Maliyyə hesabatlarına izahlı qeydlər

posted in: Xəbər | 0

Uçot siyasəti və izahlı qeydlər

1 saylı MUBS-un (IAS1) müddəalarına uyğun olaraq, maliyyə hesabatlarının tam dəstinə, adətən iki hissədən ibarət olan (uçot siyasəti və izahlar) Qeydlər də daxil edilir.

Birinci hissə maliyyə hesabatlarının hazırlanmasında istifadə olunan mühasibat uçotu metodlarını, ikincisi isə digər məlumatların açıqlanmasını (hesabatların tərkibini və göstəricilərini deşifrə etməyə, ümumiyyətlə şirkətin fəaliyyətini qiymətləndirməyə imkan verən izahatlar və keçidlər) ehtiva edir.

Hesabatda təqdim edilən məlumatlar arasında uçot siyasəti önəmlidir, odur ki, bəzən maliyyə hesabatlarına izahlı qeydlər  “Uçot siyasəti və izahlı qeydlər” də adlandırılır.

Uçot siyasəti haqqında ayrıca məqalədə danışmışıq (bax: “Müəssisənin uçot siyasəti necə hazırlanır? ”). Növbəti yazımız “Maliyyə hesabatlarına izahlı qeydlər” haqqındadır.

Biznes hesabi

Beynəlxalq standartlara uyğun tərtib edilmiş izahatların əsas təyinatı maliyyə hesabatlarının ayrı-ayrı göstəricilərinin açılısı və şərhidir.

Ümumiyyətlə, mühasibat balansının, habelə mənfəət və zərər haqqında hesabatın sətirlərini elə açıqlamaq lazımdır ki, hesabatların istifadəçilərində bu və ya digər məbləğin necə əldə edildiyi, bu və ya digər göstəricinin necə qiymətləndirilməsi ilə bağlı heç bir sual qalmasın.

Maliyyə hesabatlarına izahlı qeydlər

İzahlı qeydlər ayrıca hesabatdır, digər dörd əsas hesabatla birgə istifadəçilərin mühasibat uçotu məlumatlarına olan tələbatını təmin edir. Maliyyə hesabatlarının ən maraqlı hissəsi olan qeydlər, digər hesabat növləri üzrə açıq qalan sualları cavablandırmağa kömək edir.

Məsələn, əlimdə hansısa müəssisənin hesabatlarını tutmuşam, amma müəssisənin uçot siyasətini bilmirəmsə, hesabtlarda əmək haqqı xərclərini görəcəyəm, amma bəzi suallar açıq qalacaq:

  • əmək haqqı hansı sayda işçiyə sərf edilir?
  • əldə edilmiş uğura, mənfəətə nə qədər işçi ilə nail olunub?
  • bu qədər işçi sayı ilə zərərin səbəbi nədir?
  • hesabatlardakı bəzi sətirləri necə açıqlamalı?

Eyni zamanda maliyyə hesabatları tərtib edildikdən və təsdiqləndikdən sonra müəssisənin təsərrüfat fəaliyyətində bir sıra hadisələr baş verə bilər. Bu hadisələr:

  • hesabatlara, ümumilikdə müəssisənin fəaliyyətinə təsirinin izah edilməsin, və;
  • həmin hadisələri əks etdirən məlumatların hesabatlarla birgə təqdim edilməsin zəruri edə bilər.

Bu hadisələr mühasibatlıqda müvafiq qaydada sənədləşdirilməsə mühasibat uçotu məlumatlarının istifadəçiləri hesabatlardan tam informasiya ala bilməyəcək.

İzahlı qeydlərdən istifadə edən şəxslər

Belə şəxslərin dairəsi kifayət qədər genişdir:

  • müəssisənin təsisçiləri (fəaliyyətin maliyyə nəticələrini şərh etmək üçün);
  • kreditorlar (borcalanın kredit qabiliyyətini və kredit öhdəliklərin yerinə yetirmək qabiliyyətini əsaslandırmaq üçün);
  • tənzimləyici orqanlar (təşkilatın maliyyə fəaliyyətinin dinamikasını izah etmək, hesabat maddələrini açıqlamaq üçün);
  • investorlar (təşkilatın investisiya cəlbediciliyini və sabitliyini əsaslandırmaq üçün).

Maliyyə hesabatlarına izahlı qeydlərdə rəhbər yaxud təsisçi şəxslərə müəyyən müraciətlər də yazıla bilər.

Hesabatın tərtib edilməsi

Hesabatın xüsusi forması yoxdur, mühasibatlıq işçiləri onu sərbəst formada hazırlayır. Qeydlər tərtib edilərkən mətnlərdən, qrafiklərdən, cədvəllərdən istifadə edilə bilər.

Formaca sərbəst olan maliyyə hesabatlarına izahlı qeydlərin aşağıdakı bölmələrdən ibarət olması tövsiyə edilir :

  1. müəssisə barədə ümumi məlumat
  2. müəssisənin uçot siyasəti
  3. digər 4 hesabat üzrə maddələrin izahatı
  4. hesabat tarixindən sonra əhəmiyyətli hadisələr baş vermişdirsə onlar barədə məlumat
  5. əlaqəli tərəflər haqqında məlumat və s.

Əlaqəli tərəflər müəssisə ilə əməkdaşlıq edən digər müəssisələr, onlarla olan birgə layihələr və s.-dir.

Hesabat tarixindən sonrakı hadisələr aşağıdakı kimi təsnifləşdirilir:

  • maliyyə hesabatlarına düzəliş edilməsini tələb edənlər;
  • maliyyə hesabatlarına düzəliş edilməsini tələb etməyənlər.

Təbii ki, burada əhəmiyyətli təsirlərdən söhbət gedir.

Hər bir müəssisə lazım olmayan parametrləri istisna etmək, izahatlara müəssisənin fərdi xüsusiyyətlərini, fəaliyyət dairəsini nəzərə alan məlumatlarla əlavə etmək hüququna malikdir.

Maliyyə hesabatlarına izahatlar balans və digər hesabatların quru rəqəmlərini müəssisənin maliyyə vəziyyəti haqqında əsaslandırılmış mətnə ​​çevirməyə imkan verir. Ödəyicinin iqtisadi göstəricilərinin azalması fonunda savadlı əsaslandırma, mənfəətin aşağı salınması, vergi və digər icbari ödənişlərdən yayınma sxemlərinin istifadəsi ilə bağlı şübhələrin qarşısını almağa kömək edir.

Əlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri