435 saylı “Digər uzunmüddətli kreditor borcları” hesabda uçot: nəzəri və praktiki yanaşma

posted in: Xəbər | 0

Mühasibat uçotu sistemində kreditor borclarının düzgün təsnifatı müəssisənin maliyyə hesabatlarının etibarlılığını təmin edən əsas şərtlərdən biridir. Uzunmüddətli kreditor borcları müəssisənin maliyyə öhdəliklərinin strukturunda əhəmiyyətli rola malikdir. Bu məqalədə belə öhdəliklər biri – hesablar planının 431–434 nömrəli hesablarında təsnif olunmayan digər uzunmüddətli kreditor borcları üzrə 435 saylı hesabda uçotun əsas prinsipləri şərh olunur.

435 saylı hesabın təyinatı

435 saylı “Digər uzunmüddətli kreditor borcları” hesabı Maliyyə Nazirliyi Kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə müəyyən edilmiş hesablar planının  43-cü “Uzunmüddətli kreditor borcları” bölməsinə aid olan hesablardan biridir. 43-сü bölməyə aid olan digər hesablar bunlardır:

Hesabın təyinatı yuxarıda qeyd edilən qaydaların 37.31 bəndində aşağıdakı kimi müəyyən olunub: “435 saylı “Digər uzunmüddətli kreditor borcları” hesabında mühasibat uçotu subyektinin 431- 434 №li hesablarında göstərilməyən, hesabat tarixindən sonra 12 ay ərzində ödənilməsi tələb olunmayan görülmüş işlərin və göstərilmiş xidmətlərin qəbulu nəticəsində yaranan bütün digər uzunmüddətli kreditor borcları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”

Digər kreditor borclara nümunələr

Digər kreditor borcların tərkibinə aşağıdakılar aid edilə bilər:

Mühasibat xidmətləri
  • Hüquqi şəxs yaratmadan birgə fəaliyyətlə bağlı əməliyyatlar üzrə hesablaşmalar;
  • Təsadüfi tərəflərlə bağlanmış uzunmüddətli borc müqavilələri, misal üçün, alıcı və sifarişçi olmayan təsadüfü fiziki şəxslərə kreditor borclar. Alıcı və ya sifarişçilərə (müəssisədən əsas fəaliyyət çərçivəsində mal və ya xidmət alan şəxsləri) kreditor borclar 431 saylı hesabda uçota alınır;
  • Səhvən daxil olmuş məbləğlər – müəssisənin bank hesabına səhvən pul daxil olub. Daxil olan vəsait qarşılıqlı razılaşma əsasında 12 ay ərzində yaxud daha çox müddət ərzində qaytarıla bilər.
  • Digər hesablaşmalar nəticəsində yaranan öhdəliklər.

Belə öhdəliklər uzunmüddətli və qısamüddətli kimi təsnifləşdirilir. Digər qısamüddətli kreditor borclarının mühasibat uçotu “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəyyən edilmiş hesablar planının “Qısamüddətli öhdəliklər” bölməsinə aid olan 538 saylı hesabda aparılır.

“Digər uzunmüddətli kreditor borcları” hesabında uçotun tənzimlənməsi

435 saylı hesabda digər uzunmüddətli kreditor borclarının mühasibat uçotu zamanı tənzimləmələr AR MN-nin qeyd edilən qaydalarının 37.31-37.39-ci bəndləri əsasında aşağıdakı formada aparılır:

  • digər uzunmüddətli kreditor borcları yarandıqda 435-ci hesabın krediti üzrə, qaydaların 37.31-ci bəndinin tələbləri nəzərə alınmaqla;
  • görülmüş işlərin və göstərilmiş xidmətlərin qəbulu zamanı yaranan ƏDV – qaydaların 37.32-ci bəndi üzrə (debet 241-1, kredit 435);
  • belə öhdəliklər qısamüddətli kimi təsnif edildikdə – qaydaların 37.33 bəndinə uyğun olaraq (debet 435-kredit 538);
  • müsbət məzənnə fərqi yarandıqda 611-8 saylı subhesabın krediti üzrə, tikinti müqavilələri üzrə mənfi məzənnə fərqi yarandıqda 731-8 saylı subhesabın debeti üzrə (qaydaların 37.34-cü bəndi);
  • digər uzunmüddətli kreditor borcları birbaşa ödənildikdə qaydaların 34.35-ci, üçüncü şəxs tərəfindən ödənildikdə isə qaydaların 34.36-cı bəndi tətbiq edilir;
  • uzunmüddətli kreditor borcları nizamnamə kapitalına çevrildikdə qaydaların 37.38-ci bəndi, geri alınmış səhmlərin yenidən buraxılması hesabına nizamnamə kapitalına çevrildikdə 37.39-cu bəndi üzrə.

“Digər uzunmüddətli kreditor borcları” hesabı passiv hesabdır. Bu hesabın kredit dövriyyəsi borcun yaranmasını, debet dövriyyəsi isə borcun ödənilməsini və ya azaldılmasını əks etdirir. Hesabın saldosu isə hesabat dövrünün sonunda müəssisənin digər uzunmüddətli kreditorlara olan borclarının məbləğini göstərir.

Beynəlxalq uçotda 435 saylı hesabın yeri

Yuxarıda qeyd etdiyimiz kimi, 435 saylı “Digər uzunmüddətli kreditor borcları” hesabından kreditor borclar kimi təsnifləşdirilən öhdəliklərin bir hissəsini mühasibat uçotunda əks etdirmək üçün istifadə edilir. Müəssisənin digər hüquqi və ya fiziki şəxslər qarşısında maliyyə öhdəliyi olan kreditor borclar üzrə uçotun tənzimlənməsi zamanı aşağıdakı beynəlxalq standartın tələbləri nəzərə alınır:

  • IAS 1 (“Maliyyə hesabatlarının təqdimatı”) standartının 61-ci maddəsinə görə öhdəliklər  qısamüddətli (cari) və uzunmüddətli (qeyri-cari) kreditor borclar kimi fərqləndirilir.  Qısamüddətli kreditor borclar — hesabat tarixindən 12 ay ərzində ödənilməsi nəzərdə tutulan maliyyə öhdəlikləridir.
  • IAS 32 (“Maliyyə alətləri: təqdimat”) standartı baxımından kreditor borc, maliyyə öhdəliyinin tipik nümunəsidir (maddə 11).  Çünki müəssisə müqavilə şərtlərinə uyğun olaraq digər tərəfə pul vəsaiti və ya digər maliyyə aktivləri ödəmək məcburiyyətindədir. Bu baxımdan kreditor borclar müəssisənin likvidlik səviyyəsinə, maliyyə dayanıqlığına və qısamüddətli maliyyə strategiyasına bilavasitə təsir göstərir.
  • IFRS 9 (“Maliyyə alətləri”)435 saylı hesab IFRS 9-un maliyyə öhdəliklərinə dair prinsiplərinin yerli hesablar planında tətbiqini təmin edir. Standartın 4.2.1 bəndinə görə belə öhdəliklərin qiymətləndirilməsi zamanı effektiv faiz dərəcəsi metodundan istifadə edilir.

Yerli mühasibat uçotu qanunvericiliyi və mühasibat uçotunun beynəlxalq standartlarının düzgün tətbiqi mühasibat uçotu subyektlərinə maliyyə vəziyyəti haqqında hesabatda öhdəlikləri aydın şəkildə təqdim etmək imkanı yaradır.

435 saylı hesabın tətbiq nümunələri

Nümunə 1:  Müəssisə uzun müddət axtardığı avadanlığı ilin əvvəlində fiziki şəxsdən alır. Avadanlığın dəyəri 200000 manatdır, cari ildə 100000 manat, növbəti iki ildə hər il 50000 manat olmaqla ödəniləcək. İlin sonunda müəssisə tərəfindən öhdəliyin 125000 manatı ödənir. Müvafiq mühasibat yazılışları aşağıdakı kimi olacaq:

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manatla)
Alınmış avadanlığın dəyərinin bir hissəsi qısamüddətli kreditor borc kimi uçota alınır 111: “Torpaq, tikili və avadanlıqların dəyəri” 538: “Digər qısamüddətli kreditor borcları” 100000.00
Alınmış avadanlığın dəyərinin bir hissəsi uzunmüddətli kreditor borc kimi uçota alınır 111: “Torpaq, tikili və avadanlıqların dəyəri” 435: “Digər uzunmüddətli kreditor borcları” 100000.00
Birinci il üçün qısamüddətli kreditor borc ödənir 538: “Digər qısamüddətli kreditor borcları” 223 “Bank hesablaşma hesabı” 100000.00

 

Uzunmüddətli kreditor borcun bir hissəsi ödənilir 435: “Digər uzunmüddətli kreditor borcları” 223 “Bank hesablaşma hesabı” 2500.00
İlin sonunda uzunmüddətli kreditor borc qısamüddətli kimi təsnifləşdirilir 435: “Digər uzunmüddətli kreditor borcları” 538: “Digər qısamüddətli kreditor borcları” 25000.00

Məqalədə şərh edilən 435 saylı “Digər uzunmüddətli kreditor borcları” hesabı, müasir biznes mühitində yaranan mürəkkəb xarakterli uzunmüddətli öhdəliklərin düzgün uçotu üçün bir alət kimi çıxış edir. Bu hesab, 431-434 nömrəli hesablarda spesifik olaraq təsnif edilməyən bütün uzunmüddətli borcların  uçotu üçün vacibdir. Hesabın düzgün tətbiqi, həm şirkətin maliyyə vəziyyəti haqqında hesabatda uzunmüddətli öhdəliklərin dolğun və dəqiq əks etdirilməsini təmin edir, həm də analitiklər və investorlar üçün müəssisənin maliyyə sabitliyi haqqında etibarlı məlumatlar verir.