Prezident İlham Əliyev “Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, dövlət mülkiyyətində olan və vahidinin ilkin dəyəri 5 min manatdan yuxarı olan əsas vəsaitlərin ayrı-ayrı dövlət orqanları və dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi Prezidentin müəyyən etdiyi hallar, o cümlədən “Məhkəmələr və hakimlər haqqında” qanununun 86-cı maddəsinə uyğun olaraq birinci instansiya məhkəmələrinin maliyyə və digər maddi-texniki təminatı ilə bağlı məsələləri Ədliyyə Nazirliyinin həll etdiyi hallar istisna olmaqla, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) rəyi alındıqdan sonra Nazirlər Kabinetinin qərarları əsasında həyata keçiriləcək. Dövlət mülkiyyətində olan və vahidinin ilkin dəyəri 5 min manat və ondan aşağı olan əsas vəsaitlərin ayrı-ayrı dövlət orqanları və dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi ƏMDX-nın yazılı razılığı alındıqdan sonra həmin dövlət orqanlarının və dövlət mülkiyyətində olan hüquqi şəxslərin qərarları əsasında həyata keçiriləcək.
Mənbə: report.az
