“Pul vəsaitləri və onların ekvivalentləri” maddəsi üzrə açılan hesablar
Hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kredit təşkilatlarında bank hesablaşma hesabları ilə yanaşı digər xüsusi hesablar da aça bilər. Bu hesablara milli və xarici valyutada pul vəsaitləri onların fəaliyyəti ilə bağlı daxil olur və onların əldə edilməsi müəyyən şərtlər daxilində mümkündür. Mühasibat uçotu subyektlərində belə pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar 224 saylı “Tələblərə əsasən açılan digər bank hesabları” adlı hesabda aparılır. Bu hesab mühasibat uçotunun hesablar planının 22-ci maddəsinin əhatə etdiyi hesablardan biridir. Pul vəsaitləri və onların ekvivalentləri” adlanan bu maddə üzrə açılan digər hesablar aşağıda verilib:
- “Kassa” – 221 saylı hesab;
- “Yolda olan pul köçürmələri“ – 222 saylı hesab;
- “Bank hesablaşma hesabları” – 223 saylı hesab;
- “Pul vəsaitlərinin ekvivalentləri – 225 saylı hesab.
7 saylı “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” adlı MUBS (IAS7) pul vəsaitlərini “vəsaitləri kassada olan pul vəsaitlərinin qalığı, bank hesablarında saxlanılan və tələb edilə bilən depozit” kimi xarakterizə edir. “Tələblərə əsasən açılan digər bank hesabları” üzrə mühasibat yazılışları verilirkən bu standartın tələbləri nəzərə alınmalıdır.
224 saylı üzrə uçotun nizamlanması
224 saylı “Tələblərə əsasən açılan digər bank hesabları” üzrə uçot AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Bu aktiv hesabın təyinatını həmin qaydalar belə şərh edir:
| “224 №li “Tələblərə əsasən açılan digər bank hesabları” hesabında mühasibat uçotu subyektinin fəaliyyəti ilə bağlı hesabına daxil olan və müəyyən şərtlər daxilində əldə olunması mümkün olan milli və xarici valyutada pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir (Qaydalar/24.5”) |
Başqa sözlə, mühasibat uçotu subyektləri tələblərə əsasən açılan digər bank hesablarından akkereditivlər, çek kitabçaları, kredit kartları (plastik kartlar) və digər bu kimi xüsusi hesablar vasitəsilə aparılan əməliyyatlar zamanı istifadə edir.
Akkreditvlərlə əməliyyatlar AR Mərkəzi Bankının “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimatın” tələblərinə uyğun həyata keçirilir.
Çeklər və digər ödəniş vasitələri ilə aparılan əməliyyatlar Mərkəzi Bankın müvafiq normativ sənədləri əsasında nizamlanır.
224 saylı hesaba pul vəsaitlərinin daxil edilməsi yuxarıda qeyd edilən Qaydaların 24.15-ci bəndinə əsasən tənzimlənir.
Müsbət yaxud mənfi məzənnə fərqi yarandıqda Qaydaların 24.19-cu bəndi tətbiq edilir.
“Tələblərə əsasən açılan digər bank hesabları” üzrə müxabirləşmələr
Aşağıdakı cədvəllərdə akkreditivlər üzrə əməliyyatlara aid müxabirləşmələrin əsas prinsipləri şərh edilir. Akkreditiv alıcı ilə satıcı arasında ödəniş formalarından biridir. Akkreditiv vasitəsilə hesablaşmalar kontragentlər arasında nağdsız ödənişin bir variantıdır. Akkreditiv üzrə hesablaşmalar zamanı ödəyicinin akkreditiv açılması haqqında tapşırığı və göstərişi ilə hərəkət edən bank (emitent bank) vəsait alana akkreditivin tələblərinə cavab verən müvafiq sənədlərin təqdim edilməsi şərti ilə vəsait ödəməyi öhdəsinə götürür.
| Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) | Əsas |
| Pul vəsaitləri hesablaşma hesabından akkreditivə köçürülüb | 224-1 | 223 | Köçürülən məbləği | Bank çıxarışı |
| Qısamüddətli kreditdən istifadə etməklə akkreditivin açılması | 224-1 | 501 | Kreditin məbləği | Bank çıxarışı |
| Uzunmüddətli kreditdən istifadə etməklə akkreditivin açılması | 224-1 | 401 | Kreditin məbləği | Bank çıxarışı |
| Pul vəsaitləri təchizatçının hesabına köçürülür | 531 | 224-1 | Köçürülən məbləğ | Bank çıxarışı |
| Akkreditiv üzrə istifadə olunmamış vəsaitlər bank hesablaşma hesabına köçürülür | 223 | 224-1 | Köçürülən məbləğ | Ödəniş tapşırığı Bank çıxarışı |
Hesab üzrə mühasibat yazılışlarının aparılması zamanı nəzərə almaq lazımdır ki, analitik uçot hər bir akkreditiv və çek kitabçası üzrə 224 saylı “Tələblərə əsasən açılan digər bank hesabları” hesabında ayrıca aparılır. Eyni zamanda xarici valyutada olan pul vəsaitlərinin uçotu üçün yeni subhesab açılır. Analitik uçot ölkə və xaricdəki akkredit və çek kitabçalarında olan pul vəsaitlərinin mövcudluğu və hərəkətini ümumiləşdirir.

