barədə qeydlərin  ayrı-ayrılıqda aparılması tələb olunur. Respublikadan kənar ezamiyyənin sənədləşdirilməsi zamanı verilmiş əmrlə yanaşı  ölkədən giriş-çıxış haqqında pasportda (yaxud pasportu əvəz edən sənəd) səlahiyyətli orqanların apardığı qeydlər əsas götürülür. Həmin sənədlərdə heç bir qeyd aparılmadığı halda işçiyə ezamiyyə vəsiqəsinin verilməsi təmin edilməlidir (ingilis dilində tərtib edilmiş variant). Ezamiyyə vəsiqəsinin formasına buradan baxmaq mümkündür. O, bir nüsxədə hazırlanaraq arxivdə 5 il müddətinə saxlanılır.

Ezamiyyə üçün verilən pul avansı

Ezamiyyətdə olan işçinin bir sıra xərcləri yarandığına görə ona ezamiyyət müddətinə uyğun pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun hesablanmış ezamiyyə xərclərindən, habelə nəqliyyat xərclərindən ibarətdir.

Ezamiyyə xərclərinə:

  • gündəlik xərclər;
  • mehmanxana;
  • şəhər daxili nəqliyyat;
  • rabitə və s. bu kimi xərclər aiddir.

Nəqliyyat xərcləri:

  • ezamiyyət yerinə getmək-qayıtmaq,
  • ölkədaxili nəqliyyat xərcləri (taksi xərci istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına getmək;
  • ölkə ərazisində digər məntəqələrə getmək üçün xərclər daxildir.

Xərclərin ezamiyyənin sənədləşdirilməsi zamanı qanunun tələblərinə uyğun aparılması vacibdir. Bu yoxlamalar zamanı əlavə problemlərdən qaçmağa kömək edər.

Bu xərclərə nəqliyyatda sərnişinlərin icbari sığorta üzrə tədiyyələri,  qabaqcadan bilet satışı xidmətin ödənilməsi, qatarlarda yatacaq ləvazimatları üçün xərclər də aiddir. Nəqliyyat xərclərinin ödənilməsi üçün təsdiqedici sənədlərin olması vacibdir. Təsdiqedici sənədlər itirilərsə bileti satmış təşkilatın rəsmi arayışı ödəniş üçün əsas götürülür.

Avans hesabatı

İşçi ezamiyyətdən geri  döndükdən  sonra  xərclənən  vəsaitin məbləği barədə avans hesabatını hazırlayır. Həmin hesabatın təqdim edilmə müddəti 3 gündən artıq olmamalıdır. Ezamiyyə vəsiqəsi, xarici ölkələrə ezamiyyələr zamanı isə pasport yaxud onu əvəz edən sənəddə ölkədən çıxmaq, ölkəyə qayıtmaq barədə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeydin surəti, nəqliyyat xərclərini təsdiq edən sənədlər avans hesabatına əlavə edir. Avans hesabatının düzgün tərtib edilməsi ezamiyyənin sənədləşdirilməsi, xərclərin uyğun maddələr üzrə uçota alınması üçün zəruridir.

Avans hesabatı – hesabat üçün alınan məbləğləri, əslində çəkilmiş xərcləri, hesabat məbləğlərinin balansını və ya onların köçürülməsini göstərən hesabat, onu verən şəxslər tərəfindən tərtib edilmiş və verilmiş standart forma sənədidir.

Ezamiyyə xərcləri (nəqliyyat xərcləri istisna olmaqla) norması həddində verilən pul avansı işçi tərəfindən tam xərclənməyə bilər. Bu halda işçidən heç bir təsdiqedici sənəd tələb olunmur və həmin hissə geri ödənmir. Əgər avans ezamiyyə xərcləri normasından çox hesablanmış olarsa, artıq verilən məbləğ işçidən tutula bilər. Avans hesabatının düzgünlüyü müəssisənin mühasibi tərəfindən yoxlanılır, müəssisə rəhbəri, yaxud da səlahiyyətli şəxs tərəfindən təsdiqlənir. Avans hesabatının forması (Forma № 1 AH) Nazirlər Kabinetinin 20.09.2020-ci il tarixli 365 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası” ilə müəyyən olunub. Hesabatın formasını buradan yükləmək olar.

Avans hesabatının da arxivdə saxlanma müddəti 5 ildən ibarətdir.

Ezamiyyə kitabı

Təşkilatlarda ezam olunan işçilərin qeydiyyatının aparıldığı ezamiyyət kitabı tərtib edilir. Həmin kitabda ezam olunan  işçinin:

  • ad, soyadı;
  • tutduğu vəzifə;
  • şəxsiyyəti təsdiq edən sənədin (yaxud ezamiyyə vəsiqəsinin) nömrəsi;
  • ezam olunduğu təşkilat;
  • aldığı avans məbləğ qeyd olunur.

Ezamiyyət kitabının vərəqinin nümunəvi formasını buradan yükləmək olar. Ezamiyyət kitabının  saxlanma müddəti 5 ildir.

Ezamiyyənin sənədləşdirilməsi prosesində yuxarıda sadalanan etapların hər biri önəmlidir. Bu xərclərin uçotunun düzgün aparılması, ezamiyyə xərclərinə nəzarət edilməsi üçün vacibdir.


Birbank Biznes-də yeni “Sürətli kredit” məhsulu istifadəyə verildi

posted in: Xəbər | 0

Sürətli kreditBirbank Biznes-də yeni “Sürətli kredit” məhsulu təqdim edildi. Kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan bu kredit 200 000 manatadək məbləğdə illik 12%-dən başlayan şərtlərlə təqdim olunur.

“Sürətli kredit” müraciətin ardından cəmi bir iş günü ərzində tamamilə onlayn rəsmiləşdirilir. Biznes sahibləri “Sürətli krediti”i vaxt itirmədən zaminsiz və girovsuz əldə edə bilərlər. Ətraflı məlumat və onlayn müraciət üçün: https://kbl.az/bbpril

“Sürətli kredit” kiçik və orta sahibkarlara dəstək olmaq, bizneslərini böyütmək, onların maliyyə çətinliklərini aradan qaldırmaq üçün yaradılıb. Yeni məhsul bankdaxili davranışlara uyğunlaşdırılmış dinamik kredit təklifidir və müsbət kredit tarixçəsi olan, mütəmadi dövriyyə edən müştərilərə verilir.

Qeyd edək ki, Birbank Biznes-də sahibkarların hər gün istifadə etdiyi bir sıra məhsullar var:

  • Qarantiya məhsulları: tender, icra, avans, keyfiyyət, ödəniş, gömrük qarantiyası və s.
  • Sürətli Tender
  • Nağd təminatlı qarantiya
  • “Biznes overdraft” məhsulu
  • Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsulları: faktorinq, satışın maliyyələşdirilməsi, təchizat öncəsi maliyyələşmə
  • Gömrük krediti məhsulu
  • Biznes İpoteka Krediti
  • Maliyyə lizinqi
  • Ənənəvi Kredit / Kredit xətti

Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business saytına keçid alın və ya 896 məlumat mərkəzinə zəng edin.


1 482 483 484 485 486 487 488 2. 685