ƏDV məqsədləri üçün qeydiyyat necə həyata keçirilir?

posted in: Xəbər | 0
birbank biznes

ƏDV məqsədləri üçün kimlər qeydiyyata alınır?

Gəlin ƏDV qeydiyyatına necə alınmasını Kamranla mühasib dostu Nadir arasında gedən dialoq üzərindən nəzər salaq.

– Salam, Nadir. Mənim dükanım var, ƏDV qeydiyyatına nə zaman alınmalıyam?

Salam Kamran, sənin fəaliyyətin sahibkarlıq fəaliyyəti sayılır. Əgər son – 12 aylıq dövriyyən 200 min manatı aşarsa məcbur qeydiyyata alınmalısan.

– Deyəsən dövriyyəm limiti aşır…  Neçə gün vaxtım var ?

– Limiti keçdiyin ayı hesaba qatmadan, növbəti ayın 1-indən sonra 10 gün  vaxtın var, Kamran

– Elçini tanıyırsan, onun o boyda restoranı var amma ƏDV ödəyicisi deyil axı?

– Kamran, sən ona fikir vermə. O ictimai iaşə fəaliyyəti sayılır – onlar limiti aşsalar belə ƏDV ödəyicisi olmayıb sadələşdirilmiş vergidə qala bilərlər.

Əgər son - 12 aylıq dövriyyə 200 min manatı aşarsa, məcburi qeydiyyata alınmaq vacibdir (ictimai iaşə fəaliyyəti istisnadır).

Yuxarıdakı dialoqda Nadirin qeyd etdiyi limitlər Kamran kimi dükan sahibinə münasibətdə keçərli olsa da, bütün fəaliyyətlərə aid deyil. Məsələn, Kamran Azərbaycanda çalışan taksi yaxud avtomobillə yük daşıma xidməti göstərmiş olsaydı ona qarşı belə tələb olmayacaqdı.

Digər istisna idman mərc oyunları sektorudur. Bundan başqa evini, obyektini, torpaq sahəsini satan fiziki şəxslərdən ƏDV ödəyicisi kimi qeydiyyata alınmaq tələb edilə bilməz.

Nümunə 1:  Mənfəət vergisi ödəyicisi olan “Global MET” MMC-nin 2021-ci ilin sentyabr ayının sonuna son 12 aylıq ümumi dövriyyəsi 260.000 azn təşkil edib. Ümumi dövriyyənin 30.000-i maliyyə xidmətlərindən, 40.000-i maliyyə lizinqi sayılmayan əmlak icarəsindən, 35.000 manatı isə kitab nəşrindəndir.  

“Global MET” MMC-nin həmin tarixə ƏDV qeydiyyatına durmaq öhdəliyi yoxdur. Belə ki, dövriyyəsinin 65.000 manat hissəsi ƏDV-dən azad əməliyyatlardan ibarətdir (maliyyə xidmətləri və kitab nəşri).

Qeyri-kommersiya, habelə qeyri-sahibkarlıq fəaliyyəti üzrə əməliyyatların həcmi fiziki şəxsin ƏDV məqsədləri üçün hesablanan dövriyyəsinə daxil edilmir.

Nümunə 2:  Məmmədov Natiq Bakının Suraxanı rayonunda özünə məxsus tikilidə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, qeyri-yaşayış sahəsi tikilinin 1-ci mərtəbəsində mağaza işlədir. İkinci mərtəbəsini isə hüquqi şəxsə icarəyə vermişdir. 2021-ci il iyul ayının sonuna son 12 ay üzrə ümumi dövriyyəsi 220.000 azn (o cümlədən 40.000 azn icarədən gəlir olmaqla) təşkil etmişdir.

Bununla belə onun ƏDV məqsədləri üçün qeydiyyata alınmasına gərək yoxdur. Belə ki, icarədən gəlir fiziki şəxslər üçün qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab edilir.

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər müəyyən edilmiş 200000 manatlıq dövriyyəni aşsalar belə  sadələşdirilmiş vergidə qala bilərlər.

Nümunə 3:  Bakının Elmlər Akademiyası adlanan yerində fərdi sahibkar Həsənova Gülmira icarəyə götürdüyü yerdə restoran fəaliyyəti ilə məşğuldur. 2021-ci ilin oktyabr ayının sonuna geri 12 ay üzrə ümumi dövriyyəsi 230.000 azn təşkil etmişdir. Vergi orqanı tərəfindən Gülmira xanıma ƏDV qeydiyyatına alınmaq barədə bildiriş göndərilmişdir. Gülmira xanım isə sadələşdirilmiş vergi ödəyicisi kimi qalmaq istəyir. O, Vergi Məcəlləsinin 218.1-ci maddəsində qeyd edilən hüquqdan istifadə edərək Vergi Orqanına xüsusi ərizə formasını təqdim edir. Vergi orqanının ərizəni təmin etməsi ilə 8 faizli sadələşdirilmiş vergi rejiminə keçirilir.

ƏDV-dən azad əməliyyatlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyicisi üçün (fəaliyyəti sahibkarlıq fəaliyyəti olsa belə) son 12 ay üzrə dövriyyəsi 200.000 manatdan artıq olarsa ƏDV qeydiyyatına durmaq zərurəti yaranmayacaq. Belə ki, dövriyyə müəyyən edilərkən vergi tutulan əməliyyatlar nəzərə alınır.

Unutmayın! Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, həmin əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Tutaq ki, vergi ödəyicisi özünün ilk əməliyyatı olan, dəyəri  200.000-indən artıq olan bir müqavilə imzalayar. Məntiqlə ƏDV qeydiyyatına yalnız bu əməliyyat icra olunduqdan sonra durmalıdır. Lakin qanun belə bir böyük məbləğin ƏDV-dən yayındırılmasını istəmədiyi üçün, elə öncədən ƏDV qeydiyyatına alınmanı tələb edir.

Nümunə 4:  ƏDV ödəyicisi olmayan fərdi sahibkar hüquqi şəxs ilə ümumi dəyəri 215.000 manat olan müqavilə imzalamışdır. Müqavilə 2021-ci il fevral ayında imzalansa da əməliyyatların icrasına avqustda başlanılması planlaşdırılır. Fərdi sahibkarın avqustda əməliyyatları başlayana qədər Vergi Məcəlləsinin 155.1-ci maddəsi ilə ƏDV qeydiyyatına durmaq öhdəliyi vardır.


Vergi tutmanın praktik aspektlərini öyrənənlər üçün vergi kursları!


Qeyri-rezidentlərin Azərbaycanda daimi nümayəndəlik kimi qeydiyyata alınması onların xaricdən Azərbaycandakı şəxsə göstərdikləri xidmətlərin dəyəri ilə deyil, Azərbaycanda olduqları günlərin sayı ilə ölçülür. Odur ki, onlar göstərdikləri xidmətlərinin həcminə görə narahat olmaya bilərlər. Qeyd etdiklərimiz daimi nümayəndəlik yaratmış qeyri-rezidentlərə aid deyildir.

Bina tikintisi sahəsində çalışanlar, həmçinin aksizli mal istehsalçıları dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə ƏDV məqsədləri üçün qeydiyyata dair ərizəni təqdim edirlər. Onlar bu fəaliyyətlə sonradan məşğul olarlarsa, həmin fəaliyyəti həyata keçirməyə başladıqları günədək belə ərizəni verməyə borcludurlar.

ƏDV məqsədləri üçün qeydiyyat ərizəsi hansı formada verilir?

Qeydiyyat ərizəsi üçün xüsusi rəsmi forma vardır. Ərizəni əldə etmək üçün online kargüzarlıqdan “ƏDV qeydiyyat ərizəsi” seçməklə müraciət edə bilərsiniz.

Müraciət edildikdən sonra ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə alınacaqsınız və sizə qeydiyyat ərizəsi təqdim ediləcəkdir. Bu müddət 5 iş günündən çox ola bilməz.

Xüsusilə bildirək ki, hüquqi şəxslərin dövlət reyestri olduğu kimi ƏDV-nin ödəyicilərinin reyestri olur. Həmin reyestri vergi orqanı aparır. Şəxsin ƏDV ödəyicisi olub olmaması Vergi Məcəlləsinin 30.2.7-ci maddəsi ilə kommersiya, vergi sirri hesab edilmir. Odur ki, hər hansı vergi ödəyicisinin ƏDV ödəyicisi kimi qeydiyyatını buradan asanlıqla yoxlaya bilərsiniz.

Dövlət vergi orqanları hər il vergi nəzarətini daha da təkmilləşdirir. Artıq vergi ödəyicilərinin bir çox əməliyyatlarını izləmək mümkündür. Məsələn, yeni nəsil kassa aparatlarının tətbiqi nəticəsində vergi ödəyicilərinin pərakəndə satışına da nəzarət etmək mümkündür.

Qeydiyyatdan keçməli olan, ancaq ərizə verməyən şəxsi Dövlət Vergi Xidməti rahatlıqla qeydiyyata alır, habelə bildiriş göndərir. Düzdür, ixrac əməliyyatlarına vergi orqanının nəzarəti hələ də zəif formadadır. Lakin, düşünürük gələcəkdə bunu təmin etmək çətin olmayacaq.


Print Friendly, PDF & Email