Read More9
Read More9

Əməyin mühafizəsi qaydalarını pozan işçinin kənarlaşdırılması

posted in: Xəbər | 0

Əməyin mühafizəsi – işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Bəs bu standartlar harada və necə reallaşdırılır?

Suala əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova aydınlıq gətirir.

Əmək şəraitinin təmin edilməsindən biri də əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsidir. Əmək Məcəlləsinin 64-cü maddəsinə əsasən, işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün də işəgötürən “Əməyin mühafizəsi” bölməsində nəzərdə tutulmuş normalara uyğun istehsalat və sosial-məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir. İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Normativ hüquqi aktlarla müəyyən edilmiş əməyin mühafizəsi normaları və qaydaları hökmən:

– işçilərin;

– istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin;

– müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların;

– məhkəmə hökmlərinin icrası yerlərində işləyən məhkumların;

– təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin görülməsinə cəlb edilən şəxslərin, eləcə də inzibati tənbeh və ya cəza növü kimi ictimai işləri yerinə yetirən şəxslərin çalışdıqları bütün iş yerlərində tətbiq edilməlidir.

Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər:

– bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını;

– işçilərin əməyin mühafizəsi normaları üzrə təlimatlandırılmasını, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini.

Əməyin mühafizəsi üzrə işçilərin vəzifələrinə aşağıdakılar daxildir:

– əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;

– xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;

– əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr barədə işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək;

– müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq;

– əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək.

Bəs işçi əməyin mühafizəsi normasına əməl etmədikdə işdən kənar edilə bilərmi?

Əmək Məcəlləsinin 62-ci maddəsinin tələblərinə əsasən, müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqda işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər.

İşçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması işçinin əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

İnzibati Xətalar Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni:

– əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə;

– binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə;

– bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına;

– işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika xidmətinin təşkil edilməməsinə;

– normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə;

– işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə;

– işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə;

– kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsinə;

– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsinə;

– maşın və avadanlıqların fırlanan və ötürücü hissələrinin istehsalçı tərəfindən təchiz edilmiş mühafizə qurğuları olmadan istismar edilməsinə görə işəgötürən 500 manatdan 1.000 manatadək məbləğdə cərimə edilir.

Mənbə: vergiler.az

Əlilliyi olan övladına görə işçiyə hansı vergi güzəşti verilir?

Əlilliyi olan övladına görə işçiyə hansı vergi güzəşti verilir?

posted in: Xəbər | 0

22 yaşlı, 2-ci dərəcəli əlil övladı olan (əmək qabiliyyətinin itirilməsi 70 faiz), eyni zamanda orqanizmin funksiyalarının 80 faiz pozulmuş azyaşlı övladı olan işçiyə Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən güzəşt tətbiq edilə bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, əlilliyi müəyyən edilmiş şəxslərin əlillik dərəcələri I, II və III dərəcə üzrə, müvafiq olaraq, 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi müəyyən edilir.

Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), əlilliyi olan uşaqların, daimi qulluq tələb edən əlilliyi olan uşağa və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Əsas: Vergi Məcəlləsinin 102.3-cü maddəsi

Mənbə: vergiler.az

Bankların faiz siyasətində dəyişiklik: azalma gözlənilir

Bankların faiz siyasətində dəyişiklik: azalma gözlənilir

posted in: Xəbər | 0

Azərbaycanda bankların təklif etdiyi kredit və depozit faizlərinin azalması gözlənilir.

Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov məlumat verib. Onun sözlərinə görə, monetar siyasətdə hər hansı xüsusi dəyişiklik olmayacağı halda kreditlərin faiz dərəcələrinin aşağı enməsi proqnozlaşdırılır. Bu hal depozitlərə də şamil edilir: “Azərbaycanda uçot dərəcəsinin manatla yerləşdirilən depozit və manatla verilən kredit faizlərinə təsiri getdikcə daha çox hiss olunur. Biz bu təsiri qiymətləndiririk. Bizim yeni monetar siyasət çərçivəsinin son mərhələsi 2024-cü ildən başlayıb. Həmin vaxtdan biz uçot dərəcəsini siyasət aləti kimi tətbiq etməyə başlamışıq. Məsələn, son 6 ayda uçot dərəcəsini aşağı salmışıq. Bunun nəticəsində fiziki şəxslərin manatla müddətli yeni depozitləri üzrə orta faiz 0,11 faiz bəndi azalaraq 9,5 faizə, hüquqi şəxslərin müddətli yeni depozitləri üzrə orta faiz isə 0,78 faiz bəndi azalaraq 5,87 faizə düşüb”.

T.Kazımov fiziki şəxslərə yeni verilmiş kreditlərin orta illik faiz dərəcəsinin 0,8 faiz bəndi azalaraq 15,95 faizə, hüquqi şəxslərə yeni verilmiş kreditlərin orta illik faiz dərəcəsinin isə 0,91 faiz bəndi azalaraq 12,32 faizə düşdüyünü vurğulayıb: “Bank sektorunun yeni çərçivəyə uyğunlaşması bir qədər vaxt tələb edir. Çünki bu, sektor üçün yenilikdir”.

Mənbə: vergiler.az

Uzunmüddətli müqavilələrdə gəlirin tanınması və vergi tənzimlənməsi

Uzunmüddətli müqavilələrdə gəlirin tanınması və vergi tənzimlənməsi

posted in: Xəbər | 0

Mövzunu “Allied Legal Partners hüquq şirkəti” MMC-nin partnyoru Elxan Əskərov şərh edir.

Uzunmüddətli müqavilələr üzrə gəlirin tanınması praktikada müxtəlif cür izah olunur. Çox vaxt yanaşma ya layihə üzrə faktiki alınmış ödənişlərə, ya da hər bir vergi ili üzrə müqavilədə nəzərdə tutulmuş məbləğlərə əsaslanır. Halbuki düzgün yanaşma ondan ibarətdir ki, gəlir hər bir vergi ili üzrə tərəflər arasında razılaşdırılmış müqavilə dəyəri əsasında müəyyən edilməlidir. Məhz bu dəyər hüquqi baxımdan razılaşdırılmış, həmin vergi ili üçün qüvvədə olan və layihənin real iqtisadi nəticəsini əks etdirən göstəricidir. Layihə üzrə faktiki ödənişlərin məbləği isə gəlirin yaranmasını deyil, yalnız pulun nə vaxt daxil olduğunu göstərir və gəlirin tanınması üçün əsas meyar hesab edilə bilməz.

Uzunmüddətli müqavilələrdə gəlir nə sadəcə daxil olan ödənişlərin məbləği ilə, nə də müqavilədə illər üzrə göstərilmiş rəqəmlərlə avtomatik müəyyən edilir. Gəlirin tanınması birbaşa layihənin faktiki icra səviyyəsindən asılıdır və yalnız bu icra səviyyəsi həmin vergi ili üçün razılaşdırılmış müqavilə dəyərinə tətbiq edildikdə formalaşır. Bu yanaşma gəlirin layihənin real icra prosesi ilə uyğunlaşdırılmasını təmin edir.

Vergi Məcəlləsinin 138-ci maddəsi uzunmüddətli müqavilələr üzrə gəlirin tanınmasını məhz bu yanaşmaya əsaslanaraq tənzimləyir. Həmin maddəyə görə, gəlir vergi ili ərzində müqavilənin faktiki icra həcminə uyğun olaraq tanınmalıdır. Faktiki icra həcmi isə vergi ili ərzində çəkilmiş xərclərin müqavilə üzrə ümumi qiymətləndirilən xərclərə nisbəti ilə müəyyən edilir. Bu nisbət layihənin hansı mərhələdə olduğunu göstərir, lakin gəlirin məbləğini təkbaşına müəyyən etmir.

Gəlirin məbləğinin hesablanmasında əsas mərhələ müəyyən edilmiş icra səviyyəsinin həmin vergi ili üçün qüvvədə olan müqavilə dəyərinə tətbiq edilməsidir. Başqa sözlə, icra faizi gəlirin özü deyil, yalnız razılaşdırılmış müqavilə dəyərinin illər üzrə bölüşdürülməsi üçün istifadə olunan vasitədir. Gəlirin mənbəyi müqavilə dəyəridir və yalnız bu dəyərin icra olunmuş hissəsi gəlir kimi tanınır. Təcrübədə bu, layihə üzrə faktiki çəkilmiş xərclərin ümumi qiymətləndirilən xərclərə nisbətinin hesablanması və alınan faizin müvafiq vergi ili üzrə qüvvədə olan müqavilə dəyərinə tətbiq edilməsi yolu ilə həyata keçirilir.

Misal

Vergi ödəyicisi “AA” MMC 3 il müddətinə uzunmüddətli mühəndislik xidməti üzrə müqavilə bağlayıb. Müqavilənin ümumi dəyəri 3.000.000 manatdır. Layihə üzrə ümumi qiymətləndirilən xərclər 2.400.000 manat təşkil edir.

2024-cü vergi ili üzrə:

• faktiki çəkilmiş xərclər – 600.000 manat;
• müqavilə üzrə ümumi qiymətləndirilən xərclər – 2.400.000 manat.

Bu halda, layihənin faktiki icra səviyyəsi aşağıdakı kimi müəyyən edilir:

600.000 : 2.400.000 = 25%

2024-cü vergi ili üçün müqavilə üzrə qüvvədə olan dəyər 1.200.000 manatdır (müqavilədə mərhələlər üzrə razılaşdırılıb).

Beləliklə, 2024-cü il üzrə tanınmalı gəlir məbləği aşağıdakı kimi hesablanır:

1.200.000 x 25% = 300.000 manat.

Qeyd edək ki, 2024-cü il ərzində müştəri tərəfindən “AA” MMC-yə faktiki olaraq 500.000 manat ödəniş edilmiş olsa belə, bu məbləğ gəlirin tanınmasına birbaşa təsir etmir. Çünki faktiki ödənişlər yalnız pul axınlarını əks etdirir və gəlirin tanınması üçün həlledici meyar hesab olunmur.

Eyni yanaşma beynəlxalq mühasibat standartlarında (IFRS) da qəbul edilib. IFRS 15-ə əsasən, əvvəlcə müqavilə üzrə dəyər müəyyən edilir və bu dəyərin layihənin faktiki icra səviyyəsinə uyğun hissəsi gəlir kimi tanınır. Beləliklə, həm milli vergi qanunvericiliyi, həm də beynəlxalq standartlar uzunmüddətli müqavilələr üzrə gəlirin tanınmasında eyni iqtisadi məntiqə əsaslanır və gəlirin pul axınlarına deyil, layihənin real icra prosesinə uyğun müəyyən edilməsini tələb edir.

Mənbə: vergiler.az

Yeni qaydada məzuniyyət haqqı necə hesablanmalıdır?

1 58 59 60 61 62 63 64 2. 693
error: Content is protected !!