Maliyyə hesabatları üzrə borc analizi metodları

posted in: Xəbər | 0

Borc əmsalının hesablanması

Maliyyə hesabatlarında analizinə ehtiyac duyulan başqa bir məqam təşkilatın borc maliyyələşməsindən hansı dərəcədə istifadə etməsidir.

Fikrimizi aşağıdakı nümunə üzərindən izah edək.

Siz şirkət sahibisiniz, müəssisənizi böyütmək istəyirsiniz. Böyümək istiqamətində atılmış addımlar sizi əlavə xərclərə salacaq. Əlavə xərclər əlavə pulların olmasını tələb edəcəkdir. İndi sizin iki mümkün seçiminiz var. Siz ya özünüzə şəriklər qoşmalısınız, ya da borc götürüb işə başlamalısınız. Birinci sizi məsuliyyətdən azad edəcək, ikinci gəlirlərin hamısının özünüzə qalmasını təmin etmiş olacaqdır.

Ümumən, ödənilə biləcəksə hansısa borc vəsaitinin altına girmək qorxulu bir şey deyil. Sadəcə qabaqcadan mümkün bütün risklər və potensiallar nəzərə alınmalıdır. Praktikada borc vəsaitləri adətən əvəzində faizlər ödənilməklə əldə edilir. Şirkət sahibi faizləri ödədikdən sonra özünə ortaqlar qoşmadığına görə sevinməyə başlayır. Borc maliyyələşməsinin əsas üstünlüyü budur.

Biznes hesabi

Hesablamalar zamanı maliyyə hesabatlarının göstəricilərindən istifadə edilir.

Cəmi borc əmsalı  = cəmi öhdəliklər / cəmi aktivlər

Bu və məqalədə verilən digər əmsalların hesablanamsında “Maliyyə hesabatlarının təhlili, likvidlik analizi” adlı məqalədəki hesabatlar üzrə göstəricilərdən istifadə ediləcək. Həmin hesabatlar əsasən “X” ASC- üçün hesablanmış cəmi borc əmsalı belədir : 690 / 1724 = 0.4

Ümumən belə deyə bilərik, borc əmsalı firmanın sahib olduğu aktivlərin hansı hissəsinin cəlb edilmiş borclar hesabına formalaşmasını göstərir.

Borc əmsalının aşağı olması aktivlərin daha çox kapital (yeni şərik) cəlb edilməklə formalaşmasının, yəni kapitalın rentabelliyinin aşağı olmasını göstəricisi ola bilər.

Faiz ödəmə gücü

Götürülmüş borclara qarşılıq borcverənə ödəniləcək faizlərə görə müəssisənin gücünü isə faiz ödəmə gücü adlandıracağıq.

Faiz ödəmə gücü = faiz və vergidən əvvəlki mənfəət / faiz ödəmələri

Yuxarıda qeyd edilən məqalədəki maliyyə hesabatlarının göstəricilərinə əsasən “X” ASC-də faiz ödəmə gücü 553 / 31 = 17.8 təşkil edir.

Aldığımız nəticə bizə onu deməyə əsas verir ki, şirkət götürdüyü borclara görə ödəməli olduğu faizlərdən 17.8 dəfə daha çox mənfəətə sahibdir.

Hesab edirik artıq başa düşürsünüz ki, məsələn, firmanın kapital əmsalı analizi nəyi analiz etmək üçün istifadə edilə bilər. Əgər düşündünüzsə ki, bu firmanın aktivlərinin hansı qisminin kapital hesabına alındığını müəyyən edir, düz qənaətdəsiniz.

“X” ASC-nin nümunəsində verilmiş maliyyə hesabatlarına görə səhmdar cəmiyyətin kapital əmsalı 0.4 təşkil edir.

Mühasib olaraq siz artıq bilirsiniz, aktivlər ya kapital ya da öhdəlik hesabına formalaşır. Yəni kapital və öhdəliklərin cəmindən ibarət olaraq dediyimiz passivlərimiz aktivlərimizin yaranma mənbəyini göstərir.

Qısamüddətli borc əmsalı

Borc əmsalı anlayışından fərqli olaraq cəmi qısamüddətli borc əmsalı anlayışı da mövcuddur. Bu əmsal cəmi qısamüdətli öhdəliklərin cəmi aktivlərə nisbəti kimi tapılır.

Diqqət etdinizsə bütün öhdəliklərimizi deyil, yalnız qısa müddətli öhdəliklərimizi kəsrin surətinə yazdıq.

Normalda siz uzunmüddətli layihələr üçün uzunmüddətli borclar cəlb etməlisiniz. Qısamüddətli layihələr isə qısamüddətli borclar hesabına maliyyəşdirilə bilər. Bununla belə, az hallarda şirkətlər uzunmüddətli layihələrini qısamüddətli borclar hesabına maliyyələşdirməyə çalışırlar. Belə yanaşmanın riskli tərəfi uzunmüddətli layihənizin sizə dərhal gəlir gətirməyəcəyi, amma borcların bir ildən tez müddətə qaytarmalı olması şərtidir.

Digər əmsallar

Maliyyə hesabatlarından istifadə edərək digər məsələlər barədə analiz aparmaq olar. Məsələn, aktivlərin dövretmə sürəti, ehtiyatların dövretmə sürəti, debitor borcun dövretmə sürəti və s. belə göstəricilərdəndir.

Satışların ortalama aktivlərə nisbəti aktivlərin dövretmə sürətini, satışın maya dəyərinin ehtiyatlara nisbəti isə ehtiyatların dövretmə sürətini ölçməyə imkan verir.

Təşkilatın rentabelliliyini (gəlirliliyini) ölçmək üçün isə aşağıdakı düstur bizə kömək edəcəkdir :

Xalis mənfəət marjası = (Mənfəət – Vergilər) / Satışlar

“X” ASC üçün : (553-193) /3405 = 0.105 . Faizlə ifadə etsək 10.5%.

Qeyd : Düsturda mənfəət vergi, habelə faiz xərclərindən əvvəlki mənfəətdir.

Maliyyə hesabatlarına izahlı qeydlər