Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində gənclərin Şəbəkələşmə Forumu təşkil olunub

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə avqustun 28-dən sentyabrın 1-dək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən inzibati kompleksində xaricdə yaşayan və məzun olan azərbaycanlı gənclərin Şəbəkələşmə Forumu keçirilib.

Bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Tədbirin açılışında çıxış edən Tədris Mərkəzinin rəisi səlahiyyətlərini icra edən Mirəli Kazımov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdə milli birliyimizin rolu, post-münaqişə dövründə Qarabağın dirçəlişi, Böyük Qayıdış prosesində gənclərin fəallığı, xaricdə təhsil alan və məzun olan şəxslərin şəbəkələşməsinin əhəmiyyətindən danışıb.

Tədbirin ilk günündə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin deputatı Ramin Məmmədov, Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin Gənclərlə iş sektorunun müdiri Emin Rüstəmov və digər qonaqlar çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan tələbələrinin xaricdə təhsil almaları üçün müvafiq proqramın qəbul edilməsinin gənclərimizə yaratdığı fürsət və imkanlardan bəhs olunub, dövlət başçısının xaricdə təhsil alan tələbələrin gələcəkdə ölkəmizin həyatında fəal rol oynayacaqları və respublikamızın hərtərəfli inkişafına verəcəkləri töhfələrlə bağlı fikirləri xüsusilə qabardılaraq, xaricdə yaşayan və məzun olmuş azərbaycanlı gənclərin ölkə rəhbərliyinin bu yüksək etimadını doğrultmaq üçün əllərindən gələni edəcəklərinə inam ifadə olunub.

Forumun növbəti günlərində ictimai xadimlərin, tanınmış simaların, bloqerlərin və məzun gənclərin iştirakı ilə müxtəlif görüşlər keçirilib, gənclərin sahibkarlıq fəaliyyəti, xaricdə təhsil alan gənclərin diaspor fəaliyyəti və digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb. ASAP-ın baş katibi və regional koordinatorlar təşkilatın birillik hesabatını və gələcək layihələr barədə ətraflı məlumat veriblər. Tədbir çərçivəsində iştirakçıların Şamaxı Cümə məscidinə, Tarix Diyarşünaslıq Muzeyinə, Yeddi Günbəz türbəsinə və Narın qalaya ekskursiyaları təşkil olunub.

Azərbaycanlı gənclərin ilk Şəbəkələşmə Forumunun təşkil olunmasında əsas məqsəd ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edən, informasiya mübadiləsində aktivlik nümayiş etdirən, nüfuzlu universitetlərdə təhsil alan və məzun olmuş vətənpərvər gəncləri bir araya gətirmək və onların şəbəkələşmə prosesinə dəstək olmaqdır. 100-dən çox qonaq və iştirakçıların bir araya gəldiyi, 5 gün davam edən forumda 17 müxtəlif ölkədə təhsil alan və məzun olmuş gənclər iştirak ediblər.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *