İşsizlikdən sığorta ödənişinin təyin olunması şərtləri bir qədər də yumşaldıldı

posted in: Xəbər | 0

Tələb olunan staj müddəti 6 ay azaldılıb,  əmək müqaviləsi bitdiyi andan 3 ay gözləmə müddəti ləğv edilib.

Prezident İlham Əliyevin təsdiq etdiyi yeni Qanunla “İşsizlikdən sığorta haqqında” Qanuna edilmiş dəyişiklik işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə daha bir dəstəkdir. Yeni dəyişikliklə işsizlikdən sığorta ödənişinin təyin olunması şərtləri bir qədər də yumşaldılıb.

Dəyişikliyə əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən işdən azad olunan şəxslər üçün tələb olunan staj müddəti 36 aydan 30 aya endirilib.

Sığorta ödənişinin təyin olunması üçün əmək qabiliyyətli şəxslərin işsiz kimi qeydiyyata alındığı tarixdən sonra 3 ay gözləmə müddəti isə ləğv edilib.

Yəni, sığorta ödənişi sığorta hadisəsinin baş verdiyi tarixdən təyin olunacaq, işini itirən şəxsin müraciət etdiyi aydan etibarən işsizlikdən sığorta ödənişi almaq hüququ yaranacaq.

Qeyd edək ki, işsizlikdən sığorta ödənişi 3 halda ödənilir:

  • İşəgötürən ləğv edildikdə;
  • Ştat ixtisar edildikdə;
  • Müddətli əmək müqaviləsinin müddəti bitdikdə.

İşsizlikdən sığorta ödənişi almaq hüququnun yoxlanılması üçün ilk olaraq “Məşğulluq” altsistemində (DOST Mərkəzlərinə və ya ərazi məşğulluq filiallarına müraciət etməklə) qeydiyyatdan keçmək tələb olunur.

Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir.

Sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə vətəndaşa məlumat verilir.

Qeyd edək ki, 2020-ci ildə də qanunvericiliyə dəyişiklik edilərək, işsizlikdən sığorta ödənişi müddətli əmək müqaviləsinin bitməsi nəticəsində işsiz qalan şəxslərə də şamil olunub.

Məlumat üçün bildirək ki, son bir ildə 3,7 min nəfərə işsizlikdən sığorta ödənişi təyin olunub.

Mənbə: sosial.gov.az


Dünyanın ən pis bankının adı açıqlanıb

posted in: Xəbər | 0

Problemli kreditlərə görə Çinin “Minsheng” bankının səhmlərinin qiyməti il ərzində 31 faiz aşağı enib.

“Bloomberg” agentliyinin yazdığına görə, Çinin “Minsheng Banking Corp.” bankı Asiyanın ən böyük iqtisadiyyatını sarsıdan daşınmaz əmlak borcu böhranının əsas qurbanlarından biri olub.

Artan kredit borcuna görə 12 ay ərzində “Minsheng” bankının səhmləri 31 faiz aşağı düşüb. Bu, dünya üzrə 155 maliyyə institutunun daxil olduğu “Bloomberg World Banks Index”də ən pis nəticədir.

Bank 1996-cı ildə Çində ilk qeyri-dövlət kreditoru kimi təsis edilib. İndi “Minsheng” bankı borcalanlardan borclarının geri qaytarılmasını 2022-ci il üçün əsas prioritet adlandırıb. Sözügedən bank həmçinin bəzi əməkdaşların əmək haqqını iki dəfə azaltmağı planlaşdırır.


Çatdırılma şirkətlərinə edilən ödənişlərin vergiyə cəlb olunması

posted in: Xəbər | 0

Pandemiyadan miras qalan davranışlardan biri də yeməklərin evə, ofisə sifariş edilməsidir. Bəs bu zaman xidmətlər neçə rəsmiləşdirilir? Nəzarət-kassa aparatı çeki kimin adından təqdim edilməlidir – restoranın, yoxsa vasitəçi (kuryer) şirkətin? Suallara “Good Finance” MMC-nin vergi məsləhətçisi Teymur İslamlı aydınlıq gətirir.

Son dövrlərdə ayrı-ayrı çatdırılma (kuryer) şirkətləri (“Wolt”, “Bolt” və s.) vasitəsilə kafe və restoranlardan yemək sifarişi geniş yayılıb. Bu zaman vergi qanunvericiliyi baxımından müştərilərə nəzarət-kassa aparatı çekinin təqdim edilməsi ilə bağlı suallar və fikir ayrılığı yaranır. Müştəri tərəfindən ödəniş mobil telefon və ya kompüterlə, plastik kartla edilir və ya çatdırılma şirkətinə qapıda nağd şəkildə verilir. Toplanmış vəsait isə kuryer şirkəti tərəfindən müqavilə şərtlərinə uyğun olaraq ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicisinin bank hesabına köçürülür.

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinin tələblərinə əsasən, nəzarət-kassa aparatı tətbiq etmək ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin vəzifələrinə aiddir. Yəni bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri yeməklərin və s. təqdim edilməsinə görə nəzarət-kassa aparatı çeki verməlidirlər. Burada suallar ortaya çıxır:

  • kuryer şirkəti tərəfindən bank vasitəsilə köçürülən məbləğlər nəzərə alınarsa, nəzarət-kassa aparatına mədaxil olunan məbləğlər satış dövriyyəsində təkrarlanacaqmı?
  • bu zaman ikiqat vergitutma halının yaranmaması üçün hansı addımlar atılmalıdır?

Yuxarıda qeyd edildiyi kimi, nəzarət-kassa aparatı tətbiq edilməsi ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin vəzifəsi olduğundan müştərilərə göndərilən yeməklərə görə çek verilməlidir. Bu həm də istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin tələbləri baxımından vacibdir.
Əməliyyatların ikiqat vergiyə cəlb edilməməsi baxımından vergi ödəyicilərinə hesabat dövrləri üzrə təkrarlanan dövriyyələr barədə vergi orqanlarına məlumat verilməsi vacibdir. Eyni zamanda, bu cür əməliyyatlar üzrə çatdırılma şirkətlərinə Vergi Məcəlləsinin 71-1.5.4-cü maddəsində göstərilən “Malların (işlərin, xidmətlərin) vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə” növündə elektron qaimə-faktura təqdim edilməsi tövsiyə olunur.

Mənbə: vergiler.az


Bax: 


Azərbaycanda sürücülərə “Fərqlənmə nişanı”nın onlayn verilməsinə başlanılır

posted in: Xəbər | 0

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin göstərdiyi xidmətlərin elektronlaşdırılması, rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn müraciət xidmətinin proqram təminatı hazırlanıb.

Bu barədə Nazirlikdən məlumat verilib.

Məlumata görə, məqsəd daşıyıcıların və sürücülərin rahatlığının təmin edilməsi, fiziki təmasın minimuma endirilməsi və sui-istifadə hallarının qarşısının alınmasıdır.

Yeni yaradılan elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən “Fərqlənmə nişanı”nın verilməsi üçün tələb olunan sənədlərin sayı minimuma endirilib. Digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb. Elektron qaydada müraciət etdikdən sonra “Fərqlənmə nişanı”nın verilməsi üçün verginin, məcburi dövlət sosial sığorta haqqının və icbari tibbi sığorta haqqının ödənilməsi üçün sistem Azərbaycan Mərkəzi Bankına məxsus Hökumət Ödəniş Portalı (HÖP) ilə əlaqələndirilib. Vətəndaşlar sistem üzərindən birbaşa kart məlumatlarını daxil etməklə, yaxud sistemin verdiyi sənəd əsasında banklarda HÖP üzərindən ödənişlərini həyata keçirə biləcəklər. Mövcud qanunvericiliyin tələblərinə əsasən “Fərqlənmə nişanı” ciddi hesabat blankı olduğundan, daşıyıcılar elektron qaydada müraciət etdikdən sonra Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müvafiq regional qurumuna heç bir sənəd təqdim etmədən yalnız adlarına rəsmiləşdirilmiş “Fərqlənmə nişanı”nı götürmək üçün müraciət edəcəklər.

Onlayn müraciət xidməti avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarını həyata keçirən daşıyıcıların vaxtına qənaət edilməsinə, hesabatlılığın dəqiq və şəffaf aparılmasına, bu istiqamətdə səmərəliliyin artırılmasına və sahənin inkişafına töhfə verəcək.

Elektron xidmət www.e-fn.danx.gov.az saytında yerləşdiriləcək. Onun fevralın 1-dən istifadəyə verilməsi nəzərdə tutulur.

Mənbə: report.az


1 747 748 749 750 751 752 753 2. 691