Read More9
Read More9

Sahibkarlığın inkişafını dəstəkləyən stimullar və mexanizmlər

posted in: Xəbər | 0

Ölkəmizdə dayanıqlı iqtisadi inkişaf nəticəsində formalaşan yüksək maliyyə imkanları uzun illər ərzində makroiqtisadi sabitliyin və davamlı artımın təmin olunmasına mühüm töhfə verərək əlverişli və təhlükəsiz biznes mühiti üçün güclü zəmin yaradıb. 2021–2024-cü illərdə qeyri-neft sektoru orta hesabla illik 6,7% artıb, onun iqtisadiyyatda payı isə 68%-ə yüksəlib. 2019-2025-ci illərdə qeyri-neft ixracının təxminən iki dəfə artması ölkənin rəqabət qabiliyyətinin güclənməsinin mühüm göstəricilərindən biridir.

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya prosesi beynəlxalq investorlar və aparıcı şirkətlər üçün geniş imkanlar formalaşdırıb. 2004–2024-cü illərdə ölkə iqtisadiyyatına 344,4 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb. İnvestisiya cəlbediciliyinin əsas amillərindən olan siyasi sabitlik və proqnozlaşdırıla bilən iqtisadi mühit Azərbaycanda etibarlı biznes platformasının formalaşmasına şərait yaradıb. Güclü maliyyə bazası, makroiqtisadi və makromaliyyə sabitliyi, eləcə də biznes mühitinin davamlı təkmilləşdirilməsi beynəlxalq qiymətləndirmələrdə də öz əksini tapır. Dünya Bankı Qrupunun “Business Ready” hesabatı və beynəlxalq kredit reytinq agentliklərinin qiymətləndirmələri son illərdə Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını göstərir. “Fitch” və “Moody’s” agentliklərinin ölkəmizin kredit reytinqini investisiya səviyyəsinə yüksəltməsi bunun bariz nümunəsidir.

Sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya prosesi
beynəlxalq investorlar və aparıcı şirkətlər üçün geniş imkanlar formalaşdırıb

Əldə olunan nəticələrdə biznes mühitinin inkişafı istiqamətində həyata keçirilən institusional islahatların xüsusi rolu var. İnzibati prosedurların sadələşdirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və dövlət–biznes əməkdaşlığının gücləndirilməsi sahibkarlıq fəaliyyətinin daha şəffaf, əlverişli və rəqabətqabiliyyətli əsaslar üzərində inkişafına şərait yaradır. Bununla yanaşı, innovasiya və yaşıl iqtisadiyyat prinsiplərinin təşviqi biznes ekosisteminin müasir çağırışlara uyğun transformasiyasını sürətləndirir.

Bu istiqamətdə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru üzrə də mühüm addımlar atılıb. Sahibkarlıq fəaliyyətinə başlanılması prosesinin daha əlçatan və səmərəli təşkili məqsədilə hüquqi şəxslərin dövlət qeydiyyatı sisteminin proaktivliyinin artırılması üçün qanunvericilik təşəbbüsləri hazırlanıb. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Notariat haqqında” qanunlara təklif edilən dəyişikliklər notariat əməliyyatlarından sonra məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə avtomatik şəkildə Dövlət Vergi Xidmətinə ötürülməsini və qeydiyyatın proaktiv qaydada aparılmasını nəzərdə tutur. Müvafiq dəyişikliklər artıq qüvvəyə minib.

Dünya Bankı Qrupunun “Business Ready” hesabatı və beynəlxalq kredit reytinq
agentliklərinin qiymətləndirmələri son illərdə Azərbaycanın mövqeyinin
əhəmiyyətli dərəcədə yaxşılaşdığını göstərir

Eyni zamanda, qanunvericiliyə “benefisiar mülkiyyətçi” anlayışı daxil edilib, qeydiyyat zamanı təqdim olunan məlumatların dairəsi müəyyənləşdirilib və kommersiya qurumlarının benefisiar mülkiyyətçiləri barədə məlumatların dövlət qeydiyyatına alınması təmin olunub.

Bundan başqa, fəaliyyəti xüsusi qanunvericiliklə tənzimlənən hüquqi şəxslərin qeydiyyatı ilə bağlı müxtəlif dövlət qurumları arasında elektron məlumat mübadiləsini təmin edən texniki infrastruktur yaradılıb. Bu çərçivədə Dövlət Vergi Xidmətinin informasiya bazası Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Mərkəzi Bank və Əmlak Məsələləri Dövlət Xidmətinin sistemləri ilə inteqrasiya edilib.
Rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri də “E-Vergi” mobil tətbiqinin istifadəyə verilməsi olub. Tətbiq Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin funksiyalarını vahid platformada birləşdirərək vergi ödəyiciləri üçün daha rahat və əlçatan elektron kabinet formalaşdırır. Hazırda tətbiq vasitəsilə hüquqi şəxslər üzrə müxtəlif kateqoriyalara aid 13 növ ərizənin elektron formada təqdim edilməsi mümkündür.

Rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində atılan
mühüm addımlardan biri də “E-Vergi” mobil tətbiqinin istifadəyə verilməsi olub

Həyata keçirilən islahatlar ölkədə əlverişli biznes mühitinin formalaşmasını sürətləndirərək iqtisadi artım və investisiya fəallığı üçün yeni imkanlar yaradır. Bu, həmçinin iqtisadi aktivliyin təmin edilməsi üçün güclü stimullar formalaşdırır.

Mənbə: vergiler.az

Pensiyaçı həyat yoldaşına görə əmlak vergisi güzəşti varmı?

Pensiyaçı həyat yoldaşına görə əmlak vergisi güzəşti varmı?

posted in: Xəbər | 0

Mən pensiyaçıyam, lakin qeydiyyatda olduğum ev həyat yoldaşımın adınadır. Belə olan halda əmlak vergisinə görə 30 manatlıq güzəşt mənə, yəni yaşadığımız evə şamil olunurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxs mülkiyyətində olan yaşayış sahəsinə görə əmlak vergisinin ödəyicisidir və Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinin müddəalarına əsasən, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalar, o cümlədən fərdi yaşayış evləri əmlak vergisinin vergitutma obyektidir.

Vergi Məcəlləsinin 199.3-cü maddəsinə əsasən, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Vergi Məcəlləsinin 102.1-ci və 102.2-ci maddələrində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.

Sorğuya cavab olaraq bildirilib ki, pensiyaçılar üçün nəzərdə tutulan 30 manatlıq güzəşt yalnız pensiyaçının öz mülkiyyətində olan binalara tətbiq edilir. Həyat yoldaşı pensiyaçı deyilsə, o, əmlak vergisini tam məbləğdə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 197 və 199.3-cü maddələri

Mənbə: vergiler.az

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması

posted in: Müavinət, Xəbər | 0

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi

İşçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinət almaq hüququ var. Müavinətin verilməsi qaydaları AR NK-nın təsdiq etdiyi “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası ilə tənzimlənir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması xəstəlik vərəqəsi əsasında,  müdiriyyətin  müavinət təyin edən komissiyasının qərarına uyğun olaraq verilir.

Müavinət aşağıdakı dövr üçün verilir:

  • əmək qabiliyyətinin itirilməsinin birinci günündən başlamaqla sağalanadək;
  • qanunvericiliyə uyğun qaydada əlilik təyin edilənədək.

Bu zaman müddətin yuxarı həddi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayaraq müəyyən olunur.  “Əmək qabiliyyətinin müvəqqəti itirilməsi”

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması zamanı nəzərə almaq lazımdır ki:

  • bu zaman işçinin iş yeri, vəzifəsi saxlanılır;
  • ilk 14 gün üçün işəgötürənin vəsaiti hesabına ödənir;
  • qalan günlər üçün ödəniş DSMF-nin vəsaiti hesabına həyata keçirilir.
Nümunə 1: İşçi 01.09.2022- 30.09.2022 tarixində əmək qabiliyyətini itirmişdir. Bu halda ayın 1-dən 14-ə qədərki müddətin müavinəti işəgötürən tərəfindən ödəniləcək. Ayın 15-dən 30-na qədər müddət üçün müavinətin ödənilməsi isə DSMF tərəfindən həyata keçəcəkdir.

14 yaşından yuxarı xəstələnmiş ailə üzvlərinə qulluq zamanı müavinət 7 təqvim günündən artıq olmayan müddət üçün verilir. Müstəsna hallarda müavinətin müddəti 10 təqvim gününədək uzadıla bilər.

Qanunvericilikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilmədiyi hallar da vardır (bax: “Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı sığortaolunana müavinətin verilməmısi halları”)

Müavinətin hesablanmasının əsasları

  1. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması yalnız xəstəlik vərəqəsi əsasında aparılır.
  2. Hesablama zamanı nəzərə almaq lazımdır ki, müavinəti yalnız ən azı 6 ay sosial sığorta stajı olan şəxslər ala bilər.
  3. Müavinətin aylıq maksimal həddi əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.
  4. Əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinət işçinin xəstə olduğu və ya xəstə ailə üzvünə qulluq etdiyi hallarda hesablanır.
  5. Müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması

Xəstəlik vərəqəsi əsasında işçiyə verilən müavinət onun əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl gələn 4 rübə münasibətdə sığortaolunan üçün ödənilmiş (həmin dövr üçün hesablanmış) məcburi dövlət sosial sığorta haqqının dörd mislindən hesablanır.  Hesablamalarda bu məbləğ “qazanc” adlandırılacaq.

Müavinətin məbləği (MM) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdəki təqvim günlərinin sayı (TGS) ilə bir təqvim gününə düşən orta qazancın məbləğinin (OQM) hasili kimi hesablanır:

MM=TGSxOQM.

Orta qazancın məbləği aşağıdakı qaydada müəyyən edilir:

OQM = ÜQM / BTG,

burada:

  • ÜQM – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində sığortaolunanın ümumi qazancının məbləği;
  • BTG – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində bölən təqvim günlərinin sayıdır.

Bölən təqvim günlərinin sayı əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində cəmi təqvim günlərinin sayı (ÜTG) ilə əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində bu Qaydanın 2.13-cü bəndində göstərilən günlərin sayı (ÇTG) arasındakı fərq kimi hesablanır:

BTG = ÜTG – ÇTG.

Qaydaların 2.13-cü bəndinə görə çıxılan günlərin sayı aşağıdakı dövrə düşən təqvim günlərinin toplam sayı kimi müəyyən edilir:

  • əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilmiş günlər;
  • sosial sığorta stajı 6 aydan az olduğuna görə müavinət ödənilməmiş əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrlər;
  • hamiləliyə və doğuma görə müavinət ödənilmiş günlər
  • sosial sığorta stajı 6 aydan az olduğuna görə müavinət ödənilməmiş hamiləliyə və doğuma görə məzuniyyət dövrləri;
  • qismən ödənişli sosial məzuniyyət dövrü.

Əgər əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki ardıcıl 4 rübdə əmək fəaliyyəti olmamışdırsa, OQM (bir təqvim gününə düşən orta gündəlik qazanc) əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə minimum aylıq əməkhaqqı məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı təqvim günlərinin sayına bölünməsi ilə tapılır.

Hesablamaların yeni qaydası 2026-cı il 1 may tarixindən tətbiq edilir.

Bu tarixədək baş vermiş və (və ya) bu tarixdən sonra davam edən sosial sığorta hadisəsinə görə məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi qeyd edilən tarixədək qüvvədə olan normalara uyğun aparılır.

1 may 2026-cı il tarixədək müavinətin hesablanması alqoritmi

  • Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləği hesablanır (bunu “Gəlir” adlandıraq);
  • Həm dövr üçün (son 12 ay üçün) iş günlərinin sayı tapılır (bunu da “İş günləri” adlandıraq);
  • Bir iş gününə düşən orta gündəlik qazanc (“Gündəlik qazanc”) “Gəlir” və “İş günləri”nin nisbətinə bərabərdir, yaxud Gündəlik qazanc = Gəlir / İş günləri ;
  • Orta gündəlik qazanc və işçinin sosial sığorta staja görə faiz (“Staj faizi”) nəzərə alınmaqla gündəlik müavinətin məbləği hesablanır (“Gündəlik müavinət”), yaxud Gündəlik müavinət= Gündəlik qazanc * Staj faizi;
  • “Gündəlik müavinət” yuxarıda qeyd edilən Əsasnamənin 3 bəndinin 4 abzası ilə müəyyən edilən aylıq maksimum həddin müavinət hesablanan aydakı iş sayına bölünməklə tapılan məbləğdən çox olmamalıdır;
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ümumi məbləği (“Müavinət”) xəstəlik vərəqəsinə əsasən buraxılmış iş günlərinin (“Müavinət dövründə iş günləri”) sayı ilə gündəlik müavinətin hasili kimi hesablanır, yaxud Müavinət= Gündəlik müavinət* Müavinət dövründə iş günləri

Yuxarıda qeyd edilənləri düsturla belə ifadə edə bilərik:

Müavinət = Gəlir / İş günləri * Staj faizi * Müavinət dövründə iş günləri

Əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinətin hesablanması zamanı məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlər qazanca aid edilmir. 

İşçiyə əməkhaqqı əvəzinə mal (iş yaxud xidmət) verildikdə, onların dəyəri qazanc kimi nəzərə alındığı tarixdə:

  • bazar qiymətləri ifadə olunan dəyərə, yaxud;
  • dövlət tərəfindən tənzimlənən qiymətlərlə ifadə olunan dəyərə bərabər götürülür.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi (vaxtamuzd əməkhaqqı alanlar üçün vaxtamuzd, işəmuzd əməkhaqqı alanlar üçün isə işəmuzd əməkhaqqı) məbləğindən artıq olmamaq şərtilə, faktiki qazanc nəzərə alınır. Bu qaydada hesablanmış müavinətin aylıq məbləği iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi məbləğindən artıq ola bilməz. Bu tələblər aşağıdakı hallara tətbiq edilmir:

  • bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi;
  • hamiləliyə və doğuşa görə məzuniyyətlər.

Vəzifə maaşı və ya tarif dərəcəsi almayan işçilərə bu Əsasnamədə nəzərdə tutulan hallarda müavinətin hesablanması üçün əməkhaqqı Dövlət Statistika Komitəsinin məlumatı üzrə müvafiq peşə və ixtisasa malik işçinin əməkhaqqına uyğun olaraq müəyyən edilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması prosesində istifadə olunan orta gündəlik qazancın müəyyən edilməsi zamanı iş günlərinin sayından aşağıdakı dövrə düşən iş günləri çıxılır:

  • əmək qabiliyyətini müvəqqəti itirildiyi dövr;
  • hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü;
  • uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü. 

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması nümunələri

Nümunə 2: “Merkur” MMC- də 15 illik iş stajı, 600 manat əməkhaqqı olan işçi xəstəlik vərəqəsi əsasında 14.11.2021-ci il tarixdən 19.11.2-21-ci il tarixədək əmək qabiliyyətini itirib:
son 12 aylıq əməkhaqqı – 7200 manat (600*12);
son 12 ayın iş günləri – 243 gün;
müavinət müddətindəki iş günləri 5 gün;
staj və kateqoriya üzrə faiz 100 %;
Müavinət = (7200 / 243) x 5 x 100 %= 148.15 manat.

Beləliklə, işçiyə işəgötürən tərəfindən ödəniləcək müavinət məbləği 148.15 manat olacaqdır.

Bu zaman belə sual yaranır ki, işçi 12 aydan az işləyibsə, müavinət hesablanması necə olacaq? İşçi 12 aydan az müddətlə işləyibsə, bu zaman faktiki işlədiyi aylarda qazandığı qazanca görə hesablama aparılır.

Nümunə 3: “Merkur” MMC-də xəzənidar vəzifəsi üzrə 5 yanvar 2022-ci ildən işə 600 manat əməkhaqqı alır. Sosial sığorta stajı 8 ildir. Həmin işçi 1 noyabr 2022-ci il tarixdən 10 noyabr 2022-ci il tarixinə qədər əmək qabiliyyətini müvəqqəti itirmişdir.
Müavinət = ( 600 x 10 ) / 241 x 6 gün x 80 % = 119.47 manat.

 

Nümunə 4: İşçi 2026-cı ilin iyin ayında 25 təqvim günü əmək qabiliyyətini müvəqqəti itirir. İşçiyə əvvəlki 4 rüb ərzində, yəni 2026-cı ilin 1-ci rübü, 2025-ci ilin 2,3,4-cü rübləri üzrə cəmi 1800 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı hesablanaraq ödənilib. Müavinətin hesablanması üçün nəzərə alınacaq baza məbləği 1800 x 4 = 7200 manat olacaq.
Tutaq ki 4 rüb üzrə təqvim günlərionin sayı 365-dir və heç bir çıxılma halı olmayıb. Hesablamalar aşağıdakı kimi olacaqdır.
7200 / 365 = 19.73 manat;
19.73 x 25 = 493.25 manat.

Qeyd edək ki, dəyişikliyə qədər hesablama zamanı iş günləri, yeni redaksiyada isə təqvim günləri nəzərə alınır.

Əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinətdən tutulmalar

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətdən Vergi Məcəlləsinə uyğun olaraq vergi tutulur. Vergi tutulduqdan sonra qalan məbləğdən məhkəmənin qərarına əsasında yalnız aşağıdakı məbləğlər tutula bilər:

  • aliment;
  • ailə başçısının şikəst olması, yaxud səhhətinin başqa cür korlanmasına görə ödəmələr;
  • ailə başçısının ölümünə səbəb olan zərərin ödəniş məbləği.

Alimentin tutulması sığortaolunanın hesabına inkasso sərəncamı qoyulmaqla həyata keçirilir.

Elektron imzanın paylaşılması hansı risklər yaradır?

posted in: Xəbər | 0

“AzInTelecom”un İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Ruslan Dadayev müsahibə verib. 

– Dövlət xidmətlərinin rəqəmsallaşdığı bir dövrdə kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması vətəndaşlar üçün daha da aktuallaşır. Bu prosesdə vətəndaşlar rəqəmsal xidmətlərdən istifadə edərkən nələrə diqqət etməlidirlər?

– Məlumdur ki, artıq bir çox hesabatları, müraciətləri, ödənişləri və qeydiyyat proseslərini evdən çıxmadan, onlayn şəkildə həyata keçirmək mümkündür. Bu, həm vaxt itkisinin qarşısını alır, həm də dövlət qurumları ilə vətəndaş arasında əlaqəni daha çevik və şəffaf edir. Hazırda rəqəmsallaşma həyatımızın hər sahəsinə nüfuz edib. Lakin bu rahatlıq özü ilə bərabər ciddi məsuliyyət də gətirir. Rəqəmsallaşma dövründə hər kəs kiber-gigiyena qaydalarına ciddi riayət etməyə çalışmalıdır. İlk növbədə vətəndaşlar bilməlidirlər ki, rəqəmsal xidmətlərdən istifadə edərkən şəxsi məlumatlar – şəxsiyyət vəsiqəsi məlumatları, telefon nömrəsi, ünvan, bank kartı məlumatları, elektron imza və digər həssas bilgilər – xüsusi diqqətlə qorunmalıdır. İstifadəçilər dövlət xidmətlərinə giriş zamanı yalnız rəsmi portallardan istifadə etdiklərinə əmin olmalıdırlar. Şəxsi məlumatların, xüsusən də PİN kodun və birdəfəlik şifrələrin kənar şəxslərə, hətta özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edənlərə belə verilməsi qətiyyən yolverilməzdir. Şübhəli keçidlərdən qaçmaq isə rəqəmsal mühitdə vətəndaşın quracağı ən sadə və ən güclü müdafiə mexanizmlərindəndir.

– Kiberhücumlar zamanı maliyyə müəssisələri daha çox hədəf alınır. Buna əsasən sahibkarlar nələri nəzərə almalıdır?

– Fiziki sənədlərlə işləməyi elektron sistemdə işləməkdən üstün hesab edən sahibkarların sayı kifayət qədərdir. Sənədlərə toxuna bilmə və istədiyi yerdə mühafizə edə bilmə imkanı insanlara daha çox güvən verir. Bu istiqamətdə biz çalışmalıyıq ki, rəqəmsallaşmanın sadəcə bir trend deyil, biznesi ayaqda saxlamağa dəstək verən bir sistem olduğunu doğru şəkildə izah edək. Bu əsnada vurğulaya bilərəm ki, rəqəmsal sistemlərin insan faktorundan qaynaqlanan səhvləri, məsələn, sənəd itkisini və ya yanlış hesablamaları sıfıra endirdiyini daim müşahidə edirik. Seyflər və kağız arxivlər yanğın, oğurluq kimi risklərə qarşı daha müdafiəsiz olduğu halda, bulud texnologiyaları bizə şifrələnmiş qorunma və istənilən an əlçatanlıq təmin edir. Bu yolla biz rəqəmsal sistemlərdə hər bir əməliyyatı mərhələlər üzrə izləyə bilirik. Eyni zamanda, texnologiya sahibkarın vaxtına və vəsaitinə maksimum qənaət edərək ona yeni ideyalarını reallaşdırmaq üçün imkanlar yaradır.

İlk növbədə vətəndaşlar bilməlidirlər ki, rəqəmsal xidmətlərdən istifadə edərkən
şəxsi məlumatlar – şəxsiyyət vəsiqəsi məlumatları, telefon nömrəsi, ünvan,
bank kartı məlumatları, elektron imza və digər həssas bilgilər –
xüsusi diqqətlə qorunmalıdır

Düşünürəm ki, sadalananlardan əlavə, ən inandırıcı arqument daimi biznes nəzarətinin sahibkarın əlində olması reallığıdır. Rahat interfeys və anadilli platforma dəstəyi ilə bütün proseslər çox rahat şəkildə idarə oluna bilir. Xüsusilə vurğulamaq istərdim ki, hər bir sahibkarın fəaliyyəti boyu qarşılaşa biləcəyi təhdidlər mahiyyət etibarilə iki əsas istiqamətə ayrılır. Bu risklərin birincisini kənar müdaxilələr, yəni kiberhücumlar təşkil edirsə, ikinci və bəlkə də daha təhlükəli olanı sahibkarın özünün yol verə biləcəyi subyektiv xətalardır. Bu sferada ən geniş yayılmış və ağır nəticələrə səbəb olan səhv isə elektron imzanın üçüncü şəxslərə ötürülməsidir. Müəyyən əməliyyatların icrası üçün tanışlara, əməkdaşlara və ya digər şəxslərə nəzarətsiz şəkildə verilən elektron imza sui-istifadə halları baş verdiyi təqdirdə sahibkarı ciddi maliyyə itkiləri və qarşısıalınmaz hüquqi problemlərlə üz-üzə qoya bilər. Unutmaq olmaz ki, elektron imzanın başqasına etibar edilməsi, faktiki olaraq bütün maliyyə və hüquqi məsuliyyəti həmin şəxsə ötürmək deməkdir.

– Elektron imza əldə edərkən vətəndaşlar hansı təhlükəsizlik qaydalarına riayət etməlidirlər və biometrik autentifikasiyaya əsaslanan yeni nəsil texnologiyalar imzanın başqasının əlinə keçməsi riskini necə aradan qaldırır?

– SİMA rəqəmsal imza bu halları böyük ölçüdə aradan qaldırır. Ənənəvi elektron imzalarda ən böyük risk imzanın saxlanıldığı daşıyıcının oğurlanması və ya giriş şifrəsinin başqası tərəfindən öyrənilməsi idi, yəni şifrəni bilən hər kəs sizin adınızdan imza ata bilirdi. Lakin “SİMA İmza” bunu kökündən dəyişir. Belə ki, sistem istəyə bağlı olaraq, hər bir imzalama prosesində süni intellekt əsaslı üztanıma texnologiyasından istifadə edir və canlılıq testi tətbiq edərək kamera qarşısındakının həqiqətən həmin şəxs olduğunu, yəni sadəcə bir fotoşəkil və ya video olmadığını dəqiq müəyyənləşdirir.

Ümumən imzanın başqasının əlinə keçməsi texniki cəhətdən mümkün deyil, çünki biometrik məlumatlar ötürülə və ya kopyalana bilməz. Lakin hər bir mükəmməl texnologiyanın arxasında bir “insan faktoru” dayanır və burada əsas məsuliyyət yenə də istifadəçinin üzərinə düşür. Bəzi əməliyyatların icrası üçün tələb olunan tətbiq PİN kodun gizli saxlanılması və mobil cihazın fiziki mühafizəsi vətəndaşın birbaşa öhdəliyidir. PİN kodun başqası ilə bölüşülməsi təhlükəsizlik baxımından boşluq yarada bilər, bu səbəbdən də istifadəçilər daha ehtiyatlı davranmalıdırlar. Yekun olaraq deyə bilərik ki, “SİMA İmza”nın aldığı təhlükəsizlik tədbirləri ilə paralel vətəndaşın öz rəqəmsal savadlılığı və ayıq-sayıqlığı da olmalıdır.

Elektron imza əldə edilərkən və istifadə olunarkən vətəndaşların ən çox diqqət yetirməli olduğu məqam şəxsi məlumatların və fiziki sənədlərin toxunulmazlığıdır. Təcrübədə rast gəlinən ən təhlükəli hallardan biri şəxslərin aldadıcı vədlərə inanaraq şəxsiyyət vəsiqələrini kənar şəxslərə verməsidir. Bu yolla vətəndaşın xəbəri olmadan onun adına elektron imza əldə edilir və vergi yayınmaları, qanunsuz pul dövriyyəsi kimi ağır maliyyə cinayətləri törədilir. Dövlət Vergi Xidməti də rəsmi açıqlamalarında bu məsələyə xüsusi diqqət çəkərək bildirib ki, kənar şəxslərin “adınıza heç nə açılmayacaq”, “sosial yardım düzəldəcəyik” kimi yalan vədlərinə inanmaq vətəndaşı hüquqi məsuliyyət qarşısında qoyur. Artıq bu kimi hallar üzrə qüvvəyə minmiş cəza tədbirləri də mövcuddur.

Sistem istəyə bağlı olaraq, hər bir imzalama prosesində
süni intellekt əsaslı üztanıma texnologiyasından istifadə edir

Ənənəvi fiziki daşıyıcılı imzalarda risk daha yüksək idi, çünki şifrəni bilən və ya cihazı ələ keçirən hər kəs vətəndaşın adından imza ata bilirdi. Lakin yeni nəsil biometrik imzalar bu təhlükəni minimuma endirir və cinayət riskini demək olar ki, qeyri-mümkün edir. Belə ki, vətəndaşın şəxsiyyət vəsiqəsi məlumatları hansısa yolla ələ keçirilsə belə, yeni sistemlərdə imzalama prosesi zamanı şəxs özü mütləq biometrik testdən keçməlidir. Burada süni intellekt texnologiyası işə düşərək “canlılıq testi” tətbiq edir və kamera qarşısındakının həqiqətən həmin şəxs olduğunu, hərəkətsiz bir fotoşəkil və ya video olmadığını dəqiq müəyyənləşdirir.

– Bəs imzanın başqası tərəfindən istifadə edilməsi nəticəsində hər hansı ciddi zərər yaranarsa, bu halda vətəndaş nə edə bilər?

– Əgər imzanın başqası tərəfindən istifadəsi nəticəsində hansısa zərər və ya itki yaranarsa, vətəndaş dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Eyni zamanda, maliyyə itkisinin böyüməməsi üçün bank və ya müvafiq qurumla dərhal əlaqə saxlanılaraq bütün əməliyyatlar dondurulmalıdır. Burada ən kritik məqam ondan ibarətdir ki, rəqəmsal imza əl imzası ilə eyni hüquqi qüvvəyə malik olduğu üçün qanun qarşısında “bu imzanı mən atmamışam” demək kifayət etmir. Ehtiyatsızlıqdan mobil cihazın və ya şifrələrin başqasına verilməsi, yaxud da imza səlahiyyətinin ötürülməsi halları adətən vətəndaşın öz öhdəliyi hesab olunur. Bütün bunları nəzərə alaraq istifadəçi öz təhlükəsizliyi üçün maksimum diqqətli olmalıdır.

– Elektron imza yaratmış bir şirkətin nümayəndəsi kimi, sizcə hüquqi prosedur olmadan imza səlahiyyətinin başqa əməkdaşa verilməsi zamanı ehtiyatlılıq və göstərilən etimad harada bitməlidir?

– Elektron imza səlahiyyətinin başqa bir əməkdaşa verilməsi hüquqi baxımdan bir şəxsin öz əl imzasını və möhürünü tamamilə başqasına həvalə etməsi ilə eyni çəkiyə malikdir. Bu prosesdə ehtiyatlılıq sənəd dövriyyəsi hələ başlamazdan çox əvvəl – idarəetmə strukturu qurularkən tənzimlənməlidir. Sahibkar ilk növbədə məlumatlı olmalıdır ki, qanunvericiliyə görə, elektron imza fiziki imza ilə tam eyni hüquqi qüvvəyə malikdir, yəni o imza ilə təsdiq edilən hər bir müqavilə, hər bir maliyyə köçürməsi birbaşa imza sahibinin adından icra edilmiş sayılır və bütün məsuliyyət onun üzərində hesab olunur. Əlavə olaraq, hüquqi qorunma üçün aparılacaq proseslər əvvəlcədən təsdiqlənməlidir. Bu, rəsmi sənədlər hər hansı bir problem və ya mübahisə yarandıqda həm rəhbəri, həm də işçini çətin vəziyyətdən qurtara bilər. İmzalama düyməsinə basıldığı an isə etimadın bitdiyi və fərdi nəzarətin şərt olduğu əsas mərhələdir. Çünki rəqəmsal imza fərdə məxsusdur və onun istifadəsi şəxsin öz iradəsini ifadə edir. Səlahiyyət verilən əməkdaşın fəaliyyəti mütəmadi olaraq nəzarətdə saxlanılmalıdır. Unutmayaq ki, rəqəmsal imza sahibinin ehtiyatsızlığı nəticəsində yaranan fəsadlar çox vaxt geridönməz olur. Bu səbəbdən etibar etmiş olsaq belə, mütəmadi yoxlamaq əsas prinsip olmalıdır.

Elektron imza fiziki imza ilə tam eyni hüquqi qüvvəyə malikdir, yəni o imza ilə
təsdiq edilən hər bir müqavilə, hər bir maliyyə köçürməsi
birbaşa imza sahibinin adından icra edilmiş sayılır

– İnternet vergi idarəsinin yenilənmiş portalında (new.e-taxes.gov.az) əsas yeniliklərdən biri də giriş üsulları sırasına “SİMA İmza”nın əlavə edilməsi oldu. Bu, sürət və kibertəhlükəsizlik baxımından biznes proseslərini necə optimallaşdırır?

– İnternet Vergi İdarəsinin yenilənmiş portalına “SİMA İmza”nın inteqrasiya edilməsi rəqəmsal idarəetmə ekosistemində sahibkarlar üçün yeni bir dövrün başlanğıcıdır. Bu yenilik biznes proseslərini ilk növbədə fiziki asılılığı aradan qaldırmaqla optimallaşdırır, yəni artıq sahibkarın elektron imza alması üçün harasa getməsinə ehtiyacı olmur. Vaxt itkisinin qarşısını alan bu texnologiya sayəsində bütün identifikasiya əməliyyatları sadəcə smartfon vasitəsilə dünyanın istənilən nöqtəsindən həyata keçirilə bilir.

Kibertəhlükəsizlik baxımından isə biometrik autentifikasiya faktoru riskləri minimuma endirir, çünki sistem şəxsin yalnız şifrəsini deyil, onun üz təsvirini də tələb edir. Bu yanaşma kənar şəxslərin sahibkarın adından qanunsuz əməliyyatlar aparma ehtimalını azaldır. Nəticədə biznes subyektləri texniki maneələrə vaxt ayırmaq əvəzinə, öz diqqətlərini əsas fəaliyyət sahələrinə yönəldə bilirlər. “SİMA İmza”nın gətirdiyi bu sürət və etibarlılıq həm də kağız dövriyyəsini və əməliyyat xərclərini azaldaraq biznesin rəqəmsal çevikliyini artırır. Yeni portalın bu imkanı sahibkar və dövlət arasında qarşılıqlı etimadı gücləndirən mühüm rəqəmsal körpüdür.

“SİMA İmza”nın təqdim etdiyi QR paylaşım funksionallığı fərdi sahibkarlar üçün idarəetməni tamamilə yeni müstəviyə daşıyır. Belə ki, sahibkar öz əməkdaşlarına istənilən an sadəcə bir kliklə imza və möhür səlahiyyəti verə bilir, ehtiyac yarandıqda isə həmin səlahiyyəti dərhal deaktiv etmək imkanına sahib olurlar. Bu sistem həm də rəhbər şəxsə bütün proseslər üzərində tam rəqəmsal nəzarət imkanı yaradır.

Eyni zamanda, yaxın müddətdə fərdi sahibkarlar üçün yenilik nəzərdə tutulur ki, bu da FİN kod üzərindən SİMA vasitəsilə sahibkar imza səlahiyyətinin hüquqi qaydada başqa bir şəxsə, məsələn, mühasibə ötürülməsini təmin edəcək. Bu həll imzanın fiziki olaraq başqasına verilməsi riskini aradan qaldıraraq əməliyyatların şəffaf və təhlükəsiz şəkildə icrasına şərait yaradacaq. Həmçinin təhlükəsizliyi gücləndirmək məqsədilə Dövlət Vergi Xidməti yalnız xüsusi və kritik əməliyyatlarda sonda biometrik imza tələbi qoşmaqla kənar müdaxilə ehtimalını sıfıra endirib. Beləliklə, şəxsiyyət vəsiqəsi məlumatları ələ keçirilsə belə, sistemin tətbiq etdiyi süni intellekt əsaslı canlılıq testi və digər biometrik kriteriyalar sayəsində şəxs özü kamerada təsdiqlənmədən heç bir əməliyyatın aparılması mümkün olmayacaq.

“SİMA İmza”nın təqdim etdiyi QR paylaşım funksionallığı
fərdi sahibkarlar üçün idarəetməni tamamilə yeni müstəviyə daşıyır

– Müasir dövrdə kibertəhlükələrdən qorunmaq və rəqəmsal imza imkanlarından səmərəli istifadə etmək istəyən bir sahibkar üçün əsas tövsiyələr nə olardı?

– Müasir iş dünyasında rəqəmsal təhlükəsizlik artıq bir seçim deyil, biznesin davamlılığı üçün şərtdir. Biometriya əsaslı bulud həllərinə, texnologiyalara keçid sahibkarı həm əlavə qurğu asılılığından xilas edir, həm də imzanın oğurlanma riskini minimuma endirir.

Əlavə olaraq, şirkətlər daxilində kiber-gigiyena mədəniyyəti formalaşdırılmalı, bütün əməkdaşların rəqəmsal savadlılığı artırılmalıdır. Çünki ən güclü sistem belə insan ehtiyatsızlığı qarşısında zəif ola bilər.

Məlumatların ehtiyat nüsxəsinin müntəzəm çıxarılması və bulud sistemlərində şifrələnmiş şəkildə saxlanılması, biznesi kiber-hücumlardan qoruya biləcək ən vacib sığortadır. Rəqəmsal imza isə heç vaxt tam nəzarətsiz şəkildə paylaşılmamalıdır.

Sonda isə unutmayaq ki, ayıq-sayıq olmaq, yenilikləri izləmək və təhlükəsizlik qaydalarını biznesin gündəlik rutininə çevirmək sahibkarı rəqabətdə hər zaman bir addım önə çıxaracaq.

Mənbə: vergiler.az

Xarici ezamiyyət xərcləri necə hesablanır? – Qaydalar və şərtlər

1 3 4 5 6 7 8 9 2. 699
error: Content is protected !!